Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-458/2026 14.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İsmayılov Kənan Şəmşəddin oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Elza Cəbrayılzadə) ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə şikayətin təmin edilməməsi, şikayətçi İsmayılov Kənan Şəmşəddin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı, ##.##.2026 tarixli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən, şikayət və ya protestin isə təmin edilmədən saxlanılması qərara alınmışdır. işin halları: Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında qərarı ilə İsmayılov Kənan Şəmşəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində inzibati qərar qəbul edilmiş İsmayılov Kənan Şəmşəddin oğlu Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin həmin qərarından şikayət verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, “Mercedes-Benz C 300” minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi baş etibarnamə ilə tərəfindən idarə edilir. ##.##.2026-cı il tarixdə barəsində qanunsuz formada Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə EQ ******** saylı elektron qərar çıxarılmışdır. Belə ki, EQ ******** saylı elektron qərar çıxarılarkən Kürdəmir rayonu Karrar kəndi ərazisində, Bakı-Ələt-Qazax yolunun 183-cü kilometrliyində Yol Patrul Xidməti İnspektoru iri qabaritli yük avtomobilinin qarşısında hərəkət iştirakçıları tərəfindən görünməyən məsafədə patrul avtomobilini saxlayaraq E-Patrol radar sistemini qoşub xidmət aparmış və nəticədə barəsində elektron qərar qanunsuz olaraq çıxarılmışdır. Eyni zamanda qeyd edir ki, inzibati xəta qeydə alınan ərazi Kürdəmir rayonu Karrar ərazisində yerləşən stasionar Dövlət Yol Polisi Postundan Bakı şəhəri istiqamətində təxminən 150- 200 metr aralıqdadır. Qeyd etdiyi DYP postundan sonra 6.14 xəbərdaredici yol nişanı olmamışdır. Bunu həmin ərazidən qeydə aldığı videogörüntülərlə də sübut kimi təqdim edəcək. Hesab edir ki, EQ ******** saylı elektron qərar YPX haqqında təlimatın 4.3-cü maddəsinin və Yol Hərəkəti haqqında Qanunun 50-ci maddəsinin tələblərinin pozuntusu ilə qanunsuz olaraq çıxarılması barəsində başlanılmış inzibati icraata xitam verilməsi üçün əsasdır. Odur ki, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İsmayılov Kənan Şəmşəddin oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İsmayılov Kənan Şəmşəddin oğlu verdiyi apellyasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, Mercedes Benz C 300 markalı ** VA *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini baş etibarnamə ilə idarə edir. ##.##.2026-cı il tarixdə barəsində qanunsuz formada Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə EQ ******** saylı elektron qərar çıxarılmışdır. Belə ki, EQ ******** saylı elektron qərar çıxarılarkən Kürdəmir rayonu Karrar kəndi ərazisində, Bakı-Ələt-Qazax yolunun 183-cü kilometrliyində Yol Patrul Xidməti İnspektoru iri qabaritli yük avtomobilinin qarşısında hərəkət iştirakçılarının tərəfindən görünməyən məsafədə patrul avtomobilini saxlayaraq E-Patrol radar sistemini qoşub xidmət aparmış və nəticədə barəsində qanunsuz olaraq elektron qərar çıxarılmışdır. Eyni zamanda inzibati xəta qeydə alınan ərazi Kürdəmir rayonu Karrar ərazisində yerləşən stasionar Dövlət Yol Polisi Postundan Bakı şəhəri istiqamətində təxminən 150- 200 metr aralıqdadır. Qeyd etdiyi DYP postundan sonra 6.14 xəbərdar edici yol nişanı olmamışdır. Bunu həmin ərazidən qeydə aldığı videogörüntülərlə də sübut kimi təqdim edəcəkdir. Tərəfindən EQ ******** saylı elektron qərar ləğv edilərək barəsində başlanılmış inzibati icraata xitam verilməsi barədə Mingəçevir şəhər Məhkəməsinə qərardan şikayət verilmiş, lakin məhkəmə tərəfindən şikayəti təmin edilməmiş və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Yol Hərəkəti haqqında Qanunun 50-ci maddəsinin 7-ci bəndinə əsasən yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Elektron qərar qeydə alındığı ərazidə tərəfindən aparılmış video görüntüdən də həmin ərazidə 6.14 xəbərdaredici yol nişanı olmadığı sübuta yetirilmişdir. “Yol-patrul xidməti haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Q25-001- ** nömrəli, ## ### 2017-ci il tarixli qərarının 4.3-cü bəndinə əsasən Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. İnzibati xəta qeydə alınan zaman YPX avtomobili görüntünü məhdudlaşdıran maneənin arxasında dayanaq xidmət aparmış, digər nəqliyyat vasitələri hərəkətdə olarkən YPX avtomobilinin dayanaraq xidmət aparmasını ümumiyyətlə görməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xəta qeydə alınan zaman YPX avtomobili görüntünü məhdudlaşdıran maneənin arxasında dayanaraq xidmət aparmış, digər nəqliyyat vasitələri tərəfindən hərəkətdə olarkən YPX avtomobilinin dayanaraq xidmət aparması ümumiyyətlə görünməmişdir. EQ ******** saylı elektron qərar təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsi ilə çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Mingəçevir şəhər Məhkəməsi ##.##.2026-cı il tarixli № *(*-***)-***/**** saylı qərarını onunla əsaslandırmışdır ki, şikayət verən şəxsin istinad etdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamış, həmçinin şikayətçi həmin hallara dair məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. Hesab edir ki, bu səhv yanaşmadır. Belə ki, tərəfindən iş üzrə bütün sübutlar məhkəməyə təqdim edilmiş, barəsində qanunsuz və əsassız çıxarılmış EQ ******** saylı elektron qərarın Azərbaycan Respublikası Yol Hərəkəti haqqında Qanunun, Yol-patrul xidməti haqqında Təlimatın müvafiq maddələrinin pozuntusu ilə çıxarıldığı və həmin ərazidə tərəfindən aparılmış video görüntüdən də həmin ərazidə 6.14 xəbərdaredici yol nişanı olmadığı sübuta yetirilmişdir. Eyni zamanda ##.##.2026-cı il tarixli EQ ******** saylı elektron qərar yuxarıda qeyd etdiyi maddələrin pozuntusu ilə çıxarılmışdır. Belə ki, inzibati xəta qeydə alınan zaman YPX avtomobili görüntünü məhdudlaşdıran maneənin arxasında dayanaq xidmət aparmış, digər nəqliyyat vasitələri tərəfindən hərəkətdə olarkən YPX avtomobilinin dayanaraq xidmət aparması ümumiyyətlə görünməmişdir. EQ ******** saylı elektron qərar təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsi ilə çıxarılmışdır. Bu hal da barəsində çıxarılmış ##.##.2026-cı il tarixli EQ ******** saylı elektron qərarın qanunsuz və əsassız olmasının sübutudur. Lakin tərəfindən təqdim edilmiş sübutları məhkəmə qiymətləndirməmiş və şikayətini təmin etməmişdir. EQ ******** saylı elektron qərar “Yol-patrul xidməti haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının qərarının 4.3-cü maddəsinin, Yol Hərəkəti haqqında Qanunun 50-ci maddəsinin tələblərinin pozuntusu ilə qanunsuz olaraq çıxarılmış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2, 114.2.1, 135.1.5-1-ci maddələrində nəzərdə tutulmuş hallar barəsində başlanılmış inzibati icraata xitam verilməsi üçün əsasdır. Hesab edir ki, Mingəçevir şəhər Məhkəməsi tərəfindən ədalət mühakiməsi düzgün aparılmamış, ətraflı araşdırılmamış, lazımi hüquqi qiymət verilməmişdir. Odur ki, Mingəçevir şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli № *(*-***)-***/**** saylı qərarının ləğv edilməsi və ##.##.2026-cı il tarixli EQ ******** saylı elektron qərarın ləğv edilərək barəsində başlanılmış inzibati icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, barəsində qərar qəbul edilmiş şəxs İsmayılov Kənan Şəmşəddin oğlu ərizə ilə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəməsi işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apelyasiya instansiyası məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İsmayılov Kənan Şəmşəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qərarı əsaslandıraraq göstərmişdir ki, İsmayılov Kənan Şəmşəddin oğlu idarə etdiyi “Mersedes Benz” C 300 minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ötmə hərəkətini yerinə yetirən zaman yol xəttinin tələblərini pozması ilə bağlı yol patrul xidmətinin əməkdaşının hər hansı bir qayda pozuntusu etməyi barədə sübut təqdim etməyərək, onun barəsində qərar qəbul etdiyini bildirsə də, şikayət verən şəxsin istinad etdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamış, həmçinin şikayətçi həmin hallara dair məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. Həmçinin İsmayılov Kənan Şəmşəddin oğlu idarə etdiyi “Mersedes Benz” C 300 minik markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşmamasını istisna edən hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, işdə olan və məhkəmə iclasında tədqiq edilən sənədlər isə onun qərarda göstərilən inzibati xətanı törətməsini təsdiq etmişdir. Ona görə də İsmayılov Kənan Şəmşəddin oğlunun barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında qərar verilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs İsmayılov Kənan Şəmşəddin oğlunun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. İşdə olan ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İsmayılov Kənan Şəmşəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İsmayılov Kənan Şəmşəddin oğlunun verdiyi apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, elektron qərar qeydə alındığı ərazidə Yol Patrul Xidməti İnspektoru iri qabaritli yük avtomobilinin qarşısında hərəkət iştirakçılarının tərəfindən görünməyən məsafədə patrul avtomobilini saxlayaraq E-Patrol radar sistemini qoşub xidmət aparmış və nəticədə barəsində qanunsuz olaraq elektron qərar çıxarılmış, eyni zamanda inzibati xəta qeydə alınan ərazi Kürdəmir rayonu Karrar ərazisində yerləşən stasionar Dövlət Yol Polisi Postundan Bakı şəhəri istiqamətində təxminən 150-200 metr aralıqda olmaqla həmin DYP postundan sonra 6.14 xəbərdar edici yol nişanı və 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı olmamışdır. Apellyasiya şikayətinin Yol Patrul Xidməti İnspektorunun iri qabaritli yük avtomobilinin qarşısında, hərəkət iştirakçıları tərəfindən görünməyən məsafədə patrul avtomobilini saxlamaqla radar sistemini qoşub xidmət aparmasına dair dəlili ilə bağlı olaraq qeyd edilməlidir ki, iş materiallarından həmin hal müəyyən edilməmiş, qeyd edilən xüsusatı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Şikayətin digər dəlili olan elektron qərarın qeydə alındığı ərazinin Kürdəmir rayonu Karrar ərazisində yerləşən stasionar Dövlət Yol Polisi Postundan Bakı şəhəri istiqamətində təxminən 150-200 metr aralıqda olmaqla həmin DYP postundan sonra 6.14 xəbərdar edici yol nişanı və 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanının qoyulmaması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin VII bəndində göstərilmişdir ki, yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. İş materiallarına əlavə edilmiş videogörüntü məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, elektron qərarın qeydə alındığı ərazidən qabaqda yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı mövcud olmaqla icazə verilən maksimal sürət 70 km saatdır. Həmçinin iş materialına əlavə edilmiş arayışdan görünür ki, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin YPX Alayının 7-ci taqımının komandiri vəzifəsini müvəqqəti icra edən Ruslan İsayevlə əlaqə saxlanılan zaman (ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng olunaraq) o, bildirdi ki, M2, E60, AH 5, Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 183-cü kilometri 3.24 yol nişanının təsir dairəsinə aiddir və icazə verilən maksimal sürət 70 km saatdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 2ci bəndində göstərilmişdir ki, yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “İCMAL” altsistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Göründüyü kimi İsmayılov Kənan Şəmşəddin oğlunun İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur. İXM-nin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə - 200 manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. Qeyd edilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İsmayılov Kənan Şəmşəddin oğlunun Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi barədə şikayətinin dəlilləri əsassızdır. Məhkəmə, şikayətin dəlillərini araşdırarkən, həmçinin müəyyən etmişdir ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi İsmayılov Kənan Şəmşəddin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı, ##.##.2026 tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi barədə qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan da, apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin EQ ******** saylı, ##.##.2026 tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv etməməklə ədalətli və qanuni qərar qəbul etmişdir. İXM-nin 31-ci mаddəsinə əsasən, inzibаti xətаyа görə tənbeh bu Məcəlləyə uyğun оlаrаq tətbiq edilir. Fiziki və yа vəzifəli şəxslər bаrəsində inzibаti tənbeh tətbiq edilərkən xətаnın xаrаkteri, inzibаti xətа törədənin şəxsiyyəti, оnun təqsirinin dərəcəsi, əmlаk vəziyyəti, hаbelə məsuliyyəti yüngülləşdirən və аğırlаşdırаn hаllаr nəzərə аlınır. İnzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İsmayılov Kənan Şəmşəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-146)-793/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İsmayılov Kənan Şəmşəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İsmayılov Kənan Şəmşəddin oğlu tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-458/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-458/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver