Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-41/2026 14.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş Açar sözlər: 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulmasına görə tətbiq edilmiş inzibati tənbeh vermə qərarından şikayət verilmiş, birinci instansiya məhkəməsində şikayət təmin edilməmiş, verilmiş apellyasiya şikayəti təmin edilməmiş. Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat
1. Naxçıvan ŞPİ-nin DYPB-nin Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş ## ### 2026cı il tarixli, TP******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi Lincoln Mkz markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.
2. Naxçıvan Şəhər Məhkəməsinin (hakim A.Heydarov) ## #### 2026-cı il tarixli *(*-**)- ***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) həmin inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməyərək ## ### 2026-cı il tarixli TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır.
3. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini, Naxçıvan ŞPİ DYPİ tərəfindən barəsində tərtib edilmiş ## ### 2026-cı il tarixli TP******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayətin dəlilləri
4. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayəti onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixdə Naxçıvan şəhəri, M.Bektaşi küçəsində idarə etdiyi Lincoln Mkz markalı, **BO*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkət edərkən M.Bektaşi küçəsi ilə Nizami küçəsinin kəsişməsindəki yolayrıcından geriyə dönərək M.Bektaşi küçəsi ilə hərəkətini davam etdirmiş, həmin ərazidə təmir-tikinti işləri ilə əlaqədar yolun bir hissəsi məftil və betonlarla əhatələnmiş və hərəkət məhdudlaşdırılmış, lakin ərazidə quraşdırılmış 3.1 "Giriş qadağandır" yol nişanı Azərbaycan Respublikasının qanunvericiliyinə və Dövlət Standartlarına (AZS 634-2012) tamamilə zidd olaraq, hərəkət zolağının sağında və ya üstündə deyil, sim məftillərlə əhatə olunmuş qapalı təmir sahəsinin daxilində (ortasında) yerləşdirilmiş, bu cür quraşdırılma istənilən sürücüdə birmənalı olaraq qadağanın yalnız həmin çəpərlənmiş daxili sahəyə aid olduğu, onun solunda açıq buraxılmış hərəkət zolağına isə şamil edilmədiyi təəssüratını və haqlı çaşqınlığı yaradır. M.Bektaşi küçəsindən Nizami küçəsinə çıxarkən trayektoriya üzrə "geriyə dönmək qadağandır" və ya yolayrıcından geriyə döndüyü yerdə M.Bektaşi küçəsinin girişində hər hansı "giriş qadağandır" nişanı quraşdırılmamış, Nizami küçəsindən gələnlər üçün müvafiq olaraq sağa və sola dönmə qadağandır nişanları qoyulsa da (bu nişanlar belə düzgün quraşdırılmayıb), Nizami küçəsinə daxil olmadan yolayrıcından geriyə döndüyü üçün onun həmin nişanları fiziki olaraq görməyi qeyri-mümkün idi. Birinci instansiya məhkəməsi qərarda qeyd edir ki, "3.1 nişanı quraşdırıldığı üçün nəqliyyat vasitəsinin geriyə dönüşü də qadağan olunmuşdur". Lakin məhkəmə nəzərə almamışdır ki, M.Bektaşi küçəsinin girişində müvafiq nişan quraşdırılmamış, küçənin təmir gedən hissəsində isə quraşdırılma standartlara uyğun olmadığı üçün standart hündürlük və məsafə şərtlərinə (yaşayış yerlərində standartlara əsasən nişanlar müvafiq hündürlük və görünüş dairəsində olmalıdır) cavab vermir, nişan maksimum 1 metr hündürlükdə və tamamilə daxili təmir sahəsinin içindədir. Hüququn ümumi prinsiplərinə və İXM-in ruhuna görə, yol hərəkətinin təşkilindəki nöqsanlar, qeyri-dəqiq və çaşdırıcı nişanlanma halları heç bir halda sürücünün ziyanına şərh oluna bilməz. Onun hərəkətlərində qəsdən və ya ehtiyatsızlıqdan törədilmiş hər hansı bir hüquqazidd niyyət, yəni inzibati xəta tərkibi yoxdur. Onu çıxılmaz vəziyyətdə qoyan qanunsuz nişanlanma quraşdırılması olmuşdur. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
5. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun izahat verərək əlavə olaraq həmin yolda başqa alternativ hərəkət zolağının olmadığını, polis əməkdaşının ona əli ilə işarə edərək “gəl” dediyini, hərəkət edən zaman ona cərimə tətbiq etdiyini bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Suallara cavabında şəkildə görünən ərazidə muzeyin qarşısından gəldiyini, həmin hissədə yol məhdudlaşdırıldığından düz getməyin qadağan olduğunu, məcbur sağa dönərək hərəkətini davam etdirdiyini, geriyə dönməyi məhdudlaşdırmaq üçün nə sağ tərəfdə “geriyə dönmək qadağandır” nişanının, nə də döngənin girişinə “giriş qadağandır” nişanının quraşdırıldığını, geriyə dönməyini məhdudlaşdıran hər hansı nişanın olmadığını, döngəyə daxil olmaq istədikdə məftil çəkildiyini və döngəyə girişin də məhdudlaşdırıldığını gördüyünü, daha sonra hər tərəfdəki yollar bağlı olduğu üçün, başqa alternativ yol olmadığı üçün əks hərəkət zolağına çıxdığını, ani qərar verdiyini qəbul etdiyini, lakin geriyə dönməyi qadağan edən nişan quraşdırılsa idi həmin qayda pozuntusunu törətməyəcəyini, qaydanı pozmağına səbəbin digər nişanın quraşdırılmaması olduğunu bildirdi. III. Hüquqi məsələlər c) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
6. Maddə 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir.
7. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
8. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IV. Məhkəmənin hüquqi mövqeyi
9. Məhkəmə iş materiallarını, şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarını və məhkəmə iclasında araşdırılmış sübutları birlikdə qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
10. İş materiallarından, o cümlədən inzibati tənbeh vermə haqqında qərardan, fotoşəkillərdən və Qərardan şikayət verən orqan (şəxs) izahatından müəyyən edilir ki, hadisə vaxtı M.Bektaşi küçəsində aparılan təmir işləri ilə əlaqədar yolun bir hissəsi bağlanmış, həmin hissəyə giriş 3.1 "Giriş qadağandır" yol nişanı ilə məhdudlaşdırılmışdır. Qərardan şikayət verən orqan (şəxs) də məhkəmə iclasında verdiyi izahatında həmin hissədə yolun bağlı olduğunu gördüyünü, düz getməyin qadağan olduğunu, məcbur sağa dönərək hərəkətini davam etdirdiyini, market istiqamətinə hərəkət etmək istədiyini, lakin yol bağlı olduğuna görə əks hərəkət zolağına çıxaraq hərəkətini davam etdirdiyini etiraf etmişdir.
11. Məhkəmə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) hərəkət etdiyi istiqamətdə yolun təmir işləri ilə əlaqədar bağlandığını gördükdən sonra həmin istiqamətdə hərəkəti davam etdirməməli, nəqliyyat vasitəsini təhlükəsiz qaydada geriyə istiqamətləndirərək alternativ hərəkət marşrutu seçməli idi. Yolun bağlı olması və sürücünün nəzərdə tutduğu istiqamətdə hərəkət edə bilməməsi ona 3.1 'Giriş qadağandır' yol nişanının tələbini pozmaq və əks hərəkət zolağına daxil olmaq və hərəkət etmək hüququ vermir.
12. Qərardan şikayət verən orqan (şəxs) yol nişanlarının dövlət standartlarına uyğun quraşdırılmadığını, bu səbəbdən çaşqınlıq yarandığını bildirsə də, həmin dəlillər iş üzrə şəxsin inzibati məsuliyyəti istisna edən hal kimi qiymətləndirilə bilməz. Fotoşəkillərdən görünür ki, yolun təmir aparılan hissəsinin hərəkət üçün bağlı olduğu və həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı sürücülər üçün aşkar şəkildə görünən vəziyyətdə olmuşdur. Yolun fiziki maneələrlə bağlanması və müvafiq qadağanedici nişanların mövcudluğu həmin istiqamətdə hərəkətin yolverilməz olduğunu aydın şəkildə göstərmişdir.
13. Qərardan şikayət verən orqan (şəxs) M.Bektaşi küçəsindən Nizami küçəsinə daxil olmadan geriyə döndüyü, həmin istiqamətdə "geriyə dönmək qadağandır" nişanının olmadığını göstərməsi də onu inzibati məsuliyyətdən azad etmir. Çünki inzibati məsuliyyət geriyə dönmə manevrinin edilməsinə görə deyil, nəticə etibarilə 3.1 "Giriş qadağandır" yol nişanının tələbinin pozulması nəticəsində qadağan olunmuş istiqamətə daxil olmasına görə tətbiq edilmişdir.
14. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, təqdim edilmiş sübutlara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun hüquqi qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır.
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Hakim Mehdi Əliyev