Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-54/2026 14.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Kocaoğlu Fatma Süleyman qızının İXM-in 192.6 və 539.3-cü maddələri ilə inzibati cərimə edilməsinə dair ## #### 2026-cı il tarixli MN ******* nömrəli və ## #### 2026-cı il tarixli MN ******* nömrəli qərarlarından Kocaoğlu Fatma Süleyman qızı tərəfindən verilmiş şikayətə dair Açar sözlər: İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə (192.6) və əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə zəruri məlumatların (sənədlərin) təqdim edilməməsinə görə (539.3) tətbiq edilmiş inzibati tənbehvermə haqqında qərarlardan şikayət verilmiş, birinci instansiya məhkəməsi tərəfindən şikayət təmin edilərək həmin qərarlar ləğv edilmiş, apellyasiya icraatında birinci instansiya məhkəməsinin qərarı qismən ləğv olunmuş və İXM 192.6-cı maddəsi ilə verilmiş inzibati tənbeh vermə qərarı qüvvədə saxlanılmış Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Kocaoğlu Fatma Süleyman qızı və onun müdafiəçisi Vəkil, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Kocaoğlu Fatma Süleyman qızı tərəfindən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Kocaoğlu Fatma Süleyman qızının İXM-in 192.6 və 539.3-cü maddələri ilə inzibati cərimə edilməsinə dair ## #### 2026-cı il tarixli MN ******* nömrəli və ## #### 2026-cı il tarixli MN ******* nömrəli qərarlarından verilmiş şikayətə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarından Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin rəisi Elnar Hüseynov tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat
1. ##.##.2026-cı il tarixli, */* nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, şahid1 ilə bağlanılmış *******000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a” maddəsinə (işçinin təşəbbüsü ilə) əsasən ##.##.2026-cı il tarixdən xitam verilmiş, ## ### 2026-cı il tarixli, *-**-*-*/*-****/**** saylı Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Fatma Kocaoğluna ünvanlanmış məktubda X2 Xidmətinə məlumat və sənədlərin natamam təqdim olunması və işçinin əmək hüquqlarının pozularaq işinə xitam verilməsi göstərilmiş, Xidmətin Fatma Kocaoğluna ünvanladığı ##.##.2026-cı il tarixli məktubda şahid1 müraciətinə münasibət bildirilməsi və qeyd edilən sənədlərin 7 (yeddi) iş günü ərzində Xidmətə təqdim edilməsi xahiş olunmuş, ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokola əsasən, şahid1 “Karadeniz” ictimai iaşə obyektində əmək hüquqlarının pozulmasına dair DƏMX-ə ünvanlandığı ## ### 2026-cı il tarixli müraciətinin araşdırılması zamanı müəssisə tərəfindən təqdim olunan məlumat və sənədlərdən şahid1 əmək hüquqlarının pozularaq (ərizəsi alınmadan) işinə xitam verilməsi müəyyən edilmiş, ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokola əsasən, şahid1 “Karadeniz” ictimai iaşə obyektində əmək hüquqlarının pozulmasına dair DƏMX-ə ünvanlandığı ## ### 2026-cı il tarixli müraciətinin araşdırılması zamanı müəssisə tərəfindən təqdim olunan məlumat və sənədlərdən sorğuda qeyd olunan sənədlərin xidmətə natamam təqdim edildiyi müəyyən olunmuşdur.
2. Naxçıvan Şəhər Məhkəməsinin (hakim A.Heydarov) ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı ilə Kocaoğlu Fatma Süleyman qızının şikayəti təmin edilərək Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli və ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarları ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
3. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin rəisi Elnar Hüseynov şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv olunmasını və Xidmətin ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli və ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarlarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayətin dəlilləri
4. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin rəisi Elnar Hüseynov şikayəti onunla əsaslandırmışdır ki, Fatma Kocaoğlunun Xidmətə təqdim etdiyi izahatdan müəyyən edilmişdir ki, şahid1 işdən çıxmaq barədə ərizə alınmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, birinci instansiya məhkəməsi isə qərarında işəgötürənin işçini dəfələrlə işə bərpa olunmağa dəvət etdiyini və işçinin öz iradəsi ilə bundan imtina etdiyini göstərməklə həmin halları pozuntunun aradan qaldırılması kimi qiymətləndirmiş, lakin bu nəticə iş materialları ilə təsdiq olunmur. İşçinin işə bərpa olunması barədə yalnız şifahi müraciət edilməsi pozuntunun aradan qaldırılması kimi qəbul edilə bilməz. İşəgötürən tərəfindən işçinin əmək hüquqlarının bərpasına yönəlmiş hər hansı yazılı bildiriş, əmr, rəsmi dəvət və ya digər təsdiqedici sənəd Xidmətə təqdim edilməmiş, buna görə də məhkəmənin bu qənaəti ehtimallara əsaslanmış, sübutlarla təsdiq edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları tam araşdırmamış, mövcud sübutları düzgün qiymətləndirməmiş, iş materiallarında olan rəsmi sənədlərə hüquqi qiymət verməmiş və nəticədə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən qəbul edilmiş qərar qanuni, əsaslı və obyektiv hesab edilə bilməz. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
5. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 şikayətdə qeyd olunan dəlillərə uyğun izahat verərək əlavə olaraq araşdırma zamanı işçinin ərizəsinin alınmadan əmək müqaviləsinə xitam verildiyini, şifahi formada danışıqların aparıldığını, bunun da pozuntunun aradan qaldırılması üçün addımlar hesab olunmadığını, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tərkibinin yaranması üçün əsasın işçinin ərizəsinin alınmadan əmək müqaviləsinə xitam verilməsi olduğunu, digər maddə ilə isə sənədlərin xidmətə natamam təqdim edilməsi olduğunu bildirərək şikayətin təmin olunmasını xahiş etmişdir. Suallara cavabında sənədlərin tam təqdim edilməməsi ilə bağlı şəxsin özünün də nümayəndəsinin də izahatını aldıqlarını, hansı səbəbdən təqdim edilməməsini deyə bilmədiklərini, Fatma Kocaoğluya dəfələrlə nə etməli olduğunu dediklərini, onu Xidmətə çağırmalarına səbəb də onun barəsində protokol tərtib etməmək üçün pozuntunun aradan qaldırmasını bildirmələri olduğunu bildirdi.
6. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Kocaoğlu Fatma Süleyman qızı izahatında Zəminə xanımın bir gün işə gəlmədiyini, əlaqə saxladıqlarını, xəstə olduğunu, bir neçə gün işə gələ bilməyəcəyini dediyini, sonra işə gələrək, “xəstəyəm, işləyə bilməyəcəyəm, 10-15 gün sonra Bakıya gedəcəyəm, ərim gəlib məni aparacaq” deyərək çıxıb getdiyini, işçinin işdən çıxarılarkən ərizəsinin alınmalı olduğunu bilmədiyi üçün ondan ərizə almadığını, mühasibin Zəminə xanıma zəng edərək gəlib ərizəsini verməsini dediyini, ancaq gəlmədiyini, onu X2 Xidmətinə çağırdıqlarını, orada ona “Zəminə xanıma zəng et, işə çağır, gəlsin işləsin, gedəndə də ərizəsini versin getsin” dediklərini, Zəminə xanıma dəfələrlə zəng etdiyini, mesaj yazdığını, ancaq ona cavab vermədiyini, daha sonra zəngə cavab verərək “Mən Lənkərandayam, Naxçıvana ancaq gəzməyə gələrəm. Mən iş tələb etmirəm, zəng elədim açmadın, acığıma gəldi deyə səni şikayət etdim” dediyini bildirərək şikayətin təmin edilməməsini və Naxçıvan Şəhər Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir.
7. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin müdafiəçisi Vəkil izahatında Əmək Müfəttişliyi Xidmətinin Əsasnaməsində işəgötürənlərə və işçilərə metodiki kömək göstərilməsinin xidmətin vəzifəsi olaraq müəyyən edildiyini, lakin xidmət tərəfindən hər hansı köməklik göstərilmədiyini, birinci instansiya məhkəməsində də Zəminə xanımın işə qayıtmayacağını bildirdiyini, Zəminə xanımın şikayət etdiyi vaxt belə işə qayıtmaq fikrinin olmadığını, qanunun tələbinə əsasən ərizənin formal olaraq mövcud olmalı olduğunu, lakin faktiki olaraq həmin ərizənin mövcud olmamasının səbəblərinin olduğunu, birinci instansiya məhkəməsində də işə baxılarkən Zəminə xanımın əslində pul istədiyini etiraf etdiyini, “Mən pul istədim, pulu mənə vermədikləri üçün mən şikayətimi geri götürmədim” dediyini, Zəminə xanımın özünün də sağaldıqdan sonra restorana gəldiyini, orada işləməyəcəyini, Bakıya gedəcəyini bildirdiyini, bunu şahidlərin də təsdiq etdiklərini, Fatma xanımın isə ərizəsi alınmalı olduğunu bilmədən onu göndərdiyini, ərizə alınmalı olduğunu bildikdən sonra onu dəfələrlə çağırsalar da gəlmədiyini, işçi tərəfindən xəstə olması barədə hər hansı sənəd təqdim edilmədiyini, işçinin öz fikrini bəyan etməsinin və sonra da işə gəlməməsinin İnzibati Xətalar Məcəlləsinin 192.6-cı və 539.3-cü maddələrinin tərkibini yaratmadığını, inzibati orqanın səhv nəticəyə gəldiyini düşündüyünü bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Suallara cavabında işçiyə əmək haqqının gündəlik 15 manat məbləğində ödənildiyini, bu səbəbdən əmək haqqının ödənilməsi ilə bağlı sənədlərin mövcud olmadığını, mövcud olmayan sənədin inzibati orqan tərəfindən istənilməsinin absurd olduğunu, işçiyə son haqq-hesab olaraq 450 manat təklif edildiyini, lakin onun daha çox istədiyini, X2 Xidməti tərəfindən inzibati xəta haqqında protokolların İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilmədiyini bildirdi. III. Hüquqi məsələlər c) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
8. Maddə 192.6. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
9. Maddə 539.3. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
10. Maddə 539.1-1. Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
11. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
12. Maddə 6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. (Qanunçuluq prinsipi)
13. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. (Təqsirsizlik prezumpsiyası prinsipi)
14. Maddə 53.1.2. İnzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. d) Azərbaycan Respublikasının Əmək Məcəlləsi
15. Maddə 68.2. “a” bəndi Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür.
16. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. IV. Məhkəmənin hüquqi mövqeyi
17. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, inzibati xəta haqqında protokolları və digər sübutları qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı isə hər bir inzibati xəta epizodu üzrə ayrıca hüquqi qiymətləndirilməklə qismən ləğv edilməlidir.
18. İş materiallarından müəyyən olunur ki, şahid1 ilə bağlanmış əmək müqaviləsinə ## ### 2026-cı il tarixli, */* nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən ## ### 2026-cı il tarixdən xitam verilmişdir. Lakin iş materiallarından həmin xitamın işçinin təşəbbüsünə əsaslandığını təsdiq edən işçinin yazılı ərizəsi müəyyən edilmir. Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi əmək müqaviləsinə xitamın ümumi əsasını, yəni tərəflərdən birinin təşəbbüsünü müəyyən etsə də, işçinin təşəbbüsü ilə əmək münasibətlərinə xitam verilməsi həmin iradənin qanunda müəyyən edilmiş qaydada ifadə edilməsini tələb edir. İşçinin əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verməsi halında onun iradəsinin yazılı ərizə ilə ifadə edilməsi Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən edilmiş qaydanın mahiyyətindən irəli gəlir. Bu baxımdan yalnız əmrdə 68.2-ci maddənin “a” bəndinə istinad edilməsi işçinin belə təşəbbüsünün faktiki mövcudluğunu sübut edən müstəqil əsas sayıla bilməz. İşəgötürənin öz izahatında da şahid1 işdən çıxmaq barədə ərizə alınmadan əmək müqaviləsinə xitam verildiyini bildirməsi mühüm əhəmiyyət daşıyır. Belə olan halda, əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinin pozulduğu, yəni işəgötürənin əmək müqaviləsinə xitam verilməsi zamanı işçinin iradəsini və xitam üçün qanuni əsası sənədləşdirmədiyi nəticəsinə gəlmək üçün kifayət qədər əsas vardır. Bu hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hüquqpozmanın tərkibini yaradır. Həmin pozuntunun cərimənin şərti tətbiq olunmaqla müəyyən olunmuş müddət ərzində aradan qaldırılması, yəni işçinin ərizəsinin alınması və yaxud həmin qanunsuz əmrin ləğv olunması iş materialları ilə öz təsdiqini tapmır. Belə şəraitdə yalnız işəgötürənin şifahi izahatına əsaslanmaqla işçinin əmək hüquqlarının faktiki bərpa edildiyi və ya hüquqpozmanın aradan qaldırıldığı qənaətinə gəlmək olmaz. Hazırkı halda isə əmək müqaviləsinə xitam verilməsi faktı və həmin xitamın işçinin iradəsini təsdiq edən ərizə olmadan həyata keçirilməsi iş materialları ilə təsdiq olunduğundan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi üzrə inzibati xəta tərkibinin mövcud olması nəticəsinə gəlmək üçün kifayət qədər hüquqi əsas vardır.
19. Məhkəmə Kocaoğlu Fatma Süleyman qızının İXM-in 539.3-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair ## #### 2026-cı il tarixli MN ******* nömrəli qərarla əlaqədar olaraq isə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri məlumatların və sənədlərin təqdim edilməməsini, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsini inzibati xəta kimi müəyyən edir. Bu inzibati xəta əməlinin tərkibinin yaranması üçün yalnız sənədlərin orqana təqdim edilməməsi faktının mövcudluğu kifayət etmir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə məsuliyyətin yaranması baxımından tələb olunan sənədlərin konkret siyahısının, onların hər birinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti baxımından zəruriliyinin, həmin sənədlərin hansı hissəsinin ümumiyyətlə təqdim edilmədiyinin və hansı hissəsinin natamam təqdim edildiyinin hər bir sənəd üzrə fərdiləşdirilmiş şəkildə müəyyən edilməsi zəruridir. İş materiallarında Kocaoğlu Fatma Süleyman qızının X2 Xidmətinin konkret olaraq hansı sənəd tələbini təqsirli şəkildə yerinə yetirmədiyini, tələb edilmiş sənədlərdən hansılarının ümumiyyətlə təqdim edilmədiyini, hansılarının natamam təqdim edildiyini və bunun nəticəsində X2 Xidmətinin qanunla müəyyən edilmiş nəzarət funksiyasının konkret olaraq hansı formada pozulduğunu kifayət qədər aydın və mötəbər şəkildə müəyyən etməyə imkan verən sübutların məcmusu mövcud deyildir. Çünki, təqdim olunmuş sənədlərdə işçinin ərizəsinin olmaması faktı üzrə artıq işəgötürən İXM-in 192.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Bu səbəbdən işəgötürənin İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunması eyni xətaya görə ikiqat məsuliyyətin tətbiqinə səbəb olardı. Buna görə də həmin maddə üzrə İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir.
20. Beləliklə, birinci instansiya məhkəməsinin hər iki maddə üzrə verilmiş tənbehləri eyni hüquqi nəticə ilə qiymətləndirərək inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında hər iki qərarı ləğv etməsi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli qərara münasibətdə düzgün nəticə hesab edilə bilməz. Çünki həmin İXM-in 192.6-cı maddəsi üzrə işçinin əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinin pozulması iş materialları ilə təsdiq olunur. Eyni zamanda, ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərara münasibətdə birinci instansiya məhkəməsinin inzibati xəta tərkibinin mövcud olmaması barədə nəticəsi işin müəyyən edilmiş halları və tətbiq edilməli hüquq normaları baxımından əsaslıdır.
21. Beləliklə, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsinə dair hissədə ləğv edilməli, həmin qərar qüvvədə saxlanılmalı, ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli qərara münasibətdə isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə dəyişdirilmədən saxlanılmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin rəisi Elnar Hüseynov tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Kocaoğlu Fatma Süleyman qızı barəsində İXM-in 192.6-cı maddəsi ilə ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi və həmin hissədə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair hissədə ləğv edilsin. Kocaoğlu Fatma Süleyman qızının Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ## #### 2026-cı il tarixli MN seriyalı 0026146 və ******* nömrəli qərarlarından verdiyi şikayət qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Kocaoğlu Fatma Süleyman qızı barəsində İXM-in 192.6-cı maddəsi ilə ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qüvvədə saxlanılsın. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Kocaoğlu Fatma Süleyman qızı barəsində İXM-in 539.3-cü maddəsi ilə ## #### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi və həmin hissədə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Hakim Mehdi Əliyev