Məhkəmə qərarları › İş №3(3-1)-45/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-45/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-45/2026 10.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Qərardan şikayət verən orqan (şəxs) Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ## ###### 2025-ci il tarixli MN ******* nömrəli qərarından verdiyi şikayət üzrə Açar sözlər: İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan verilmiş şikayətə baxılarkən şikayət müddətinin ötürülməsi və müddətin bərpası məsələsinin həll edilməməsi müəyyən edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndələri X2 və X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin ## ###### 2025-ci il tarixli MN ******* nömrəli qərarından verdiyi şikayət üzrə çıxarılmış Culfa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin rəisi Elnar Hüseynov tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat

1. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin rəisi X3 tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, vətəndaş X4 X6 Xidmətinə ünvanladığı ## ####### 2025-ci il tarixli müraciətinin araşdırılması zamanı Culfa şəhər İncəsənət Məktəbi tərəfindən Xidmətə təqdim olunmuş ## ###### 2025-ci il tarixli məlumat və sənədlərdən işəgötürən tərəfindən F.Hüseynlinin müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyi əsas gətirilərək Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və şərti olaraq 1500 manat məbləğində cərimə tətbiq edilmiş, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 25 gün müddət müəyyən olunmuş, Culfa Regional Mədəniyyət İdarəsi tərəfindən X6 Xidmətinə ünvanlanmış ##.##.2026-cı il tarixli *- **-**-*/*-DT-**/**** nömrəli məktubda qeyd edilmişdir ki, Culfa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Culfa Şəhər İncəsənət Məktəbinin müəllimi X4 ## ###### 2025ci il tarixdən məktəbin tar ixtisası üzrə müəllimi vəzifəsinə təyin edilmişdir.

2. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Culfa Rayon Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Culfa Rayon Məhkəməsinin (hakim M.Məmmədov) ## #### 2026-cı il tarixli 3(5-86)- 61/2026 qərarı ilə şikayət qismən təmin edilərək Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə göndərilmişdir.

4. X7 Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin rəisi Elnar Hüseynov şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Culfa Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-**)- **/**** nömrəli qərarının ləğv olunmasını və Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin # ###### 2025-ci il tarixli MN******* nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayətin dəlilləri

5. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin rəisi Elnar Hüseynov şikayəti onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) qərarı rəsmi qaydada aldığı vaxtdan 10 gün müddətində qərardan şikayət verməli idi. Lakin, qərardan şikayət vermə müddətini buraxdıqdan sonra şikayət vermiş, məhkəmə müddətin buraxılmasına baxmayaraq şikayətə baxıb qərar qəbul etmişdir. Onun tərəfindən müvafiq inzibati xəta haqqında iş üzrə hüquqpozmanın aradan qaldırılması ilə bağlı ##.##.2026-cı il tarixli yazılı məlumat verildiyi halda bu məlumatın düzgünlüyünün araşdırılması və ya araşdırmanın nəticəsi barədə qanunla müəyyənləşdirilmiş müddət ərzində 5 iş günündən sonra ona hər hansı bildiriş göndərilməmiş, təqdim edilməmiş, lakin hazırkı iş üzrə müvafiq qərarda müəyyən edilmiş müddətdə hüquqpozma aradan qaldırıldığı və bu barədə işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) əsaslandırılmış rəsmi (## ###### 2026-cı il tarixdə) yazılı məlumat verildiyi halda Xidmətin şərti olaraq tətbiq edilmiş inzibati cərimənin ödənilməsi üçün əməkhaqqıdan tutulmanın aparılması barədə Culfa Rayon Regional Mədəniyyət İdarəsinə # ##### 2026-cı il tarixli *-**-*-*/*-***/**** nömrəli məktub ünvanlayaraq cərimənin ödənilmədiyi təqdirdə İXM-nin 529.1-1-ci maddəsi ilə məsuliyyət barədə xəbərdarlıq etmiş, bundan sonra Culfa Rayon Regional Mədəniyyət İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli elektron məktubla Xidmətin # ##### 2026-cı il tarixli *-**-*-*/*-***/**** nömrəli məktubuna cavab ünvanlayaraq iş üzrə hüquqpozmanın aradan qaldırılması barədə məlumat verilmiş və buna dair fakt təsdiqedici sənədlər qoşma olaraq Xidmətə təqdim edilmişdir. İş materiallarından və poçt göndərişinin izləmə məlumatlarından görünür ki, həmin qərar şikayətçiyə ## ###### 2025-ci il tarixində rəsmi qaydada təqdim edilmiş, beləliklə, qərarın surəti ## ###### 2025-ci il tarixində rəsmi qaydada təqdim edildiyindən, həmin qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş son müddət ## ###### 2025-ci il olmuş, lakin şikayətçi məhkəməyə yalnız ## #### 2026-cı il tarixində müraciət etmiş, yəni qanunla müəyyən edilmiş şikayətvermə müddətini təxminən altı ay keçirdikdən sonra şikayət vermişdir. # #### 2026-cı il tarixində Məhkəmədə keçirilən məhkəmə iclasında Xidmətin nümayəndəsi tərəfindən şikayətin İXM-in 130.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət ötürüldükdən sonra verildiyi Məhkəmənin diqqətinə çatdırılmış, buna baxmayaraq, Məhkəmə həmin prosessual etirazı qiymətləndirməmiş, buraxılmış müddətin bərpasına dair ərizənin olub-olmamasını araşdırmamış, müddətin bərpası barədə heç bir prosessual qərardad qəbul etməmiş və birbaşa şikayətin mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Halbuki, prosessual müddət buraxıldıqda məhkəmə ilk növbədə həmin müddətin bərpası üçün qanuni əsasların mövcud olub-olmadığını araşdırmalı və bu barədə müvafiq prosessual qərar qəbul etməlidir. Yalnız bundan sonra şikayətin mahiyyəti üzrə baxılması mümkündür. Birinci instansiya məhkəməsi isə bu prosessual mərhələni tamamilə nəzərə almamış, qanunla müəyyən edilmiş şikayətvermə müddətinin ötürüldüyü şəraitdə və müddətin bərpası barədə hər hansı qərar qəbul etmədən işə mahiyyəti üzrə baxmışdır. Bununla məhkəmə İXM-nin prosessual müddətlərə dair imperativ tələblərini pozmuş və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Belə olan halda, Məhkəmənin qəbul etdiyi qərar qanuni və əsaslı hesab edilə bilməz. Prosessual hüquq normalarının pozulması iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi üçün müstəqil hüquqi əsas təşkil edir. Məhkəmə şikayətin gec verildiyini nəzərə almamış, müddətin bərpası ilə bağlı qərar qəbul etməmiş, amma buna baxmayaraq birbaşa işin mahiyyəti üzrə baxaraq qərar çıxarmışdır. Hakimin müddətin bərpası məsələsinə baxmadan, inzibati qərardan verilmiş gecikmiş şikayətə mahiyyəti üzrə baxaraq qərar çıxarması qanunvericiliyə ziddir və bu, qərarın etibarsız hesab edilməsi üçün əsasdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 şikayətin dəlillərinə uyğun izahat verərək əlavə olaraq şəxsin 7 ay keçdikdən sonra xidmətin qərarından şikayət verdiyini, müddəti buraxdığını, birinci instansiya məhkəməsində keçirilən iclaslarda da dəfələrlə müddətin buraxıldığını qeyd etdiyini, hakimin həmin məsələni öz qərarında əsaslandıracağını bildirsə də, qeyd edilən halı qərarda əsaslandırmadığını, 25 gün müddətində xidmətə hər hansı məlumat daxil olmadığını, ilk olaraq prosessual müddətin bərpası ilə bağlı məsələyə münasibət bildirilməli olduğunu, müddət bərpa edildikdən sonra qərarın mübahisələndirilə bildiyini, qeyd olunan vəsatət daxil olmadığı halda, üzrlü səbəb göstərilmədiyi halda, əsaslandırılmadığı halda hakimin işə baxıb xidmətin qərarını ləğv etdiyini, müddətin ötürülməklə şikayət verildiyini, hakimin də işə baxıb qərar qəbul etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Suallara cavabında işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verildiyini, lakin işçinin ərizəsinin alınmadığını, təqdim edilmiş materiallarda vətəndaşın əmək müqaviləsinə sistemdən çıxarışda 11 apreldə, əmrdə isə 14 iyunda xitam verildiyi qeyd edilsə də sistemdə görünən məlumatın əsas götürülməli olduğunu, iki dəfə əmr verildiyini, ƏMAS-da olan əmrin əsas olduğunu, kağız üzərində olan əmrin qüvvəsinin olmadığını, Fizuli Hüseynlinin hazırda işinə bərpa olunduğunu, əmək haqqı aldığını, vətəndaş işə bərpa olunsa belə ƏMAS üzərində dəyişiklik aparılmadığını bildirdi.

7. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 şikayətin dəlillərinə uyğun izahat verərək əlavə olaraq Naxçıvan MR Mədəniyyət Nazirliyi tərəfindən ## ####### 2025-ci il tarixdə 14 iyun tarixli əmrin ləğv edilməsi barədə əmr verilsə də həmin əmrin işəgötürən tərəfindən heç bir icrasının olmadığını, Mədəniyyət Nazirliyi tərəfindən məktəbin direktoru tərəfindən verilmiş əmrin ləğv edildiyini, hətta direktora töhmət verildiyini, vətəndaş qanunsuz olaraq işdən çıxarılsa da həmin əmrlə işinə bərpa olunmadığını, məhz bu nöqteyi-nəzərdən vətəndaşın X6 Xidmətinə müraciət etdiyini, Qərardan şikayət verən orqan (şəxs) məsələyə etinasız yanaşdığını, hüquqpozmanı aradan qaldırması və bu barədə xidmətə məlumat verməsi barədə onu xəbərdar etdiklərini, Qərardan şikayət verən orqan (şəxs) qərar çıxarıldıqdan 6-7 ay sonra müddəti buraxaraq məhkəməyə müraciət etdiyini, şəxsin həmin müddət ərzində hərəkətsiz qaldığını, ünvanına bildirişlər göndərilməsinə baxmayaraq heç bir geri dönüş etmədiyini, Qərardan şikayət verən orqan (şəxs) ilə Füzuli Hüseynli arasında olan şəxsi problemlərə görə Qərardan şikayət verən orqan (şəxs) heç bir yazılı müraciət və ərizə olmamasına baxmayaraq əmək müqaviləsinə tərəflərin birinin təşəbbüsü əsası ilə xitam verdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Suallara cavabında Naxçıvan MR Mədəniyyət Nazirliyi tərəfindən ## ####### 2025-ci il tarixdə 14 iyun tarixli əmrin ləğv edilməsi barədə əmr verilsə də həmin əmrin heç bir hüquqi qüvvəsinin olmadığını, işəgötürənin həmin əmrə məhəl qoymayıb əmri icra etmədiyini, Füzuli Hüseynlinin X6 Xidmətinə müraciətindən sonra işəgötürən Qərardan şikayət verən orqan (şəxs) məsələnin ciddiyyətini dərk edib işçini işə bərpa etdiyini, prosessual müddətin bərpası ilə bağlı isə heç bir ərizə, vəsatətin təqdim edilmədiyini, Qərardan şikayət verən orqan (şəxs) qərarı icra etsə də düzgün icra etmədiyini bildirdi. III. Hüquqi məsələlər c) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

8. Maddə 192.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

9. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

10. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

11. Maddə 116.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur.

12. Maddə 116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir.

13. Maddə 130.1. Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər.

14. Maddə 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. IV. Məhkəmənin hüquqi mövqeyi

15. Məhkəmə iş materiallarını, şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun yoxlayaraq aşağıdakı nəticəyə gəlir:

16. İş materiallarından müəyyən olunur ki, Fizuli Hüseynli ## ###### 2025-ci il tarixdə əvvəlki vəzifəsinə bərpa edilmiş, bununla da qərarda göstərilən hüquqpozmanın aradan qaldırılması istiqamətində müəyyən hərəkətlər edilmiş, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ## ###### 2026-cı il tarixdə Xidmətə hüquqpozmanın aradan qaldırılması barədə məlumat verilmişdir. Birinci instansiya məhkəməsi Xidmət tərəfindən İXM-nin 116.4-cü maddəsinin tələblərinin yerinə yetirilmədiyi qənaətinə gəlmiş və qərarı ləğv edərək işi yenidən baxılması üçün Xidmətə göndərmişdir. Lakin məhkəmə hesab edir ki, iş üzrə bundan əvvəl həll edilməli olan mühüm prosessual məsələ mövcud olmuşdur.

17. İş materiallarında olan poçt göndərişinin izlənilməsi barədə məlumatdan qərarın Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixdə təqdim edildiyi göstərilir. Qərardan şikayət vermə müddətinin ## ###### 2025-ci il tarixində başa çatdığı, Qərardan şikayət verən orqan (şəxs) isə məhkəməyə ## #### 2026-cı il tarixdə müraciət etdiyi müəyyən olunur. Hazırkı iş üzrə birinci instansiya məhkəməsində Xidmətin nümayəndəsi tərəfindən şikayətin müddət ötürülməklə verilməsi barədə bildirilməsinə baxmayaraq, məhkəmə bu prosessual məsələyə hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən şikayətin vaxtında verilib-verilmədiyi müəyyən edilməmiş, müddətin bərpası barədə ərizə və ya vəsatətin olub-olmaması araşdırılmamış, belə vəsatət mövcud olduğu halda onun əsaslılığı qiymətləndirilməmiş və müddətin bərpası məsələsi üzrə ayrıca prosessual nəticəyə gəlinməmişdir. Məhkəmə hesab edir ki, şikayətin mümkünlüyü məsələsi onun mahiyyəti üzrə araşdırılmasından əvvəl həll edilməli olan prosessual məsələdir. Qanunla müəyyən edilmiş şikayət müddətinin ötürülməsi halında həmin müddətin üzrlü səbəbdən buraxılıbburaxılmadığı və bərpası üçün əsasların mövcud olub-olmadığı müəyyən edilmədən şikayətə mahiyyəti üzrə baxılması prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Birinci instansiya məhkəməsinin nə şikayətin mümkünlüyü məsələsinə dair qəbul etdiyi qərardadda, nə də yekun qərarında bu məsələyə münasibət bildirməməsi nəticəsində iş üzrə mühüm prosessual məsələ araşdırılmamışdır.

18. Məhkəmə, eyni zamanda, izah etməyi zəruri hesab edir ki, hazırkı işdə Qərardan şikayət verən orqan (şəxs) müraciətinin hüquqi mahiyyətinin müəyyən edilməsi də zəruridir. Belə ki, iş materiallarından görünür ki, onun tərəfindən ## ###### 2025-ci il tarixli qərarın icrası istiqamətində faktiki hərəkət edilmiş, qərarda göstərilən hüquqpozmanın aradan qaldırılması məqsədilə Fizuli Hüseynli ## ###### 2025-ci il tarixdə işə bərpa edilmişdir. Bundan sonra isə Xidmət tərəfindən 0# ##### 2026-cı il tarixli məktubla həmin qərarda nəzərdə tutulmuş 1500 manat məbləğində cərimənin Qərardan şikayət verən orqan (şəxs) əməkhaqqından tutulması tələb edilmişdir. Bu hallar göstərir ki, Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciətinin səbəbi qərarın ləğvi ilə bağlı deyil, həmin qərarın icrası qaydasında cərimənin ondan tutulmalı olmaması ilə əlaqədardır. Odur ki, işə yenidən baxılarkən məhkəmə şikayətin predmetini dəqiq müəyyən etməli və bunun qərardan şikayət, yoxsa inzibati tənbehvermə haqqında qərarın icrası ilə bağlı məsələ olmasına hüquqi qiymət verməlidir.

19. Bu baxımdan, əgər məhkəmə müraciətin ## ###### 2025-ci il tarixli qərardan şikayət xarakteri daşıdığı qənaətinə gələrsə, ilk növbədə İXM-nin 130-cu maddəsinin tələblərinə uyğun olaraq şikayət müddətinin ötürülüb-ötürülmədiyini və ötürülmüşdürsə, onun bərpası üçün qanuni əsasların mövcudluğunu araşdırmalıdır. Əgər müraciətin mahiyyət etibarilə qərarın icrası ilə bağlı olduğu müəyyən edilərsə, bu halda qərarın icrasına dair icraatla bağlı İXM-nin müvafiq müddəaları baxımından həlli məsələsini qiymətləndirməlidir.

20. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin hazırkı mərhələdə qanuni və əsaslı olduğu qənaətinə gəlmək mümkün deyildir. İş üzrə qeyd edilən prosessual pozutular apellyasiya instansiyası tərəfindən birbaşa aradan qaldırılması deyil, işin birinci instansiya məhkəməsinə qaytarılaraq həmin məsələlərin qanunvericiliyin tələblərinə uyğun icraata qəbul mərhələsində araşdırılması daha məqsədəuyğundur.

21. Göstərilənlər nəzərə alınaraq məhkəmə hesab edir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin rəisi Elnar Hüseynovun şikayəti qismən təmin edilməli, Culfa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- **/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Culfa Rayon Məhkəməsinə göndərilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü və 135.1.6-cı maddələrini rəhbər tutaraq, qərara aldım: Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin rəisi Elnar Hüseynovun şikayəti qismən təmin edilsin. Culfa Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Culfa Rayon Məhkəməsinə göndərilsin. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Hakim Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar