Məhkəmə qərarları › İş №3(3-1)-46/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-46/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-46/2026 10.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayıl oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə tərtib edilmiş protokola baxılmasına dair inzibati xəta haqqında iş Açar sözlər: Su mühafizəsi zonası ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə inzibati xəta haqqında protokol tərtib olunmuş, birinci instansiya məhkəməsində inzibati xəta tərkibinin mövcudluğu sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilmiş, apellyasiya icraatında mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması əsası ilə qərar ləğv edilmiş və iş yenidən baxılmaq üçün birinci instansiya məhkəməsinə qaytarılmış. Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayıl oğlunun, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4i Xidməti ** saylı X2 nümayəndələri X1 və Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayıl oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında iş üzrə Şərur Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli *(*-**)-***/**** nömrəli qərarından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat

1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4i Xidməti ** saylı X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayıl oğlunun barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli, ******** saylı inzibati xəta haqqında protokola və ona əlavə olumuş sənədlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayıl oğlunun ##.##.2026-cı il tarixdə “Şahbulaq” selovunun mühafizə zonasında Su Məcəlləsinin 82-83-cü maddələrinin tələbləri pozulmaqla lazımi icazə sənədləri olmadan iaşə obyekti işlətdiyi müəyyən edilmişdir.

2. Şərur Rayon Məhkəməsinin (hakim A.Orucəliyev) ## #### 2026-cı il tarixli *(*-**)- ***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayıl oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə inzibati xəta tərkibi olmadığından) xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir.

3. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Şərur Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayətin dəlilləri

4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti şikayəti onunla əsaslandırmışdır ki, monitorinq tədbirləri zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus obyektin Şərur rayonu, Şahbulaq kəndi ərazisində Arpaçayın qollarından biri olan Şahbulaq selovunun 50 metrliyindən daha az məsafədə yerləşdiyi müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli ** nömrəli Qərarının 8-ci bəndinə əsasən minimum su mühafizə zonasının eni 50 metr təşkil edir. Həmin Qərarın 17, 18, 20 və 21-ci bəndləri dövlət orqanının üzərinə düşən təşkilati və icra xarakterli vəzifələri müəyyən edərək su mühafizə zonalarının layihələndirilməsi, sərhədlərinin yerlərdə işarələnməsi və əhalinin məlumatlandırılması prosedurlarını tənzimləyir. Bu vəzifələrin icrası dövlət orqanının təşkilati funksiyaları olmaqla, qanunvericiliklə müəyyən edilmiş su mühafizə zonasının hüquqi rejimini aradan qaldırmır və həmin zonada fəaliyyət göstərən şəxsi qanunvericiliyin tələblərinə əməl etmək öhdəliyindən azad etmir. Həmin norma su mühafizə zonasının hüquqi mövcudluğunu hər hansı əlavə inzibati prosedurdan, layihənin hazırlanmasından və ya sərhədlərin yerlərdə nişanlanmasından asılı vəziyyətə salmır. Əks yanaşmanın qəbul edilməsi su mühafizə zonalarının hüquqi mühafizə mexanizmini faktiki olaraq səmərəsiz hala gətirər, dövlət tərəfindən həyata keçirilən su obyektlərinin mühafizəsinə yönəlmiş nəzarət tədbirlərinin effektivliyini aradan qaldırar və qanunvericiliyin məqsədinə zidd hüquqi nəticələrin yaranmasına səbəb olar. Bu isə hüquqi müəyyənlik, qanunun aliliyi və ətraf mühitin mühafizəsi prinsipləri ilə uzlaşmır və belə hüquqi nəticə isə həm Su Məcəlləsinin 82 və 83-cü maddələrinin, həm də İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinin məqsəd və məzmununa açıq şəkildə ziddir. İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi inzibati məsuliyyəti su mühafizə zonalarının layihələndirilməsi və ya sərhədlərinin nişanlanması ilə deyil, məhz Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərin pozulması ilə əlaqələndirmiş, deməli, məhkəmənin tətbiq etdiyi hüquqi yanaşma qanunun mətnindən deyil, məhkəmənin öz hüquqi mülahizəsindən irəli gəlir ki, bu da qanunçuluq prinsipinə uyğun hesab edilə bilməz. Məhkəmə qərarında iş üzrə mövcud olan monitorinq aktını, inzibati xəta haqqında protokolu, baxış zamanı müəyyən edilmiş koordinatları, obyektin su mühafizə zonasında yerləşməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını təkzib etməmiş, həmin sübutların mötəbərliyini şübhə altına almamış, onların saxtalığı, yolverilməzliyi və ya mötəbər olmaması barədə hər hansı hüquqi nəticəyə gəlməmişdir. Buna baxmayaraq göstərilən sübutların qarşılıqlı əlaqəsi və hüquqi əhəmiyyəti qiymətləndirilmədən yalnız layihələndirmə və nişanlanma ilə bağlı hallara əsaslanmaqla iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin dövlət orqanının təşkilati xarakterli vəzifələrinin icra edilməsini inzibati məsuliyyətin zəruri şərti kimi qiymətləndirməsi maddi hüquq normalarının yanlış tətbiqi hesab edilməli və qərarın ləğv edilməsi üçün əsas kimi qiymətləndirilməlidir. Bununla yanaşı, inzibati araşdırma zamanı həmin tikililərin su mühafizə zonasında yerləşdirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hər hansı razılaşdırma, və icazə və ya digər hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, monitorinq zamanı belə sənədlərin mövcud olmadığı bildirilmiş, sonradan aparılmış inzibati araşdırma zamanı da belə sənədlərin təqdim edilməsi təmin edilməmişdir. Məhkəmənin qərarında "Şahbulaq selovu"nun hüquqi statusu ilə bağlı irəli sürülən mülahizələr də iş materialları ilə təsdiq olunmur. İşdə olan fotoşəkillər, monitorinq aktı və digər sübutlardan görünür ki, sözügedən su obyekti Arpaçayın qollarından biri olmaqla təbii hidroqrafik sistemin tərkib hissəsidir və müvafiq mühafizə rejiminə tabedir. Bu səbəbdən həmin su obyektinin "ensiz beton üzlüklü arx" kimi xarakterizə olunması iş materiallarında mövcud sübutlarla uzlaşmır və obyektiv məlumatlara əsaslanmır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həm inzibati xəta haqqında iş üzrə icraat mərhələsində, həm də məhkəmə iclasında verdiyi izahatlarda ona məxsus obyektin mühafizə zonasında yerləşməsini etiraf etmiş, sadəcə cəriməni hissə-hissə ödəməklə bağlı xahiş etmişdir. İş materialları ilə inzibati xətanın törədilməsi ilə bağlı faktlar təsdiq olunur. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4i Xidməti ** saylı X2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun izahat verərək əlavə olaraq Şahbulaq çayına el arasında selov, dərə də deyildiyini, ancaq Arpaçayın bir qolu olduğunu, baxış zamanı çayın yatağında iaşə obyektinin tikildiyinin müşahidə olunduğunu, X5 icazəsi olmadan, layihəsi razılaşdırılmadan həmin obyektin tikildiyini, su obyektlərinin mühafizə zonasının minumum 50 metrdən başladığını, obyektin çayın yatağında inşa edildiyini, çayın suyunun bol olan vaxtı həmin suyun Arpaçaya birləşdiyini, birinci instansiya məhkəməsinin qərarında “selov” kimi qeyd olunsa da, həmin ifadənin el arasında işlədildiyini, tez-tez su gələn dərə kimi başa düşüldüyünü bildirərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati tənbeh verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Suallara cavabında qolları ilə birlikdə çayların, göllərin, bulaqların, yeraltı və yerüstü suların su obyektləri olduğunu, çayların uzunluğunu, həcmini özləri üçün cədvəl əsasında qeyd etdiklərini, bulağa münasibətdə su mühafizə zonası məsafəsinin qanunvericilikdə olmadığını, axar sulara münasibətdə çay kimi nəzərdə tutulduğunu, 50 metrdən başladığını, axar suların çay olduğunu, çay olduğu üçün sel gəldiyini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən çayların rəsmi reyestrinin aparılmadığını, Mühafizə zonaları ilə bağlı konkret plan tərtib edilmədiyini, minimal ölçülərin də müəyyən olunmadığını, sadəcə olaraq Nazirlər Kabinetinin qərarının olduğunu bildirdi.

6. Bölmənin digər nümayəndəsi X1 çayının özbaşına yaranmadığını, oraya gələn suların nəticəsində yarandığını, qanunvericilikdə çay anlayışına ayrıca tərif verilmədiyini, çayı su obyekti kimi başa düşdüklərini, Şahbulaq çayının Arpaçaya birləşdiyini bildirərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati tənbeh verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayıl oğlu 3 il olar ki, söhbətgahları həmin əraziyə qoyduqlarını, onların 2 m 40 sm yüksəklikdə olduqlarını, 30-40 m3 su gəlsə oradan keçməyə qadir olduğunu, orada obyekt tikməyə şifahi olaraq icra başçısının icazə verdiyini, söhbətgahları yerləşdirdiyi yerlə selov arasında 12 metr məsafənin olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Suallara cavabında həmin torpağın bələdiyyənin mülkiyyətində olduğunu, əvvəl həmin ərazidə sadəcə stol-stul qoyduğunu, keçən ayın 1-dən etibarən artıq ictimai-iaşə obyekti kimi fəaliyyət göstərdiyini bildirdi. III. Hüquqi məsələlər c) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

8. Maddə 264.0.3. Su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

9. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. d) Azərbaycan Respublikasının Su Məcəlləsi

10. Maddə 1. Bu Məcəllədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Su obyekti - relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji struktur;

11. Maddə 6. Yerüstü su obyektlərinə yerin səthində yerləşən yerüstü su axınları, yerüstü sututarları, buzlaqlar və qar örtükləri daxildir. Yerüstü su obyektləri onların yerüstü su hissəsindən, yatağından, dibindən və sahilindən ibarətdir.

12. Maddə 7. Yeraltı su obyektlərinə yerin təkində yerləşən geoloji strukturlarda toplanmış sular daxildir.

13. Maddə 82. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir... Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir… Sahil mühafizə zolaqlarında icazə əsasında su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir.

14. Maddə 83. Su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ("Su Məcəlləsinin tətbiq edilməsi barədə" ## #### 1998-ci il *** nömrəli fərmanla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nəzərdə tutulur) ilə razılaşdırılmaqla verilə bilər. e) Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il ** nömrəli qərarı ilə təsdiq olunmuş)

15. Bənd 8. Çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni onların ayrı-ayrı hissələri üzrə aşağıdakı hədlərdə qəbul edilir: uzunluğu 10 km-dək olduqda—50 m...

16. Bənd 9. Çayların başlanğıcında su mühafizə zonasının radiusu 50 metrdən az olmamaq şərti ilə qəbul edilir.

17. Bənd 19. Su mühafizə zonalarının layihələşdirilməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təsdiq edilmiş normativ-metodik sənədlərə əsasən həyata keçirilir.

18. Bənd 20. Su mühafizə zonalarının layihələri tərtib və təsdiq edilənədək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının minimal ölçülərini müəyyən edir, onlar şəhərlərin və digər yaşayış yerlərinin baş planlarına köçürülür. IV. Məhkəmənin hüquqi mövqeyi

19. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, tətbiq edilməli hüquq normalarını və apellyasiya şikayətinin dəlillərini qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə inzibati xəta tərkibinin mövcudluğuna dair nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyət kəsb edən bir sıra faktiki halları tam və hərtərəfli araşdırmamışdır.

20. İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinə əsasən su mühafizə zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsi inzibati məsuliyyət yaradır. Bu normanın dispozisiyasından göründüyü kimi, inzibati məsuliyyətin yaranması üçün ilk növbədə konkret su obyektinin mövcudluğu, həmin su obyekti ilə əlaqədar mühafizə rejiminin müəyyən edilməsi və şəxsin həmin rejimin tələblərini pozan əməli törətməsi müəyyən edilməlidir.

21. Azərbaycan Respublikası Su Məcəlləsinin 1-ci maddəsinə əsasən su obyekti relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji strukturdur. Həmin Məcəllənin 6-cı maddəsinə görə yerüstü su obyektlərinə yerin səthində yerləşən yerüstü su axınları, yerüstü sututarlar, buzlaqlar və qar örtükləri daxildir. Bu normalardan göründüyü kimi, qanunvericilik yerüstü su obyektlərinin hüquqi statusunu yalnız “çay” anlayışı ilə məhdudlaşdırmır, yerüstü su axınlarını da ayrıca su obyekti kimi tanıyır. Buna görə “Şahbulaq” su axınının yerli istifadədə “selov” və ya “dərə” adlandırılması öz-özlüyündə onun Su Məcəlləsinin mənasında su obyekti olub-olmamasını müəyyən etmir. Bu məsələ onun faktiki hidroqrafik xüsusiyyətləri və hüquqi statusu əsasında müəyyən edilməlidir.

22. İş materiallarından və tərəflərin izahatlarından “Şahbulaq” su axınının mövcudluğu və inzibati xəta haqqında protokolda göstərilən obyektin həmin su axınına yaxın yerləşməsi mübahisə doğurmur. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayıl oğlu da məhkəmə iclasında söhbətgahların yerləşdiyi yerlə “selov” arasında təxminən 12 metr məsafə olduğunu bildirmişdir. Bununla belə, həmin su axınının Su Məcəlləsinin 1-ci və 6-cı maddələri baxımından hüquqi statusu, o cümlədən onun Arpaçay çayının qolu kimi tanınıbtanınmaması və hansı növ yerüstü su obyektinə aid olması iş materiallarında mötəbər rəsmi məlumatlarla tam müəyyən edilməmişdir. Su Məcəlləsinin 82-ci maddəsinə əsasən su mühafizə zonaları su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması və digər məqsədlərlə müəyyən edilir. Həmin maddəyə görə su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.

23. Beləliklə, konkret su obyektinin mövcudluğu həmin obyektə münasibətdə mühafizə rejiminin tətbiqinin ilkin əsasını təşkil etsə də, inzibati məsuliyyət məsələsinin həlli üçün yalnız su obyektinin mövcudluğunun müəyyən edilməsi kifayət etmir. Həmçinin həmin su obyektinə münasibətdə tətbiq olunan su mühafizə zonasının ölçüsü və konkret istifadə rejimi müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın 8-ci bəndinə əsasən çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni çayın uzunluğundan asılı olaraq müəyyən edilir və uzunluğu 10 km-dək olan çaylar üçün bu göstərici 50 metr təşkil edir. Həmin Qaydaların 9-cu bəndində isə çayların başlanğıcında su mühafizə zonasının radiusunun 50 metrdən az olmamaq şərti ilə qəbul edilməsi nəzərdə tutulur. Lakin göstərilən normaların tətbiqi üçün ilk növbədə “Şahbulaq” su axınının həmin Qaydaların 8-ci və ya 9-cu bəndlərinin şamil olunduğu çay kateqoriyasına aid olub-olmaması müəyyən edilməlidir. Bu səbəbdən yalnız su axınının Arpaçaya tökülməsi və ya yerli olaraq “çay” adlandırılması əsasında onun hüquqi baxımdan çay hesab edilməsi və həmin su axınına avtomatik olaraq 50 metrlik minimum mühafizə zonasının tətbiq olunması barədə nəticəyə gəlmək mümkün deyildir. Eyni zamanda, birinci instansiya məhkəməsinin iş materiallarında su mühafizə zonasının təsdiq edilmiş layihəsinin, xəritəsinin və ya sərhədlərini müəyyən edən digər plan-

24. sənədlərin olmamasını həmin zonanın ümumiyyətlə mövcud olmadığını təsdiq edən kartoqrafik hal kimi qiymətləndirməsi də əsaslı hesab edilə bilməz. Belə ki, Qaydaların 19-cu bəndində su mühafizə zonalarının layihələşdirilməsi, 20-ci bəndində isə həmin zonaların layihələri tərtib və təsdiq edilənədək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının minimal ölçülərinin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Bu normanın məzmunundan görünür ki, qanunvericilik layihələndirmə və təsdiq prosesinin tamamlanmasını su mühafizə rejiminin tətbiqinin yeganə hüquqi ilkin şərti kimi müəyyən etmir. Bu səbəbdən yalnız təsdiq edilmiş layihənin, sərhəd nişanlarının və ya plankartoqrafik sənədlərin iş materiallarında olmamasına əsaslanmaqla su mühafizə zonasının hüquqi baxımdan mövcud olmadığını qəbul etmək düzgün deyildir.

25. Bununla yanaşı, Qaydaların 20-ci bəndinin mövcudluğu da konkret iş üzrə su mühafizə zonasının özü-özlüyündə müəyyən edilmiş hesab olunması anlamına gəlmir. Belə ki, həmin normanın tətbiqi baxımından konkret su obyekti üzrə minimal ölçülərin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən müəyyən edilib-edilmədiyi, bu məlumatların müvafiq ərazi planlaşdırılması sənədlərində əks olunub-olunmadığı və inzibati xəta törədildiyi iddia olunan tarixdə həmin ərazidə hansı mühafizə rejiminin qüvvədə olduğu müəyyən edilməlidir.

26. İş materiallarında dövlət nəzarəti orqanının nümayəndələri “Şahbulaq” su axınının Arpaçay çayının qollarından biri olduğunu bildirmiş, lakin bu məlumatın aidiyyəti dövlət orqanının rəsmi məlumatları ilə təsdiq edilməsi təmin olunmamışdır. Bu baxımdan Azərbaycan Respublikası Su Məcəlləsinin 26-cı maddəsinin müddəaları nəzərə alınmaqla dövlət su kadastrının, su obyektlərinin dövlət uçotu məlumatlarının, müvafiq hidroqrafik xəritələrin, planların və səlahiyyətli dövlət orqanında olan digər məlumatların araşdırılması zəruridir. Həmin məlumatlar əsasında “Şahbulaq” su axınının hüquqi statusu, onun Arpaçayla hidroqrafik əlaqəsi və ona münasibətdə tətbiq edilməli su mühafizə rejimi müəyyən edilə bilər.

27. Bundan başqa, iş üzrə obyektin su mühafizə zonasının daxilində yerləşməsi də yalnız onun su axınından təxminən 12 metr məsafədə yerləşməsi faktı ilə həll edilə bilməz. Əvvəlcə həmin su axınına münasibətdə tətbiq olunan mühafizə zonasının hüquqi və faktiki ölçüsü müəyyən edilməli, daha sonra obyektin koordinatları həmin zona ilə müqayisə edilməlidir. Bu məqsədlə monitorinq aktında göstərilən koordinatların müvafiq xəritə və planlarla, zərurət olduqda isə ərazi üzrə ölçmə məlumatları ilə qarşılıqlı müqayisəsi aparılmalıdır. Əgər iş üzrə obyektin su mühafizə zonasında yerləşdiyi müəyyən edilərsə, həmin zonada ictimai-iaşə obyektinin yerləşdirilməsi ilə bağlı ** nömrəli Qaydaların müvafiq müddəaları, o cümlədən su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədlərinin mövcudluğu ayrıca araşdırılmalıdır.

28. Beləliklə, hazırkı iş üzrə aşağıdakı hallar inzibati xəta tərkibinin mövcudluğunun müəyyən edilməsi üçün həlledici əhəmiyyət daşıyır: - “Şahbulaq” su axınının Su Məcəlləsinin 1-ci və 6-cı maddələrinin mənasında su obyekti olub-olmaması, onun hüquqi statusu və Arpaçay çayı ilə hidroqrafik əlaqəsi; - həmin su obyektinə münasibətdə tətbiq olunan su mühafizə zonasının və sahil mühafizə zolağının hüquqi əsası və ölçüsü; - ** nömrəli Qaydaların hansı müddəalarının həmin su obyektinə tətbiq edilməli olması; - Qaydaların 20-ci bəndinə əsasən minimal ölçülərin müəyyən edilib-edilməməsi; Bağırova məxsus obyektin həmin su mühafizə zonasının hüdudlarında yerləşib- - yerləşməməsi; - həmin obyektin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə tələb olunan razılaşdırılmış layihə sənədlərinin mövcud olub-olmaması;

29. Göstərilən hallar tam müəyyən edilmədən yalnız təsdiq edilmiş layihənin və sərhəd nişanlarının olmamasına, yaxud əksinə, su axınından 50 metrdən az məsafədə yerləşməsinə əsaslanmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcudluğu barədə yekun nəticəyə gəlmək mümkün deyildir. Birinci instansiya məhkəməsi isə göstərilən halların bir qismini araşdırmadan, xüsusilə “Şahbulaq” su axınının hüquqi statusunu, həmin su obyektinə münasibətdə tətbiq edilən mühafizə zonasının hüquqi əsasını və ölçüsünü müəyyən etmədən iş üzrə icraata xitam vermişdir.

30. Eyni zamanda, apellyasiya şikayətində iş üzrə inzibati tənbeh verilməsi barədə birbaşa qərar qəbul edilməsinin xahiş olunmasına baxmayaraq, yuxarıda göstərilən mühüm faktiki halların hazırkı mərhələdə tam müəyyən edilmədiyi nəzərə alınmaqla, apellyasiya instansiyası tərəfindən şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə yekun nəticəyə gəlinməsi mümkün deyildir.

31. Beləliklə, iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirəm ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti tərəfindən verilmiş şikayət yalnız birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı hesab edilməli, inzibati tənbeh verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı hissədə isə hazırkı mərhələdə təmin edilməməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü və 135.1.1-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Şərur Rayon Məhkəməsinə göndərilsin. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Hakim Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar