Məhkəmə qərarları › İş №3(3-10)-302/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-302/2026

08.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-302/2026 08.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Qəbələ rayonu, Cığatelli bələdiyəsinin nümayəndəsi Ağayev İbrahim Məzahir oğlunun, Azərbaycan Respublikası * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 05 may 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan Qəbələ rayonu Cığatelli Bələdiyyəsinin nümayəndəsi Ağayev İbrahim Məzahir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Qəbələ Rayon Məhkəməsinin 05 may 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim A.Əliyev) Qəbələ rayon Cığatelli Bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 253-1.1.3-cü maddəsi ilə təqsirli bilinsin və 3000 (üç min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İşin halları: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Qəbələ rayon Cığatelli Bələdiyyəsi barəsində İXM-in 253- 1.1.3-cü maddəsi ilə MN ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Qəbələ rayon Cığatelli Bələdiyyəsi ## ##### 2026-cı il tarixində Yaşıllıqların uçotu, monitorinqi haqqında məlumatları qanunla müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim etməmişdir. Nəticədə Qəbələ rayon Cığatelli Bələdiyyəsi tərəfindən İXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir Birinci instasniya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Qəbələ rayon Cığatelli Bələdiyyəsinin nümayəndəsi (sədri) Ağayev İbrahim Məzahir oğlu izahatında bildirdi ki, iddiaçı * saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən haqqında İXM-in əlində olan dəlillərə əsasən protokola xitam verilməsini xahiş edir. Belə ki, * saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən # ##### 2026-cı il tarixində ona zəng edilərək haqqında inzibati protokolun tərtib olunacağı ilə bağlı məlumat verilmişdir. Bundan sonra ona vatsapp nömrəsi ilə haqqında inzibati protokolun tərtib olunacağı ila bağlı bildiriş göndərilmişdir. # ##### 2026-cı il tarixində * saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarasi əməkdaşları ona yaxınlaşaraq inzibati protokol tərtib etmək istəmişdirlər, o isə inzibati protokolu imzalamaqdan imtina etmişdir. Yazılı izahatında isə # ##### 2026- cı il tarixində Yaşıllıqların uçotu vərəqəsini poçt vasitəsi ilə # ##### 2026-cı il tarixində isə Elektron Poçt vasitəsilə * saylı ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin 6-saylı@eco.gov.az elektron poçtlarına göndərilməsi ilə bağlı məlumat vermişdir. İzahatında ona Yaşıllıqların uçotu vərəqəsininin hansı vaxt ərzində göndərilməsi ilə bağlı xəbərdarlıq və ya məlumatın verilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ## #### 2020-ci il tarixli *** nömrəli fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında əsasnamənin hüquqları bölməsinin 4.0.3-cü bəndinə əsasən müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetimə orqanlarına, fizilki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) əldə etmək hüququ vardır. * saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarasi əsasnamədə qeyd olunan hüquqları pozmuş və yaşıllıqların uçotu vərəqəsinin göndərilmə vaxtını gizli saxlamış və qanuni proseduru pozmuşdur. * saylı Ərazi Ekologiya va Təbii Sərvətlər İdarəsinin qanuni proseduru pozmasını qeydə alaraq, haqqında iddia olunan inzibati xətaya xitam verilməsini xahiş edir. əlavə olaraq bildirir ki, hazırda onun sədri olduğu bələdiyyə üç kəndin ərazisini əhatə edir və bu səbəbdən də işin həcmi çox olmuşdur İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Qəbələ Rayon Məhkəməsinin 05 may 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Qəbələ rayon Cığatelli Bələdiyyəsi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin şikayəti əsasında Qəbələ rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə X3 uçotu vərəqəsinin təqdim edilmədiyi ilə bağlı İXM-in 253.1.1.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə tətbiq edilmişdir. Şikayətçi qeyd edilən qərar ilə razı olmadığını bildirmişdir. Şikayətçi diqqətə çatdırmaq istədiyini bildirmişdir ki, qeyd edilən uçot vərəqəsinin son təqdim etmə tarixi ilə bağlı müvafiq qurum tərəfindən heç bir rəsmi xəbərdarlıq bildirişi onun özünə və ya rəhbərlik etdiyi quruma təqdim edilməmişdir. O, qeyd etmişdir ki, # ##### 2026cı il tarixində ** nömrəli məktubla uçot vərəqəsinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə poçt vasitəsilə göndərilmişdir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 05 may 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Qəbələ rayonu, Cığatelli bələdiyəsinin nümayəndəsi Ağayev İbrahim Məzahir oğlu çıxış edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərərfindən həm onun barəsində həm də hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini və hər bir protokol barədə icraatın birinci instansiya məhkəməsində fərqli hakimlər tərərfindən aparıldığını bildirdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 05 may 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Çünki, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi İXM-ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, Qəbələ rayon Cığatelli bələdiyyəsinin nümayəndəsi (sədri) Ağayev İbrahim Məzahir oğlu tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Cığatelli bələdiyyəsinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış 0# ##### 2026-cı il tarixli, ** nömrəli məktubu ilə Qəbələ rayon Cığatelli Bələdiyyəsi üzrə 2026-cı il üçün yaşıllıqların uçotu vərəqəsi göndərilsə də, qanunla nəzərdə tutulmuş müddət ərzində göndərilməmişdir. Həmçinin Qəbələ rayon Cığatelli bələdiyyəsi tərəfindən sözügedən uçot vərəqəsinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəsmi qaydada çatmasını təsdiqləyən sübut təqdim edilməmişdir. Həmçinin “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli qərarına əsasən hesabatlar 20 fevral tarixinə qədər təqdim edilməli olduğu halda, 0# ##### 2026-cı il tarixdə göndərilmişdir. Eləcədə, elektron daşıyıcıda da (gücləndirilmiş elektron imza) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvlətlər Nazirliyinə təqdim edilməli olduğu halda, bu qaydaya da əməl edilməmişdir Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Qəbələ rayon Cığatelli Bələdiyyəsinin nümayəndəsi Ağayev İbrahim Məzahir oğlunun apellyasiya şikayəti qismən təmin olunmalı və inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Bu qənaətə gələrkən apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati xətalar haqqında qanunvericiliyin mühüm prinsiplərini, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına dair maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, qərarda göstərilən nəticələr işin faktiki halları ilə ziddiyyət təşkil etmişdir. İXM-in 84.1-ci maddəsinin imperativ tələbinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu tələbə riayət edilməmiş, inzibati xəta tərkibinin mövcudluğunu rədd edən və ya məsuliyyəti istisna edən halların olub-olmaması hüquqi qiymətləndirmədən kənarda qalmışdır. İş materiallarından göründüyü kimi, bələdiyyə nümayəndəsi tərəfindən "Yaşıllıqların uçotu vərəqəsi"nin 0# ##### 2026-cı il tarixdə poçt vasitəsilə, habelə rəsmi elektron poçt ünvanına göndərildiyi iddia edilmiş və buna dair müvafiq məktub nüsxəsi təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi isə bu sənədin səlahiyyətli idarəyə faktiki çatma və ya təqdim edilmə xüsusiyyətlərini, habelə poçt göndərişinin qəbulu tarixini qanunvericiliklə müəyyən edilmiş müddətlər çərçivəsində dərindən araşdırmamış, sübutların obyektiv araşdırmadan formal nəticəyə gəlmişdir. İXM-in 135.1.1-ci maddəsinə müvafiq olaraq, hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallarının araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün mütləq əsasdır. Konkret hadisədə, "Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli qərarı ilə hesabatların hər il fevral ayının 20-dən gec olmayaraq təqdim edilməli olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi bələdiyyə tərəfindən sənədlərin 0# ##### 2026-cı il tarixində, yəni qanuni müddət ötürüldükdən sonra göndərildiyini qeyd etsə də, bu fəaliyyətsizliyin obyektiv səbəblərini, hüquqi şəxsin struktur imkanlarını, eləcə də idarəetmə orqanlarının sənədləşmə mübadiləsində hər hansı fors-major və ya texniki maneənin olub-olmadığını araşdırma predmetinə çevirməmişdir. Bu isə iş üzrə tam hüquqi mənzərənin formalaşmasını əngəlləmişdir. Digər tərəfdən, İXM-in 18.3-cü maddəsinin və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin # ### 2026-cı il tarilxli Qərarının hüquqi mənasına əsasən, hüquqi şəxsin maraqları üçün və ya onun adından hərəkət edən vəzifəli şəxsin inzibati xəta törətməsi hüquqi şəxsin inzibati məsuliyyətini istisna etməməklə paralel məsuliyyət rejimi yaratsa da, bu norma hər iki subyektin avtomatik tənbeh olunması kimi şərh edilə bilməz. Hüquqi şəxs statusunda olan Qəbələ rayon Cığatelli Bələdiyyəsinin müstəqil inzibati məsuliyyətinin yaranması üçün onun vəzifəli şəxsi olan Ağayev İbrahim Məzahir oğlunun fərdi məsuliyyətindən ayrı, müstəqil bir hüquqi əsas (məsələn, daxili nəzarət mexanizminin tamamilə qurulmaması, səmərəli idarəetmə qüsurları və fəaliyyətsizlik) sübuta yetirilməli idi. Birinci instansiya məhkəməsi isə hüquqi şəxsin təqsirini vəzifəli şəxsin eyni hərəkətlərinin məntiqi davamı kimi qəbul edərək, müstəqil sübutetmə predmetini ayırd etməmiş, faktiki olaraq eyni fəaliyyətsizlik hadisəsinə görə ikiqat məsuliyyət tətbiq edilməsi təhlükəsini yaradaraq mütənasiblik prinsipini zədələmişdir. Eyni zamanda, apellyasiya məhkəməsi vurğulayır ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericilikdə təsbit edilmiş "əməlin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi" kriteriyası mütləq şəkildə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarında yaşıllıqların uçotu məlumatlarının vaxtında təqdim edilməməsinin konkret olaraq Cığatelli Bələdiyyəsinin mənfəətinə, hüquqi və ya maddi maraqlarına hansı formada xidmət etdiyi, yaxud bu fəaliyyətsizlikdən hüquqi şəxsin nə dərəcədə fayda götürdüyü hüquqi cəhətdən əsaslandırılmamışdır. İXM-in 8.1 və 8.2-ci maddələrində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi hüquqi şəxslərə də tam şamil olunduğundan, hüquqi şəxsin daxili iradəsinin və idarəetmə qüsurunun müstəqil şəkildə sübuta yetirilməməsi qəbul edilmiş məhkəmə aktının qanuniliyini əhəmiyyətli dərəcədə şübhə altına qoyur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş protokollar fərqli hakimlərin icraatına verilmiş və nəticədə eyni faktiki hallara dair fərqli hüquqi nəticələrin çıxarılması riski yaradılmışdır. İşlərin birgə araşdırılmaması hüquqi şəxsin müstəqil təqsirinin hüdudlarının müəyyən edilməsində, bələdiyyə sədrinin fərdi vəzifə öhdəliklərinin yerinə yetirilməməsi faktı ilə bələdiyyənin daxili idarəetmə qüsurları arasındakı əlaqənin düzgün qiymətləndirilməsində ziddiyyətlərə yol açmışdır. Hüquqi şəxsin əməlləri vəzifəli şəxsin hərəkətlərindən hüquqi cəhətdən müstəqil şəkildə qiymətləndirilməlidir. Başqa sözlə, hüquqi şəxsin təqsiri yalnız vəzifəli şəxsin hərəkətlərinin ona şamil edilməsindən ibarət olmamalı, müstəqil hüquqi əsasa — məsələn, nəzarətin təşkili, daxili qaydaların müəyyən edilməsi, icazənin alınması üçün prosedurların qurulması kimi öhdəliklərin yerinə yetirilməməsinə — söykənməlidir. Hazırkı işdə isə birinci instansiya məhkəməsi bu fərqi müəyyən etmədən, hüquqi şəxsin təqsirini vəzifəli şəxsin eyni hərəkətlərinin məntiqi davamı kimi qiymətləndirmişdir. Hər iki subyektin inzibati xəta tərkibinin elementləri — əmələ görə obyektiv tərəf, təqsir forması və subyektiv tərəf — ayrı-ayrılıqda sübuta yetirilməlidir. Vəzifəli şəxs barəsində icazəsiz göstəriş verməsi faktı sübuta yetirilərkən, hüquqi şəxs barəsində isə müvafiq nəzarət mexanizmlərinin qurulmaması, daxili prosedurların mövcud olmaması kimi müstəqil fəaliyyətsizlik faktları müəyyən edilməlidir. İş materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi bu iki müstəqil sübutetmə predmetini bir-birindən ayırd etməmiş, hər iki subyektin məsuliyyətini eyni hərəkətin iki fərqli hüquqi nəticəsi kimi əsaslandırmışdır. Hər iki subyektin məsuliyyəti müstəqil hüquqi əsaslara söykənmədikdə, faktiki olaraq eyni hərəkət üçün ikiqat cəza tətbiq edilməsi nəticəsi yaranır ki, bu da mütənasiblik prinsipini pozur. Belə hallarda məhkəmə hər iki subyektin məsuliyyətinin müstəqilliyini xüsusi əsaslandırmalı, yalnız bundan sonra hər birinə tənbeh tətbiq etmənin hüquqi zəminini müəyyən etməlidir. Bundan əlavə, məhkəmə nəzərə alır ki, hüquqi şəxsin və vəzifəli şəxsin inzibati məsuliyyətinin hüquqi əsasları bir-biri ilə əlaqəli olmaqla yanaşı, mahiyyətcə fərqlidir. Vəzifəli şəxs öz vəzifə öhdəliklərini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirməməsinə görə məsuliyyət daşıyır. Hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün təmsilçilik, qərar qəbul etmə və fəaliyyətə nəzarət səlahiyyətinə malik olan vəzifəli şəxsinin hərəkətlərinə, yaxud bu vəzifəli şəxsin nəzarəti həyata keçirməməsi nəticəsində işçisinin törətdiyi əməllərə görə məsuliyyətə cəlb olunur. Bu fərqlilik o deməkdir ki, hüquqi şəxsin məsuliyyəti vəzifəli şəxsin məsuliyyətinin sadə davamı və ya əksi deyil — müstəqil hüquqi əsaslara söykənən, müstəqil sübutetmə predmeti olan ayrıca məsuliyyət formasıdır. Məhz bu səbəbdən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilib-edilməməsi məsələsi həll edilərkən işin bütün halları — ilk növbədə isə əməlin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilib-törədilməməsi, hüquqi şəxsin daxilindəki nəzarət mexanizmlərinin mövcudluğu və səmərəliliyi, icazəsiz qazıntı işlərinin aparılmasına şərait yaradan idarəetmə qüsurlarının olub-olmaması kimi məsələlər — müvafiq icraat çərçivəsində ətraflı araşdırılmalı və hər biri ayrıca əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsinin qərarında bu araşdırma aparılmamış, hüquqi şəxsin müstəqil təqsirinin mövcudluğu sübuta yetirilmədən yalnız vəzifəli şəxsin hərəkətlərinin ona şamil edilməsi ilə kifayətlənilmişdir. Apellyasiya məhkəməsi xüsusilə vurğulayır ki, səlahiyyətli orqan tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra həmin hadisə ilə bağlı hüquqi şəxs barəsində ayrıca protokol tərtib edilərək məhkəməyə göndərilməsi İXM-nin heç bir norması ilə birbaşa nəzərdə tutulmamışdır. İXM-nin 17 və 18-ci maddələrinin müqayisəli təhlili göstərir ki, qanunverici inzibati məsuliyyətin bu iki subyektini eyni hüquqi rejimə tabe etməmişdir. Vəzifəli şəxsin məsuliyyəti bilavasitə onun şəxsi hərəkətləri və ya hərəkətsizliyi ilə — yəni vəzifə öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi ilə — bağlıdır. Burada məsuliyyətin əsasını vəzifəli şəxsin öz iradəsi ilə etdiyi konkret hərəkət və ya hərəkətsizlik, onun fərdi qərarı və bu qərarın nəticələri təşkil edir. Başqa sözlə, vəzifəli şəxsin məsuliyyəti şəxsi xarakter daşıyır və onun subyektiv müstəvidə — öz səlahiyyət çərçivəsindəki davranışı müstəvisində — qiymətləndirilməsini tələb edir. Hüquqi şəxsin məsuliyyəti isə mahiyyətcə fərqli əsaslara söykənir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ### 2026cı il tarixli Qərarına görə hüquqi şəxs məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün hərəkət edən vəzifəli şəxsinin və ya həmin vəzifəli şəxsin nəzarəti həyata keçirməməsi nəticəsində işçisinin əməllərinə görə məsuliyyətə cəlb olunur. Bu maddənin iki əsas elementi var. Birinci element — "xeyrinə və ya maraqlarının qorunması üçün" şərti. Bu şərt hüquqi şəxsin məsuliyyətinin yaranması üçün əməlin onun mənfəətinə xidmət etməsini, onun maraqlarını irəli sürmüş olmasını tələb edir. Hazırkı işdə isə icazəsiz qazıntı işlərinin aparılmasının konkret olaraq hüquqi şəxsin — yəni X1 Sistemlərinin İstismarı İdarəsinin — xeyrinə və ya maraqlarına xidmət edib-etmədiyi məsələsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə ki, qazıntı işlərinin idarənin fəaliyyət məqsədlərinə, büdcəsinə, öhdəliklərinə xidmət etməsi faktı müstəqil sübutetmə predmeti kimi qiymətləndirilməmişdir. İkinci element — nəzarətin həyata keçirilməməsi faktı. Hüquqi şəxsin məsuliyyətinin digər əsası onun daxili nəzarət mexanizmlərinin — idarəetmə strukturunun, daxili prosedurların, icazə sisteminin — ya mövcud olmaması, ya da mövcud olmasına baxmayaraq səmərəli işləməməsidir. Belə ki, vəzifəli şəxs hüquqi şəxsin adından hərəkət edərkən hüquqi şəxsin öz daxili qaydaları çərçivəsindəki nəzarət mexanizmlərini keçərək icazəsiz qərar qəbul etmişdirsə, bu, hüquqi şəxsin nəzarət sistemindəki qüsurun göstəricisidir. Əksinə, hüquqi şəxsin daxili qaydaları belə hərəkətlərə açıq şəkildə imkan verirdisə, bu halda hüquqi şəxsin müstəqil təqsirindən bəhs etmək mümkündür. Hazırkı işdə isə idarənin daxili idarəetmə strukturu, icazə prosedurları, vəzifəli şəxsin hərəkətlərinə nəzarət mexanizmləri araşdırılmamış, bu halların hər biri sübut predmeti kimi müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, bu iki elementin sübuta yetirilməsi hüquqi şəxsin məsuliyyətinin yalnız formal deyil, əsaslı olmasını təmin edir. Əks halda — yəni bu elementlər araşdırılmadan yalnız vəzifəli şəxsin hərəkətlərini hüquqi şəxsə şamil etməklə məsuliyyəti əsaslandırmaq — İXM-in 8.1 və 8.2-ci maddələrindəki təqsirsizlik prezumpsiyası ilə birbaşa ziddiyyət təşkil edir. Belə ki, təqsirsizlik prezumpsiyası hüquqi şəxslərə də şamil olunur və hüquqi şəxsin məsuliyyətinin əsasını təşkil edən hər bir faktın müstəqil şəkildə sübuta yetirilməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq, apellyasiya məhkəməsi İXM-in 135.1.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar – xüsusilə hüquqi şəxslə vəzifəli şəxsin məsuliyyətinin birgə icraatda araşdırılması zərurəti, təqsir formalarının fərqləndirilməsi, hadisənin baş verməsində hər bir subyektin rolu və İXM-in 18.3-cü maddəsinin tələbləri – tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Bu çatışmazlıqlar özlüyündə qərarın qanuniliyinə və əsaslılığına şübhə yaradır və aradan qaldırılması yalnız işin yenidən baxılması zamanı mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi işə baxarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmamış, iş materiallarına əlavə edilmiş sübutları tam şəkildə tədqiq etməmiş, nəticədə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipi birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 05 may 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Qəbələ rayon Cığatelli Bələdiyyəsinin şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 05 may 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar