Məhkəmə qərarları › İş №3(3-10)-348/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-348/2026

06.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-348/2026 06.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 3(5-132)-241/2026 (sədrlik edən N.Qoşqarova) nömrəli qərarı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Ismayıllı rayonu Qalınçaq Bələdiyyəsinin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 253-1.1.3-cü maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Işin halları: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsindən daxil olmuş IXM-in 253-1.1.3-cü maddəsi ilə tərtib edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Ismayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokoldan görünür ki, Ismayıllı rayonu Qalınçaq Bələdiyyəsi tərəfindən bələdiyyənin mülkiyyətində olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə təqdim edilməmiş və onun tərəfindən IXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Ismayıllı rayon Qalınçaq bələdiyyəsi tərəfindən “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** saylı Qərarının tələbində göstərilən müddətdə yaşıllıqların uçot hesabatlarının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən bələdiyyə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bələdiyyələrə həmin hesabatın təqdim edilməsi ilə bağlı rəsmi xəbərdarlıq edilməmişdir. Çünki həmin hesabat hər il yanvar ayının 1-dən fevral ayının 20dək idarəyə təqdim edilməlidir. Buna baxmayaraq Ismayıllı rayon Qalınçaq Bələdiyyəsi 2025ci il tarixə aid hesabatları təqdim etməmişdir. Protokol tərtib edilməsi ilə bağlı mobil telefon vasitəsi ilə bələdiyyə sədrinə şifahi məlumat verilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ismayıllı rayonu Qalınçaq Bələdiyyəsinin sədri X3 izahat verərək bildirdi ki, 2025-ci il tarixdə keçirilən bələdiyyə seçkilərində sədr seçilmiş və bir neçə kənd Qalınçaq Bələdiyyəsinə birləşmişdir. Qeyd olunan hesabatı verməli olduğunu bilməmişdir. Həmin hesabat tələb olunmamış və bununla bağlı hər hansı xəbərdarlıq edilməmişdir. Protokol tərtib olunmamışdan bir neçə gün öncə ona Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin əməkdaşı mobil telefon vasitəsi ilə zəng etmiş və həmin hesabatları təqdim etmədiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunacağını bildirmişdir. Bələdiyyə barəsində tərtib edilmiş protokolla razı deyil. Belə ki, protokol onun iştirakı ilə tərtib edilmiş və ona hər hansı rəsmi xəbərdarlıq edilməmişdir. Həmin hesabatın tələb olunması ilə bağlı heç bir rəsmi xəbərdarlıq da göndərilməmişdir. Bundan başqa 2025-ci ildə keçirilən bələdiyyə seçkilərində bir neçə kənd Qalınçaq Bələdiyyəsinə birləşdirilmişdir. Ismayıllı rayonu Qalınçaq kəndi və ona birləşən digər kəndlərin ərazilərinin dəqiq xəritələri müəyyən edilmədiyinə görə, hansı yaşıllıqların bələdiyyənin mülkiyyətində olduğunu, habelə müvafiq texniki avadanlıqları və bilikləri olmadığına görə bitki və ağacların növünü, yaşını, cinsini və digər meyarlarını müəyyən edə bilmirlər. Bununla belə, onun bələdiyyə sədri olduğu müddətdə yaşıllıqların uçotu və monitorinqinin hansı qaydada aparılması barədə onlara heç bir təlimat və cihaz verilməmişdir. Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə ümumiləşdirilmiş hesabatları təqdim edilmədiyi üçün bələdiyyə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla bələdiyyə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ## ### 2026-cı il tarixdə * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən Ismayıllı rayonu Qalınçaq Bələdiyyəsi barəsində inzibati xəta haqqında MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Protokolun mahiyyəti ondan ibarətdir ki, Qalınçaq Bələdiyyəsi “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”na əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqların uçotu və monitorinqi barədə məlumatları qanunla müəyyən edilmiş müddətdə aidiyyəti üzrə təqdim etməmişdir. Bu əməl IXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır.

2. Məhkəmənin gəldiyi nəticə əsassızdır Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, bələdiyyəyə müvafiq texniki vasitə, proqram təminatı, ortofotoplan və təlim verilmədiyindən, habelə guya bələdiyyədən rəsmi qaydada hesabat tələb olunmadığından inzibati xəta tərkibi mövcud deyil. Bu yanaşma qanunvericiliyin mahiyyətinə ziddir. Qanun və Qayda bələdiyyəyə bu məlumatları təqdim etmək vəzifəsini birbaşa qoyur. Bu vəzifənin yaranması üçün * saylı RETSI tərəfindən əlavə xəbərdarlıq, məktub, tələbnamə və ya xüsusi bildiriş göndərilməsi şərt kimi nəzərdə tutulmamışdır. Bələdiyyə qanunvericiliklə üzərinə qoyulmuş vəzifəni bilməli və icra etməli olan publik hüquqi subyektdir. Qanunu bilməmək və ya daxili təşkilati çətinliklər inzibati məsuliyyətdən azad etmə əsası ola bilməz.

3. Qalınçaq Bələdiyyəsinin hüquqi öhdəliyi birbaşa qanundan irəli gəlir “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrində yaşıllıqların mühafizəsi, uçotu və monitorinqi ilə bağlı vəzifələri vardır. Qanunun 8-ci, 11-ci və 12-ci maddələrinin məzmundan görünür ki, bələdiyyələr öz mülkiyyətində olan torpaqlardakı yaşıllıqlara dair məlumatların formalaşdırılmasında və aidiyyəti üzrə təqdim edilməsində iştirak etməlidirlər. Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın 2.5-ci bəndinə əsasən yaşıllıqlar barədə ümumiləşdirilmiş hesabatlar hər il yanvarın 1-dən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməlidir. Deməli, Qalınçaq Bələdiyyəsinin hesabat təqdim etmək öhdəliyi qanunvericilikdən birbaşa irəli gəlmişdir və bu öhdəlik 2025-ci il üzrə icra edilməmişdir.

4. Protokolun tərtibində prosessual pozuntu yoxdur Məhkəmə qərarında protokolun tərtibi zamanı IXM-in 100-cü maddəsinin tələblərinə istinad edilmiş və protokolun barəsində iş aparılan şəxsin iştirakı olmadan tərtib edilməsi əsas kimi göstərilmişdir. Lakin iş materiallarından görünür ki, protokol bələdiyyə nümayəndəsinə təqdim edilmiş, o isə protokolu imzalamaqdan imtina etmişdir. Bu barədə protokolda müvafiq qeyd aparılmışdır. Inzibati xəta haqqında protokolu imzalamaqdan imtina edilməsi protokolun etibarsızlığına səbəb olmur. Əksinə, bu hal protokolda qeyd edilməklə prosessual qayda təmin edilmiş sayılır. Bundan başqa, məhkəmə protokolun formal tərəflərinə üstünlük vermiş, lakin əsas məsələni — bələdiyyənin qanunla müəyyən edilmiş hesabatı təqdim edib-etməməsini — lazımi qaydada araşdırmamışdır. Iş üzrə əsas fakt mübahisəsizdir: Qalınçaq Bələdiyyəsi yaşıllıqların uçotu və monitorinqi barədə hesabatı qanunla müəyyən edilmiş müddətdə təqdim etməmişdir.

5. Məhkəmə sübutları birtərəfli qiymətləndirmişdir. Məhkəmə bələdiyyə sədrinin izahatını əsas götürərək inzibati xəta tərkibinin olmadığını qəbul etmişdir. Halbuki həmin izahatlar bələdiyyənin məsuliyyətdən yayınmaq məqsədi daşıyan subyektiv mövqeyidir. Bələdiyyə sədrinin “xəbərdarlıq edilməmişdir”, “texniki vasitə verilməmişdir”, “təlim keçirilməmişdir”, “torpaq sərhədləri müəyyən olunmamışdır” kimi izahatları hüquqi baxımdan inzibati məsuliyyəti istisna edən hallar deyildir. Əgər bələdiyyə hesabatı tam formada hazırlamaqda çətinlik çəkirdisə, bu barədə vaxtında aidiyyəti dövlət orqanlarına yazılı müraciət etməli, məlumatların təqdim edilməsi üçün zəruri tədbirlər görməli idi. Lakin bələdiyyə tərəfindən belə bir müraciətin edilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Bu isə onu göstərir ki, bələdiyyə qanunla müəyyən edilmiş vəzifəni icra etməmiş və hərəkətsizliyə yol vermişdir.

6. IXM-in 253-1.1.3-cü maddəsinin tərkibi mövcuddur IXM-in 253-1.1.3-cü maddəsinə əsasən, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Bu işdə maddənin bütün zəruri əlamətləri mövcuddur: Subyekt - Qalınçaq Bələdiyyəsi; Obyekt - yaşıllıqların uçotu, monitorinqi və ekoloji idarəetmə sahəsində dövlət nəzarəti münasibətləri; Obyektiv tərəf - hesabatın qanunla müəyyən edilmiş müddətdə təqdim edilməməsi; Təqsir - bələdiyyənin öz qanuni vəzifəsini bilməsinə və bilməli olmasına baxmayaraq onu icra etməməsi. Bu səbəbdən məhkəmənin “inzibati xəta tərkibi yoxdur” nəticəsi əsassızdır.

7. Məhkəmə dövlət ekoloji nəzarətinin məqsədini nəzərə almamışdır Yaşıllıqların uçotu və monitorinqi formal hesabat xarakteri daşımır. Bu məlumatlar yaşıllıqların qorunması, qanunsuz kəsilmələrin qarşısının alınması, yaşıllıq sahələrinin azalmasının izlənilməsi və ekoloji təhlükəsizliyin təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Odur ki, Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməsini, Ismayıllı rayon Qalınçaq Bələdiyyəsinin əməlində IXM-in 253-1.1.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmasının müəyyən edilməsini, barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ismayıllı rayonu Qalınçaq Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Hüquqi məsələlər

IXM-in 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Iş materiallarında olan ## ### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, Ismayıllı rayonu Qalınçaq Bələdiyyəsi tərəfindən “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli *** saylı qərarının tələbində göstərilən müddətdə yaşıllıqların uçot hesabatlarının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini proses iştirakçısının çıxışı ilə birlikdə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin apellyasiya şikayəti təmin edilmədən, Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ismayıllı rayonu Qalınçaq Bələdiyyəsinin əməlində IXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmadığı barədə düzgün və hüquqi cəhətdən əsaslandırılmış nəticəyə gəlmiş, iş üzrə icraata xitam verməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır. Məhkəmə qeyd edir ki, IXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan şəxs inzibati məsuliyyətə cəlb olunur. Inzibati xətanın tərkibi subyekt, obyekt, subyektiv cəhət və obyektiv cəhət elementlərinin vəhdətini tələb edir və bu elementlərdən hər hansı birinin olmaması inzibati məsuliyyəti tamamilə istisna edir. Inzibati məsuliyyətin yaranması üçün şəxsin qanunla üzərinə qoyulmuş öhdəliyi yerinə yetirməməsində onun qəsdi və ya ehtiyatsızlığı, yəni təqsiri sübuta yetirilməlidir. Iş materiallarından isə görünür ki, Ismayıllı rayonu Qalınçaq Bələdiyyəsinin hesabatı qanunla müəyyən edilmiş müddətdə təqdim etməməsi onun subyektiv iradəsindən və təqsirli davranışından deyil, obyektiv səbəblərdən və icrası qeyrimümkün olan hallardan irəli gəlmişdir. Bu da əməldə inzibati xəta tərkibinin subyektiv cəhətinin mövcudluğunu rədd edir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 2.2 və 2.4-cü bəndlərinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlarda yaşıllıqların uçotu vahid metodika əsasında, müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkillərindən, habelə ArcGIS proqramından (mdb formatında) istifadə edilməklə aparılmalıdır. Həmin normaların mətni və hüquqi mahiyyəti göstərir ki, dövlət orqanları bələdiyyələrə bu sahədə metodiki və texniki dəstəyi təmin etməli, müvafiq proqram təminatı və cihazların istifadəsi ilə bağlı təlimatlar verməlidir. Iş üzrə müəyyən edilmişdir ki, qeyd olunan ərazilərin dəqiq xəritələri bələdiyyəyə təqdim edilməmiş, yaşıllıqların uçotunun aparılması üçün heç bir texniki cihaz, proqram təminatı və ya metodiki təlimat verilməmişdir. Müvafiq xəritə, cihaz və xüsusi biliklər olmadan ağacların növünü, yaşını, cinsini və koordinatlarını müəyyən edərək elektron formatda vahid hesabat hazırlamaq bələdiyyə sədri üçün obyektiv olaraq qeyri-mümkün olmuşdur və qanunverici icrası qeyri-mümkün olan öhdəliklərin yerinə yetirilməməsinə görə şəxslərin xarakterli inzibati tənbehə məruz qalmasını qadağan edir. Protokol tərtib etmiş orqanın şikayətində göstərdiyi “IXM-in 253-1.1.3-cü maddəsinin dispozisiyasının sadə olması və yalnız hesabatın verilməməsi faktının kifayət etməsi” barədə dəlili hüquqi cəhətdən əsassızdır və qanunun formal şərhinə əsaslanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati-delikt hüququ normaları tətbiq edilərkən qanunçuluq və ədalətlilik prinsipləri rəhbər tutulmalı, dövlət orqanları ilə münasibətlərdə formal mülahizələrə deyil, şəxsin hüquq və vəzifələrinin real həyata keçirilməsi imkanlarına üstünlük verilməlidir. Regional Idarə tərəfindən bələdiyyəyə yaşıllıqların monitorinqinin aparılması ilə bağlı heç bir rəsmi bildiriş və xəbərdarlıq göndərilmədiyi halda, birbaşa cəza xarakterli protokolun tərtib edilməsi inzibati qanunvericiliyin preventiv mahiyyətinə ziddir. Bundan başqa, IXM-in 6-cı və 100-cü maddələrinin tələblərinə görə, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində icraat aparılan şəxsin prosessual hüquqları, o cümlədən izahat vermək, vəsatət qaldırmaq və protokolun surətini almaq hüququ tam təmin edilməlidir. Işin hallarından görünür ki, protokol Ismayıllı rayon Qalınçaq Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan, onun hüquq və vəzifələri izah edilmədən tərtib olunmuşdur. Şikayətdə qeyd olunan “şəxsin iştirak etməməsinin protokolun etibarlılığına təsir etməməsi” barədə dəlil yalnız şəxsin protokoldan qanuni qaydada yayınması və ya çağırışdan boyun qaçırması hallarına aid edilə bilər. Mövcud işdə isə şəxsə rəsmi çağırış vərəqəsi göndərilmədiyi, onun prosessual hüquqlarının reallaşdırılması üçün real imkan yaradılmadığı müəyyən edilmişdir ki, bu növ prosessual pozuntular çərçivəsində tərtib olunmuş protokol IXM-in 53.2-ci maddəsinin mənasına görə qanuna zidd olaraq əldə edilmiş sübut hesab olunur və onun əsasında şəxsin məsuliyyətə cəlb edilməsi yolverilməzdir. IXM-in 253-1.1-ci maddəsinə görə yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni: 253-1.1.3. yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu 1.3.1. yaşıllıqların uçotu və kadastrı – yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər zəruri məlumatların məcmusu; 1.3.2. yaşıllıqların monitorinqi – yaşıllıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların xüsusiyyətlərini və xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemi. Maddə 8. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri 8.1. Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. 8.2.3. mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifəsidir. Maddə 11. Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları 11.0.2. yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə isə bələdiyyədən məlumat almaq. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Resoublikası Prezidentinin ## #### 2016-cı il tarixli, *** saylı Fərmanının 1.3-cü bəndi “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.0.2-ci maddəsində (yaşıllıqların kadastrı barədə məlumata münasibətdə) nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 12. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi 12.2. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq bu Qanunun 8.2.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid metodika əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 2.5-ci bəndinə görə, həmin Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir. Sözügedən Qaydanın 2.2-ci bəndinə görə, yaşıllıqların uçotu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik vəaerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlardan və müvafiq proqramtəminatından istifadə etməklə, əsasən ilin yaz və payız aylarında, habelə elmi-praktikidəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq cəlb etməklə aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə, istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli, *** nömrəli qərarı ilə ArcGIS proqramında mdb formatında təsdiq edilmiş Azərbaycan Respublikasının şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələr nəzərə alınmaqla aparılmalıdır. Digər tərəfdən, IXM-in 18.3-cü maddəsinin və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ### 2026-cı il tarixli Qərarının hüquqi mənasına əsasən, hüquqi şəxsin maraqları üçün və ya onun adından hərəkət edən vəzifəli şəxsin inzibati xəta törətməsi hüquqi şəxsin inzibati məsuliyyətini istisna etməməklə paralel məsuliyyət rejimi yaratsa da, bu norma hər iki subyektin avtomatik tənbeh olunması kimi şərh edilə bilməz. Hüquqi şəxs statusunda olan Ismayıllı rayon Qalınçaq Bələdiyyəsinin müstəqil inzibati məsuliyyətinin yaranması üçün onun vəzifəli şəxsi olan X3 fərdi məsuliyyətindən ayrı, müstəqil bir hüquqi əsas sübuta yetirilməli idi. Eyni zamanda, apellyasiya məhkəməsi vurğulayır ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericilikdə təsbit edilmiş “əməlin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi” kriteriyası mütləq şəkildə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarında yaşıllıqların uçotu məlumatlarının vaxtında təqdim edilməməsinin konkret olaraq Ismayıllı rayonu Qalınçaq Bələdiyyəsinin mənfəətinə, hüquqi və ya maddi maraqlarına hansı formada xidmət etdiyi, yaxud bu fəaliyyətsizlikdən hüquqi şəxsin nə dərəcədə fayda götürdüyü hüquqi cəhətdən əsaslandırılmamışdır. IXM-in 8.1 və 8.2-ci maddələrində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi hüquqi şəxslərə də tam şamil olunduğundan, hüquqi şəxsin daxili iradəsinin və idarəetmə qüsurunun müstəqil şəkildə sübuta yetirilməməsi qəbul edilmiş məhkəmə aktının qanuniliyini əhəmiyyətli dərəcədə şübhə altına qoyur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXM-in 2-ci maddəsi). IXM-in 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. IXM-in 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. Beləliklə, inzibati xətalar qanunvericiliyi səlahiyyətli orqanla fiziki və hüquqi şəxslər arasında inzibati xətalarla bağlı yaranan münasibətləri tənzimləyir. Bu münasibətlərdə tərəflərdən biri kimi dövlət orqanı və ya qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş hər hansı bir publik subyekt çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il # #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. Inzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. Inzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

Göstərilənlərə əsasən və IXM-in 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi,

qərara aldı:

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar