Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-350/2026 06.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin direktoru Məmmədova Aynur Rövşən qızı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin direktoru Məmmədova Aynur Rövşən qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən G.Quliyeva) “xxxx” MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - IXM) 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, оnun bаrəsində 6.000 (altı min) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Işin halları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” MMC barəsində IXM-in 215.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərmişdir. Inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 11:20-də ünvan 2 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar, cərrahi stomatoloji iş və fəaliyyət aşkarlanmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin nümayəndəsi Məmmədova Aynur Rövşən qızı izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, qeyd olunan tarixdə Səhiyyə Nazirliyinin işçiləri gələrək klinikada yoxlama aparmış, yoxlama zamanı Elçin həkimin fəaliyyət göstərdiyi otağında kəlpətin aşkar edilmiş, yoxlama klinikada diş çəkildiyini bununla göstərmiş və ona müəyyən sənədlərə imza çəkməsini bildirərək həkimə 300 manat cərimə yazılacağını bildirmişlər. Lakin sonradan ünvanına gələn məktubda özünün barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu görmüşdür. Həmin obyekti adı çəkilən həkimlərə icarəyə verməklə onlardan 300 manat icarə haqqı aldığını bildirmiş, heç birinə lisenziyadan kənar fəaliyyətlə məşğul olmağına icazə verməmişdir. Bu səbəbdən, Elçin həkimin bu fəaliyyətlə məşğul olduğu təqdirdə onun məsuliyyətə cəlb olunması məsələsini nəzərə almağı və daha yüngül tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən vəkil Vəkil bildirmişdir ki, “xxxx” MMC barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ilə razı deyil. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.9-cu maddəsinə əsasən, anonim müraciətlər əsasında plandankənar yoxlama aparıla bilməz, aparılan yoxlamanın nəticəsi etibarsızdır. Səhiyyə Nazirliyi özü bu qanuna istinad etməsinə baxmayaraq, özləri həmin qanunun tələblərini pozur. Inzibati xəta haqqında protokolda da tarixin düzgün yazılmadığını qeyd edərək prosessual pozuntuya yol verdiklərini göstərmişdir. Qeyd olunanlardan irəli gələrək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin direktoru Məmmədova Aynur Rövşən qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin direktoru Məmmədova Aynur Rövşən qızı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi işin hallarını hərtərəfli araşdırmadan əsassız protokol tərtib etmişdir. Belə ki, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, tibb ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan, qanunla müəyyən edilmiş hallarda sertifikasiyadan keçmiş, qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi fəaliyyətin müəyyən növünə uyğun xüsusi razılıq alan, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun tibbi iş stajı olan Azərbaycan Respublikasının vətəndaşları özəl tibbi praktika ilə məşğul ola bilərlər. Qanunvericiliyin tələbindən də göründüyü kimi klinikanın lisenziyası olmalı və həkimin stomatoloji fəaliyyətlə məşğul olması ilə bağlı sertifikasiyadan keçməlidir. Bunlar hər biri mövcuddur və hər-hansı pozuntu yoxdur. Lakin ona sonradan məlum olur ki, guya həkimlərdən biri diş çəkirmiş. Klinikada diş çəkimi və ya cərrahi əməliyyatlarla bağlı hər-hansı icazə yoxdur. Onun tərəfindən bununla bağlı heç kimə icazə verilməmişdir. Yoxlama aparılan gün o, klinikada olmamışdır. Yoxlamanın aparılmasından xəbəri olmamışdır. Çünki klinikada demək olar çox az olur. Klinikanın yoxlanması barədə məlumat verilməmiş və xəbəri olmadan klinikaya daxil olunmuşdur. O, bir neçə saat sonra gəlmiş və ona narahat olmağa əsas olmadığını bildirmişlər və demişlər ki, siz nümunəvi klinikasınız və problem yoxdur. O, heç vaxt heç bir həkimə diş çəkməyə icazə verməmiş və klinikada əməliyyat etmək üçün heç bir vasitə ola bilməz. Əgər hər hansı həkim bunu etmişdirsə həmin həkimin cəzalanması lazımdır, klinikanın deyil. Səhiyyə Nazirliyinə ünvanlanmış şikayət tamamilə formal xarakter daşımış, saxta mail səhifəsi açılaraq edilmişdir. Bu günə qədər onlar barəsində hər hansı real şikayət olunmamış, müştəriləri hər zaman onlardan məmnun olmuşlar. Yəni, plandankənar yoxlamanın aparılması əsası kimi göstərilən şikayətin kim tərəfindən edildiyi məlum olmadığı kimi, həmçinin həqiqəti də əks etdirmir. Yazılmış mailə fikir verilsə həmin mesajda lazer epilyasiyasından söhbət gedir. Mövzunu dəyişmək yaddan çıxmış və bir ara Səhiyyə Nazirliyinin lazer epilyasiya ilə əlaqədar etdikləri cərimələri təkrarlamaq istəyirlər. Eyni zamanda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.9-cu maddəsinə əsasən, anonim müraciətlər (məlumatlar) əsasında bu Qanunun 16.1.3-cü maddəsinə istinad etməklə plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz. Qeyd olunanlara əsasən keçirilmiş plandankənar (növbədənkənar) yoxlamanın nəticəsi etibarsızdır. Ən maraqlı hal isə sözügedən işlərin görülməsi üçün sertifikatı olmaması göstərilən həkim X3 barəsində protokol tərtib olunmamısdır. Elçin Şahsuvarovun hər hansı pozuntusu olsaydı, bu barədə ilk növbədə onun barəsində protokol tərtib edilərdi. Sözügedən hallar iş materialları ilə öz əksini tapmış və məhkəmə iclasında hüquqi şəxsin təqsirinin olmaması müəyyən olunmuşdur. Hüquqi şəxs insan deyildir ki, hər hansı pozuntu törətsin. Bununla bağlı Konstitusiya Məhkəməsinin yeni Qərarı var ki, həmin qərarda da hüquqi şəxsin bu qaydada cərimələnməsi əsassız sayılmışdır. Bu ədalətsizlikdir və “xxxx” MMC barəsində olan qərar mütləq ləğv olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2026-cı il tarixli qərarında da göstərilmişdir ki, hüquqi şəxsin inzibati xətaya görə məsuliyyətə cəlb edilibedilməməsi məsələsinin həlli zamanı əməlin onun xeyrinə və ya maraqlarının qorunması üçün törədilib-törədilməməsi hərtərəfli araşdırılmalı, əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmamalıdır. Bundan əlavə, həmin qərarda hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyət məsələlərinin mümkün olduqda eyni icraat çərçivəsində araşdırılmasının işin tam və obyektiv baxılması, prosessual qənaət prinsipinin təmin olunması və ziddiyyətli qərarların qarşısının alınması baxımından zəruri olduğu vurğulanmışdır. Hüquqi şəxsin təqsirinin olmaması iş materialları ilə öz əksini tapmışdır. Birincisi sözügedən hadisədə Elçin Şahsuvarovun məsuliyyəti müəyyən olunmadan hüquqi şəxsin məsuliyyəti necə müəyyən olunması maraqlıdır. Belə olan halda, Konstitusiya Məhkəməsinin də göstərdiyi kimi birbaşa hüquqi şəxsin cərimə olunması əsassızdır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin direktoru Məmmədova Aynur Rövşən qızı və onun nümayəndəsi və vəkili Vəkil şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə ərizə təqdim edərək ## #### 2026-cı il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak etmək imkanı yoxdur. Bu səbəbdən məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər IXM-in 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, “xxxx” MMC-nin işçisi lisenziyadan kənar, cərrahi stomatoloji işlə məşğul olmuşdur. X1 Rövşən qızı yalnız həkimə 300 manat cərimə yazılacağını bildirdiklərindən inzibatı xətanı törətməsini etiraf etdiyini qeyd etməsi ilə bir daha təsdiq etmişdir. IXM-in 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMC-nin şikayəti əsassızdır. Iş materiallarında olan: - ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixdə, saat 11:20-da ünvan 2 ünvanında yerləşən “xxxx” MMCyə məxsus özəl tibb müəssisəsində keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar, cərrahi stomatoloji iş və fəaliyyət aşkarlanmışdır. - ##.##.2026-cı il tarixdə T-*** saylı “Özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama” barədə aktından görünür ki, ##.##.2026-cı il tarixli, 3-28-1/3 *- ***/**** saylı qərarla ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-də plandankənar yoxlama aparılmışdır. - ##.##.2026-cı il tarixli aktdan görünür ki, Məmmədova Aynur Rövşən qızı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə izahat verərək, müəssisəsində pasientlərin istəyini nəzərə alaraq əhalinin məmnunluğunu təmin etmək üçün bəzən diş çəkimi etdiklərini, gələcəkdə əhalini maarifləndirərək baş verə biləcək riskləri onlara izah etməyə çalışacaqlarını bildirmişdir. - ##.##.2021-ci il tarixli, EL-**/**** saylı Lisenziyadan görünür ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi tərəfindən “xxxx” MMC-yə özəl tibb fəaliyyətini həyata keçirməsinə icazə verilmişdir. - ##.##.2021-ci il tarixli EL-**/****/* saylı lisenziyanın əlavəsindən görünür ki, ##.##.2021-ci il tarixli, EL-29/2022 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında “xxxx” MMC-yə özəl tibb fəaliyyətinin stomatologiya, terapevtik stomatoloji, ortopedik stomatoloji və ortodontik stomatoloji tibbi xidmətləri üzrə görülməsinə icazə verilən işlərin siyahısı göstərilmişdir. - Işəgötürən “xxxx” MMC tərəfində Məmmədova Aynur Rövşən qızı ilə işçi X3 arasında bağlanmış ##.##.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X3 həkim-stomatoloq vəzifəsinə müddətsiz qəbul edilmişdir. - Işəgötürən “xxxx” MMC tərəfində Məmmədova Aynur Rövşən qızı ilə işçi X2 arasında bağlanmış ##.##.2021-ci il tarixli əmək müqaviləsinə əsasən X2 həkim-stomatoloq vəzifəsinə müddətsiz qəbul edilmişdir. - Işəgötürən “xxxx” MMC tərəfində Məmmədova Aynur Rövşən qızı ilə işçi X4 arasında bağlanmış ##.##.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X4 klinikada tibb bacısı vəzifəsinə müddətsiz qəbul edilmişdir. - Işəgötürən “xxxx” MMC tərəfində Məmmədova Aynur Rövşən qızı ilə işçi X5 arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinə əsasən X5 qeydiyyatçı vəzifəsinə müddətsiz qəbul edilmişdir. Işdəki həmin sübutlаrlа müəyyən оlunur ki, “xxxx” MMC-də fəaliyyət göstərən həkimstomatoloq X3 tərəfindən “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin tələbləri pozularaq MMC-in xeyrinə və ya onun maraqlarının qorunması üçün lisenziyada nəzərdə tutulmadığı halda, cərrahi stomatoloji fəaliyyət ilə məşğul olmuşdur. Həkim-stomatoloqların lisenziyada nəzərdə tutulmayan cərrahi stomatoloji fəaliyyət ilə məşğul olmaları Məmmədova Aynur Rövşən qızının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə ##.##.2026-cı il tarixdə verdiyi izahatı ilə də təsdiq edilir. Belə ki, o, izahatında müəssisədə pasientlərin istəyini nəzərə alaraq əhalinin məmnunluğunu təmin etmək üçün bəzən diş çəkimi etdiklərini, gələcəkdə əhalini maarifləndirərək baş verə biləcək riskləri onlara izah etməyə çalışacaqlarını bildirmişdir. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən IXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Ona görə də işə yenidən baxan apellyasiya instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin nümayəndəsinin şikayətində sadaladığı dəlilləri əsaslı hesаb etmir. Şikayətdə yoxlamanın anonim müraciət əsasında aparıldığı və buna görə də nəticələrinin etibarsız olduğu göstərilsə də, həmin dəlil inzibati xəta faktını və iş üzrə toplanmış digər sübutları təkzib etmir. Iş materiallarında olan inzibati xəta haqqında protokol, plandankənar yoxlamaya dair akt, izahatlar və digər yazılı sübutlar məcmu halında qiymətləndirildikdə hüquqi şəxsin IXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiq olunur. Şikayətdə hüquqi şəxsin deyil, yalnız həkimin məsuliyyət daşımalı olması barədə dəlil də əsaslı hesab edilmir. Çünki lisenziyadan kənar fəaliyyət hüquqi şəxsin fəaliyyəti çərçivəsində, onun işçiləri tərəfindən və müəssisənin maraqları naminə həyata keçirilmişdir. Bu səbəbdən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Apellyasiya şikayətində istinad edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2026-cı il tarixli qərarı da hazırkı iş üzrə fərqli nəticəyə gəlmək üçün əsas vermir. Həmin qərarda hüquqi şəxsin məsuliyyəti məsələsinin onun maraqları naminə törədilən əməllə əlaqələndirilməsinin zəruriliyi vurğulanmışdır. Hazırkı işdə isə məhz iş materialları ilə müəyyən edilir ki, lisenziyadan kənar tibbi fəaliyyət hüquqi şəxsin fəaliyyəti çərçivəsində və onun iqtisadi maraqları naminə həyata keçirilmişdir. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız hesab edilməsi üçün kifayət etmir və həmin qərarın ləğvi üçün hüquqi əsas yaratmır. IXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. IXM-in 76.1-ci maddəsinə əsasə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir IXM-in 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. IXM-in 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Işə baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin direktoru Məmmədova Aynur Rövşən qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və IXM-in 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin direktoru Məmmədova Aynur Rövşən qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-350/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-350/2026
06.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver