Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-390/2026 14.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayıllı rayonu, Kürdmaşı Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-132)-261/2026 ( sədrlik edən N.Qoşqarova) saylı qərarı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair İsmayıllı rayon Kürdmaşı Bələdiyyəsinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 253.1.1-3- cü maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. . işin halları: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş İXM-in 253-1.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında ## ### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, İsmayıllı rayon Kürdmaşı Bələdiyyəsi tərəfindən mülkiyyətində olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları * saylı regional ekologiya və təbii sərvətlər idarəsinə (bundan sonra-idarə) təqdim etməmiş və onun tərəfindən İXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 izahat verərək bildirmişdir ki, İsmayıllı rayon Kürdmaşı bələdiyyəsi tərəfindən “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli *** saylı qərarının tələbində göstərilən müddətdə yaşıllıqların uçot hesabatlarının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən bələdiyyə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bələdiyyələrə həmin hesabatın təqdim edilməsi ilə bağlı rəsmi xəbərdarlıq edilməmişdir. Çünki həmin hesabat hər il yanvar ayının 1-dən fevral ayının 20- dək idarəyə təqdim edilməlidir. Buna baxmayaraq İsmayıllı rayon Kürdmaşı Bələdiyyəsi 2025-ci il tarixə aid hesabatları təqdim etməmişdir. Protokol tərtib edilməsi ilə bağlı mobil telefon vasitəsi ilə bələdiyyə sədrinə şifahi formada məlumat verilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İsmayıllı rayon Kürdmaşı Bələdiyyəsinin sədri X3 izahat verərək bildirmişdir ki, 2025-ci il tarixdə keçirilən bələdiyyə seçkilərində sədr seçilmiş və bir neçə kənd Kürdmaşı Bələdiyyəsinə birləşmişdir. Bir neçə gün öncə ekologiya idarəsi tərəfindən mobil telefonla qeyd olunan hesabatın təqdim olunması onlardan tələb olunmuşdur. Bununla bağlı hesabat idarəyə təqdim edilmişdir. Qeyd olunan hesabat formal olaraq hesablanıb təqdim edilmişdir. Çünki bələdiyyənin ərazisi 100000 hektarı əhatə edir və həmin yaşıllıqları bir-bir saymaq mümkün deyil. Bələdiyyə barəsində tərtib edilmiş protokolla razı deyil. Belə ki, həmin hesabatın tələb olunması ilə bağlı heç bir rəsmi xəbərdarlıq da göndərilməmişdir. Bundan başqa 2025-ci ildə keçirilən bələdiyyə seçkilərində bir neçə kənd Kürdmaşı Bələdiyyəsinə birləşdirilmişdir. İsmayıllı rayonu Kürdmaşı kəndi və ona birləşən digər kəndlərin ərazilərinin dəqiq xəritələri müəyyən edilmədiyinə görə, hansı yaşıllıqların bələdiyyənin mülkiyyətində olduğunu, habelə müvafiq texniki avadanlıqları və bilikləri olmadığına görə bitki və ağacların növünü, yaşını, cinsini və digər meyarlarını müəyyən edə bilmirlər. Bununla belə, onun bələdiyyə sədri olduğu müddətdə yaşıllıqların uçotu və monitorinqinin hansı qaydada aparılması barədə onlara heç bir təlimat və cihaz verilməmişdir. Lakin * saylı regional ekologiya və təbii sərvətlər idarəsi onun barəsində bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə ümumiləşdirilmiş hesabatları təqdim etmədikləri üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İXM-in 253- 1.1.3-cü maddəsinə əsasən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi inzibati məsuliyyət yaradır. İş materialları ilə müəyyən edilmişdir ki: hesabat təqdim edilməmişdir; təqdim edilməməsi tərəflər arasında mübahisələndirilmir; bu fakt akt və protokolla təsdiq edilir. Belə olduğu halda inzibati xəta hadisəsinin mövcud olmaması barədə nəticə hüquqi baxımdan yanlışdır. Məhkəmə qərarında göstərmişdir ki, ETSN tərəfindən: metodiki kömək göstərilməmişdir; texniki vasitələr təqdim edilməmişdir; ortofotoplanlarla təmin edilməmişdir; təlim keçirilməmişdir. Lakin bu hallar İXM-in 253-1.1.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmamışdır. İnzibati məsuliyyətin yaranması üçün yeganə hüquqi fakt məlumatların təqdim edilməməsidir. Normanın dispozisiyasına məhkəmə tərəfindən əlavə şərtlərin daxil edilməsi qanunçuluq prinsipinin pozulmasıdır. "Yaşıllıqların mühafizəsi haqqında" Qanunun 8.2.3-cü maddəsinə əsasən bələdiyyələr öz mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmalıdırlar. Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın 2.5ci bəndinə əsasən isə müvafiq hesabatlar hər il fevralın 20-dək ETSN-yə təqdim edilməlidir. Bu vəzifənin yerinə yetirilməsi üçün ayrıca məktub və ya xüsusi xəbərdarlıq tələb olunmur. İXM-in 8-ci maddəsinə əsasən inzibati xəta qəsdən və ya ehtiyatsızlıqdan törədilə bilər. Bələdiyyə hesabatı təqdim etmədiyini etiraf etmişdir. Bu hal ən azı ehtiyatsızlıq formasında təqsiri təsdiq edir. Məhkəmənin təqsirin olmaması barədə nəticəsi sübutlarla təsdiqlənmir. Məhkəmə protokolun tərtibi qaydasının pozulduğunu göstərsə də: pozuntunun baş verməsi sübut olunmuşdur; bələdiyyə sədri məhkəmədə iştirak etmişdir; izahat vermək hüququndan istifadə etmişdir; müdafiə hüququ məhdudlaşdırılmamışdır. Bu səbəbdən formal prosessual qeydlər inzibati xəta hadisəsini aradan qaldıra bilməz. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməsini, İsmayıllı rayon Kürdmaşı Bələdiyyəsinin əməlində İXM-in 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması müəyyən edilməsini, barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayıllı rayonu, Kürdmaşı Bələdiyyəsinin nümayəndəsi X2 çıxış edərək apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. ## ### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, İsmayıllı rayonu Kürdmaşı Bələdiyyəsi tərəfindən “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli *** saylı qərarının tələbində göstərilən müddətdə yaşıllıqların uçot hesabatlarının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 2.2-ci bəndinin tələbinə görə, yaşıllıqların uçotu prosesi müasir topoqrafiya və geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlardan və müvafiq xüsusi proqram təminatından istifadə etməklə həyata keçirilməlidir. Eyni zamanda, sözügedən Qaydanın 2.4-cü bəndində bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bu uçotun aparılması üçün ArcGIS proqramından istifadə olunması, məlumatların mdb formatında hazırlanması və şəhər və qəsəbələrin yaşıllıq ərazilərinin sərhədlərinin qrafik təsvirini (döngə nöqtələrini və onların koordinatlarını) əks etdirən xəritələrin əsas götürülməsi imperativ tələb kimi təsbit edilmişdir. Bu normaların hüquqi təhlili göstərir ki, dövlət orqanına təqdim edilməli olan uçot məlumatları sıradan, vizual müşahidəyə əsaslanan və sərbəst formada tərtib edilən rəqəmlər toplusu deyil, yalnız xüsusi lisenziyalı proqram təminatları, geodeziya cihazları və elmi-texniki biliklər vasitəsilə əldə edilə bilən, yüksək dəqiqliyə malik rəsmi kadastr göstəriciləridir. İş materiallarının və tərəflərin izahatlarının araşdırılması zamanı isə subyektiv təqsirin və obyektiv imkanların mövcudluğu baxımından müəyyən hallar müəyyən edilmişdir. Belə ki, yerli özünüidarəetmə orqanı olan İsmayıllı rayonu Kürdmaşı Bələdiyyəsinin tabeliyində qanunvericilikdə nəzərdə tutulmuş bahalı geodeziya cihazları, kartoqrafik avadanlıqlar, rəqəmsal ortofotoplanlar və ən əsası ArcGIS proqram təminatından istifadə etmək bacarığı olan ixtisaslaşmış mütəxəssis ştatı və müvafiq texniki bazası mövcud olmamışdır. Bundan əlavə, bələdiyyə seçkilərindən sonra bir neçə kəndin Kürdmaşı Bələdiyyəsinə birləşdirilməsi nəticəsində bələdiyyə mülkiyyətinə daxil olan yeni ərazilərin dəqiq hüdudları və dövlət torpaq reyestri tərəfindən təsdiq edilmiş sərhəd xəritələri hələ müəyyən edilməmiş, bələdiyyənin idarəetmə arealının sərhədləri qeyri-müəyyən qalmışdır. Belə olan halda, bələdiyyənin hansı konkret coğrafi koordinatlar daxilində uçot işləri aparmalı olduğu hüquqi cəhətdən qeyrimüəyyən xarakter daşımışdır. Apellyasiya məhkəməsi qeyd edir ki, inzibati-delikt hüququnun mühüm prinsiplərindən biri olan qanunçuluq və ədalətlilik prinsiplərinə görə, dövlət orqanları vəzifəli və hüquqi şəxslərdən yalnız onların yerinə yetirilməsi faktiki və hüquqi baxımdan mümkün olan öhdəliklərin icrasını tələb edə bilərlər. Konkret işdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeliyində olan regional idarə tərəfindən yerli bələdiyyəyə bu mürəkkəb texniki prosesin icrası üçün heç bir metodiki və praktiki köməklik göstərilməmiş, onları zəruri ortofotoplanlarla və texniki təlimatlarla təmin etməmişdir. Dövlətin müvafiq ixtisaslaşmış qurumları tərəfindən metodoloji və texniki dəstəyin göstərilmədiyi, bələdiyyənin isə özünün daxili büdcəsi və resursları hesabına bu bahalı və mürəkkəb ArcGIS sistemini qurmaq imkanının tamamilə xaricində olduğu bir şəraitdə, bələdiyyənin obyektiv olaraq icra edə bilmədiyi texniki hesabatı təqdim etməməsini onun təqsirli fəaliyyətsizliyi kimi xarakterizə etmək mümkün deyildir. İXM-in 8.1-ci və 8.2-ci maddələrinə əsasən, şəxs yalnız törətdiyi inzibati xətaya və onun nəticələrinə görə təqsiri olduqda (qəsdən və ya ehtiyatsızlıqdan törətdikdə) inzibati məsuliyyətə cəlb edilir. Təqsirsizlik prezumpsiyası prinsipi isə birmənalı olaraq müəyyən edir ki, şəxsin təqsirliliyinə dair aradan qaldırılması mümkün olmayan şübhələr onun xeyrinə şərh edilməlidir. Obyektiv imkansızlıq şəraitində, texniki, coğrafi və metodoloji əsasların yoxluğu ucbatından hesabatın qanunvericiliyin tələb etdiyi standartda təqdim edilməməsini inzibati xəta tərkibinin subyektiv tərəfi (təqsir) kimi qiymətləndirmək qanunun ruhuna ziddir. Çünki inzibati tənbehin tətbiqi üçün əməlin təkcə formal olaraq qanun pozuntusunun xarici əlamətlərinə uyğun gəlməsi (obyektiv tərəf) kifayət deyil, həm də subyektin bu əməli törətməkdə real (faktiki) imkanının olduğu halda şüurlu şəkildə fəaliyyətsizlik nümayiş etdirməsi (təqsirlilik) mütləq qaydada sübuta yetirilməlidir. Beləliklə, təqsirlilik elementi mövcud olmadığından, bələdiyyənin fəaliyyətsizliyində inzibati xəta tərkibinin formalaşdığını hesab etmək olmaz. İXM-in 253-1.1-ci maddəsinə görə yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni: 253-1.1.3. yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 1.3.1. yaşıllıqların uçotu və kadastrı – yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər zəruri məlumatların məcmusu; 1.3.2. yaşıllıqların monitorinqi – yaşıllıqların vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması məqsədi ilə onların xüsusiyyətlərini və xassələrini müəyyən edən müntəzəm müşahidə və tədqiqatlar sistemi. Maddə 8. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri 8.1. Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. 8.2.3-cü mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifəsidir. Maddə 11. Yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqları 11.0.2. yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə isə bələdiyyədən məlumat almaq “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” ölkə Prezidentinin ## #### 2016-cı il tarixli, *** saylı Fərmanı 1.3- cü bəndi Qanunun 11.0.2-ci maddəsində (yaşıllıqların kadastrı barədə məlumata münasibətdə) nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Maddə 12. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi 12.2. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq bu Qanunun 8.2.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid metodika əsasında həyata keçirilir (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini istifadəsində olan torpaq sahələrində yaşıllıqların uçotuna və monitorinqinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yaşıllıqların uçotuna və monitorinqinə münasibətdə yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılmasına münasibətdə isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər (“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il # ### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə ## #### 2014-cü il *** nömrəli Fərman) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 2.5-ci bəndinə görə həmin Qaydaya uyğun olaraq, uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə” təqdim edilir. Sözügedən Qaydanın 2.2-ci bəndinə görə yaşıllıqların uçotu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik vəaerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlardan və müvafiq proqramtəminatından istifadə etməklə, əsasən ilin yaz və payız aylarında, habelə elmipraktikidəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq cəlb etməklə aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə isə istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli, *** nömrəli qərarı ilə ArcGİS proqramında mdb formatında təsdiq edilmiş Azərbaycan Respublikasının şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələr nəzərə alınmaqla aparılmalıdır. Digər tərəfdən, İXM-in 18.3-cü maddəsinin və “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Qərarının hüquqi mənasına əsasən, hüquqi şəxsin maraqları üçün və ya onun adından hərəkət edən vəzifəli şəxsin inzibati xəta törətməsi hüquqi şəxsin inzibati məsuliyyətini istisna etməməklə paralel məsuliyyət rejimi yaratsa da, bu norma hər iki subyektin avtomatik tənbeh olunması kimi şərh edilə bilməz. Hüquqi şəxs statusunda olan İsmayıllı rayon Kürdmaşı Bələdiyyəsinin müstəqil inzibati məsuliyyətinin yaranması üçün onun vəzifəli şəxsinin fərdi məsuliyyətindən ayrı, müstəqil bir hüquqi əsas sübuta yetirilməli idi. Birinci instansiya məhkəməsi isə hüquqi şəxsin təqsirini vəzifəli şəxsin eyni hərəkətlərinin məntiqi davamı kimi qəbul edərək, müstəqil sübutetmə predmetini ayırd etməmiş, faktiki olaraq eyni fəaliyyətsizlik hadisəsinə görə ikiqat məsuliyyət tətbiq edilməsi təhlükəsini yaradaraq mütənasiblik prinsipini zədələmişdir. Eyni zamanda, apellyasiya məhkəməsi vurğulayır ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericilikdə təsbit edilmiş "əməlin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi" kriteriyası mütləq şəkildə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarında yaşıllıqların uçotu məlumatlarının vaxtında təqdim edilməməsinin konkret olaraq İsmayıllı rayon Kürdmaşı Bələdiyyəsinin mənfəətinə, hüquqi və ya maddi maraqlarına hansı formada xidmət etdiyi, yaxud bu fəaliyyətsizlikdən hüquqi şəxsin nə dərəcədə fayda götürdüyü hüquqi cəhətdən əsaslandırılmamışdır. İXM-in 8.1 və 8.2-ci maddələrində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipi hüquqi şəxslərə də tam şamil olunduğundan, hüquqi şəxsin daxili iradəsinin və idarəetmə qüsurunun müstəqil şəkildə sübuta yetirilməməsi qəbul edilmiş məhkəmə aktının qanuniliyini əhəmiyyətli dərəcədə şübhə altına qoyur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş protokollar fərqli hakimlərin icraatına verilmiş və nəticədə eyni faktiki hallara dair fərqli hüquqi nəticələrin çıxarılması riski yaradılmışdır. İşlərin birgə araşdırılmaması hüquqi şəxsin müstəqil təqsirinin hüdudlarının müəyyən edilməsində, bələdiyyə sədrinin fərdi vəzifə öhdəliklərinin yerinə yetirilməməsi faktı ilə bələdiyyənin daxili idarəetmə qüsurları arasındakı əlaqənin düzgün qiymətləndirilməsində ziddiyyətlərə yol açmışdır. Hüquqi şəxsin əməlləri vəzifəli şəxsin hərəkətlərindən hüquqi cəhətdən müstəqil şəkildə qiymətləndirilməlidir. Başqa sözlə, hüquqi şəxsin təqsiri yalnız vəzifəli şəxsin hərəkətlərinin ona şamil edilməsindən ibarət olmamalı, müstəqil hüquqi əsasa — məsələn, nəzarətin təşkili, daxili qaydaların müəyyən edilməsi, icazənin alınması üçün prosedurların qurulması kimi öhdəliklərin yerinə yetirilməməsinə — söykənməlidir. Hazırkı işdə isə birinci instansiya məhkəməsi bu fərqi müəyyən etmədən, hüquqi şəxsin təqsirini vəzifəli şəxsin eyni hərəkətlərinin məntiqi davamı kimi qiymətləndirmişdir. Hər iki subyektin inzibati xəta tərkibinin elementləri — əmələ görə obyektiv tərəf, təqsir forması və subyektiv tərəf — ayrı-ayrılıqda sübuta yetirilməlidir. Vəzifəli şəxs barəsində icazəsiz göstəriş verməsi faktı sübuta yetirilərkən, hüquqi şəxs barəsində isə müvafiq nəzarət mexanizmlərinin qurulmaması, daxili prosedurların mövcud olmaması kimi müstəqil fəaliyyətsizlik faktları müəyyən edilməlidir. İş materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi bu iki müstəqil sübutetmə predmetini bir-birindən ayırd etməmiş, hər iki subyektin məsuliyyətini eyni hərəkətin iki fərqli hüquqi nəticəsi kimi əsaslandırmışdır. Hər iki subyektin məsuliyyəti müstəqil hüquqi əsaslara söykənmədikdə, faktiki olaraq eyni hərəkət üçün ikiqat cəza tətbiq edilməsi nəticəsi yaranır ki, bu da mütənasiblik prinsipini pozur. Belə hallarda məhkəmə hər iki subyektin məsuliyyətinin müstəqilliyini xüsusi əsaslandırmalı, yalnız bundan sonra hər birinə tənbeh tətbiq etmənin hüquqi zəminini müəyyən etməlidir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). İXM-in 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. İXM-in qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Beləliklə, inzibati xətalar qanunvericiliyi səlahiyyətli orqanla fiziki və hüquqi şəxslər arasında inzibati xətalarla bağlı yaranan münasibətləri tənzimləyir. Bu münasibətlərdə tərəflərdən biri kimi dövlət orqanı və ya qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş hər hansı bir publik subyekt çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il # #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İXM-in 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz
Məhkəmə qərarları › İş №3(3-10)-390/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-390/2026
14.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver