Məhkəmə qərarları › İş №3(3-10)-214/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-214/2026

22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-214/2026 22.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qarabörk bələdiyyəsinin sədri İsmayılov Maarif Nurəddin oğlunun iştirakı ilə, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Ucar rayonu, Qarabörk bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (sədrlik edən hakim H.Xəlilov) Ucar rayonu Qarabörk bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 539.3-cü maddəsi ilə təqsirli bilinib iki min manat məbləğdə cərimə edilmişdir. İşin halları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran regional şöbəsindən daxil olmuş və ## ###### 2025-ci ildə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, X1 müraciətinin baxılması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Ucar rayonu Qarabörk bələdiyyəsinə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməsi barədə ## ###### 2025-ci il tarixli, *-**-*/*- ******/**** nömrəli məktub göndərilmiş, lakin zəruri olan sənədlər təqdim edilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Ucar rayonu Qarabörk bələdiyyəsi Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Ucar rayonu, Qarabörk bələdiyyəsi şikayətini onunla əsaslandırmışdır ki, həmin qərar qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Odur ki, Ucar rayonu Qarabörk bələdiyyəsi İXM-in 539.3-cü maddəsi ilə təqsirli bilinib iki min manat məbləğdə cərimə edilməsinə dair Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli (*-***)-**/**** saylı qərarının ləğv olunmasını və həmin iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ucar rayonu Qarabörk bələdiyyəsinin sədri İsmayılov Maarif Nurəddin oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi və bildirdi ki, X2 Xidməti tərəfindən ona hər hansı rəsmi məktub çatdırımayıb. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X2 Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Çünki, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi İXM-ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Ucar rayonu Qarabörk bələdiyyəsinin sədri Maarif İsmayılova ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubdan və iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran regional şöbəsi X1 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində regional şöbəyə təqdim edilməsi xahiş olunmuşdur. Tələb olunan məlumat və sənədlərin siyahısı: 1. Əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə); 2. İş vaxtının uçotu və əmək haqqının hesablanması cədvəllərinin surəti (son on iki ay üçün); 3. Əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri, işçinin ərizəsi); 4. Son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədin surəti; 5. İşçinin son dəfə istifadə etdiyi əmək məzuniyyətinin verilməsi barədə əmr, həmin əmrin əsası; 6. Məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürənin əmri); 7. Vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirməsinə dair cavab məktubu Məhkəmə qeyd edir ki, İXM-in 539.3-cü maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün dövlət orqanının tələbi (sorğusu) mütləq qaydada hüquqi şəxsə və ya vəzifəli şəxsə rəsmi şəkildə çatdırılmalıdır. İş materiallarında X2 Xidmətinin ## ###### 2025-ci il tarixli məktubunun Qarabörk bələdiyyəsinə poçt vasitəsilə və ya kuryerlə təqdim edildiyini, yaxud müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemi vasitəsilə çatdırıldığını təsdiq edən poçt bildirişi, qəbul qəbzi və ya hər hansı digər mötəbər sübut mövcud deyil. Bələdiyyə sədri İsmayılov Maarif Nurəddin oğlunun məhkəmə iclasındakı 'rəsmi məktub çatdırılmayıb' barədə izahatı isə iş materialları ilə təkzib olunmur. İXM-in 14-cü maddəsinə əsasən, şəxs yalnız özünün təqsiri müəyyən edilmiş hüquqazidd əmələ görə inzibati məsuliyyətə cəlb edilir. Əgər bələdiyyə orqanı dövlət müfəttişinin sorğusunu obyektiv səbəblərdən (çatdırılmama faktına görə) almayıbsa, sənədlərin təqdim edilməməsi faktında 'qəsd' və ya 'ehtiyatsızlıq' elementləri mövcud deyildir. Təqsir müəyyən edilmədən şəxsin və ya orqanın məsuliyyətə cəlb olunması qanunçuluq və təqsirsizlik prezumpsiyası prinsiplərinin kobud pozulmasıdır. Ucar Rayon Məhkəməsi işə baxarkən yalnız inzibati protokolun mövcudluğuna əsaslanmış, lakin həmin protokola əsas verən faktiki halları — yəni sorğunun ünvan sahibinə çatdırılıb-çatdırılmamasını — İXM-in 76-cı və 84-cü maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli araşdırmamışdır. Sübutetmə yükü inzibati xəta haqqında protokol tərtib etmiş orqanın üzərinə düşdüyü halda, birinci instansiya məhkəməsi tərəfindən bu yükümlülüyün yerinə yetirilməsi tələb olunmamış, nəticədə obyektiv həqiqətə əsaslanmayan qərar qəbul edilmişdir. İnzibati orqan tərəfindən sənədlərin tələb olunması haqqında məktubun sadəcə qeydiyyatdan keçməsi hələ hüquqi nəticə yaratmır. Həmin sorğu qarşı tərəfə çatdığı andan etibarən bələdiyyə üzərində hüquqi öhdəlik yaranır. Çatdırılma faktı şübhə altına alındıqda və bu şübhə aradan qaldırılmadıqda, bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir olunmalıdır. İş materiallarında X2 Xidmətinin məktubunun bələdiyyəyə daxil olmasını təsdiq edən kargüzarlıq ştampı, daxilolma nömrəsi və ya poçt bildirişi (qayıdan qəbz) yoxdur. Bu sənədlər olmadan şəxsin (və ya orqanın) üzərinə sənəd təqdim etmək kimi bir hüquqi öhdəliyin qoyulduğunu iddia etmək hüquqi baxımdan qeyri-mümkündür. Məhkəmə qeyd edir ki, X2 Xidmətinin nümayəndəsinin apellyasiya məhkəməsi iclasına gəlməməsi, bələdiyyə sədrinin 'məktub almamışam' iddiasına qarşı əks-sübutların (məsələn, poçt reyestrinin) təqdim olunmasını qeyri-mümkün etmişdir. Bu vəziyyət sübutların tədqiqi mərhələsində bələdiyyənin xeyrinə olan halları daha da gücləndirir və işin yenidən araşdırılması üçün (çatdırılma faktının dəqiqləşdirilməsi məqsədilə) əlavə zərurət yaradır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, inzibati orqanın qanuni tələbinin ünvan sahibinə çatdırılması faktı subutlarla tam təsdiq olunmadığından, Qarabörk bələdiyyəsinin əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin (təqsir elementinin) olub-olmaması ciddi sual doğurur. Bu mühüm halın araşdırılmaması birinci instansiya məhkəməsinin qərarını əsassız edir və işin yenidən baxılmasına göndərilməsini şərtləndirir. İXM-in 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamışdır. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilmiş sübutları tam şəkildə tədqiq etməmiş, nəticədə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipi birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş orqan Ucar rayonu, Qarabörk bələdiyyəsinin şikayəti təmin qismən edilsin. Ucar Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar