Məhkəmə qərarları › İş №3(3-10)-207/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-207/2026

22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar İş № 3(3-10)-207/2026 22.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsi - həmin Məhkəmənin Cinayət kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “İBAYEVS” MMC-nin direktoru İbayev Adil Zabit oğlu və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X4 İdarəsinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs “İbayevs” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «İbayevs» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 428.7.3-cü maddəsi ilə təqsirli bilinib, 5000 (beş min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İŞİN HALLARI Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Zaqatala şəhəri H.Aslanov küçəsində yerləşən “Lombard” obyektin reklamları barədə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X4 İdarəsinin hüquqi şəxs «İbayevs» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş yazılı göstərişin tələblərini vaxtında və tam yerinə yetirməmişdir. Buna görə də, onun barəsində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin X4 İdarəsinin RFMŞnin böyük müfəttişi İsazadə Ramin Rüfət oğlu tərəfindən ##.##.2026-cı il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə «İbayevs» Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 428.7.3 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X4 İdarəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarı çıxarılmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs “İbayevs” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraatının xitam edilməsini xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almalıdır ki, «İbayevs» MMC-nin hərəkətlərinin başlanğıcında heç bir inzibati xəta tərkibi mövcud olmamışdır. Reklam lövhəsi qanunvericiliyin tələblərinə uyğundur və müəssisə dövlət rüsumunu ödəməklə onu rəsmiləşdirməyə çalışmışdır. Lakin, ADRA bu qanuni addımın qarşısını alaraq, xəta tərkibi olmayan bir vəziyyətdən süni səkildə 'inzibati xəta' (göstərişin icra edilməməsi) yaratmışdır. Hüquqi məntiqlə, qanunsuz hərəkətdən (Agentliyin əsassız imtinasından) doean ikinci hərəkət (guva göstərişin icra edilməməsi) inzibati xəta kimi qiymətləndirilə bilməz. Əslində. Agentlik sahibkarı inzibati xəta törətməyə təhrik etmişdir ki. bu da dövlət orqanının fəalivvət prinsiplərinə tamamilə ziddir «İbayevs» Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 428.7-ci maddəsində qeyd edilən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasında ittiham olunub. Belə ki, həmin məcəllənin 428.7.3-cü maddəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə görə hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Bəli, qeyd etdiyiniz maddə "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində reklam qanunvericiliyinə əməl olunmamasının ciddi hüquqi nəticələrini müəyyən edir. Bu maddənin əsas mahiyyəti ondan ibarətdir ki. reklam sahəsində nəzarəti həyata keçirən qurumun (məsələn. Azərbaycan Dövlət Reklam Agentliyi - ADRA) qanuni tələblərinə məhəl qoymamaq böyük maliyyə itkiləri ilə nəticələnir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ DƏLİLLƏRİ Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs “İbayevs” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun oxşar məzmunda çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X4 İdarəsinin nümayəndəsi X7 şikayətin dəlillərinin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-167)-19/2026 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikаyətin dəlillərini iş mаteriаllаrı ilə birlikdə araşdırıb, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə, şikayət təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli AKT seriyalı ****** nömrəli aktdan görünür ki, «İbayevs» MMC “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26- cı maddəsinin tələbləri pozulmaqla Zaqatala şəhəri H.Aslanov küçəsində açıq məkanda reklamları müvafiq icazə sənədləri olmadan yerləşdirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı protokol tərtib etmiş orqan, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X4 İdarəsinin nümayəndəsi nümayəndə1 izahatında göstərmişdir ki, Zaqatala şəhəri H.Aslanov küçəsində «İbayevs» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Lombard” obyekti üzərində həmin yazı qeyd edilmişdir. Zaqatala şəhəri H.Aslanov küçəsində yerləşən hüquqi şəxs «İbayevs» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin X4 İdarəsi tərəfindən verilmiş yazılı göstərişin tələblərini vaxtında və tam yerinə yetirməmişdir və buna görə də hazırki protokol tərtib edilmişdir. Göstəriş ##.##.2025-ci il tarixdə tərtib edilərək göndərilmiş və İbayev tərəfindən ##.##.2025-ci il tarixdə təhvil alınmışdır. Göstəriş «İbayevs» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş ofisinin ünvanına göndərilmişdir və təhvil alınmaya dair poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. Agentlik tərəfindən çatdırılmaya əməl edilmişdir. Protokolu müdafiə edir və hüquqi şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Müraciət olub İbayev Adil Zabit oğlu tərəfindən və ona cavab verilib. ##.##.2025-ci il tarixdə ərizə götürülüb və orada reklamın ölçüləri qeyd edilib. Ərizəyə baxılıb və cavab verilib. Hüquqi əsasları da həmin cavabda qeyd edilib. Sahibkarlıq obyektinin vitrin çərçivəsində reklam yerləşdirilməli olduğu qeyd edilib. Orada vinillə yerləşdirilib reklam və buna icazə yoxdur. İbayev Adil Zabit oğluna imtina verilməyib. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli «İbayevs» MMC-nə ünvanlanmış yazılı göstərişdən görünür ki, Zaqatala rayonu H.Aslanov küçəsində yerləşən “İbayevs" ünvanında, açıq məkanda yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinə (X2 İdarəsinə) müraciət etməyi tələb olunmuş və bu tələblər yerinə yetirilmədikdə, müvafiq reklamın (reklamların) yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, barəsində İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcəyi barədə məlumatlandırılmışdır. Həmçinin, işdə olan telefonoqramdan görünür ki, X3 ilə telefon əlaqəsi saxlanılmış, yazılı göstərişin tələbləri vaxtında və tam icra olunmadıqda barəsində inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilmişdir. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Şəki Apellyasiya Məhkəməsi iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normaları yerində tətbiq edilmişdir. Apellyasiya şikayətində irəli sürülən “reklamın rəsmiləşdirilməsinə cəhd edildiyi, lakin Agentliyin süni şəkildə xəta yaratdığı” barədə iddialar işin faktiki halları ilə ziddiyyət təşkil edir və hüquqi əsasdan məhrumdur. Məhkəmə kollegiyası qeyd edir ki, İXM-in 428.7.3-cü maddəsi üzrə məsuliyyətin yaranması üçün reklamın qanunsuzluğu ilə yanaşı, səlahiyyətli dövlət qurumunun qanuni göstərişinin icra edilməməsi faktı həlledici rol oynayır. İş materiallarından göründüyü kimi, “İbayevs” MMC-yə məxsus obyektdə icazəsiz reklam yayımı faktı ##.##.2025-ci il tarixli aktla təsbit edilmiş və bu pozuntunun aradan qaldırılması üçün ##.##.2025-ci il tarixdə rəsmi göstəriş verilmişdir. Həmin göstərişin ##.##.2025-ci il tarixdə MMC-nin direktoru tərəfindən təhvil alınmasına baxmayaraq, müəyyən olunmuş 5 günlük müddət ərzində nə reklam yayımı dayandırılmış, nə də müvafiq icazə alınmışdır. Dolayısıyla, xətanın tərkibi məhz dövlət orqanının qanuni tələbinə qarşı nümayiş etdirilən hərəkətsizlikdən yaranmışdır Şikayətçinin “Agentliyin sahibkarı xəta törətməyə təhrik etməsi” barədə mülahizələri hüquqi doktrina baxımından əsassızdır. Belə ki, “Reklam haqqında” Qanunun 26.2-ci maddəsi reklamın yerləşdirilməsindən əvvəl icazə alınmasını imperativ (məcburi) norma kimi müəyyən edir. Sahibkarın əvvəlcə qanunsuz reklam yerləşdirib, daha sonra müraciət etməsi onu qanun qarşısında məsuliyyətdən azad etmir. Agentlik tərəfindən verilən göstəriş sahibkara öz fəaliyyətini qanun çərçivəsinə salmaq üçün verilmiş son imkan xarakteri daşıyır. Bu imkandan istifadə edilməməsi, əksinə, qanunsuz vəziyyətin davam etdirilməsi dövlət idarəçilik qaydalarına qarşı törədilmiş birbaşa xəta hesab olunur. Məhkəmə həmçinin vurğulayır ki, reklamın texniki forması (vinil üzərində olması) və vitrin çərçivəsindən kənara çıxması Agentlik tərəfindən “Reklam haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən açıq məkanda reklam kimi düzgün tövsif edilmişdir. Qanunvericilik 1 kvadratmetrdən böyük olan və obyektin fasadında yerləşən bu növ yazıların yayımı üçün icazə müqaviləsinin bağlanmasını və dövlət rüsumunun ödənilməsini mütləq şərt kimi qoyur. “İbayevs” MMC-nin qanuni rəsmiləşdirmə prosedurlarını tam başa çatdırmadan reklam yayımını davam etdirməsi onun subyektiv təqsirini təsdiq edir. Tətbiq edilmiş 5000 manat məbləğində cərimə tənbehinə gəldikdə isə, məhkəmə hesab edir ki, bu məbləğ İXM-in 428.7.3-cü maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş alt həddir. Cəzanın fərdiləşdirilməsi və mütənasibliyi prinsipləri baxımından, qanunvericinin müəyyən etdiyi ən aşağı məbləğin tətbiqi sahibkarın əmlak vəziyyəti və xətanın xarakteri ilə tam uyğundur. İnzibati tənbehin məqsədi yalnız cəzalandırmaq deyil, həm də şəxsi qanunlara əməl etmək ruhunda tərbiyələndirmək olduğundan, cəzanın azaldılması üçün heç bir hüquqi zəmin mövcud deyil. Hüquqi şəxsin nümayəndəsinin "reklamı rəsmiləşdirməyə çalışdıq, lakin imtina aldıq" arqumenti də İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkibini istisna etmir. Sahibkarın müvafiq quruma müraciət etməsi ona hələ icazə sənədi almadan reklamı yerləşdirmək hüququ vermir. Agentliyin texniki şərtlərlə bağlı iradları və reklamın vitrin qaydalarına uyğun gəlməməsi barədə verdiyi cavablar "süni maneə" deyil, ictimai məkanın estetik və hüquqi standartlarının qorunmasına xidmət edən qanuni fəaliyyətdir. "İbayevs" MMC bu iradları nəzərə alıb reklamı sökmək və ya uyğunlaşdırmaq əvəzinə, dövlət qurumunun yazılı göstərişini görməzdən gəlməklə inzibati xətanın subyektiv tərəfini (təqsiri) formalaşdırmışdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, reklam sahəsində dövlət nəzarəti yalnız iqtisadi maraqları deyil, həm də ictimai qaydanı və şəhərsalma intizamını qoruyur. Şikayətçinin "qanunsuz hərəkətdən doğan ikinci hərəkət xəta sayıla bilməz" məntiqi hüquqi nihilizm nümunəsidir. Əgər dövlət orqanının göstərişi qanunsuz idisə, sahibkar həmin göstərişin ləğvi üçün inzibati qaydada və ya məhkəməyə müraciət etməli idi. Göstəriş qüvvədə olduğu müddətdə onun icrasından imtina edilməsi idarəçilik qaydalarına qarşı törədilmiş kobud pozuntu hesab olunur. Bu halda Agentliyin fəaliyyəti sahibkarı təhrik etmək deyil, qanunçuluğun bərpası üçün zəruri addım kimi qiymətləndirilməlidir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli **** saylı Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”-nın 3.2-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Həmin qanunun 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan reklam yayımı hallarını müəyyən etdikdə icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etmək hüququ qanunvericilikdə nəzərdə tutulmuşdur. X4 İdarəsi bu səlahiyyətə istinad edərək İbayevs MMC-nə icazə müqaviləsinin bağlanılması və müvafiq icazənin alınması barədə yazılı göstəriş vermiş, sonuncu isə müqavilə bağlamadan icazəsiz reklam yayımını davam etdirmiş, qurumun yazılı göstərişini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Çünki, “Reklam haqqında” qanunun 26.1-ci maddəsinin tələbinə görə reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinin tələbinə görə açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2- 2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Bu Qanunun 26.8-ci maddəsinin tələbinə görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs “İbayevs” Məhdud Məsuliyyətli Cəmiyyətinin Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi ilə bağlı apellyasiya şikayətində göstərdiyi dəlilləri barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin istinad edilən inzibati məsuliyyətdən yayınmaq məqsədi güddüyündən əsaslı hesab oluna bilməz. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Bununla belə məhkəmə inzibati xəta törətmiş şəxsə təyin edilmiş 5000 manat inzibati cərimə tənbehi ilə bağlı məsələni də müzakirə edərək bu qənaətə gəlir ki, təyin edilmiş inzibati təhbeh növü onun əməllərinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, eləcədə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs “İbayevs” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərli hesab edilməlidir. İXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs “İbayevs” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətində qeyd etdiyi dəlillər Zaqatala Rayon Məhkəməsinin məlum qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə apelyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs “İbayevs” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hazırkı qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar