Məhkəmə qərarları › İş №3(3-10)-217/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-217/2026

22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-217/2026 22.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin sədri Quliyev Nuru Nadir oğlu aidiyyət barədə məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə Rəşidov Elvin Cavanşir oğlunun Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli qərardan şikayəti barədə materialı nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis Idarəsinin ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Rəşidov Elvin Cavanşir oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Rəşidov Elvin Cavanşir oğlu şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis Idarəsinin ##.##.2026-cı il tarixli, IXP ******* saylı protokolunun və onun əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini, Bakı Şəhər Dövlət Yol Polis Idarəsinin polis əməkdaşı, R X2 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərardadı ilə Rəşidov Elvin Cavanşir oğlunun Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “Inzibati tənbeh vermə haqqında” elektron qərardan şikayəti baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilmişdir. Qax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis Idarəsinin ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından Rəşidov Elvin Cavanşir oğlu tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş materiallar işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında iş üzrə mübahisələndirilən aidiyyət məsələsinə düzgün hüquqi qiymət verilməsi məqsədi ilə hər iki məhkəmənin qərardadı müqayisəli şəkildə təhlil edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərardadında irəli sürülmüş əsas arqument ondan ibarətdir ki, Rəşidov Elvin Cavanşir oğlu Qax rayonu, Qax şəhəri, X1 küçəsi, döngə 1, ev 3-də qeydiyyatdadır. Rəşidov Elvin Cavanşir oğlunun barəsində tərtib edilmiş qərar elektron formada tərtib olunduğundan inzibati xətanı törətməsinə dair şikayət ərizəsinə baxılması üçün onun qeydiyyat ünvanı üzrə Qax Rayon Məhkəməsinə göndərilməlidir. Qax Rayon Məhkəməsi ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərardadında qənaətini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 122.1 və 129.1.3-1-ci maddələri ilə əsaslandıraraq belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın elektron qərar kimi qiymətləndirilməsi əsassızdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 122ci maddəsində nəzərdə tutulmuş elektron qərarlar xüsusi prosedur əsasında, müvafiq elektron informasiya sistemi vasitəsilə formalaşdırılan və rəsmiləşdirilən qərarlardır. Bu cür qərarlar “EQ” seriyası ilə qeyd olunur. Lakin mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar “EQ” seriyalı deyil, bu isə onun elektron qərar kimi rəsmiləşdirilmədiyini göstərən əsas formal əlamətlərdən biridir. Bundan əlavə, şikayətin məzmunundan da açıq şəkildə görünür ki, şəxsin idarə etdiyi nəqliyyat vasitəsi yol polisi əməkdaşları tərəfindən yolda saxlanılmış, həmin anda inzibati icraat aparılmış və yerindəcə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu hal isə qərarın avtomatlaşdırılmış elektron sistem tərəfindən məsafədən formalaşdırılmadığını, əksinə birbaşa vəzifəli şəxs tərəfindən faktiki saxlanılma zamanı qəbul edildiyini təsdiq edir. Qanunvericiliyin tələbinə görə, elektron qərarlar inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan xüsusi texniki vasitələr (məsələn, foto-video qeydəalma sistemləri) vasitəsilə qeydə alınmış hallar üzrə qəbul edilir. Halbuki hazırkı vəziyyətdə inzibati xəta birbaşa yol polisi əməkdaşının iştirakı ilə aşkar edilmiş və dərhal yerində rəsmiləşdirilmişdir. Bundan əlavə, şikayət verən şəxs tərəfindən işə yaşayış yeri üzrə baxılması barədə hər hansı vəsatət təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, səlahiyyətli orqanın qərarından verilmiş şikayətə inzibati xətanın törədildiyi yer üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd etmişdir ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində fikir ayrılığı yaranmışdır. Məhkəmə hesab etmişdir ki, qeyd edilən hallara Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərardadında qiymət verilmədiyindən, məhkəmənin qərardadındakı həmin mövqe ilə razılaşmaq olmaz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Iş materiallarını araşdırıb hesab edirəm ki, Rəşidov Elvin Cavanşir oğlunun inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli qərardan şikayətinə mahiyyəti üzrə baxılması Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə aid edilməlidir. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli qərarı elektron qərar hesab etməklə mövqeyini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki iş materiallarını araşdırdıqda müəyyən edilir ki, qeyd edilən qərar elektron olmamaqla Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis Idarəsinin R X2 tərəfindən qəbul edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsində IXM-in 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında qərarlar elektron qərar hesab edilmişdir ki, həmin qərarlar da foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməklə tərtib edilir. Göründüyü kimi Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli qərar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməmiş və həmin qərar elektron qaydada tərtib edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “ICMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir; 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə də, qeyd edilən normaları nəzərə alaraq hesab edirəm ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri, Nərimanov rayonu ərazisi olduğundan və Rəşidov Elvin Cavanşir oğlu inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə müraciət etdiyindən onun Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli qərardan şikayətinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. IXM-in 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. IXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda, cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, qərara alıram: Rəşidov Elvin Cavanşir oğlunun Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis Idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli qərardan şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar