Məhkəmə qərarları › İş №3(3-10)-264/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-264/2026

19.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-264/2026 19.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sərlik edən V.Məmmədov) Qərardan şikayət verən orqan (şəxs) Zaqatala Rayon Polis X2 Polis Bölməsinin inzibati təcrübə üzrə baş inspektoru, R X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## ##### 2026-cı il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi tələbinə dair şikayəti təmin edilməmişdir. İşin halları: Şikayət verən şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbacan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis Şöbəsinin R X1 tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə Zaqatala şəhərində Yuxarı Tala ərazisində yerləşən “Selin” markətdən Balakən istiqamətində hərəkət edən zaman “Gold” marketin yanında onu Ruslan və Namiq adlı yol patrul xidməti əməkdaşları işərə verərək saxlamışdır. O, avtomobili saxlamışdır. Ona onun avtomobilində “Peredok” olduğunu bildirmişdirlər və avtomobili içəri aparacaqlarını demişlər. O, onlardan xahiş etmişdir ki, işə mütəxəssis cəlb edilsin. Mütəxəssis gəlsin yoxlasın, müəyyən etsin ki, avtomobilində Purjinlər kəsilib ya yox. Lakin bu günə qədər avtomobili duracaqdadır. Heç bir mütəxssis dəvət edilməmişdir. Avtomobili 17 gündür ki, duracaqdadır.O, avtomobilsiz qalmışdır. Etibarnamə ilə idarə etdiyi VAZ 2107 minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilinə ##.##.2026-cı il tarixində, İXP ******* nömrəli protokol DİN Zaqatala rayon Polis şöbəsinin yol patrul xidməti baş inspektoru R İsrafilov Namiq Nuru oğlu tərəfindən tərtib edilmişdir. Həmin protokol əsasında DİN Zaqatala rayon Polis şöbəsinin R X1 tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 342.5, 342.2.4, 342.2, 327.1-ci ilə TP seriyalı ******* nömrəli inzibati xəta haqqında ##.##.2026-cı il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o 150 (yüz əlli) manat inzibati cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazıdır. Hesab edir ki, qərar ləğv edilməlidir. Ona görə ki, onun əməlində heç bir inzibati xətanın tərkibi yoxdur. Həmçinin inzibati xəta hadisəsi ilə bağlı hər hansı bir video görüntü yoxdur, ona təqdim edilməmişdir. Bildirir ki, onun hərəkətlərində heç bir inzibati xəta tərkibi yoxdur. İnzibati xətanın törədilməsini sübuta yetirmək vəzifəsi vəzifəli şəxsin üzərinə düşür.. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin həmin qərarı ilə onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala rayon Polis Şöbəsinin R X1 tərəfindən TP ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməmişdir. O, qərardan narazı olduğunu bildirmiş və onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara xitam verilməli olduğunu hesab etmişdir. Şikayətçi hadisəni belə izah etmişdir. ##.##.2026-cı il tarixdə Zaqatala şəhərində Yuxarı tala ərazisində yerləşən "Selin" marketdən Balakən istiqamətində hərəkət edirmiş. Bayrağı dönüb aşağı gedən zaman "Gold" marketin yanında Ruslan və Namiq adlı yol patrul xidməti əməkdaşları onu işarə verərək saxlamışlar. O, avtomobili saxlamışdır. Ona avtomobilində "peredok" (yayların kəsilməsi) olduğunu bildirmiş və avtomobili içəri aparacaqlarını demişlər. O, onlardan xahiş etmişdir ki, işə mütəxəssis cəlb edilsin, mütəxəssis gəlib yoxlasın və avtomobilində prujinlərin kəsilib-kəsilmədiyini müəyyən etsin. Lakin bugünə qədər onun avtomobilinin duracaqda olduğunu, heç bir mütəxəssisin dəvət edilmədiyini bildirmişdir. O, avtomobilinin 17 gündür ki, duracaqda qaldığını və avtomobilsiz qaldığını qeyd etmişdir. Şikayətçi qeyd etmişdir ki, onun etibarnamə ilə idarə etdiyi VAZ 2107 MINİK markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İXP ******* nömrəli protokol ##.##.2026-cı il tarixində DİN Zaqatala rayon Polis Şöbəsinin yol patrul xidməti baş inspektoru R İsrafilov Namiq Nuru oğlu tərəfindən tərtib edilmişdir. Həmin protokol əsasında DİN Zaqatala rayon Polis Şöbəsinin R X1 tərəfindən onun barəsində İXM-in 342.5, 342.2.4, 342.2, 327.1-ci maddələri ilə TP seriyalı ******* nömrəli inzibati xəta haqqında ##.##.2026-cı il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi yol patrul xidməti əməkdaşlarının təqdim etdiyi şüşələrin tündlüyünü ölçən cihazla razı olmadığını bildirmiş və ekspertiza təyin edilməsini xahiş etmişdir. Onun fikrincə, həmin cihazla havanın yağıntılı vaxtı ölçmə işləri aparılmışdır. Hər bir adi şüşə yağıntılı hava şəraitində tünd görünür. Həmçinin, onun avtomobilində olan dövlət standartına əsasən yayların (prujinlərin) ölçülərinin uzunluğu 10 dairə (kruq) nəzərdə tutulmuşdur. Avtomobilində olan yayların (prujinlərin) uzunluğu da 10 dairə (kruq) ölçüsündə olmaqla standart ölçüdədir. O, bu barədə sübutları şikayətinə əlavə etdiyini bildirmişdir. Şikayətçi hüquqi əsas olaraq qeyd etmişdir ki, barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxsin törətdiyi inzibati xətanın ilk növbədə subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, ərizəsinin təmin edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq Zaqatala RPŞ nümayəndəsinin iştirakını təmin etməmiş, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İşdə olan Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti baş inspektoru, R İsrafilov Namiq Nuru oğlu tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Zaqatala Rayon Polis X2 Polis Bölməsinin inzibati təcrübə üzrə baş inspektoru X1 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Zaqatala şəhəri, V.İsmayılov küçəsində ##.##.2026-cı il tarixdə, saat 16:09-da “VAZ 2107” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) İXM-in 342.5, 342.2.4, 342.2.2 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş, barəsində İXM-in 342.5, 342.2.4, 342.2.2 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İşdə olan ##.##.2026-cı il tarixli « Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə » aktdan görünür ki, “VAZ 2107” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sürücüsü Qərardan şikayət verən orqan (şəxs) tərəfindən saxlanca verilmişdir. İşdə olan ##.##.2026-cı il tarixli, ** nömrəli Zaqatala Rayon « Avtomobillərin Texniki Xidməti Sexi » tərəfindən verilmiş « avtomobillərin konstruksiya dəyişiklikləri » barədə aktdan görünür ki, “VAZ 2107” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman texniki cəhətdən nasaz, qanunla tətbiqinə icazə verilməyən kustar üsulla hazırlanan örtüklər çəkərək, tünd şüşə, ön şüşə silgəcləri olmadan həmin nəqliyyat vasitəsinin istismar oğlunduğu müəyyən edilmişdir. İşdə olan «xxxx» MMC tərəfindən verilmiş OMS K ***** nömrəli, ##.##.2026-cı il tarixli « kalibrləmə sertifikatı »ndan görünür ki, şüşənin şəffaflığını ölçən cihaz CT PK 2.655-2019 ölçmə metodu ilə yoxlanılmış, cihazda hər hansı bir qüsur aşkarlanmamış, etibarlılıq səviyyəsinə uyğundur. Məhkəmə apellyasiya şikayətinin dəlillərini araşdıraraq, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və birinci instansiya məhkəməsinin gəldiyi nəticələri yoxlayaraq hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, sürücü Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi VAZ 2107 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılarkən onun konstruksiyasına qanunsuz müdaxilə edildiyi, ön şüşə silgəclərinin olmadığı və şüşələrə tündləşdirici örtüklər çəkildiyi müəyyən edilmişdir. Sürücü şikayətində havanın yağıntılı olması səbəbindən cihazın səhv göstərdiyini və avtomobilin asqı sistemindəki yayların (prujinlərin) standartlara uyğun olduğunu iddia etsə də, bu iddialar işdə olan rəsmi və obyektiv sübutlarla tamamilə təkzib olunur. İXM-in 76-cı maddəsinə əsasən, iş üzrə toplanmış sənədlər, o cümlədən xüsusi texniki vasitələrin göstəriciləri və mütəxəssis rəyləri hüquqi sübut materialı statusundadır. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli "kalibrləmə sertifikatı" sübut edir ki, yol polisi tərəfindən istifadə olunan şüşəşəffaflığı ölçən cihaz tam işlək vəziyyətdə olmuş, dövlət metrologiya standartlarına cavab vermişdir. Eyni zamanda, ##.##.2026-cı il tarixli "Avtomobillərin Texniki Xidməti Sexi" tərəfindən tərtib edilmiş texniki baxış aktı avtomobildə kustar üsulla edilən konstruksiya dəyişikliklərini (yayların kəsilməsi və tündləşdirilmə) rəsmən təsdiq edir. Şikayətçinin mütəxəssis cəlb olunmaması barədə iddiası bu aktın mövcudluğu ilə əsassız sayılır, çünki nəqliyyat vasitəsinin nasazlığı artıq ixtisaslaşmış sex tərəfindən sənədləşdirilmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasında irəli sürdüyü "konstruksiya dəyişikliyini qəsdən etmədiyi, asqı sistemindəki yayların nasazlıq səbəbindən kəsildiyi" barədə iddiası apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi əsasdan məhrum və məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirilir. Belə ki, İXM-in qanunçuluq və təqsir prinsiplərinə əsasən, inzibati xəta təkcə qəsdən deyil, həm də ehtiyatsızlıqdan törədilə bilər. Şəxs öz hərəkət və ya hərəkətsizliyinin qanunazidd nəticələrini əvvəlcədən görməli olduğu və görə bildiyi halda buna kifayət qədər diqqət yetirməmişdirsə, bu əməl ehtiyatsızlıqdan törədilmiş təqsir hesab olunur və hüquqi məsuliyyət yaradır. Sürücünün nəqliyyat vasitəsində yaranmış nasazlığı bilərəkdən və ya vaxtında aşkarlamayaraq avtomobili bu vəziyyətdə istismar etməsi onun birbaşa ehtiyatsızlığını və qanunla müəyyən edilmiş texniki qulluq normalarına etinasızlığını sübut edir. Milli qanunvericiliklə yanaşı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı 1968-ci il tarixli "Yol hərəkəti haqqında" Vyana Konvensiyasının 39-cu maddəsi birmənalı olaraq müəyyən edir ki, hər bir nəqliyyat vasitəsi və onun bütün hissələri tam işlək, saz və təhlükəsizlik standartlarına uyğun vəziyyətdə saxlanılmalıdır. Sürücünün mütəmadi olaraq avtomobilin mexaniki hissələrinə, o cümlədən hərəkət və asqı sisteminə texniki qulluq göstərmək, aşınmış hissələri vaxtında yeniləmək barədə qanuni öhdəliyi mövcuddur. Əgər asqı sistemindəki yaylar (prujinlər) şikayətçinin iddia etdiyi kimi hansısa nasazlıq və ya metal yorğunluğu səbəbindən sıradan çıxmışdırsa, sürücü həmin nəqliyyat vasitəsinin istismarını dərhal dayandırmalı və nasazlığı aradan qaldırmalı idi. Avtomobilin asqı sisteminin faktiki olaraq standartlardan aşağı və kəsilmiş vəziyyətdə olması və sürücünün bu nasazlığı bəhanə gətirərək hərəkəti davam etdirməsi Konvensiyanın təhlükəsizlik prinsiplərinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda, işdə olan "Avtomobillərin Texniki Xidməti Sexi" tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli rəsmi aktdan görünür ki, avtomobildəki dəyişiklik təbii qırılma və ya qəfil nasazlıq deyil, məhz "kustar üsulla hazırlanan və tətbiq edilən" konstruksiya müdaxiləsidir. Hətta bir anlıq sözügedən dəyişikliyin texniki nasazlıqdan qaynaqlandığı fərz edilsə belə, bu hal sürücünü İXM-in 342.5-ci maddəsinin məsuliyyətindən azad etmir. Çünki qanunvericilik texniki cəhətdən nasaz olan və normativ tələbləri pozan nəqliyyat vasitəsinin hərəkətə buraxılmasının və idarə edilməsinin özünü müstəqil xəta tərkibi kimi tanıyır. Sürücünün nəqliyyat vasitəsinə qulluq etmək, onun texniki vəziyyətinə nəzarət yetirmək və nasaz avtomobillə yola çıxmamaq barədə imperativ (məcburi) vəzifəsini yerinə yetirməməsi, onun barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın tamamilə qanuni və əsaslı olduğunu bir daha təsdiq edir. Hazırkı halda yuxarıda iqtibas edilmiş normativ hüquqi aktların işığında işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq Qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar