Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-271/2026 26.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsi - həmin Məhkəmənin Cinayət kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Azərbaycan Respublikası X6 X1 İdarəsinin nümayəndəsi X5 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs İdrisov Məhəmməd İdris oğlunun iştirakları ilə, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İdrisov Məmməd İdris oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə(sədrlik edən A.Mövlayev) İdrisov Məhəmməd İdris oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İŞİN HALLARI Azərbaycan Respublikası X6 X1 İdarəsinin baş müfəttişi X3 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İdrisov Məhəmməd İdris oğlu Şəki rayonu, S.Rəhman küçəsində yerləşən “ Dental Mərkəz” obyektinin reklamları barədə verilmiş yazılı göstərişin tələblərini vaxtında və tam yerinə yetirməmiş və beləliklə də onun barəsində İXM-in 428.7.3-cü maddəsi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Azərbaycan Respublikası X6 X1 İdarəsinin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Şəki rayonu,S .Rəhman küçəsində yerləşən “Dental Mərkəz” obyektinin qarşısında açıq məkanda olan reklamları müvafiq icazə alınmadan yerləşdirilmiş və yayımlanmışdır. Bu barədə ## #### 2026-cı il tarixdə açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə akt tərtib olunmuşdur. Həmçinin ## #### 2026- cı il tarixdə sahibkara icrası məcbur olan göstəriş göndərilərək xəbərdarlıq edilmiş, ona qanunsuz olaraq yerləşdirdiyi reklamı sökməsi və reklam yerləşdirmək üçün 5 gün ərzində X1 İdarəsi ilə müqavilə bağlaması tələb olunmuşdur. Bildirmişdir ki, idarənin əməkdaşı tərəfindən mobil telefonla zəng vurularaq İdrisov Məhəmməd İdris oğluna yazılı göstərişin tələbləri icra edilmədiyi təqdirdə barəsində inzibati xəta haqqında protokol tərtib olunacağı, göstərilən yerdə və vaxtda iştirak etməsi bildirilmişdir. Lakin İdrisov Məhəmməd İdris oğlu göstərilən yerdə və vaxtda yaxınlaşmamışdır. Hal-hazırda da həmin reklam obyektin qarşısındadır. Yazılı göstəriş İdrisov Məhəmməd İdris oğlu tərəfindən qəbul edilməsinə baxmayaraq tələbləri icra edilməmişdir. Nəticədə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs İdrisov Məmməd İdris oğlu izahat verərək bildirmişdir ki, ##.##.2024-cü ildən-##.##.2026-cı ilə kimi reklamlar üçün X1 idarəsinə hər il təxminən ödəniş etmişdir. Həmin reklamları X1 İdarəsinin nəzarəti ilə yerləşdirmişdir. Daha sonra Reklam Agentliyinin nümayəndələri ona bildirmişlər ki, “Dental mərkəz” sahibkarlıq obyektinin reklamları estetik olaraq ərazinin və binanın bədii-arxitektura görkəminə uyğunlaşdırılınası məqsədilə demontaj edilərək götürülməli və sahibkarlıq obyektində reklam qurğuları dil normaları və texniki tələblər gözlənilməklə vitrin çərçivəsində altlıqsız və hərflərlə yerləşdirilməlidir. O isə qeyd edilən tələblə razı olmadığını, qeyd edilən reklam qurğusunun götürülməsinin və yenisinin qoyulmasının müəyyən qədər xərc tələb etdiyindən təlblə razı olmamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarı çıxarılmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İdrisov Məhəmməd İdris oğlu şikayət verərək Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraatının xitam edilməsini xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, S.Rəhman küçəsində yerləşən "Dental Mərkəz" obyektinə Azərbaycan Respublikası X6 X1 İdarəsinin əməkdaşları tərəfindən ## #### 2026-cı il tarixdə baxış keçirilərkən həmin obyektdə reklamların yerləşdirilməsi və yayımı faktı aşkar edilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmin aktın və icrası məcburi olan göstərişin surəti ##.##.2026-cı il tarixdə ona rəsmi qaydada təqdim edilməklə fasad reklamının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. Lakin o, icrası məcburi olan göstərişin tələblərinə vaxtında əməl etməmişdir. Şikayətçi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında iştirak edən X6 X1 İdarəsinin nümayəndəsi X5 da izahatında bildirmişdir ki, Şəki rayonu, S.Rəhman küçəsində yerləşən "Dental Mərkəz" obyektinin qarşısında açıq məkanda olan reklamlar müvafiq icazə alınmadan yerləşdirilmiş və yayımlanmışdır. İdrisov Məhəmməd İdris oğlu bildirmişdir ki, X6 X1 İdarəsi onun barəsində İXM-in 428.7.3-cü maddəsi ilə ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək Şəki Rayon Məhkəməsinə göndərmiş, Şəki Rayon Məhkəməsi də həmin protokola baxaraq fasad reklamının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması tələbinə əməl etmədiyinə görə onu İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bilmişdir. O, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və X6 X1 İdarəsinin inzibati xəta haqqında protokolda qeyd etdiklərinin tamamilə yalan olduğunu və işin faktiki hallarına uyğun olmadığını bildirmişdir. Belə ki, həmin reklam artıq 2 ilə yaxındır ki, yerləşdirilmişdir və ##.##.2024-cü il tarixdən onun X6 X1 İdarəsi ilə həmin reklamın yayımlanmasına görə müqaviləsi olmuş və o, mütəmadi olaraq pul ödəmişdir. Lakin sonra Agentliyin əməkdaşları ona bildirmişlər ki, həmin reklam qanunvericiliyə uyğun deyil və buna görə də yenisi ilə əvəz edilməli, reklamda qeyd olunan yazılar ayrı-ayrı hərflər şəklində düzəldilməlidir. O isə onlara bildirmişdir ki, həmin reklamın hazırlanmasına 1500 manat ödəniş etmişdir və onların dediyi formada yeni reklamın hazırlanmasına da 2000 manata yaxın pul lazımdır. O, köhnə reklamın hazırlanmasına ödədiyi pulu ödəsinlər ki, o da onu sökərək yenisi ilə əvəz etsin. Şikayətçi qeyd etmişdir ki, həmin reklam artıq iki ilə yaxındır ki, oradadır və əgər reklam qanunvericiliyin tələblərinə cavab vermirdisə, nəyə görə həmin reklamın yayımlanmasına görə onunla müqavilə bağlanır və o, həmin reklamın dəyərini ödəyirdi. İdrisov Məhəmməd İdris oğlu İXM-in 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə görə məsuliyyətin nəzərdə tutulduğunu qeyd etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsinin onu Şəki rayonu, S.Rəhman küçəsində yerləşən obyektin qarşısında açıq məkanda olan reklamları müvafiq icazə alınmadan yerləşdirməsinə və yayımlamasına görə İXM-in 428.7.3-cü maddəsi ilə təqsirli bildiyini, halbuki həmin reklamın yayımlanmasına görə onun müqaviləsinin olduğunu və mütəmadi ödənişlər etdiyini bildirmişdir. Bu faktlarla təsdiq edilir ki, onun həmin reklamın yayımlanmasına görə icazəsi olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə onun təqsirli bilindiyi maddənin dispozisiyası üst-üstə düşmür. Şikayətçi qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamış, onun qeyd etdiyi xüsusiyyətlər nəzərə alınmamış, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş X1 İdarəsi ilə onun arasında həmin reklamın yayımlanmasına görə icazənin olmasını, onun mütəmadi olaraq həmin reklamın yayımlanmasına görə pul ödəməsini aydınlaşdırmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İdrisov Məhəmməd İdris oğlu şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun oxşar məzmunda çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X6 X1 İdarəsinin hüquq, kadr və kargüzarlığın təşkili şöbəsinin müdiri X7 şikayətin dəlillərinin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İş materiallarında olan ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki rayonu, S.Rəhman küçəsində yerləşən “ Dental Mərkəz” obyektinin obyektinin reklamları barədə İdrisov Məhəmməd İdris oğluna verilmiş yazılı göstərişin tələbləri vaxtında və tam yerinə yetirilməmişdir. İdrisov Məhəmməd İdris oğlu İXM-in 428.7.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. - ## #### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, Şəki rayonu, S.Rəhman küçəsində yerləşən “ Dental Mərkəz” obyektində İdrisov Məhəmməd İdris oğlu tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbləri pozulmaqla reklamlar müvafiq icazə alınmadan yerləşdirilmişdir. - Foto şəkillərdən görünür ki, İdrisov Məhəmməd İdris oğlu S.Rəhman küçəsində yerləşən “ Dental Mərkəz”obyektində açıq məkanda icazəsiz reklam yerləşdirmişdir. - İdrisov Məhəmməd İdris oğluna ünvanlanmış ## #### 2026-cı il tarixli yazılı göstərişin surətindən görünür ki, Şəki rayonu, S.Rəhman küçəsində yerləşən “ Dental Mərkəz” obyektinin açıq məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması və müvafiq icazənin alınması üçün 5 gün müddətində X1 İdarəsinə müraciət etməsi tələb olunmuşdur. - ##.##.2026-cı il tarixli, TF-**/**** saylı telefonoqramın surətindən görünür ki, X1 İdarəsinin Ümumi işlər şöbəsinin müdiri Kərimov Elvinin istifadəsində olan ****-***-**-** nömrəli mobil nömrə ilə sahibkar - İdrisov Məhəmməd İdris oğlunun istifadəsində olan *** *** ** ** nömrəli mobil nömrəyə zəng edərək barəsində ##.##.2026- cı il tarixdə, saat 11:00-də fəaliyyət göstərdiyi Şəki rayonu, S.Rəhman küçəsində yerləşən “ Dental Mərkəz” sahibkarlıq obyektinin qarşısında açıq məkanda reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə idarə tərəfindən verilmiş yazılı göstərişin tələbləri vaxtında və tam icra olunmadıqda İXM-nin 428.7.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı barədə məlumat verilmişdir. Məhkəmə iş materiallarını və apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı qanuni, əsaslı və ədalətli olmaqla qüvvədə saxlanılmalı, İdrisov Məhəmməd İdris oğlunun təqdim etdiyi apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, toplanmış sübutlara hüquqi qiymət verərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. İş materiallarında əks olunan faktlar və tətbiq edilən hüquqi əsaslar apelyasiya şikayətində irəli sürülən iddiaları tamamilə təkzib edir. İşin faktiki halları ilə müəyyən edilir ki, İdrisov Məhəmməd İdris oğlu Şəki rayonu, S.Rəhman küçəsində yerləşən “Dental Mərkəz” obyektinin qarşısında, açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamlarla bağlı səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş icrası məcburi olan yazılı göstərişin tələblərini vaxtında və tam yerinə yetirməmişdir. ## #### 2026-cı il tarixdə açıq məkanda reklamın müvafiq icazə alınmadan yayımlanması faktı aktla təsbit edilmiş, daha sonra ## #### 2026-cı il tarixdə sahibkara rəsmi yazılı göstəriş göndərilmişdir. Həmin göstərişdə qanunsuz reklamın sökülməsi və ya 5 gün müddətində müqavilə bağlanaraq müvafiq icazənin alınması tələb olunsa da, İdrisov Məhəmməd İdris oğlu bu öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Bu hərəkətsizlik qanunvericiliklə tənzimlənən idarəçilik qaydalarına qarşı yönələn aşkar hüquq pozuntusudur. Məhkəmə kollegiyası qeyd edir ki, İXM-in 428.7.3-cü maddəsinin dispozisiyası müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə görə birbaşa məsuliyyət nəzərdə tutur. Şikayətçinin "reklamın əvvəllər icazəli olması və müqavilə daxilində fəaliyyət göstərməsi" barədə dəlilləriinzibati xəta tərkibini aradan qaldırmır. Çünki "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərinə əsasən, açıq məkanda reklam yerləşdirmək üçün icazə müəyyən müddətə verilir və bu icazə özündə reklama dair texniki şərtləri, bədii-arxitektura və estetik tələbləri, habelə dil normalarını ehtiva edir. Səlahiyyətli orqanın qanunvericilikdən irəli gələn estetik və texniki uyğunlaşdırma tələbləri barədə verdiyi yazılı göstərişin icra olunmaması, müqavilənin mövcudluğundan asılı olmayaraq, müstəqil inzibati xəta tərkibi yaradır. İş üzrə toplanmış sübutlar, xüsusilə ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol, qanunsuz reklam yayımını təsbit edən ## #### 2026-cı il tarixli akt, işə əlavə edilmiş fotoşəkillər, sahibkara ünvanlanmış ## #### 2026-cı il tarixli yazılı göstəriş və protokolun tərtib olunma vaxtı barədə məlumatı ehtiva edən telefonoqram surəti İXM-in 76.1-ci maddəsinin tələblərinə uyğun olaraq mötəbər və kifayət edici sübutlar toplusu hesab edilir. Bu sübutlar qanuna zidd yollarla əldə edilməmişdir və İXM-in 84.1-ci maddəsinə əsasən daxili inamla qiymətləndirildikdə, İdrisov Məhəmməd İdris oğlunun təqsirini tam və şəksiz olaraq sübuta yetirir. Birinci instansiya məhkəməsi bu sübutlar əsasında düzgün hüquqi nəticəyə gəlmişdir. Şikayətçinin yeni reklam qurğusunun hazırlanmasının maliyyə xərcləri tələb etməsi və maddi çətinlikləri əsas gətirərək yazılı göstərişin tələblərindən imtina etməsi barədə arqumentləri də hüquqi baxımdan əsassızdır və onu məsuliyyətdən azad etmir. İnzibati hüququn imperativ prinsipləri fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət orqanlarının qanuni və icrası məcburi olan qərarlarına qeyd-şərtsiz əməl etməsini tələb edir. Maddi xərclərin mövcudluğu qanun pozuntusuna bəraət qazandıra bilməz və hüquq qaydalarının pozulmasının davam etdirilməsi üçün əsas sayıla bilməz. Təyin olunmuş tənbeh tədbirinin ədalətliliyi məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İXM-in 9.1, 21 və 31.2-ci maddələrinin tələblərini rəhbər tutaraq ədalətlilik, mütənasiblik və tənbehin məqsədləri prinsiplərinə tam riayət etmişdir. İdrisov Məhəmməd İdris oğlunun barəsində İXM-in 428.7.3-cü maddəsinin sanksiyası daxilində 1500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilərkən xətanın xarakteri, hüquq pozucusunun şəxsiyyəti və təqsirinin dərəcəsi düzgün nəzərə alınmışdır. Bu tənbeh növü həm xəta törətmiş şəxsin, həm də digər şəxslərin gələcəkdə yeni inzibati xətalar törətməsinin qarşısının alınması və onun qanunlara hörmət ruhunda tərbiyə olunması baxımından adekvat və yetərlidir. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. “Reklam haqqında” qanunun 26.1-ci maddəsinin tələbinə görə reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinin tələbinə görə açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2- 2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Bununla belə məhkəmə inzibati xəta törətmiş şəxsə təyin edilmiş 1500 manat inzibati cərimə tənbehi ilə bağlı məsələni də müzakirə edərək bu qənaətə gəlir ki, təyin edilmiş inzibati təhbeh növü onun əməllərinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, eləcədə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İdrisov Məhəmməd İdris oğlunun qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərli hesab edilməlidir. İXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İdrisov Məhəmməd İdris oğlunun şikayətində qeyd etdiyi dəlillər Şəki Rayon Məhkəməsinin məlum qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə apelyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İdrisov Məhəmməd İdris oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hazırkı qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-271/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-271/2026
26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver