Məhkəmə qərarları › İş №3(3-10)-265/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-265/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-265/2026 18.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Yevlax Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim A.Babayeva) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli ## ### 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozularaq fiziki şəxs X3 və digərlərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin görülməsinə cəlb edilməsi faktı aşkar olunmuş və bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Yevlax Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xidmətin Mərkəzi Aran regional şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Şikayətçi qeyd etmişdir ki, İXM-in 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır. Bu səbəbdən Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ləğv edilməlidir. Şikayətdə həmçinin İXM-in 192.1-ci maddəsinə (Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət), 76.1-ci maddəsinə (inzibati xətanın olubolmamasını, onu törətmiş şəxsin təqsirini, habelə işin düzgün həlli üçün əhəmiyyəti olan digər halları müəyyən edən sübutların qiymətləndirilməsi), 2-ci maddəsinə (Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin vəzifələri) və 21-ci maddəsinə (inzibati tənbeh məsuliyyət tədbiri olması barədə) istinad edilmişdir. Şikayətçi bildirmişdir ki, iş materiallarında olan sənədlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İXM-in 192.1-ci maddəsinin tələblərinin pozulması faktı və Xidmətin Mərkəzi Aran regional şöbəsi tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. Odur ki, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və Xidmətin Mərkəzi Aran regional şöbəsi tərəfindən tərtib edilmiş ## ### 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İş materiallarına əlavə edilmiş; ## ### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti-də ##.##.2025-ci il tarixdə cəmiyyətin direktoru X1 Tahir Hüseyn oğlunun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozmuşdur ; “xxxx” MMC-dən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə və Şəki Apellyasiya Məhkəməsinə ünvanlanmış məktubun məzmunundan görünür ki, malın İncoterms- 2020 EXW (Ex Works) qaydalarına uyğun olaraq satıcının anbarından təhvil alınması barədə razılaşma əldə olunmuşdur. Lakin növbəti alqı-satqı zamanı istifadələrində alınan malın daşınması üçün sərbəst nəqliyyat vasitəsi olmadığından satıcı - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbərliyindən onlara çatacaq malın tərəflərindən ödəmə həyata keçirilməklə istənilən yük maşını ilə (yolun qırağıda duran xalturşiklərlə) göndərilməsi xahiş olunmuşdur. Nəticədə, ##.##.2025-ci il tarixində onlara məxsus mal X3 məxsus ** BH *** nömrə nişanlı Kamaz avtomaşını ilə onlara çatırılmış və yol xərci tərəflərindən sürücüyə ödənmişdir. ##.##.2026-cı il tarixli telefonoqramdan görünür ki, X3 ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də işçi olmadığını, özünə məxsus ** BH *** dövlət qeydiyyat nişanlı maşınla yük daşıdığını, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən bir neçə işçisinin narazı olduğunu, onun adını da əsassız yerə şikayətlərə saldıqlarını bildirmişdir. Şəki Apellyasiya Məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuni və əsaslı olduğu qənaətinə gəlir. İşin faktiki hallarından görünür ki, X2 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X3 işə cəlb edilməsi iddiası ilə İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1ci maddəsi uyarınca protokol tərtib edilmişdir. Lakin iş üzrə toplanmış mötəbər sübutlar, xüsusilə “xxxx” MMC-nin məktubu və sürücü T.Abdurahmanovun məhkəməyə verdiyi telefonoqram ifadəsi subyektlər arasında hər hansı bir əmək münasibətinin olmadığını, sadəcə Incoterms-2020 EXW qaydalarına uyğun olaraq birdəfəlik mülki-hüquqi xarakterli yükdaşıma xidmətinin (kənar sürücü vasitəsilə malın daşınması) həyata keçirildiyini açıq şəkildə təsdiq edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, İXM-in 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədikdə o, təqsirsiz hesab edilir və formalaşan hər bir şübhə birbaşa olaraq onun xeyrinə həll olunmalıdır. Hazırkı işdə icraatı başlamış səlahiyyətli orqan iddia etdiyi hüquqpozmanın varlığını və cəmiyyətin təqsirini ortaya qoyan heç bir mötəbər və təkzibedilməz sübutu məhkəməyə təqdim edə bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində rəhbər tutulan “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartı baxımından da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin mövcudluğu sübuta yetirilməmiş qalır. Məhkəmə kollegiyası hesab edir ki, əmək müqaviləsinin olmasından bəhs etmək üçün ilk növbədə tərəflər arasında yaranmış münasibətlərin hüquqi təbiəti və fərziyyə edilən "işçinin" faktiki statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək münasibətləri işçinin daxili intizam qaydalarına tabe olmasını, müəyyən olunmuş iş vaxtı rejimində çalışmasını və işəgötürənin rəhbərliyi altında konkret funksiyanı daxili sərəncamlar əsasında yerinə yetirməsini ehtiva edir. Hüquqi analiz göstərir ki, fiziki şəxs özünə məxsus nəqliyyat vasitəsi ilə, konkret bir sifariş əsasında və sərbəst qrafiklə birdəfəlik yükdaşıma xidməti göstərmişdir. Bu növ münasibətlər isə əmək qanunvericiliyi ilə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44-cü fəslinin (Yükdaşıma müqaviləsi) prinsipləri, xüsusilə də tərəflərin müqavilə sərbəstliyi kontekstində tənzimlənir. İdarəetmə, tabeçilik və daxili intizama riayət etmək kimi əmək münasibətlərinin fundamental elementləri mövcud olmadığından, tərəflər arasında "əmək müqaviləsinin bağlanmaması" barədə səlahiyyətli orqanın gəldiyi nəticə kökündən yanlışdır və əsassızdır. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki halları — xüsusilə “xxxx” MMC-nin rəsmi məktubunu təhlil edərək qeyd edir ki, tərəflər arasında malın alqı-satqısı beynəlxalq kommersiya şərtləri olan İncoterms-2020 EXW qaydalarına uyğun razılaşdırılmışdır. Bu qaydaya görə, satıcının öhdəliyi yalnız malı öz anbarında alıcıya hazır vəziyyətdə təqdim etməklə bitir, bundan sonrakı daşınma, risklər və xərclər tamamilə alıcı tərəfə məxsusdur. Alıcının xahişi ilə yol kənarından muzdla saxlanılan sürücü xidmətindən istifadə edilməsi və yol xərcinin alıcı tərəfindən ödənilməsi faktı sübut edir ki, adıçəkilən sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin sərəncamında və ya iqtisadi asılılığında olmamışdır. Bu səbəbdən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbərliyi tərəfindən hər hansı bir şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi kimi hüquqazidd hərəkət baş verməmişdir. Əməlin obyektiv cəhəti, yəni qanunla qadağan olunmuş xətaya yönələn faktiki hərəkətlər mövjud olmadığından, İXM-in 192.1-ci maddəsinin tətbiqi üçün hüquqi zəmin yoxdur. Qanunvericiliyin tələbinə görə, əməldə inzibati xəta tərkibi olmadıqda və ya şəxsin təqsirliliyi sübuta yetirilmədikdə başlanmış icraata mütləq qaydada xitam verilməlidir. Birinci instansiya məhkəməsi işin hallarını qiymətləndirərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, əsassız ittiham üzrə açılmış işə xitam verməklə qanunauygundur qərar qəbul etmişdir. Bu səbəbdən, X2 Xidmətinin Hüquq İdarəsinin apellyasiya şikayəti tamamilə əsassız hesab edilməli, Yevlax Rayon Məhkəməsinin qərarı isə İXM-in 134.1.1-ci maddəsinə uyğun olaraq dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən qanunvericiliyin tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Təqsirsizlik prezumpsiyası prinsiplərindən bəhs edən İXM-in 8.1, 8.2 və 8.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Hazırda, təhlil olunan sübutlar barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxsin məlum inzibati xətanın törədilməsində təqsirləndirilməsi üçün kifayət etmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, qərarda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması qərarı qəbul etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi qəbul edilmiş qərarın hansı sübutlar əsasında qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübutu da təqdim etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə, həmçinin qeyd edir ki, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinin əhəmiyyətli dərəcədə pozulmasını və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamasını müəyyən edilsə də, əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğundan, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsi əsaslı deyildir. Beləliklə, məhkəmə apelyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Yevlax Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli nömrəli qərarından inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar