Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-382/2026 14.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Göyçay Rayon Profilaktik Dezinfeksiya Şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, Göyçay Rayon Məhkəməsinin 01 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 01 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim C.Camalzadə) X5 rayon Profilaktik Dezinfeksiya şöbəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 539.1- 1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin baş əmək müfəttişi X17 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 rayon Profilaktik Dezinfeksiya şöbəsində işəgötürən tərəfindən X3 əmək hüquqları pozulmuşdur. Belə ki, işçiyə əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdən az əmək haqqı hesablanaraq ödənilmiş, əmək müqaviləsinə qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddəti gözlənilmədən xitam verilmiş, işdən çıxarkən istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzi düzgün hesablanaraq ödənilməmiş, həmçinin işçinin tam iş vaxtından natamam iş vaxtına keçirilməsi ilə bağlı prosedurlar qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməmişdir. Bundan başqa müəyyən olunmuşdur ki, X4 Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-*/*- *****/**** nömrəli icrası məcburi göstərişi X5 rayon Profilaktik Dizinfeksiya şöbəsi tərəfindən icra edilməmiş, işçinin əmək hüquqları bərpa olunmamış və müəyyən edilmiş ödənişlər həyata keçirilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında X5 rayon Profilaktik Dezinfeksiya şöbəsinin müdiri X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X3 ##.##.2010-cu il tarixdən rəhbərlik etdiyi şöbədə müddətsiz əmək müqaviləsi əsasında tam iş vaxtı ilə baş mühasib vəzifəsində çalışmış, ##.##.2025-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü əsasında xitam verilmişdir. O qeyd etmişdir ki, ##.##.2024-cü il tarixli əmrə əsasən müəssisədə işçilərin əmək şəraitində dəyişiklik aparılmış, X3 tam iş vaxtından natamam iş vaxtına, yəni 0,25 ştat vahidinə keçirilmişdir. Bununla əlaqədar həmin tarixdən etibarən ona hesablanan əmək haqqı əvvəlki əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdən az olmuşdur. Qeyd olunan hallarla bağlı X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən araşdırma aparılmış və o, İXM-in 192.4 və 192.6-cı maddələri ilə vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarda X3 əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması və onun əvvəlki vəzifəsinə bərpa edilməsi göstərilsə də, sonradan şöbəyə daxil olmuş göstəriş əsasında bütün işçilərin əmək haqlarının azaldılması həyata keçirilmiş, eyni zamanda X3 tutduğu ştat vahidi ixtisar olunmuşdur. X3 natamam iş vaxtına keçirildiyi dövr üzrə azaldılmış ştat nisbətinə uyğun bütün ödənişlər tam şəkildə həyata keçirilmiş, lakin müəssisədə əmək haqlarının ümumi azaldılması və ştat ixtisarı ilə bağlı ondan asılı olmayan səbəblərə görə əvvəlki əmək haqqı məbləğinin tam bərpası mümkün olmamışdır. Bu səbəbdən onun əvvəlki vəzifəsinə bərpa edilməsi və əmək haqqının əvvəlki məbləğdə ödənilməsi faktiki olaraq mümkün olmamışdır Birinci instansiya məhkəməsinin məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, X3 əmək hüquqlarının pozulması ilə bağlı müraciəti əsasında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Göyçay rayon Profilaktik Dezinfeksiya şöbəsində işəgötürən tərəfindən işçiyə əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdən az əmək haqqı hesablanaraq ödənilmiş, əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmuş xəbərdarlıq müddəti gözlənilmədən xitam verilmiş, habelə işdən çıxarkən istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzi düzgün hesablanaraq ödənilməmişdir. Bu səbəbdən müəssisəyə icrası məcburi olan göstəriş göndərilmiş, lakin işçinin əmək hüquqları bərpa edilməmiş və müəyyən olunmuş ödənişlər həyata keçirilməmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin 01 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Xidmətin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən X5 Rayon Profilaktik Dezinfeksiya Şöbəsi barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. Şikayətçi hesab etmişdir ki, Göyçay Rayon Məhkəməsinin həmin qərarı əsassız olduğundan ləğv edilməli, Xidmət tərəfindən tərtib edilmiş protokol əsasında Şöbə inzibati məsuliyyətə cəlb edilməlidir. Şikayətçi bildirmişdir ki, vətəndaş X3 X5 rayon X18 əmək hüquqlarının pozulması barədə müraciəti Xidmətin Mərkəzi Aran regional şöbəsində baxılmışdır. Müraciətində və Regional şöbəyə verdiyi ##.##.2025-ci il tarixli izahatında X3 2010-cu ildən Dizinfeksiya Şöbəsində baş mühasib vəzifəsində işlədiyini, işlədiyi müddət ərzində əmək haqqı üzrə bank kartının müəssisənin müdiri X2 olması səbəbindən hesabına köçürülən əmək haqqının az bir hissəsini aldığını, müəssisənin bağlanması bəhanəsi ilə bütün işçilərin ərizələri əsasında işdən çıxarılaraq bir müddət sonra təkrar işə qəbul edildiklərini, lakin onun işə qəbul olunmadığını və əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın ödənilmədiyini bildirmişdir. Şikayətçi müraciətlə əlaqədar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən qeydiyyata alınmış əmək müqavilələrindən müəyyən olunduğunu bildirmişdir ki, Dizinfeksiya Şöbəsi ilə X3 arasında ##.##.2010-cu il tarixdə tam iş vaxtı ilə baş mühasib vəzifəsi üzrə müddətsiz olaraq bağlanmış və ##.##.2024-cü il tarixdə elektron sənəd formasında onun imzası ilə təsdiq edilmiş əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə */* nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. Dizinfeksiya Şöbəsi tərəfindən təqdim olunan ##.##.2026-cı il tarixli ** nömrəli və ##.##.2026-cı il tarixli ** nömrəli məktublar və onlara əlavə olunmuş qoşma sənədlərdən müəyyən olunduğu ki, əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmədiyi halda X3 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinin tələbləri pozularaq ##.##.2025-ci il tarixdə xitam verilmişdir. Şikayətçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçinin bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə biləcəyini və həmin maddənin 4-cü hissəsində təsbit edildiyini qeyd etmişdir ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Araşdırma zamanı müəyyən olunduğu ki, işçilərin əmək şəraitlərinin şərtlərinin ##.##.2024-cü il tarixdən dəyişdirilməsi barədə Dizinfeksiya Şöbəsinin ##.##.2023-cü il tarixli ** nömrəli əmri ilə X3 tutduğu vəzifə üzrə tam iş vaxtından natamam iş vaxtına (0,25 ştat vahidi) keçirilmişdir. Lakin Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinin tələbləri pozularaq "Əmək və Məşğulluq" altsistemində X3 ilə elektron sənəd formasında bağlanılan ilkin əmək müqaviləsinin tam iş vaxtından natamam iş vaxtına keçirilməsi ilə bağlı razılaşdırılmış dəyişikliklər daxil edilməklə yenidən tərtib olunaraq təsdiq edilməsi təmin olunmamışdır. Nəticədə təqdim olunan əmək haqqının hesablanması sənədlərindən müəyyən olunduğu ki, ##.##.2024-cü il tarixdən X3 əmək haqqı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156-cı maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən az olmaqla hesablanıb ödənilmişdir. İzahatında X3 dəfə 2022- 2023-cü iş ili olmaqla bütün iş illəri üçün əmək məzuniyyətindən istifadə etdiyini bildirmişdir. Təqdim olunan sənədlərdən müəyyən olunduğu ki, ##.##.2021-ci il tarixdən ##.##.2022ci il tarixədək olan iş ili üçün istifadə etdiyi əmək məzuniyyətindən sonra ##.##.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilən ##.##.2025-ci il tarixədək olan 3 il 3 ay ərzində X3 10 ay 22 gün müddətində ödənişsiz məzuniyyətdə və 42 gün müddətində əmək məzuniyyətində olmuşdur. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən işdən çıxdığı günədək hər hansı şərt və məhdudiyyət qoyulmadan istifadə etmədiyi 1 il 4 ay 8 gün üçün 56,93 məzuniyyət günü müəyyən edildiyi halda, X3 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə son haqq-hesab olaraq 42 məzuniyyət gününə görə pul əvəzinin ödənilməsi göstərilmişdir. Göstərilən hallarla bağlı Regional Şöbə tərəfindən ##.##.2026-cı il tarixli, *-**-*/*- *****/**** saylı icrası məcburi göstəriş məktubu göndərilmişdir. Sözügedən icrası məcburi göstəriş məktubu ##.##.2026-cı il tarixdə çatdırılmışdır. Lakin göstərilən müddət ərzində heç bir məlumat verilməmişdir Odur ki, X5 Rayon Profilaktik Dezinfeksiya Şöbəsi barəsində tərtib edilmiş ##.##.2026cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Şöbənin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Göyçay Rayon Profilaktik Dezinfeksiya Şöbəsinin nümayəndəsi X2 çıxış edərək, şikayətin dəlillərinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasından nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş ## ### 2026-cı il tarixli, 3- **-*/*-*****/**** nömrəli məktubdan görünür ki, X3 X5 rayon X18 əmək hüquqlarının pozulması ilə bağlı müraciəti əsasında araşdırma aparılmşdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, işəgötürən tərəfindən X3 əmək hüquqları pozulmuş, ona əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdən az əmək haqqı hesablanaraq ödənilmiş, əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmuş xəbərdarlıq müddəti gözlənilmədən xitam verilmiş, habelə istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzi düzgün hesablanaraq tam şəkildə ödənilməmişdir. Bununla yanaşı, işçinin tam iş vaxtından natamam iş vaxtına keçirilməsi ilə bağlı əmək qanunvericiliyinin tələblərinə uyğun rəsmiləşdirmə aparılmadığı müəyyən olunmuşdur. X4 Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci, 46-cı, 49-cu, 69-cu, 144-cü, 156-cı və 172-ci maddələrinin tələblərinin pozulduğu qənaətinə gəlinmiş və bu səbəbdən ##.##.2026-cı il tarixli, *-**-*/*- *****/**** nömrəli icrası məcburi göstəriş qəbul edilərək işəgötürənə göndərilmişdir. Həmin göstərişlə işəgötürəndən X3 əmək hüquqlarının bərpa edilməsi, əmək haqqı fərqinin yenidən hesablanaraq ödənilməsi, işdən çıxarılma ilə bağlı əmrin ləğv olunması, habelə son haqqhesabın qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməsi tələb edilmişdir. Lakin müəyyən olunmuşdur ki, göstərilən icrası məcburi göstəriş Dizinfeksiya şöbəsi tərəfindən yerinə yetirilməmiş, pozuntular aradan qaldırılmamış və bununla bağlı X4 Xidmətinə hər hansı məlumat təqdim edilməmişdir. Bu səbəbdən X4 Xidməti tərəfindən İXM-in 539.1-1-ci maddəsi ilə hüquqi şəxs barəsində inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin # #### 2026-cı il tarixli, 3- **-*/*- *****/**** nömrəli məktubundan görünür ki, X3 əmək hüquqlarının pozulması ilə bağlı müraciəti əsasında X5 rayon Profilaktik Dezinfeksiya Şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, X3 ##.##.2010-cu il tarixdən həmin müəssisədə tam iş vaxtı ilə müddətsiz əmək müqaviləsi əsasında baş mühasib vəzifəsində işləmişdir. ##.##.2024-cü il tarixdə elektron sənəd formasında onun imzası ilə təsdiq edilmiş əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə */* nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. X4 Xidmətinin apardığı araşdırma nəticəsində işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci, 46-cı, 49-cu, 69-cu, 144-cü, 156-cı və 172-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, işçiyə əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdən az əmək haqqı ödənilmiş, istifadə edilməmiş 56,93 gün məzuniyyət əvəzinə yalnız 42 gün üçün pul əvəzi hesablanmışdır. Həmçinin müəyyən edilmişdir ki, işçinin tam iş vaxtından natamam iş vaxtına — 0,25 ştat vahidinə keçirilməsi barədə ##.##.2023-cü il tarixli, ** nömrəli əmr qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməmişdir. Bundan əlavə, X3 işdən çıxmaq barədə ərizəsində konkret tarix göstərilmədiyi halda, qanunvericilikdə nəzərdə tutulmuş xəbərdarlıq müddəti gözlənilmədən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məktubla X5 rayon Profilaktik Dezinfeksiya Şöbəsinin direktoru X2 icrası məcburi göstəriş verilərək 30 gün müddətində işçinin işdən çıxarılması barədə ##.##.2025-ci il tarixli, */* nömrəli əmrin, habelə iş şəraitinin dəyişdirilməsi barədə ##.##.2023-cü il tarixli, ** nömrəli əmrin hüquqi qüvvəsinin olmadığı nəzərə alınmaqla ləğv edilməsi, X3 əmək hüquqlarının bərpa olunması, natamam iş vaxtına keçirildiyi tarixdən etibarən əmək haqqı fərqinin yenidən hesablanaraq ödənilməsi tələb edilmişdir. Eyni zamanda göstərilmişdir ki, işçinin işə bərpası mümkün olmadığı halda ona qanunvericiliyə uyğun qaydada bütün son haqqhesab tam ödənilməlidir. Məktubda işəgötürənə xəbərdarlıq edilmişdir ki, icrası məcburi olan göstəriş yerinə yetirilmədiyi təqdirdə İXM-in 539.1-1-ci maddəsinə əsasən inzibati məsuliyyət yaranacaqdır. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, Göyçay Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən, X4 Xidmətinin Hüquq İdarəsinin apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Mərkəzi Aran Regional şöbəsi tərəfindən X5 Rayon Profilaktik Dezinfeksiya Şöbəsi barəsində İXM-in 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında ##.##.2026-cı il tarixli, MN № ******* nömrəli protokol tərtib edilmişdir. Protokolun tərtib edilməsinə əsas kimi X4 Xidmətinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstərişinin şöbə tərəfindən icra olunmaması, vətəndaş X3 əmək hüquqlarının bərpa edilməməsi və müəyyən edilmiş ödənişlərin həyata keçirilməməsi göstərilmişdir. Birinci instansiya məhkəməsi isə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X3 tam iş vaxtından natamam iş vaxtına keçirilməsi müəssisə üzrə bütün işçilərin əmək şəraitində aparılmış dəyişikliklərlə bağlı olmuş, həmin dəyişiklik nəticəsində əmək haqları azaldılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 izahatında göstərmişdir ki, müəssisəyə daxil olmuş göstəriş əsasında bütün işçilərin əmək haqları azaldılmış, bu səbəbdən X3 əvvəlki tam ştat üzrə əmək haqqısının hesablanaraq ödənilməsi faktiki olaraq mümkün olmamışdır. Eyni zamanda iş materiallarından və məhkəmə araşdırması zamanı verilmiş izahatlardan görünür ki, X3 tutduğu ştat vahidi sonradan ixtisar edilmişdir. Bu səbəbdən onun əvvəlki vəzifəsinə bərpası obyektiv olaraq mümkün olmamışdır. Məhkəmə hesab edir ki, qeyd olunan hallar inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iradəsindən asılı olmayan səbəblərlə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə icrası məcburi göstərişin tam şəkildə yerinə yetirilməməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qəsdli və ya təqsirli davranışından deyil, müəssisədə aparılmış struktur və əməkhaqqı dəyişikliklərindən, habelə müvafiq ştat vahidinin ixtisar edilməsindən irəli gəlmişdir. Buna görə də onun hərəkətlərində İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyektiv elementi müəyyən edilmir. Budan əlavə, Apellyasiya instansiyası məhkəməsi hüquqi şəxslərin inzibati məsuliyyətinin əsasları ilə bağlı məsələyə toxunaraq qeyd edir ki, İXM-in 18.3-cü maddəsinin və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin # ### 2026-cı il tarixli Qərarının hüquqi mənasına əsasən, hüquqi şəxsin maraqları üçün və ya onun adından hərəkət edən vəzifəli şəxsin inzibati xəta törətməsi hüquqi şəxsin inzibati məsuliyyətini istisna etməməklə paralel məsuliyyət rejimi yaratsa da, bu norma hər iki subyektin avtomatik tənbeh olunması kimi şərh edilə bilməz. Hüquqi şəxs statusunda olan X5 Rayon Profilaktik Dezinfeksiya Şöbəsinin müstəqil inzibati məsuliyyətinin yaranması üçün onun vəzifəli şəxsin fərdi məsuliyyətindən ayrı, müstəqil bir hüquqi əsası sübuta yetirilməli idi. Birinci instansiya məhkəməsi isə hüquqi şəxsin təqsirini vəzifəli şəxsin eyni hərəkətlərinin məntiqi davamı kimi qəbul edərək, müstəqil sübutetmə predmetini ayırd etməmişdir. Eyni zamanda, apellyasiya məhkəməsi vurğulayır ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericilikdə təsbit edilmiş "əməlin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi" kriteriyası mütləq şəkildə yoxlanılmalıdır. Hüquqi şəxsin əməlləri vəzifəli şəxsin hərəkətlərindən hüquqi cəhətdən müstəqil şəkildə qiymətləndirilməlidir. Başqa sözlə, hüquqi şəxsin təqsiri yalnız vəzifəli şəxsin hərəkətlərinin ona şamil edilməsindən ibarət olmamalı, müstəqil hüquqi əsasa — məsələn, nəzarətin təşkili, daxili qaydaların müəyyən edilməsi, icazənin alınması üçün prosedurların qurulması kimi ötdəliklərin yerinə yetirilməməsinə — söykənməlidir. Hər iki subyektin inzibati xəta tərkibinin elementləri — əmələ görə obyektiv tərəf, təqsir forması və subyektiv tərəf — ayrı-ayrılıqda sübuta yetirilməlidir. Vəzifəli şəxs barəsində icazəsiz göstəriş verməsi faktı sübuta yetirilərkən, hüquqi şəxs barəsində isə müvafiq nəzarət mexanizmlərinin qurulmaması, daxili prosedurların mövcud olmaması kimi müstəqil fəaliyyətsizlik faktları müəyyən edilməlidir. Hər iki subyektin məsuliyyəti müstəqil hüquqi əsaslara söykənmədikdə, faktiki olaraq eyni hərəkət üçün ikiqat cəza tətbiq edilməsi nəticəsi yaranır ki, bu da mütənasiblik prinsipini pozur. Belə hallarda məhkəmə hər iki subyektin məsuliyyətinin müstəqilliyini xüsusi əsaslandırmalı, yalnız bundan sonra hər birinə tənbeh tətbiq etmənin hüquqi zəminini müəyyən etməlidir. Məhz bu səbəbdən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilib-edilməməsi məsələsi həll edilərkən işin bütün halları — ilk növbədə isə əməlin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilib-törədilməməsi, hüquqi şəxsin daxilindəki nəzarət mexanizmlərinin mövcudluğu və səmərəliliyi müvafiq icraat çərçivəsində ətraflı araşdırılmalı və hər biri ayrıca əsaslandırılmalıdır. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri təkcə şəxsi cəzalandırmaq deyil, həm də inzibati xətanın qarşısını almaqdan və pozulmuş hüquqi asayişin bərpasından ibarətdir. Hazırkı iş üzrə inzibati xəta haqqında protokol tərtib edilərkən müvafiq orqan tərəfindən işin halları hərtərəfli araşdırılmamış, işçinin əmək münasibətlərinin hazırkı statusu (o cümlədən məzuniyyətdə olması) dəqiqləşdirilməmişdir. Yanlış faktiki ehtimala söykənən sorğu və həmin sorğunun icra edilməməsinə görə tərtib olunan protokol İXM-in 3-cü maddəsində nəzərdə tutulan "təqsir" və "xəta tərkibi" prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir. Hüquqi şəxs tərəfindən xitam sənədlərinin təqdim edilməməsi qanuna itaətsizlik deyil, sorğunun faktiki hallarla uyğunsuzluğunun nəticəsidir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməli ilə bağlı yaranan bütün şübhələr və faktiki uyğunsuzluqlar həmin şəxsin xeyrinə şərh edilməlidir. Həmçinin İXM-in 13cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Təqdim edilmiş materiallardan isə X5 Rayon Profilaktik Dezinfeksiya Şöbəsinin daxili idarəetmədən kənar, obyektiv və subyektiv səbəblərdən icrası qeyri-mümkün olan tələbləri yerinə yetirməməsində qəsd və ya təqsir müəyyən edilməmişdir. İnzibati orqanın yanlış sorğusu əsasında hüquqi şəxsi ağır pul cəriməsinə məruz qoymaq ədalətlilik və mütənasiblik prinsiplərinin kobud pozulması olardı. Beləliklə, apellyasiya məhkəməsi mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X5 Rayon Profilaktik Dezinfeksiya Şöbəsinin əməlində İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin həm obyektiv, həm də subyektiv əlamətləri yoxdur. Birinci instansiya məhkəməsi işin bu mühüm detallarını düzgün qiymətləndirərək icraata xitam vermişdir və apellyasiya instansiyası məhkəməsi həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün heç bir hüquqi əsas görmür. İXM-in 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. İXM-in 8.1, 8.2 və 8.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri təkcə şəxsi cəzalandırmaq deyil, həm də inzibati xətanın qarşısını almaqdan və pozulmuş hüquqi asayişin bərpasından ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə, həmçinin qeyd edir ki, əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğundan, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsi məqsədəmüvafiq deyildir. Beləliklə apellyasiya məhkəmə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını təsdiq edən kifayət qədər əsaslar yoxdur, həmiçinin məhkəmə apelyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Göyçay Rayon Məhkəməsinin 01 iyun 2026-cı il tarixli, 3(5-123)-413/2026 nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 01 iyun 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-382/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-382/2026
14.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver