Məhkəmə qərarları › İş №3(3-10)-310/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-310/2026

19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-310/2026 19.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi, protokol tərtib edən orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələrinümayəndə2 və X1 iştirakları ilə, Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMC-nin direktoru nümayəndə1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Mirheydər Zeynalov) ## ### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı ilə «xxxx» MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən 6.000 (altı min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. işin halları: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş və məhkəməyə təqdim olunmuş protokoldan görünür ki, ünvan 2 ünvanda yerləşən aptekdə «xxxx» MMC (VÖEN:**********) ## ##### 2026-cı il tarixdə, saat 11:30-da keçirilmiş planlı (növbəti) yoxlama zamanı aptek təşkilatlarına dair tələblərin pozulması və ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması faktı aşkar edilmişdir. Bununla da «xxxx» MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsinin iclasında protokol tərtib edən orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi nümayəndə2 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bir qrup müfəttişləri tərəfindən ünvan 1 ünvanda yerləşən aptekdə «xxxx» MMC-i (VÖEN:**********)) ## ##### 2026-cı il tarixdə, saat 11:30-da keçirilmiş planlı (növbəti) yoxlama zamanı aptek təşkilatlarına dair tələblərin pozulması və ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə dair fakt aşkar edilmişdir. Tərtib olunmuş protokol qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsinin iclasında nümayəndə3 izahatında göstərmişdir ki, o, Gürcüstan Respublikasında tibb təhsili almışdır. Uzun illər aptek və avromed də əczaçı kimi fəaliyyət göstərmişdir. Tibb təhsili diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmamışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMC-nin direktoru nümayəndə1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin və proses iştirakçısının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMCnin direktoru nümayəndə1 verdiyi apellyasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, Qax Rayon Məhkəməsinin 3(5-135)109/2026 №li, ## ### 2026-cı il qərarı ilə «xxxx» MMC (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən «6.000» (altı min) manat məbləğində cərimə edilmişdir. Qərar qanunsuz və əsassızdır, qərarla razı deyildir. Çünki nümayəndə3 Gürcüstan Respublikasında tibb təhsili almışdır. Uzun illər aptek və avromed də əczaçı kimi fəaliyyət göstərmişdir. Lakin bu fakt tam olaraq araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə-vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə, 452.3-cü maddəyə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə-vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə növündə inzibati tənbeh nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Əməldə heç bir inzibati məsuliyyət yoxdur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Təqdim olunan bütün sübutlar şübhəlidir. İnzibati Xətalar Məcəlləsinin 128.1 -ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə. Həmin Məcəllənin 129.1 -ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.1. hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə;129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən şikayət və ya protest - birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla). Həmin Məcəllənin 129.1.3-1 -cü maddəsinə əsasən bu Məcəllənin 122.1 -ci və 127- 3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə). Həmin Məcəllənin 129.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1 -ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Həmin Məcəllənin 130.1 -ci maddəsinə əsasən bu Məcəllənin 126.1-civə 127- 4.1 -ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; Odur ki, təqsiri olmadığına görə Qax Rayon Məhkəməsinin 3(5-135)109/2026 №li, ## ### 2026-cı il qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi nümayəndə2 bildirdi ki, şikayətin dəlillərini əsassız hesab edir. Birinci instansiya məhkəməsində də qarşı tərəf eyni əsasla çıxış etmişdir ki, əməkdaşın bu işdə təcrübəsi var. Cərimə yazılmasının əsas səbəbi ondan ibarətdir ki, şəxsin əczaçılıq təhsili yoxdur. Qanunvericilik tələb edir ki, əczaçılıq fəaliyyətini ancaq əczaçı təhsili olan şəxslər həyata keçirməlidir. İş materiallarına şəxsin ali təhsil haqqında diplomu əlavə olunsa da, ilk öncə diplom tibb bacısı fəaliyyəti üçündür, həm də diplomin təsdiq olunub-olunmaması ilə bağlı işə heç bir sənəd əlavə olunmamışdır. Onlar həm də dərman preparatlarının saxlanılma şəraiti ilə də bağlı cərimə yazmışlar. Şəxs əczaçı olsa idi, ilk növbədə buna riayət etməli idi. Elə dərman preparatları var ki, onlar müəyyən temperaturda saxlanılmalıdır. Aptekdə kifayət qədər pozuntular olmuşdur. Aptekin divar və döşəməsi də rütubətdən pozulmuşdur. Rütubətli şəraitdə də dərman preparatları tez xarab olur. Hər bir aptekin də vəzifəsi əhaliyə normal dərman preparatları satmaqdır. Verilən suallara cavab olaraq bildirdi ki, əczaçı fəaliyyəti ilə məşğul olmaq üçün ancaq əczaçı diplomu tələb olunur. “Oftan Kataxrom” və “Oksitosin Rixter” adlı dərman preparatları 15 dərəcə temperaturda saxlanılmalıdır, həmin vaxt isə aptekdə 21 dərəcə temperatur olmuşdur. Qeyd olunan dərman preparatları termomobil dərman preparatları hesab olunur. Aptek 2022-ci ildən fəaliyyət göstərmiş, cərimə yazılan aptekdə həmin vaxtdan hazırkı vaxtadək hər hansı yoxlama aparılmasından məlumatı yoxdur. Onlarda yoxlamalar planlı və plandan kənar keçirilir. Planlı yoxlamaların keçirilməsindən apteklərin xəbəri olur, plandan kənar yoxlamalar isə hər hansı şikayət əsasında keçirilir. Şikayətin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi X1 həmkarının dedikləri ilə razı olduğunu və heç bir əlavəsinin olmadığını göstərmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMC-nin direktoru nümayəndə1 məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMCnin direktoru nümayəndə1 teleqram vuraraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: İnzibati Xətalar Məcəlləsi 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatını və xahişini dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMC-nin direktoru nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan MN 2407185 №li, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 3 ünvanda yerləşən aptekdə «xxxx» MMC (VÖEN:**********) ## ##### 2026-cı il tarixdə, saat 11:30 keçirilmiş planlı (növbəti) yoxlama zamanı aptek təşkilatlarına dair tələblərin pozulması və ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması faktı aşkar edilmişdir. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən ## ##### 2026-cı il tarixli Çıxarışdan görünür ki, «xxxx» MMC-in cari fəaliyyəti üzrə yoxlama qeydiyyata alınmışdır. İş materiallarında olan əşyaların və sənədlərin götürülməsi haqqında ## ##### 2026cı il tarixli protokoldan görünür ki, “Oftan Kataxrom” və “Oksitosin ” adlı dərman preparatlarının saxlanma şəraiti pozulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «xxxx» Publik Hüquqi şəxs tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında qərardan görünür ki, ünvan 3 ünvanda yerləşən «xxxx» MMC-yə (VÖEN:**********) məxsus əczaçılıq fəaliyyətinin yoxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə-vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 452.3-cü maddəyə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə-vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş əşyaların və sənədlərin götürülməsi haqqında ## ##### 2026-cı il tarixli protokoldan, yoxlama aktından, fotoşəkillərdən və digər iş materiallarından müəyyən olunmuşdur ki, aptekdə “Oftan Kataxrom” və “Oksitosin” adlı dərman preparatlarının saxlanma şəraiti pozulmuş, aptekin divar və döşəməsinin nəm, təmizlənməyə davamlı olmaması müəyyən edilmişdir. Həmçinin birinci instansiya məhkəməsinin iclasında dindirilmiş nümayəndə3 izahatından görünür ki, o, Gürcüstan Respublikasında tibb təhsili almış, uzun illər aptek və avromeddə əczaçı kimi fəaliyyət göstərmiş, tibb təhsili diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmamışdır. Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında əczaçılıq fəaliyyəti ilə əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər məşğul ola bilərlər. Əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin tələblərinə uyğun olaraq davamlı peşəkar inkişafının qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir. Sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən dərman vasitələrinin saxlanması və daşınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada temperatur, işıq rejimləri, rütubət və başqa tələblərə ciddi riayət etməklə həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi “xxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində inzibati tənbeh tətbiq etməkdə haqlı olmuşdur. “xxxx” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 215.4-cü və 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunmuşdur. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu baxımdan da, apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta törətmiş hüquqi şəxs “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü və 452.3-cü maddələri ilə təqsirli bilərək Məcəllənin 215.4-cü maddəsinin sanksiyası çərçivəsində 6000 (altı min) manat məbləğində inzibati qaydada cərimə etməkdə ədalətli və qanuni qərar qəbul etmişdir. İnzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMC-nin direktoru nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, inzibati xəta haqqında iş üzrə Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMCnin direktoru nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar