Məhkəmə qərarları › İş №3(3-10)-260/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-260/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-260/2026 18.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs İzzətli Cənnətey Çingiz qızının iştirakı ilə, Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İzzətli Cənnətey Çingiz qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim A.Cəfərova) İzzətli Cənnətey Çingiz qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İşin halları: Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 tərəfindən İzzətli Cənnətey Çingiz qızı haqqında İXM-in 528.1-ci maddəsilə ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən İzzətli Cənnətey Çingiz qızı Balakən Rayon Məhkəməsinin **(***)-**/**** saylı ##.##.2025-ci il tarixli icra sənədini qərəzli olaraq icra etməmişdir. İnzibati xəta ##.##.2026-cı il saat 16:00-da Balakən RİPŞ-də baş vermişdir Birinci instasiya məhkəməsinin məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 bildirmişdir ki, Balakən Rayon Məhkəməsinin **(***)-**/**** saylı ##.##.2025- ci il tarixli icra sənədinə əsasən Balakən Rayon Məhkəməsinin icraatında olan iddiaçı İzzətli Rəhman İzzət oğlunun cavabdeh İzzətli Cənnətey Çingiz qızına qarşı uşaqla ünsiyyətdə olma tələbinə dair *(***)-****/**** nömrəli mülki iş həll edilənədək (iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər, iddia təmin edildikdə məhkəmə aktının icrasına qədər) ərizəçi İzzətli Rəhman İzzət oğlunun uşaqları-##.##.2017-ci il təvəllüdlü İzzətli Loğman Rəhman oğlu, ##.##.2018-ci il təvəllüdlü İzzətli Yəhya Rəhman oğlu və ##.##.2022-ci il təvəllüdlü İzzətli Bahar Rəhman qızı ilə ünsiyyət hüququ müəyyən edilməli, ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 19:00-dək şəxsən, bazar, çərşənbə axşamı və cümə axşamı günləri saat 19:00-dan saat 19:30-dək telefon və digər videoəlaqə danışıq vasitəsi ilə təyin edilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə Balakən rayonu İtitala kəndi ünvanında hər həftənin şənbə günləri saat 10:00-da İzzətli Cənnətey Çingiz qızı tərəfindən İzzətli Rəhman İzzət oğluna, həmin günlər saat 19:00-da isə eyni ünvanda İzzətli Rəhman İzzət oğlu tərəfindən İzzətli Cənnətey Çingiz qızına təhvil verilməli, İzzətli Cənnətey Çingiz qızına ərizəçi İzzətli Rəhman İzzət oğlunun uşaqları ilə məhkəmənin müəyyən etdiyi həddə ünsiyyətinə maneə törətməsi qadağan edilməlidir. Tərəflər arasında mübahisə telefonla ünsiyyətlə bağlıdır, tələbkar hər ünsiyyət günü ona zəng edərək narazılığını bildirir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamış, İzzətli Cənnətey Çingiz qızı qərardadı tam icra etmir. İzzətli Cənnətey Çingiz qızı barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Birinci instasniya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İzzətli Cənnətey Çingiz qızı İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, əvvəl ona bloka atdığı nömrə ilə qərəzinə görə zəng edirdi, sonra həmin nömrəni blokdan çıxardı. Telefonla ünsiyyətdə qış vaxtı problem olmurdu, ona görə qərardaddan şikayət verməmişdi, ancaq indi uşaqları bir yerə yığa bilmir. Uşaqlar həftənin 1, 3 və 5-ci günləri idmana gedirlər. Bəzi vaxtlar başqa işləri olur, telefon məşğul olur, uşaq küçədə olur, xəstə olur, telefona cavab verə bilmir. Danışıq alınmayanda əvvəlcədən məlumat verirdi, lakin əssassız şikayət etdikdən sonra bunu etmir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instasniya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs İzzətli Rəhman İzzət oğlu bildirmişdir ki, Polşada yaşayır və işləyir. Qərardad çıxana qədər uşaqlarla əlaqə saxlaya bilməyib. Uşaqlarına bağlıdır və onlarla danışıq üçün işlərini təxirə salır. Cənnətey telefonla danışıq üçün şərait yaratmır, telefona cavab vermir. Uşağın xəstə olmasını başa düşür. Danışıq alınmayanda əvvəlcədən məlumat vermir, şablon mesaj gəlir. İzzətli Cənnətey Çingiz qızı barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İzzətli Cənnətey Çingiz qızı həmin qərardan şikayət verərək Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İzzətli Cənnətey Çingiz qızı şikayətini onunla əsaslandırmışdır ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 tərəfindən onun haqqında İXM-in 528.1-ci maddəsi ilə ## ##### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta protokolu tərtib edilmişdir. Protokola əsasən, o, Balakən rayon Məhkəməsinin **(***)-**/**** saylı ##.##.2025-ci il tarixli icra sənədini qərəzli olaraq icra etməmişdir. İnzibati xəta ##.##.2026-cı il saat 16:00-da Balakən RİPŞ-də baş vermişdir. Cənnətey İzzətli şikayətində maddi hüquq normalarının pozulmasına dair dəlil olaraq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsini göstərmiş, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verildiyini vurğulamışdır. O, Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin qərarlarına istinad edərək məhkəmə müdafiəsi hüququnun pozulmasının qəbuledilməz olduğunu bildirmişdir. Prosessual hüquq normalarının pozulmasına dair isə Cənnətey İzzətli qeyd etmişdir ki, məhkəmə ona təqdim edilmiş sübutları hərtərəfli və tam araşdırmadan, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əməl etmədən qərar qəbul etmişdir. Məhkəmə işə baxarkən borclu şəxsin tələbləri təmin etməməsini əsas gətirərək inzibati cəza tətbiq etmiş, lakin tələbkarın əsassız tələblərini araşdırmamışdır. Mübahisənin yalnız telefonla ünsiyyətdən ibarət olduğunu, tələbkarın onun şəxsi mülkiyyətində olan telefondan qərəzli şəkildə istifadə etmək istədiyini, məhkəmənin isə bu halı nəzərə almadığını bildirmişdir. O, tələbkarın əvvəlki həyat yoldaşı olduğunu, onun şəxsi mülkiyyətinə müdaxilə edə bilməyəcəyini, məhkəmə qərarında isə onun telefonundan istifadə edilməsinin müəyyən edilmədiyini vurğulamışdır. Həmçinin, Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisinin onu dinləmədən protokol tərtib etdiyini, məhkəmənin isə işi araşdırmadan qərar qəbul etdiyini iddia etmişdir. O, mübahisə zamanı qeyd olunan telefon nömrəsini sildiyini, tələbkara məxsus ********** nömrəsi ilə əlaqə saxlanıldığını, lakin qarşı tərəfin xarici ölkəyə məxsus nömrə ilə əlaqə saxladığı üçün əlaqə yaratmağın mümkün olmadığını, buna baxmayaraq məhkəmənin onun dediklərini nəzərə almadığını bildirmişdir. Qarşı tərəfin müəyyən edilmiş saatlardan az danışdığını, lakin bundan şikayət etdiyini, zənglərdə ləngimələr edib telefonu söndürdüyünü və həmin zəng siyahısını icra və probasiya şöbəsinə təqdim etdiyini, əgər o, uşaqlarla ünsiyyətə maneə yaratsaydı, özünün əks tərəfə zəng etməyəcəyini vurğulamışdır. O, humanist davrandığını, nənə və baba ilə uşaqların görüşünü təmin etdiyini, heç bir təqsiri olmadığı halda qərəzli mövqe nümayiş etdirildiyini və əsassız olaraq 500 manat məbləğində cərimə olunduğunu iddia etmişdir. Cənnətey İzzətli qeyd etmişdir ki, Balakən Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli Qərarı yuxarıda göstərilən hallar araşdırılmadan qəbul edilmişdir. O, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmadığını, müəyyən edilmiş halların sübut edilmədiyini, məhkəmənin nəticələrinin işin hallarına uyğun gəlmədiyini bildirmişdir. Odur ki, Balakən Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli Qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmi şəxs İzzətli Cənnətey Çingiz qızı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin **(***)-**/**** saylı ##.##.2025ci il tarixli icra sənədindən görünür ki, Balakən Rayon Məhkəməsinin icraatında olan iddiaçı İzzətli Rəhman İzzət oğlunun cavabdeh İzzətli Cənnətey Çingiz qızına qarşı uşaqla ünsiyyətdə olma tələbinə dair *(***)-****/**** nömrəli mülki iş həll edilənədək (iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər, iddia təmin edildikdə məhkəmə aktının icrasına qədər) ərizəçi İzzətli Rəhman İzzət oğlunun uşaqları-##.##.2017-ci il təvəllüdlü İzzətli Loğman Rəhman oğlu, ##.##.2018-ci il təvəllüdlü İzzətli Yəhya Rəhman oğlu və ##.##.2022-ci il təvəllüdlü İzzətli Bahar Rəhman qızı ilə ünsiyyət hüququ müəyyən edilməli, ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 19:00-dək şəxsən, bazar, çərşənbə axşamı və cümə axşamı günləri saat 19:00-dan saat 19:30-dək telefon və digər videoəlaqə danışıq vasitəsi ilə təyin edilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə Balakən rayonu İtitala kəndi ünvanında hər həftənin şənbə günləri saat 10:00-da İzzətli Cənnətey Çingiz qızı tərəfindən İzzətli Rəhman İzzət oğluna, həmin günlər saat 19:00-da isə eyni ünvanda İzzətli Rəhman İzzət oğlu tərəfindən İzzətli Cənnətey Çingiz qızına təhvil verilməli, İzzətli Cənnətey Çingiz qızına ərizəçi İzzətli Rəhman İzzət oğlunun uşaqları ilə məhkəmənin müəyyən etdiyi həddə ünsiyyətinə maneə törətməsi qadağan edilməlidir. Balakən rayon İcra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin **(***)-**/**** saylı ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraat başlanmış və borclu İzzətli Cənnətey Çingiz qızına dərhal icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuş, ##.##.2025-ci il tarixdə tələbin dərhal icrası haqqında borcluya bildiriş göndərilmiş, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması bildirilmişdir. “WhatsApp” tətbiqindən əldə edilən ekran görüntülərindən görünür ki, İzzətli Cənnətey Çingiz qızının istifadəsində olan telefon nömrəsinə cümə axşamı 16:00, cümə axşamı 16:09, 16:32-də, 03 mart 16:00, 24 fevral 16:01, 16:06, 16:19, 17:40, 12 fevral 16:00, 16:04, 08 fevral 16:00-da edilmiş zənglər cavablandırılmamışdır. “AZEMİS” Elektron Məhkəmə və İnformasiya Sistemindən əldə olunan çıxarışdan görünür ki, İzzətli Cənnətey Çingiz qızının himayəsində 2018-ci il təvəllüdlü Yəhya, 2017ci il təvəllüdlü Loğman, 2022-ci il təvəllüdlü Bahar adlı uşaqları vardır Məhkəmə apellyasiya şikayətinin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarında olan Balakən Rayon Məhkəməsinin **(***)-**/**** saylı ##.##.2025-ci il tarixli icra sənədindən görünür ki, iddiaçı İzzətli Rəhman İzzət oğlunun cavabdeh İzzətli Cənnətey Çingiz qızına qarşı uşaqla ünsiyyətdə olma tələbinə dair mülki iş üzrə qərardada əsasən, ərizəçinin azyaşlı uşaqları — ##.##.2017-ci il təvəllüdlü İzzətli Loğman Rəhman oğlu, ##.##.2018-ci il təvəllüdlü İzzətli Yəhya Rəhman oğlu və ##.##.2022-ci il təvəllüdlü İzzətli Bahar Rəhman qızı ilə telefon və digər videoəlaqə danışıq vasitəsilə ünsiyyət qaydası bazar, çərşənbə axşamı və cümə axşamı günləri saat 19:00-dan saat 19:30-dək müəyyən edilmiş, borclu İzzətli Cənnətey Çingiz qızına bu ünsiyyətə maneə törətmək qadağan olunmuşdur. Balakən rayon İcra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraat başlanmış, borclu İzzətli Cənnətey Çingiz qızına dərhal icranı könüllü təmin etməsi barədə bildiriş göndərilmiş və məhkəmə qərarını icra etməməyə görə daşıdığı hüquqi məsuliyyət rəsmi qaydada ona izah edilmişdir. Buna baxmayaraq, iş materiallarında mövcut olan "WhatsApp" messencerindən götürülmüş ekran görüntüləri (skrinşotlar) sübüt edir ki, qərardadda müəyyən olunmuş günlərdə və saatlarda (məsələn, 08 fevral, 12 fevral, 24 fevral və 03 mart tarixlərində saat 16:00, 16:04, 16:19, 17:40 və s.) tələbkar tərəfindən uşaqlarla əlaqə yaratmaq məqsədilə edilən çoxsaylı zənglər borclunun istifadəsində olan nömrə vasitəsilə cavabsız buraxılmışdır. Oxşar münasibətləri tənzimləyən İXM-in 528.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya qanunla müəyyən olunmuş müddətdə icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Uşaqla ünsiyyət hüququnun təmin edilməsi həm valideynin qanuni hüququ, həm də uşağın mənəvipsixoloji inkişafı üçün mühüm əhəmiyyət kəsb edən və dərhal, kəsintisiz icra olunmalı olan xüsusi öhdəlikdir. Barəsində icraat aparılan şəxs İzzətli Cənnətey Çingiz qızının apellyasiya şikayətində göstərdiyi "uşaqların idmanda olması", "telefonun məşğul olması" və ya "tələbkarın xarici nömrə ilə zəng etməsi səbəbindən əlaqənin mümkünsüzlüyü" barədə dəlilləri məhkəmə tərəfindən qəbul edilmir. Belə ki, icra sənədində zəng saatları konkret rejimlə (saat 19:00-dan 19:30-dək) təsbit olunduğundan, borclu həmin vaxtlarda uşaqların rabitə vasitəsinə çıxışını təmin etməyə borclu idi. Davamlı olaraq zənglərin cavabsız qalması və tələbkarın uşaqları ilə ünsiyyətinin aylarla məhdudlaşdırılması bu hərəkətsizliyin obyektiv maneələrdən deyil, borclunun qərəzli mövqeyindən qaynaqlandığını aşkar nümayiş etdirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının da tərəfdar çıxdığı “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə və milli qanunvericiliyə əsasən, azyaşlı uşaqların hər iki valideynlə müntəzəm olaraq birbaşa əlaqə saxlamaq hüququ onların mənəvi və psixoloji inkişafı üçün mühüm əhəmiyyət kəsb edən ən üstün mənafedir. Məhkəmə qərardadı ilə borclunun üzərinə yalnız passiv qaydada “maneə törətməmək” deyil, təyin olunmuş konkret saatlarda uşaqların rabitə vasitəsinə çıxışını təmin etmək kimi aktiv prosessual öhdəlik qoyulmuşdur. Şikayətçinin idman dərsləri və digər məişət qayğılarını bəhanə gətirərək bu saatları birtərəfli qaydada dəyişdirməyə çalışması qanuni icra sənədinin tələblərinə açıq hörmətsizlikdir və İXM-in 528.1-ci maddəsinin disposisiyasında nəzərdə tutulan hərəkətsizliklə icradan yayınma xətasını yaradır. Borclunun “telefonun şəxsi mülkiyyəti olması” və bu səbəbdən ona müdaxilə edilə bilməyəcəyi barədə apellyasiya şikayətindəki arqumenti də hüquqi doktrinaya əsasən tamamilə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə müvafiq olaraq, hər bir şəxsin hüquq və azadlıqları cəmiyyət və digər şəxslər qarşısında daşıdığı məsuliyyətlə sıx bağlıdır. Şəxsi mülkiyyət hüququ mütləq xarakter daşımır və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasından yayınmaq, eləcə də azyaşlı uşaqların və digər valideynin qanunla qorunan hüquqlarını pozmaq üçün bir hüquqi sığınacaq kimi istifadə edilə bilməz. İş materiallarında olan elektron çıxarışlar və mesaj skrinşotları tələbkarın müəyyən olunmuş vaxtlarda davamlı olaraq zəng etdiyini, borclunun isə bu zəngləri cavabsız buraxdığını, hətta müəyyən dövrlərdə nömrəni blok siyahısına saldığını aşkar sübut edir. Tələbkarın xarici ölkədə yaşaması səbəbindən uşaqları ilə yalnız beynəlxalq rabitə xətləri vasitəsilə əlaqə saxlaya biləcəyini əvvəlcədən bilən borclunun heç bir alternativ rabitə vasitəsi təklif etməməsi, onun hərəkətlərində obyektiv çətinliyin deyil, subyektiv qərəzliliyin mövcudluğunu təsdiqləyir. Bu baxımdan, məhkəmə qərarlarının məjburiliyini təmin etmək və gələcəkdə analoji hüquq pozuntularının qarşısını almaq məqsədilə borclu İzzətli Cənnətey Çingiz qızının cərimə olunması tamamilə qanunauyğundur. İşə apellyasiya qaydasında baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi qənaətlə tam razılaşır. Balakən Rayon Məhkəməsi işin faktiki hallarını İXM-in 84.1ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırmış, toplanmış sübutları daxili inamı ilə düzgün qiymətləndirmişdir. İzzətli Cənnətey Çingiz qızının əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi tam sübuta yetirilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yekun nəticəyə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alan və ya qərarın ləğv edilməsini tələb edən hər hansı maddi və prossesual hüquq normasının pozuntusu aşkar edilməmişdir. Bu səbəbdən İzzətli Cənnətey Çingiz qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin qanuni və əsaslı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə olan halda, məhkəmə şikayətdə qeyd etdiyi dəlillərə də münasibət bildirərək bu qənaətdədir ki, bu dəlillər Balakən Rayon Məhkəməsinin məlum qərarının ləğv edilməsi üçün əsas ola bilməz. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bununla belə məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İzzətli Cənnətey Çingiz qızına təyin edilmiş 500 ( beş yüz) manat məbləğində cərimə cəzası ilə bağlı məsələni də müzakirə edərək bu qənaətə gəlir ki, təyin edilmiş inzibati təhbeh növü onun əməllərinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, eləcədə İzzətli Cənnətey Çingiz qızına qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərli hesab edilməlidir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İzzətli Cənnətey Çingiz qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İzzətli Cənnətey Çingiz qızı tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə üzrə Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar