Məhkəmə qərarları › İş №3(3-10)-313/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-313/2026

18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-313/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanından Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayılov Rəhman Mehman oğlunun iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayılov Rəhman Mehman oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə (sədrlik edən hakim R.Əliyev ) İsmayılov Rəhman Mehman oğlunun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbehin tətbiq edilməsi haqqında qərarından şikayəti təmin edilməmişdir. İşin halları: smayılov Rəhman Mehman oğlu məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs İsmayılov Rəhman Mehman oğlu şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin * saylı Qəbələ Ərazi İdarəsi tərəfindən barəsində ## #### 2026-cı il tarixli, MN № ******* saylı İnzibati Xəta haqqında qərar qəbul edilmişdir. Həmin qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin bundan sonra mətndə İXM-in) 247.2-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, sözügedən qərar qanunsuzdur və aşağıdakı əsaslara görə ləğv edilməlidir: 1. Maddi faktların yanlışlığı: Protokolda tikinti işlərinin 2026-cı ildə aparıldığı iddia olunsa da, bu həqiqəti əks etdirmir. Oğuz Rayon İcra Hakimiyyəti başçısının Yaqublu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ## #### 2026-cı il tarixli rəsmi arayışı (surəti əlavə olunur) təsdiq edir ki, o, sözügedən yaşayış evini hələ 2021-ci ildə inşa etmişdir və o vaxtdan həmin evdə yaşayır. 2. İnzibati tənbeh vermə müddətinin keçməsi: İnzibati Xətalar Məcəlləsinin 38.1ci maddəsinə əsasən, inzibati tənbeh xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Sözügedən tikili 2021-ci ildə başa çatdığı üçün, qanunla müəyyən edilmiş 1 illik müddət çoxdan keçmişdir. Bu isə iş üzrə icraata xitam verilməsi üçün mütləq hüquqi əsasdır. 3. Tikintinin mahiyyəti: 2026-cı ildə o, heç bir yeni tikinti aparmamışdır. Sadəcə 2021-ci ildən mövcud olan (peyk görüntülərində də aydın görünən) 80 kv.m-lik evin tikintisi tamamlanmışdır. Mövcud konstruksiyanın tərpətmədən hər hansı daxili işlər yeni tikinti hesab olunmamalıdır. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs İsmayılov Rəhman Mehman oğlu birinci instasniya məhkəməsinin məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verməklə yanaşı bildirmişdir ki, o, Oğuz rayonu Yaqublu kəndində yaşayır və hazırda yaşadığı evin üzərində yerləşdiyi torpaq sahəsi onun nənəsinə məxsus olmuşdur. O, qeyd edilən torpaq sahəsinin bir hissəsində - 0,21 hektar torpaq sahəsində taxıl əkibbecərir və 2021-ci ildə həmin torpaq sahəsinin bir kənarında yaşayış evi tikmiş, həmin evə 2023-cü ildə qaz çəkdirmişdir. O, yaşayış evini tikərkən icra nümayəndəliyinə və bələdiyyəyə müraciət etmiş, həmin vaxt qeyd edilən qurumlar ona hər hansı problem olmadığını bildirdiyindən o, tikintiyə davam etmişdir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədilmə vaxtı kimi 2026-cı il qeyd edilsə də, o, həmin evi 2021-ci ildə inşa etmişdir və beləliklə məsuliyyətə cəlb edilməsi üçün nəzərdə tutulmuş 1 illik müddət ötürülmüşdür. Göstərilən səbəblərdən o, qeyd edilən inzibati xəta haqqında protokolu və həmin qərar əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əsassız hesab edir. Qeyd etdiklərinə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin nümayəndəsi - İmamaliyev Asim Əzim oğlu birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İsmayılov Rəhman Mehman oğlunun kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yaşayış evini tikməsi barədə 2026-cı ildə aşkar edilmişdir və qeyd edilən əməl uzanan inzibati xəta olduğundan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Təqdim edilmiş fotoşəkillərdən də göründüyü kimi tikili hazırda mövcuddur, lakin heç bir sənədi yoxdur. Göründüyü kimi, inzibati xəta hadisəsinin baş vermə faktı təsdiq edilir. Bu səbəbdən Oğuz rayon Polis Şöbəsi tərəfindən İsmayılov Rəhman Mehman oğlu barəsində İXM-in 247.2ci maddəsi ilə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsi tərəfindən ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarn qəbul edilmişdir. Buna görə də, qarşı tərəfin vermiş olduğu hazırki şikayəti əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla İsmayılov Rəhman Mehman oğlunun barəsində olan ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayılov Rəhman Mehman oğlu həmin qərardan şikayət verərək Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayılov Rəhman Mehman oğlu şikayətini onunla əsaslandırmışdır ki, inzibati məsuliyyətə cəlb etmə müddətinin (1 il) ötürülməsi və məhkəmənin "uzanan xəta" barədə yanlış tövsifini qeyd etmişdir. İş materiallarında mövcud olan, Oğuz Rayon İcra Hakimiyyəti başçısının Yaqublu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ## #### 2026-cı il tarixli rəsmi Arayışı ilə rəsmən təsdiq olunmuşdur ki, o, sözügedən fərdi yaşayış evini 2021-ci il tarixdən etibarən inşa etmişdir, tikinti işləri tam başa çatmışdır və o, həmin vaxtdan bəri ailəmlə birlikdə bu evdə daimi yaşayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Birinci instansiya məhkəməsi öz qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına istinad edərək, fərdi yaşayış evinin tikilməsini və mövcudluğunu "uzanan inzibati xəta" kimi tövsif etmiş və 1 illik müddətin ötürülmədiyini iddia etmişdir. Lakin şikayətçi məhkəmənin bu mövqeyinin qanunun tələblərinə tamamilə zidd olduğunu bildirmişdir. Tikinti fəaliyyəti müəyyən zaman çərçivəsində icra olunan və konstruktiv işlərin bitməsi ilə tam yekunlaşan bir əməldir. Fərdi yaşayış evinin inşası 2021ci ildə tam başa çatdığı üçün, iddia olunan xətanın törədilməsi anı elə 2021-ci ildə bitmişdir. Tikintinin bitməsindən tam 5 il keçdikdən sonra, 2026-cı ildə inzibati protokol tərtib olunaraq barəsində cərimə tətbiq edilməsinin İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin birbaşa pozulması olduğunu və inzibati xəta üzrə icraata xitam verilməsi üçün mütləq əsas olduğunu bildirmişdir. Şikayətçi vahid bir əmələ görə iki fərqli maddə ilə cəza tətbiqinin qanunsuzluğunu (bir xətaya görə iki cəza vermək olmaz prinsipi) qeyd etmişdir. * saylı Qəbələ Ərazi Şöbəsinin çıxardığı MN № ******* nömrəli qərarda o, eyni bir hərəkətə — yəni fərdi yaşayış evinin inşasına görə həm İXM-in 247.2-ci maddəsi (torpaqların korlanması), həm də 114.1.1-ci maddəsi (müvafiq icazə olmadan tikinti aparılması) ilə eyni vaxtda təqsirli bilinərək cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə və hüququn fundamental prinsiplərinə görə, heç kim bir xətaya görə iki dəfə məsuliyyətə cəlb edilə bilməz. Fərdi yaşayış evi tikilərkən torpaq qatının strukturunun dəyişməsi tikinti prosesinin qaçılmaz və təbii tərkib hissəsidir. Tikinti faktını ayrıca maddə ilə, torpağın mövcud vəziyyətini isə ikinci bir fərqli maddə ilə tövsif edərək vətəndaşa ağırlaşdırılmış ikiqat cəza kəsməyin tam qanunsuz olduğunu və ləğv edilməli olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanından Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayılov Rəhman Mehman oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İş materiallarına əlavə edilmiş, JN-111, KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X3 adlı şəxsin mülkiyyətində 0,69 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi şöbəsinin əməkdaşları və Oğuz Rayon İcra Hakimiyyəti başçısının Yaqublu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli aktdan görünür ki, Oğuz Rayon İcra Hakimiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış ## #### 2026-ci il tarixli *-**/*-***/**** nömrəli məktub ilə Oğuz rayonu Yaqublu kəndi ərazisində həmin kənd sakini İsmayılov Rəhman Mehman oğlu tərəfindən mülkiyyətində olmayan 0.21 ha torpaq sahəsinin təqribən 80 kv.m hissəsində fərdi yaşayış evi təyinatlı tikilinin aşkar edilməsi bildirildiyindən sözügedən torpaq sahəsinə yerində baxış keçirilməklə araşdırma aparılmış, araşdırma zamanı İsmayılov Rəhman Mehman oğlu tərəfindən Oğuz rayonunun Yaqublu kəndində J№*** (kod ********) nömrəli dövlət aktına əsasən mərhum nənəsi X3 məxsus kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr növünə aid 0.2008 ha torpaq sahəsinin təqribən 80 kv.m hissəsində (X=707436 Y=4533696) fərdi yaşayış evinin inşa edilməsi faktı təsdiq olunmuşdur. Aşkarlanmış faktın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə 247.2-ci maddəsinin tələblərinin pozulması kimi dəyərləndirilərək Rəhman İsmayılov barəsində inzibati xəta haqqında protokolun tərtib ediləcəyi onun diqqətinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş, Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi şöbəsi tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə İsmayılov Rəhman Mehman oğlu barəsində onun tərəfindən Yaqublu kəndində mərhum nənəsi X3 mülkiyyətində olan 0,2008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təqribən 80 kv.m hissəsində fərdi yaşayış evinin inşa edilməsi faktına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin müdiri X5 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İsmayılov Rəhman Mehman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş,Oğuz rayon İcra Hakimiyyəti Yaqublu İƏDN-nin ##.##.2026-cı il tarixli arayışında qeyd olunur ki, İsmayılov Rəhman Mehman oğlu hal hazırda Oğuz rayonu, Yaqublu kəndində 2021-ci il tarixdən tikdiyi yaşayış evində yaşayır Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini proses iştirakçılarının çıxışları ilə birlikdə araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayılov Rəhman Mehman oğlunun apelyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuniliyi və əsaslılığı baxımından dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən halları hərtərəfli, tam və obyektiv araşdırmış, maddi və prosessual hüquq normalarını işin hallarına düzgün tətbiq edərək ədalətli nəticəyə gəlmişdir. İXM-in 133.2.8-ci maddəsinin tələblərinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam həcmdə yoxlamış və aşağıdakı əsaslara görə şikayəti əsassız hesab etmişdir. Məhkəmə kollegiyası müəyyən edir ki, iş materiallarında mövcud olan sübutlar, xüsusilə Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi şöbəsinin əməkdaşları və Oğuz Rayon İcra Hakimiyyəti başçısının Yaqublu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən müştərək tərtib edilmiş ## #### 2026-cı il tarixli yerində baxış aktı, habelə fotoşəkillər və torpağa mülkiyyət hüququna dair JN-*** nömrəli Dövlət Aktı İsmayılov Rəhman Mehman oğlunun əməlində inzibati xətanın tərkibini tam subuta yetirir. Aşkar edilmişdir ki, Rəhman İsmayılov tərəfindən mərhum nənəsi X3 məxsus kənd təsərrüfatı təyinatlı, çoxillik əkmələr kateqoriyasına aid olan torpaq sahəsinin təqribən 80 kvadratmetr hissəsində qanunsuz olaraq fərdi yaşayış evi inşa edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu, 10-cu və 13-cü maddələrinin tələblərinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlar yalnız kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və bu sahənin səmərəli təşkili üçün istifadə edilə bilər. Həmin torpaqlarda yalnız müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların quraşdırılmasına yol verilir. Həmin kateqoriyadan olan torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə, o cümlədən fərdi yaşayış evlərinin inşası üçün istifadə olunması torpaqların məqsədli təyinatının qanunsuz dəyişdirilməsi xarakterini daşıyır və İXM-in 247.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Şikayətçinin inzibati tənbeh vermə müddətinin keçməsi və əməlin səhvən "uzanan xəta" kimi tövsif edilməsi barədə dəlilləri hüquqi əsassızlığına görə rədd edilməlidir. İXMin 38.1-ci maddəsində inzibati tənbehin xətanın törədildiyi gündən, uzanan inzibati xətalara münasibətdə isə xətanın aşkar edildiyi gündən bir il keçənədək verilə biləcəyi təsbit edilmişdir. Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi, yəni kənd təsərrüfatı torpağında qanunsuz yaşayış evinin tikilərək saxlanılması hüquq elmində və məhkəmə təcrübəsində birmənalı olaraq uzanan inzibati xəta kimi qəbul edilir. Uzanan inzibati xəta qanunla qadağan edilmiş hüquqi vəziyyətin yaradılması ilə başlayır və şəxsin qanunsuz fəaliyyətinin dayandırılmasına, yaxud səlahiyyətli dövlət orqanı tərəfindən aşkar edilənədək fasiləsiz davam edir. Hazırkı işdə qanunsuz tikilinin mövcudluğu və torpağın təyinatından kənar istifadəsi faktı səlahiyyətli dövlət orqanları tərəfindən rəsmən 2026-cı ilin mart ayında aşkar olunmuş və dərhal protokollaşdırılmışdır. Bu səbəbdən, evin 2021-ci ildə tikilməsi barədə kənd icra nümayəndəliyinin arayışı inzibati məsuliyyət müddətinin ötürülməsini təsdiq edən amil ola bilməz, çünki qanunsuz istifadə və xəta vəziyyəti protokolun tərtib edildiyi ana qədər fasiləsiz olaraq davam etmişdir. Beləliklə, müddətin ötürülməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunauyğundur. Məhkəmə kollegiyası şikayətçinin vahid bir əmələ görə həm İXM-in 247.2-ci maddəsi, həm də İXM-in 114.1.1-ci maddəsi ilə eyni vaxtda təqsirli bilinərək ikiqat cəzalandırılması və bununla da "bir xətaya görə iki cəza vermək olmaz" prinsipinin pozulması barədə gətirdiyi dəlilləri tamamilə əsassız hesab edir. Belə ki, İXM-in strukturu və normalarının məzmununa əsasən, Məcəllənin 114-cü maddəsi hər hansı bir inzibati xəta tərkibini, qanunsuz əməli və ya sanksiyanı müəyyən edən Xüsusi Hissə norması deyil, inzibati xəta haqqında işlər üzrə icraatın qaydalarını tənzimləyən Prosessual Hissə normasıdır. Həmin maddənin 114.1.1-ci yarımbəndinin mətni hər hansı bir cəzanı nəzərdə tutmur, sadəcə olaraq inzibati xəta haqqında işə baxan səlahiyyətli orqanın (vəzifəli şəxsin) işin nəticəsinə dair çıxara biləcəyi prosessual qərarların növlərini (hazırkı halda "inzibati tənbeh vermə haqqında" qərarı) müəyyən edir. Göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsi tərəfindən çıxarılmış ## #### 2026-cı il tarixli, MN № ******* nömrəli qərarda İXM-in 114.1.1-ci maddəsinə edilən istinad şəxsin ikinci bir xətaya görə məsuliyyətə cəlb olunmasını deyil, rəsmi sənədin məhz qanunla nəzərdə tutulmuş "inzibati tənbeh vermə haqqında qərar" formasında tərtib edildiyini göstərən prosessual əsasdır. Şəxs barəsində tətbiq edilən maddi hüquq norması və yeganə xəta tərkibi isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatından kənar istifadə edilməsinə görə sanksiyanı nəzərdə tutan İXM-in 247.2-ci maddəsidir. Bu baxımdan, şikayətçinin qərarın prosessual hissəsindəki maddə istinadını maddi-hüquqi cəza maddəsi kimi şərh etməsi qanunun mahiyyətinin yanlış qəbul edilməsindən irəli gəlir və iş materialları ilə sübuta yetirilir ki, İsmayılov Rəhman Mehman oğlu barəsində eyni bir hərəkətə görə iki fərqli sanksiya tətbiq edilməmiş, vətəndaş qanunvericiliyin tələblərinə tam uyğun olaraq yalnız bir inzibati xətaya görə təkbaşına cərimə olunmuşdur. Həmçinin apellyatorun “qərarda protokol tərtib edən orqanın polis orqanı kimi göstərilməsi” arqumentinə gəldikdə məhkəmə qeyd edir ki, qeyd edilən hal məhkəmə tərəfindən texniki xəta kimi qiymətləndirilir və hüquqi əhəmiyyət kəsb etmir. Məhkəmə kollegiyası İXM-nin 84.1-ci maddəsini rəhbər tutaraq, işin bütün hallarını məcmusunda, hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək bu qənaətə gəlir ki, qanunsuz tikili vasitəsilə torpaq fondundan qanunsuz istifadə faktı təkzibedilməzdir. Şikayətçinin müraciətində irəli sürdüyü arqumentlər inzibati xəta hadisəsini və şəxsin təqsirini istisna etmir, qanunla müəyyən olunmuş inzibati məsuliyyətdən yayınma məqsədi daşıyır və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yarada bilməz. Tətbiq edilmiş 500 manat məbləğində inzibati cərimə tənbehi qanunvericiliyin tələblərinə, törədilmiş əməlin xarakterinə və İXM-in vəzifələrinə tam mütənasibdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: • məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları (9-cu maddənin 2-ci hissəsi); torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir (10-cu maddənin 3-cü hissəsi); torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır (12-ci maddənin 1-ci hissəsi); kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. (13-cü maddənin 1-ci hissəsi) kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar (13-cü maddənin 2-ci hissəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na müvafiq olaraq 1.5-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının bir-biri arasında dəyişdirilməsi halları istisna olmaqla, kateqoriya daxilində torpaqların məqsədli təyinatının dəyişdirilməsi Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Həmin qaydaların 1.8-ci bəndinə əsasən kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur və onların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq bu Qaydaların tələbləri nəzərə alınmaqla yol verilir. İXM-in 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə olan halda, məhkəmə şikayətdə qeyd etdiyi dəlillərə də münasibət bildirərək bu qənaətdədir ki, bu dəlillər Oğuz Rayon Məhkəməsinin məlum qərarının ləğv edilməsi üçün əsas ola bilməz. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayılov Rəhman Mehman oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İsmayılov Rəhman Mehman oğlu tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə üzrə Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar