Məhkəmə qərarları › İş №3(3-10)-305/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-305/2026

08.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-305/2026 08.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, “AKDENİZ DENT” MMC-nin nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində icraat aparılan şəxs “AKDENİZ DENT” MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-146)-529/2026 saylı qərarı ilə (sədrlik edən hakim E.Cəbrayılzadə) “AKDENİZ DENT” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat məbləğində inzibati cərimə edilmişdir. İşin halları: Protokol tərtib edən orqanlar Analitik Ekspertiza X9 Şöbəsinin vəzifəli şəxsi tərəfindən “AKDENİZ DENT” MMC barəsində İXM–in 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Belə ki, ##.##.2026-cı il tarixdə, saat 16:55-də ünvan 2 ünvanında yerləşən “AKDENİZ DENT” MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən plandan kənar yoxlama zamanı sertifikatsız ixtisaslaşmış tibbi yardımın göstərilməsini həyata keçirən X1 işə buraxılması faktı aşkar edilmişdir. Birinci instansiya məhkəməsində barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “AKDENİZ DENT” MMC-nin direktoru X2 inzibati xəta haqqında protokolun dəlillərini qəbul etmədi və izahatında göstərmişdir ki, o, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs “AKDENİZ DENT” MMC-nin təsisçisi və direktorudur. Həm də stomatoloqhəkimdir. Bununla bağlı lisenziyası vardır. Müəssisənin hər bir sənədi tamdır. Heç bir əsaslı sübut olmadan “AKDENİZ DENT” MMC barəsində akt tərtib edilmişdir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir AKDENİZ DENT” MMC-nin vəkili Vəkil birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, iş üzrə etirazına əlavə olaraq bildirir ki, Protokol tərtib edən orqanlar xxxxnin bu protokolun əsasını təşkil edən qərardan şikayət olunmuşdur. Belə ki, yoxlamanın aparılmasının qanunsuz olması barədə əsaslı şübhələri var və bunun əksini sübut etmək protokolu tərtib edən təşkilatın vəzifəsidir. Odur ki, izahatında göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı şahid X1, 5 ay öncə həkimlərin təkmilləşdirilməsi institutunda onun diplomuna baxaraq onu sertifikasiya kursu üçün qruplara yazmışlar. Kurs başa çatdıqdan sonra sertifikasiya komissiyasına imtahana getmişdir. Həmin imtahan da ortopedik stomatologiyadan suallar verilsə də, cərrahi stomatologiyadan sual verilmədi. Yoxlama keçirilən gün klinikaya gələn şəxslər hər şeyi yoxlasalar da, cərrahi stomatologiyaya dair heç nə aşkar etməmişlər. Onların klinikasında protezlə bağlı heç nə yoxdur. Çünki o işlə məşğul deyillər. Həkim olaraq dişlərin blomblanması, diş nervisinin çıxarılması və diş daşlarının təmizlənməsi ilə məşğuldur. Nadir hallarda qapaq qoyur. Ancaq qətiyyən diş çəkimi etmir, çünki lisenziya və səlahiyyəti yoxdur. Protez qoyulması ilə bağlı onu bildirir ki, dişinin blomblanması üçün gələn xəstə protezlə maraqlandıqda onu həmin işlə məşğul olan başqa klinika və ya həkimə yönəldir. Gördüyüm iş yalnız dediklərindən ibarətdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “AKDENİZ DENT” MMC həmin qərardan şikayət verərək Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, Protokol tərtib edən orqanlar Analitik Ekspertiza X9 Şöbəsinin vəzifəli şəxsi tərəfindən MMC barəsində İXM-in 215.4-cü maddəsi ilə əsassız və hüquqa zidd protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Protokola əsasən, guya ##.##.2026-cı il tarixdə, saat 16:55-də ünvan 2 ünvanında yerləşən “AKDENİZ DENT” MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən plandan kənar yoxlama zamanı sertifikatsız ixtisaslaşmış tibbi yardım göstərilmişdir. Şikayətçi bu protokola baxan hakimin işi araşdırmadan qərar çıxardığını, sözügedən inzibati işin ümumiyyətlə araşdırılmadığını və tələsik qərar çıxarıldığını bildirmişdir. Hakimin sanki Səhiyyə Nazirliyinin nümayəndəsi imiş kimi qərar yazdığını, vəkilin məhkəmə iclasında protokolu tərtib edən şəxslərin məhkəmə iclasında iştirakının təmin olunmasını tələb etdiyi halda, hakimin əsassız olaraq bu vəsatətə qiymət vermədiyini, nə qərarda bu hala qiymət verdiyini, nə də bu barədə fikir bildirdiyini qeyd etmişdir. Şikayətçi sözügedən məhkəmə qərarının qərəzli formada tərtib edildiyini, hakimin onların izahatını bir neçə cümlə ilə tamamladığını, halbuki geniş formada izahat verdiklərini və geniş formada etiraz təqdim etdiklərini bildirmişdir. Əgər hakim etirazı oxusaydı, onda olan fikirləri qərara yazardı və iş materialları olmadığı halda qərarı oxuyan şəxslərə bütün işin mahiyyəti aydın olardı. Lakin hakim məhkəmə iclasında və qərarında protokolu tərtib edən orqanın nümayəndəsi kimi yanaşmışdır ki, bu da ədalət mühakiməsinin prinsiplərinə birbaşa ziddir. Hakim daha zəif tərəf olan vətəndaşın üzərinə sübut etmə yükünü yükləmişdir. Halbuki İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, bunu sübut etmək və geniş formada izah etmək protokolu tərtib edən orqanın işidir. Hakim isə protokolu tərtib edən şəxsin iştirakını təmin etmək əvəzinə özü protokolu müdafiə etmək qərarına gəlmişdir. Şikayətçi Mingəçevir Şəhər Məhkəməsinin qərarını tam əsassız və qanunsuz hesab etdiyini bildirmişdir. İlkin şikayətində də göstərdiyi kimi, onun cərimələnməsinin qeyrimümkün olduğunu, bununla bağlı bütün normativ hüquqi aktlara istinad etdiyini qeyd etmişdir. Hətta Şəki İnzibati Məhkəməsinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsin ## #### 2026-cı il tarixli, *-**/*/*-****/**** saylı qərarının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərini pozması səbəbindən ləğv edilməsi barədə şikayət verdiklərini bildirmişdir. Buna səbəb kimi həmin təşkilatın qanunun tələblərini pozmaqla yoxlamalar aparmasını göstərmişdir. Lakin ən maraqlısının hakimin onların sözlərinə məhəl qoymadan və iş materiallarını araşdırmadan qərar verməsi olduğunu qeyd etmişdir. Şikayətçi hakimin izahatında yazmadığı və işin əsasını təşkil edən qısa məzmunda etirazını göstərmək istədiyini bildirmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, tibb fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) tələb olunur. Bundan əlavə, tibb ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan, qanunla müəyyən edilmiş hallarda sertifikasiyadan keçmiş şəxs özəl tibbi praktika ilə məşğul ola bilər. Şikayətçi məhkəməyə EL-648/**** qeydiyyat nömrəli, ## ###### ****-cü il tarixli Lisenziyanı təqdim etdiyini bildirmişdir. Sözügedən lisenziya qanunvericiliyə uyğun verilməklə, ünvan 1 ünvanında yerləşən “AKDENİZ DENT” MMC-yə tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə lisenziyanın əlavəsində göstərilmiş siyahıda olan stomatoloji fəaliyyətlərin həyata keçirilməsinə icazə verildiyini qeyd etmişdir. Buradan onların stomatoloji fəaliyyətlə məşğul olmaq üçün hüquqlarının olması aydın görünür. Bundan əlavə, qanunun 5-ci maddəsində olan “tibb ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan, qanunla müəyyən edilmiş hallarda sertifikasiyadan keçmiş” anlayışlarına uyğun olaraq, şikayətçi sözügedən klinikada Aİ ****** saylı “Praktik tibbi və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən” Sertifikasiya Şəhadətnaməsindən də göründüyü kimi, onun ali təhsilli həkim olduğunu və stomatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazəsi olduğunu bildirmişdir. Qanunvericiliklə bütün sənədlərinin olmasına baxmayaraq, əsassız olaraq barəsində protokol tərtib edildiyini və məhkəməyə verildiyini qeyd etmişdir. Şikayətçi digər tərəfdən, Səhiyyə Nazirliyi tərəfindən ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunarkən onun iştirakının təmin edilmədiyini bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Səhiyyə Nazirliyi tərəfindən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin bu tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan və şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında protokol yazılmışdır. Şikayətçi nəzərə çatdırmışdır ki, onların barəsində Səhiyyə Nazirliyinə ünvanlanmış şikayət tamamilə formal xarakter daşımış, saxta e-poçt səhifəsi açılaraq edilmişdir. Bu günə qədər onların barəsində hər hansı real şikayət olunmamış, müştəriləri hər zaman onlardan məmnun olmuşdur. Plandankənar yoxlamanın aparılması əsası kimi göstərilən şikayətin kim tərəfindən edildiyi məlum olmadığı kimi, həmçinin həqiqəti də əks etdirmir. Yazılmış mesajda lazer epilyasiyasından söhbət gedir, mövzunu dəyişmək yaddan çıxmışdır. Eyni zamanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə əlaqədar Şəki İnzibati Məhkəməsinə şikayət verildiyini təkrarlamışdır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı inzibati qərarının ləğv edilməsini və onun barəsində inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “AKDENİZ DENT” MMC-nin nümayəndəsi X1 və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta haqqında protokol tərtib etmiş orqan məhkəmə iclasına gəlməmişlər. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.3-cü maddəsinə görə bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşə əlavə edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “AKDENİZ DENT” MMC barəsində İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, ##.##.2026-cı il tarixdə, saat 16:55-də ünvan 2 ünvanında yerləşən “AKDENİZ DENT” MMCyə məxsus özəl tibb müəssisəsində keçirilən plandan kənar yoxlama zamanı sertifikatsız ixtisaslaşmış tibbi yardımın göstərilməsini həyata keçirən X1 işə buraxılması faktı aşkar edilmişdir. İşə əlavə edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, “AKDENİZ DENT” MMC hüquqi şəxs olduğundan barəsində inzibati tənbeh tədbirləri yalnız məhkəmə tərəfindən verilə bilər, bu səbəbdən aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İşdə olan T-*** nömrəli özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, Protokol tərtib edən orqanlar Analitik Ekspertiza X9 Şöbəsinin əməkdaşları X4 və X7 şəhəri, 20 Yanvar küçəsi, ev 15 ünvanında yerləşən “AKDENİZ DENT” MMC-də plandan kənar yoxlama tədbirində olmuşlar. MMCnin rəhbəri X2 yoxlamada iştirak etmişdir. Yoxlamanın birinci və dördüncü sualları üzrə qeyd olunmuşdur ki, nöqsanlar aşkar edilməmişdir. Yoxlamanın ikinci sualı üzrə qeyd olunmuşdur ki, müəssisədə ortopedik stomatoloji iş üzrə baza tibb təhsilli X1 şəhadətnaməsi olmadan ixtisaslaşmış tibbi yardımın göstərilməsi faktı aşkar edilmişdir. Aidiyyəti üzrə təsdiqedici sənəd təqdim edilmişdir. Yoxlamanın üçüncü sualı üzrə qeyd olunmuşdur ki, müəssisədə tibbi qeydiyyat işləri Protokol tərtib edən orqanlar təsdiq edilmiş forma və qaydaları üzrə qismən təmin olunur. Belə ki, aşkar edilmiş fakt ilə bağlı “AKDENİZ DENT” MMC barəsində inzibati tənbeh tədbiri seçilərək İXM-in 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilən akt direktor X2 iştirakı ilə tərtib edildi. Aidiyyəti üzrə izahat təqdim edilmədi, qanunvericiliyin müvafiq maddələri tətbiq olundu. İşdə olan ## ###### 2026-cı il tarixli, *-**-*/*-*-***/**** saylı qərardan görünür ki, ünvan 2 ünvanında yerləşən “AKDENİZ DENT” MMC özəl tibb təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə, ##.##.2026-##.##.2026-cı il tarixlərdə həmin müəssisədə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. İşdə olan ##.##.2026-cı il tarixli izahatdan görünür ki, ünvan 2 ünvanında yerləşən “AKDENİZ DENT” MMC-yə məxsus klinikada X1 izahatı alınıb. İşdə olan əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi “AKDENİZ DENT” MMC ilə X1 arasında ##.##.****-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq bağlanılmışdır. İşə əlavə olunmuş # ###### ****-cü il tarixli, EL-***/**** saylı lisenziyanın surətindən görünür ki, VÖEN ********** olan hüquqi şəxs “AKDENİZ DENT” MMC-yə özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün lisenziya verilib. İşə əlavə olunmuş # ###### ****-cü il tarixli, EL-***/****/* saylı lisenziyanın əlavəsinin surətindən görünür ki, “AKDENİZ DENT” MMC-yə özəl tibbi fəaliyyətinin ambulator tibbi xidmət göstərilməsinə - stomatologiya, terapevtik stomatoloji, ortopedik stomatoloji və ortodontik stomatoloji işlərinin görülməsinə icazə verilmişdir. İşə əlavə edilmiş praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, X1 ## #### 2025-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində stomatologiya (baza) ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilir. İşdə olan “AKDENİZ DENT” MMC-nin möhürü ilə təsdiq olunmuş ambulator pasiyentlərin qeydiyyat kitabının surətindən görünür ki, ##.##.2025-ci il tarixdə Əliyeva Rəmziyyə adlı şəxsə yeni protez yardımı göstərilmişdir. ##.##.2025-ci il tarixdə Quliyev Orxan adlı şəxsə yeni protez yardımı göstərilmişdir. ##.##.2025-ci il tarixdə Vəliyev İlham adlı şəxsə yeni protez yardımı göstərilmişdir. Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının tədris proqramında görünür ki, Ortopedik stomatologiyanın bölmələrinə: ortopedik stomatologiyanın propedevtikası; diş tacı qüsurlarının çıxmayan protezlərlə müalicəsi; hissəvi adentiyanın çıxmayan protezlərlə müalicəsi; hissəvi adentiyanın çıxan protezlərlə müalicəsi; tam adentiyanın çıxan protezlərlə müalicəsi; implantüstü protezləmə; gicgahçənə oynağı xəstəliklərinin ortopedik müalicəsi; parodont xəstəliklərinin ortopedik müalicəsi; üz-çənə ortopediyası daxildir. İşdə olan ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli Mingəçevir Şəhər Məhkəməsinin qərarından görünür ki, X1 barəsində Səhiyyə Nazirliyi tərərfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, “AKDENİZ DENT” MMC-nin vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin qanunvericiliklə müəyyən olunmuş əsaslarına müvafiq olaraq xitam verilməlidir. Belə ki, təhlil olunan işdən bəlli olur ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunan əsassız qərar qəbul etmişdir. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə yalnız bu Məcəllə ilə nəzərdə bəyan edilmiş inzibati xətanın törədilməsində təqsirli hesab olunan və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan şəxs cəlb edilə bilər. Lakin iş materiallarının təhlili göstərir ki, “AKDENİZ DENT” MMC-nin əməllərində İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud olması kifayət qədər sübut olunmamış, həmçininn mvcud olan sübutların mötəbərliyi şübhə doğurmuşdur. İXM-in 215.4-cü maddəsinin dispozisiyasına görə, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına görə hüquqi şəxslər cərimə edilir. Bu xətanın obyektiv cəhəti müəssisə rəhbərliyi tərəfindən müvafiq icazəsi, yəni sertifikatı olmayan şəxsin xəstələrə tibbi xidmət göstərilməsinə faktiki olaraq cəlb edilməsini və işə buraxılmasını ehtiva edir. İş materiallarında mövcud olan sənədlərdən, xüsusilə ## #### 2025-ci il tarixli praktiki tibb fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin surətindən aydın olur ki, həkim X1 qanunvericiliyin tələblərinə müvafiq olaraq həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində stomatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq hüququ verilmişdir. Həmin şəhadətnamə yoxlama tarixini (##.##.2026-cı il) əhatə etdiyindən, onun sertifikatsız mütəxəssis kimi qiymətləndirilməsi maddi hüquq normasının səhv tətbiq edilməsi xarakteri daşıyır. Yoxlama aktında həkim X1 "ortopedik stomatoloji" iş üzrə sertifikatının olmadığı iddia edilsə də, Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının tədris proqramından və iş üzrə toplanmış digər materiallardan görünür ki, baza stomatologiya təhsili və müvafiq sertifikatı olan mütəxəssisin ümumi terapevtik stomatoloji manipulyasiyaları (məsələn, dişlərin plomblanması, kanal müalicəsi və daşların təmizlənməsi) həyata keçirmək hüququ tam təmin olunur. Şahid qismində dindirilmş X1 ifadəsindən məlum olur ki, o, klinikada dar ixtisaslaşmış və lisenziya tələb edən cərrahi və ya protezləmə (ortopedik) fəaliyyəti ilə faktiki olaraq məşğul olmamışdır. İşdə olan ambulator pasiyentlərin qeydiyyat kitabında protez yardımı ilə bağlı qeydlərin mövcudluğu isə bilavasitə sözügedən həkim tərəfindən həmin xidmətin göstərilməsini və onun müəssisə rəhbərliyi tərəfindən qanunsuz olaraq işə buraxılmasını ağlabatan şübhələrdən kənar formada sübut etmir. Məhkəmə kollegiyası hazırkı iş üçün həlledici xarakter daşıyan mühüm bir hüquqi fakta xüsusi diqqət yetirir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə bilavasitə həkim X1 barəsində eyni faktla bağlı Səhiyyə Nazirliyi tərəfindən törədilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərarla işçinin (həkimin) əməlində inzibati xəta tərkibinin olmadığı qəti olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının ## ### 2026-cı il tarixli “125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə” dair formalaşdırdığı hüquqi mövqeyə görə inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı barəsində qərar çıxarılan şəxslərin dairəsi ilə məhdudlaşsa da, hüquqi şəxslə onun xeyrinə hərəkət edən fiziki şəxs arasında mövcud olan hüquqi və faktiki əlaqə mütləq nəzərə alınmalıdır. Fiziki şəxsin (işçinin) əməlində hüquqazidd hərəkətlərin və sertifikatsız fəaliyyətin olmadığı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsbit edildiyi halda, həmin işçini işə buraxmış hüquqi şəxsin ("AKDENİZ DENT" MMC-nin) İXM-in 215.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi hüququn ümumi prinsiplərinə, məntiqinə və Konstitusiya Məhkəməsinin şərhinə kökündən ziddir. İşçinin fəaliyyəti qanuni hesab olunduğu təqdirdə, işəgötürənin onu işə buraxması qanunsuz fəaliyyət (xəta) kimi tövsif edilə bilməz. İşçinin xəta törətmədiyi barədə məhkəmə qərarı, onun işəgötürəni olan hüquqi şəxs üçün bu iş çərçivəsində bəraətverici preyudisial əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin Plenum qərarında vurğulandığı kimi, ziddiyyətli qərarların qarşısının alınması, prosessual qənaət və ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi üçün hüquqi şəxs və onun işçisi (və ya vəzifəli şəxsi) barəsində materiallara vahid icraat daxilində baxılması məqsədəmüvafiqdir. Protokol tərtib edən orqan bu qaydanı pozaraq işləri ayırmış və nəticədə eyni fakt üzrə bir-birini təkzib edən iddialar ortaya çıxmışdır. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirsizliyi preyumpsiyası onun təqsirinin qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməsini və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasını tələb edir. İnzibati xətanın törədilməsində şəxsin təqsirli olmasını sübut etmək vəzifəsi (sübutetmə yükü) protokolu tərtib etmiş orqanın üzərinə düşür. İnzibati xəta törətmiş şəxsin təqsirliliyi barədə şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə şərh olunmalıdır. Birinci instansiya məhkəməsi isə bu prinsipi pozaraq, protokolu tərtib etmiş Səhiyyə Nazirliyinin xxxxnin nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, vəkilin bu barədə əsaslı vəsatətlərini araşdırmadan rədd etmiş və sübutetmə yükünü qanunsuz olaraq cavabdeh tərəfin üzərinə qoymuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedent hüququna görə, daxili məhkəmələr tərəflərin təqdim etdiyi mühüm arqumentləri və sübutları qərarda adekvat şəkildə əks etdirməli və onlara hüquqi qiymət verməlidir. Hazırkı işdə birinci instansiya məhkəməsi “AKDENİZ DENT” MMC-nin təqdim etdiyi qanuni lisenziyanı, sertifikatları və Şəki İnzibati Məhkəməsinə yoxlamanın qanunsuzluğu ilə bağlı edilmiş müraciətləri tamamilə diqqətdən kənarda saxlamışdır. İş materiallarında mövcud olan materiallar əsasında şəxsin əməalində inzibati xəta tərkibinin mövcudluğu barədə "ağlabatan şübhələrə yer qoymadan sübutetmə" standartı təmin edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, İXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “AKDENİZ DENT” MMC-nin şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməliməlidir. NƏTİCƏVİ HİSSƏ İXM-in 135.1 və 135.1.5-1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və İXM-in 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “AKDENİZ DENT” MMC tərəfindən verilmiş şikayət təmin edilsin. “AKDENİZ DENT” MMC-nin İXM-in 215.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı ləğv edilsin. “AKDENİZ DENT” MMC barəsində İXM-in 215.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin . Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar