Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-347/2026 03.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Xəlilov Ramin Ramiz oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 iştrakı ilə, Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, Müəyyən etdi: Ismayıllı Rayon Məhkəməsinin (hakim N.Qoşqarova) ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Ismayıllı rayon Qubaxəlilli Bələdiyyəsinin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası IXM) 253.1.1-3 cü maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Işin halları: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsindən daxil olmuş Azərbaycan Respublikası IXM-nin 253- 1.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol baxılması üçün Ismayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda göstərilir ki, Ismayıllı rayon X3 rayonu Qubaxəlilli Bələdiyyəsinin mülkiyyətində olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları * saylı regional ekologiya və təbii sərvətlər idarəsinə (bundan sonra-idarə) təqdim etməmiş və onun tərəfindən Məcəllənin 253-1.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Iş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi şikayət verərək, Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz, əsassız və maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmişdir. Belə ki, Qubaxəlilli Bələdiyyəsi "Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası"na əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqların uçotu və monitorinqi barədə məlumatları qanunla müəyyən edilmiş müddətdə aidiyyəti üzrə təqdim etməmişdir. Qanun və Qayda bələdiyyəyə bu məlumatları təqdim etmək vəzifəsini birbaşa qoyur. Bu vəzifənin yaranması üçün * saylı RETSI tərəfindən əlavə xəbərdarlıq, məktub, tələbnamə və ya xüsusi bildiriş göndərilməsi şərt kimi nəzərdə tutulmamışdır. Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrində yaşıllıqların mühafizəsi, uçotu və monitorinqi ilə bağlı vəzifələri vardır. Qanunun 8-ci, 11-ci və 12-ci maddələrinin məzmundan görünür ki, bələdiyyələr öz mülkiyyətində olan torpaqlardakı yaşıllıqlara dair məlumatların formalaşdırılmasında və aidiyyəti üzrə təqdim edilməsində iştirak etməlidirlər. Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın 2.5-ci bəndinə əsasən yaşıllıqlar barədə ümumiləşdirilmiş hesabatlar hər il yanvarın 1-dən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir. Deməli, Qubaxəlilli Bələdiyyəsinin hesabat təqdim etmək öhdəliyi qanunvericilikdən birbaşa irəli gəlmişdir və bu öhdəlik 2025-ci il üzrə icra edilməmişdir. Həmçinin məhkəmə qərarında protokolun tərtibi zamanı IXM-in 100-cü maddəsinin tələblərinə istinad edilmiş və protokolun barəsində iş aparılan şəxsin iştirakı olmadan tərtib edilməsi əsas kimi göstərilmişdir. Lakin iş materiallarından görünür ki, protokol bələdiyyə nümayəndəsinə təqdim edilmiş, o isə protokolu imzalamaqdan imtina etmişdir. Bu barədə protokolda müvafiq qeyd aparılmışdır. Inzibati xəta haqqında protokolu imzalamaqdan imtina edilməsi protokolun etibarsızlığına səbəb olmur. Əksinə, bu hal protokolda qeyd edilməklə prosessual qayda təmin edilmiş sayılır. Bundan başqa, məhkəmə protokolun formal tərəflərinə üstünlük vermiş, lakin əsas məsələni bələdiyyənin qanunla müəyyən edilmiş hesabatı təqdim edib-etməməsini lazımi qaydada araşdırmamışdır. Iş üzrə əsas fakt mübahisəsizdir: Qubaxəlilli Bələdiyyəsi yaşıllıqların uçotu və monitorinqi barədə hesabatı qanunla müəyyən edilmiş müddətdə təqdim etməmişdir. Bələdiyyə sədrinin "xəbərdarlıq edilməmişdir", "texniki vasitə verilməmişdir", "təlim keçirilməmişdir", "torpaq sərhədləri müəyyən olunmamışdır" kimi izahatları hüquqi baxımdan inzibati məsuliyyəti istisna edən hallar deyildir. Əgər bələdiyyə hesabatı tam formada hazırlamaqda çətinlik çəkirdisə, bu barədə vaxtında aidiyyəti dövlət orqanlarına yazılı müraciət etməli, məlumatların təqdim edilməsi üçün zəruri tədbirlər görməli idi. Lakin bələdiyyə tərəfindən belə bir müraciətin edilməsi barədə iş materiallarında heç bir sübüt yoxdur. Bu isə onu göstərir ki, bələdiyyə qanunla müəyyən edilmiş vəzifəni icra etməmiş və hərəkətsizliyə yol vermişdir. Odur ki, Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və Ismayıllı rayon Qubaxəlilli Bələdiyyəsinin Azərbaycan Respublikası IXM-nin 253-1.1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində qanunla nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməsi xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Ismayıllı rayon Qubaxəlilli Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası IXM IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası IXM IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası IXM IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş mаteriаllаrı ilə birlikdə araşdırıb, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə, şikayət təmin edilməməli və iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materillarında olan ## ### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, Ismayıllı rayonu Qubaxəlilli Bələdiyyəsi tərəfindən “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli *** saylı qərarının tələbində göstərilən müddətdə yaşıllıqların uçot hesabatlarının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmədiyi göstərilmişdir. Işdə olan Ismayıllı rayonu Qubaxəlilli Bələdiyyəsinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbi Sərvətlər Idarəsinə ünvanlandığı ## ### 2026-cı il tarixli, ** saylı məktubundan görünür ki, Qubaxəlilli Bələdiyyəsi yaşıllıqların uçotu ilə bağlı hesabatı ## ### 2026-cı il tarixdə təqdim etmişdir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Yaşıllıqların uçotu, kadastrı və monitorinqi: - 12.2. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq bu Qanunun 8.2.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid metodika əsasında həyata keçirilir (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini istifadəsində olan torpaq sahələrində yaşıllıqların uçotuna və monitorinqinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yaşıllıqların uçotuna və monitorinqinə münasibətdə yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılmasına münasibətdə isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər (“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il # ### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə ## #### 2014-cü il *** nömrəli Fərman). Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 2.5-ci bəndinə görə həmin Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” təqdim edilir. Belə ki, qanunvericilik normalarından da aydın olur ki, Azərbaycan Respublikası ərazisində yerləşən hər bir bələdiyyə öz mülkiyyətində olan torpaqlarda yerləşən yaşıllıqların uçotunu və monitorinqini hər il yanvarın 1-nə kimi aparmalı və həmin hesabatları müvafiq qaydada təsdiq edərək, kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməlidir. Sözügedən Qaydanın 2.2-ci bəndinə görə yaşıllıqların uçotu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik vəaerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlardan və müvafiq proqramtəminatından istifadə etməklə, əsasən ilin yaz və payız aylarında, habelə elmi-praktiki dəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq cəlb etməklə aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə isə istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli, *** nömrəli qərarı ilə ArcGIS proqramında mdb formatında təsdiq edilmiş Azərbaycan Respublikasının şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələr nəzərə alınmaqla aparılmalıdır. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ismayıllı rayon Qubaxəlilli Bələdiyyəsindən nəinki yaşıllıqların uçotu və monitorinqinə dair hər hansı hesabat tələb edilməmiş, hətta monitorinqi və uçotu aparmaq məqsədi ilə Qubaxəlilli bələdiyyəsi hər hansı topoqrafiya, geodeziya alətləri, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlar və müvafiq proqram təminatı ilə təchiz edilməmişdir. Həmçinin inzibati xəta haqqında protokol tərtib etmiş idarənin nümayəndəsi isə öz növbəsində Ismayıllı rayon Qubaxəlilli Bələdiyyəsinin mülkiyyətində olan torpaqlarda yerləşən yaşıllıqların uçotu və monitorinqinin aparılması məqsədi ilə hər hansı texniki vasitə və ya proqram təminatı ilə təmin edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki həmin Qaydanın tələblərinə görə bələdiyyələri müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlar və müvafiq proqram təminatı ilə təchiz etmək, habelə elmi-praktiki dəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini cəlb etməklə müvafiq bələdiyyə əməkdaşlarına təlim keçmək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, o cümlədən onun ərazi strukturlarının bilavasitə vəzifələridir. Qeyd edilən tələblər olmadan bələdiyyə tərəfindən onun ərazisinin sərhədləri müəyyən edilmədən oradakı yaşıllıqların növünün, ərazisinin müəyyən edilməsi praktiki baxımdan da mümkün deyildir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Ismayıllı rayon Qubaxəlilli Bələdiyyəsinin əməlində Аzərbаycаn Respublikаsı IXM-nin 253-1.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən qаnuni və əsаslı оlаrаq Ismayıllı rayon Qubaxəlilli Bələdiyyəsi barəsində inzibаti xətа hаqqındа iş üzrə icrааtа xitаm verilmişdir. Apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik bələdiyyələri müasir topoqrafiya, geodeziya alətləri, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlar və müvafiq proqram təminatı ilə təchiz etmək, habelə bələdiyyə əməkdaşlarına təlimlər keçmək vəzifəsini bilavasitə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun ərazi strukturlarının üzərinə qoyur. Hazırkı iş üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya Idarəsi Qubaxəlilli Bələdiyyəsinə bu növ texniki dəstək verdiyini, ərazinin sərhədlərini və ortofotoplanlarını təqdim etməsi iş materialları ilə sübut olunmur, həmçinin apellyasiya məhkəməsinə də bu sübutlar təqdim edilməmişdir. Eyni zamanda apellyasiya məhkəməsi şikayətin dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, protokol tərtib edilmiş şəxsin iştirakı olmadan protokol tərtib edilməsi onun özünü müdafiə, barəsində aparılan inzibati iş üzrə sübutların inzibati orqana təqdim etməsi hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır ki, bu da qanunun tələblərinə ziddir. Protokol tərtib etmiş orqan apellyasiya şikayətinin dəlilində protokol tərtib edilmiş şəxsin özünün həmin protokoldan imtina etməsini qeyd etsə belə həmin şəxsin özü tərəfindən protokoldan imtina etməsini təsdiq edəcək sənəd məhkəməyə təqdim edilməmişdir. Odur ki, inzibati orqan tərəfindən bu halı təsdiq edəcək sübutun təqdim edilməməsi həmin inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin həqiqətən də özü tərəfindən protokolu almasından imtina etməsini şübhə altına almış olur. Аzərbаycаn Respublikаsı IXM-nin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Аzərbаycаn Respublikаsı IXM-nin 53.1.2-ci mаddəsinə əsаsən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda bаşlаnmış inzibаti xətа hаqqındа iş üzrə icrааtа xitаm verilir. Аzərbаycаn Respublikаsı IXM-nin 53.2-ci mаddəsinə əsаsən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından şikаyət təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. Аzərbаycаn Respublikаsı IXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Аzərbаycаn Respublikаsı IXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Аzərbаycаn Respublikаsı IXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyildir. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissə: Аzərbаycаn Respublikаsı IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsı IXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-347/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-347/2026
03.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver