Məhkəmə qərarları › İş №3(3-10)-500/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-500/2026

08.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-500/2026 08.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə1 və inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Nazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-137)-603/2026 saylı (hakim Ü.Qənbərov) qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 428.10-cu maddəsi ilə olan inzibati xəta haqqında iş (##.##.2026-cı il tarixli; MN № ******* “inzibati xəta haqqında” protokol ) üzrə icraata xitam verilmişdir. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokola görə, o, “savalanwine” adlı ”İnstagram” sosial şəbəkə səhifəsində yayımlanan relkamlarda alkoqollu içkilərin istifadə olunma prosesini nümayiş etdirmiş və heyvan təsvirlərindən istifadə etmiş, o cümlədən alkoqollu işkilərdən istifadə nəticəsində şəxsin emosional durumunu yaxşılaşdıracağı barədə rəy formalaşdıraraq reklam haqqında qanunvericiliyin tələblərini pozmuşdur. Birinci instаnsiyа məhkəməsinin iclаsındа AR Prezidenti yanında Antiinhisar və İstehlak Nazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi nümayəndə2 Hümbət oğlu izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) tərəfindən reklam bazarlarında aparılmış monitorinqlər zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən “savalanwine” adlı “Instagram” sosial şəbəkə səhifəsində (profilində) yayımlanmış reklamlarda alkoqollu içkilərdən istifadə olunma prosesinin nümayiş edilməsi, heyvan təsvirlərindən istifadə edilməsi, o cümlədən alkoqollu işkilərdən istifadə nəticəsində şəxsin emosional durumunu yaxşılaşdıracağı barədə rəy formalaşdırılması faktı aşkar edilmiş və həmin yayımlarda 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı zamanı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə məlumatın qeyd edilmədiyi müəyyən edilmişdir. Reklam qanunvericiliyinin pozulmasına yol verilməklə yayımlanmış reklamların müvafiq qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və nəticələri barədə məlumatın təqdim edilməsi ilə bağlı Agentlik tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2026-cı il tarixli *-**/*-****/**** nömrəli məktub ünvanlanmışdır. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən məktubda qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti tədbirlər görülməmiş, eyni zamanda hər hansı münasibət bildirilməmişdir. Ona görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) barəsində AR İXM-nin 428.10-cu maddəsi ilə inzibati xəta haqqında protokol (##.##.2026-cı il tarixli; MN № *******) tərtib edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iclаsındа Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə1 izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin “savalanwine” adlı “Instagram” sosial şəbəkə səhifəsində (profilində) yayımlanmış reklamlarda alkoqollu içkilərdən istifadə olunma prosesinin nümayiş edilməsi, heyvan təsvirlərindən istifadə edilməsi, o cümlədən alkoqollu işkilərdən istifadə nəticəsində şəxsin emosional durumunu yaxşılaşdıracağı barədə rəy formalaşdırılması, eyni zamanda 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı zamanı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə məlumatın qeyd edilməməsi ilə bağlı pozuntuların aradan qaldırılması, reklamların müvafiq qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və nəticələri barədə məlumatın təqdim edilməsi haqqında AR Prezidenti yanında Antiinhisar və İstehlak Nazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli *-**/*-****/**** nömrəli xəbərdarlıq məktubu, eləcə də “inzibati xəta haqqında” protokolun tərtib olunmasında iştirak edilməsi ilə bağlı ##.##.2026-cı il tarixli *-**/*-****/**** nömrəli məktub Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin hüquqi ünvanına ( Qəbələ şəhəri, Zərifə Əliyev küçəsi, ev 10 ) yox, cəmiyyətin ofis ünvanına ( ünvan 2 ) göndərilmiş, cəmiyyət həmin pozuntuların əks olunduğu məktubdan xəbərsiz olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin istehsalı olan məhsulların reklamı müqavilə əsasında SMM reklam təşkilatları vasitəsilə həyata keçirildiyi nəzərə alınmaqla “savalanwine” adlı ”İnstagram” sosial şəbəkə səhifəsində yayımlanan relkamlarla bağlı araşdırma aparılmalı və pozuntunun xarakteri müəyyən edilməlidir. Həmin səhifələrdə yer alan məlumatlarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin istehsalı olan məhsullar barədə bildirimlər yoxdur. Ona görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) barəsində olan inzibati xəta haqqında protokol (##.##.2026-cı il tarixli; MN № *******) qanunsuz hesab edilməli və barəsində AR İXM-nin 428.10-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdə olan Elektron məhkəmə informasiya sisteminin ( EMİS) məlumatına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) Qəbələ şəhəri, Zərifə Əliyev küçəsi, ev 10-da qeydiyyata alınmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. şikayətin və prosses iştirakçılarının dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, İXM-in 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır (həmin Məcəllənin 57.6-cı maddəsinin müddəaları nəzərə alınmaqla), yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Bununla əlaqədar olaraq, inzibati xətalar üzrə icraat zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə nümayəndəsinin iştirakı üçün dəvət məktubu həmin şirkətin özünün rəsmi internet saytında göstərdiyi Bakı şəhəri, Abbas Səhhət 14 ünvanına göndərilmiş və şirkətin işçisi (İbragimova Sabina) tərəfindən sifarişli poçt göndərişi imzalanaraq təhvil alınmışdır. Əlavə olaraq Agentlik bildirir ki, dəfələrlə hüquqi şəxsin telefon nömrələri ilə əlaqə saxlanmış və ona inzibati xətalar üzrə icraatla bağlı müvafiq məlumatlar verilmişdir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati xəta haqqında icraatdan məlumatlı olmuş, lakin məqsədli şəkildə yayınmışdır. Eyni zamanda Agentlik bildirir ki, İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adında qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İXM-in 18.3-cü maddəsinə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. İXM-in 18.4-cü maddəsinə görə bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2023-cü il tarixli Plenum Qərarında qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ norma kimi ifadə edilməmişdir. Bu baxımdan, vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar; hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təhmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır (İXM-in 31.2 və 31.3-cü maddələri). Bu baxımdan, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Əlavə olaraq Agentlik bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2019-cu il tarixli Plenum Qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Göründüyü kimi, qanunvericilik hüquqi və vəzifəli şəxslərin məsuliyyətini fərqli şəkildə nəzərdə tutmuşdur. İnzibati xəta haqqında iş üzrə icraat zamanı eyni hüquqazidd əmələ görə hüquqi şəxsin və onun vəzifəli şəxsinin eyni vaxtda məsuliyyətə cəlb edilməsi qanunvericiliklə mümkün hesab edilir. Lakin bu qayda imperativ xarakter daşımır və dispozitiv norma statusundadır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli Qərarı ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə təqsirləndirilməsinə dair ##.##.2026-cı il tarixli ******* nömrəli inzibati xəta haqqında protokola uyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən orqan AR Prezidenti yanında Antiinhisar və İstehlak Nazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X1 şikayətin məzmununa uyğun oxşar məzmunda çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə1 şikayətin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-137)-603/2026 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. hüquqi məsələlər: İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. İXM-nin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 133.2.8-ci maddəsində isə göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İşdə olan Elektron məhkəmə informasiya sisteminin ( EMİS) məlumatına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC (VÖEN: **********) Qəbələ şəhəri, Zərifə Əliyev küçəsi, ev 10-da qeydiyyata alınmışdır. İşdə olan materiallara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin “savalanwine” adlı “Instagram” sosial şəbəkə səhifəsində (profilində) yayımlanmış reklamlarda alkoqollu içkilərdən istifadə olunma prosesinin nümayiş edilməsi, heyvan təsvirlərindən istifadə edilməsi, o cümlədən alkoqollu işkilərdən istifadə nəticəsində şəxsin emosional durumunu yaxşılaşdıracağı barədə rəy formalaşdırılması, eyni zamanda 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı zamanı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə məlumatın qeyd edilməməsi ilə bağlı pozuntuların aradan qaldırılması, reklamların müvafiq qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və nəticələri barədə məlumatın təqdim edilməsi haqqında AR Prezidenti yanında Antiinhisar və İstehlak Nazarına Nəzarət Dövlət Agentliyinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli *-**/*-****/**** nömrəli xəbərdarlıq məktubu və “inzibati xəta haqqında” protokolun tərtib olunmasında iştirak edilməsi ilə bağlı ##.##.2026-cı il tarixli *-**/*-****/**** nömrəli məktubu ünvan 2-ə göndərilmişdir. İş mаteriаllаrındаn görünür ki, xxxx” MMC reklam haqqında qanunvericiliyin tələblərinin pozulması barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ##.##.2026-cı il tarixdə “inzibati xəta haqqında” protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışlarını tam hər tərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-in 428.10-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Apellyasiya şikayətinin əsas və həlledici dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi icraata xitam verilməsi üçün əsas kimi Agentliyin ##.##.2026-cı il tarixli xəbərdarlıq məktubunun cəmiyyətin hüquqi ünvanına deyil, ofis ünvanına göndərilməsi faktını götürmüşdür. Bu dəlili qiymətləndirən apellyasiya instansiyası məhkəməsi ilk növbədə İXM-in 428.10-cu maddəsinin normativ məzmununa istinad edir. Həmin maddəyə əsasən, bu Məcəllənin 428.1–428.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi şəxslər isə min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, İXM-in 428.10-cu maddəsinin dispozisiyası hər hansı xəbərdarlıq məktubunun, bildirişin və ya digər sənədin adresə çatdırılması qaydası ilə bağlı heç bir tələb və ya şərt müəyyən etmir; maddənin tərkibi yalnız reklam qanunvericiliyinin tələblərinə əməl edilməməsi faktı ilə bağlıdır. Bu baxımdan, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Agentliyin xəbərdarlıq məktubunun düzgün ünvana göndərilib-göndərilməməsi məsələsini yəni inzibati xəta törədilməzdən əvvəl aparılan yazışma qaydasına aid olan, mahiyyət etibarilə prosessual xarakterli bir hal İXM-in 428.10-cu maddəsi üzrə tərkibin mövcudluğunu istisna edən əsas kimi qiymətləndirməklə hüququ düzgün tətbiq etməmişdir. Belə ki, cəmiyyətin reklam qaydalarını pozub-pozmaması, "savalanwine" adlı "Instagram" səhifəsində yayımlanan reklamlarda alkoqollu içkilərin istifadəsinin nümayişi, heyvan təsvirlərindən istifadə və alkoqolun istifadəsi ilə emosional vəziyyətin yaxşılaşacağı barədə təəssüratın formalaşdırılması kimi obyektiv tərəfin əlamətləri, xəbərdarlıq məktubunun hansı ünvana göndərildiyindən asılı olmayaraq, müstəqil sübutlarla araşdırılmalı və qiymətləndirilməli məsələlərdir. Xəbərdarlıq məktubunun çatdırılması faktı yalnız Agentliyin inzibati xəta haqqında protokol tərtib etməzdən əvvəl profilaktik tədbir görməsini təsdiqləyən əlavə hal ola bilər, lakin bu hal İXM-in 428.10-cu maddəsinin tərkibinə daxil edilməmişdir və onun yoxluğu əməldə tərkibin olmaması demək deyildir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin yalnız məktubun çatdırılması ilə bağlı prosessual nöqsana istinad edərək, əməlin mahiyyəti araşdırılmadan icraata xitam verməsi əsassızdır və İXM-in tələblərinə uyğun deyildir. Bu baxımdan məhkəmə əlavə olaraq qeyd edir ki, sənədlərin, o cümlədən bildiriş və xəbərdarlıq məktublarının çatdırılması qaydasını tənzimləyən normalar İXM-də ayrıca və müstəqil müddəalarda əks olunmuşdur (məsələn 539-cu maddə), bu normalar hüquqi şəxsin və ya vəzifəli şəxsin icraatdan xəbərdar edilməsi prosedurunu, çatdırılma üsullarını və bununla bağlı hüquqi nəticələri tənzimləyir. Əlavə olaraq, iş materiallarında olan sənədlərə görə, cəmiyyətin nümayəndəsinin iştirakı üçün dəvət məktubu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin özünün rəsmi internet saytında elan etdiyi ünvan 1 ünvanına sifarişli poçt göndərişi qaydasında göndərilmiş və bu göndəriş cəmiyyətin işçisi tərəfindən şəxsən imzalanaraq təhvil götürülmüşdür, habelə hüquqi şəxslə dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılaraq icraatın gedişi barədə məlumat verilmişdir. Bu hallar bir daha təsdiq edir ki, cəmiyyət barəsində aparılan icraatdan real surətdə xəbərdar olmuş, deməli, hətta çatdırılma məsələsi maddənin tərkibinə aid ediləcəyi təqdirdə belə, bu əsasla icraata xitam verilməsi üçün faktiki zəmin də mövcud olmamışdır. Yuxarıda göstərilən dəlillərin məcmusu üzrə aparılan qiymətləndirmə nəticəsində məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin İXM-in 428.10-cu maddəsinin tərkibinə aid olmayan, mahiyyət etibarilə əhəmiyyətsiz bir hala (xəbərdarlıq məktubunun ünvanına) əsaslanaraq icraata xitam verməsi əsassızdır. Bu səbəbdən Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı İXM-in 135.1-ci maddəsinin tələblərinə uyğun olaraq ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməlidir. Bununla belə, iş üzrə yeni qərarın məzmununu müəyyən edərkən məhkəmə, əməlin obyektiv tərəfinin mövcudluğu məsələsi üzrə əlavə araşdırma aparılmasının zəruriliyindən əvvəl, ilk növbədə icraatın davam etdirilməsinin mümkünlüyünü təşkil edən müddət məsələsini araşdırmağı vacib sayır. Belə ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər, İXM-nin 38.2-ci maddəsinə əsasən isə uzanan inzibati xətalara münasibətdə bu müddət xətanın aşkar edildiyi gündən hesablanır. İş materiallarından göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin fəaliyyətində inzibati xəta əlamətlərinin mövcudluğu aprel ayında (## ##### 2026-cı il tarixdə MMC-yə xəbərdarlıq məktubu göndərilib) aşkar edilmiş və ## ### 2026-cı il tarixdə tərtib olunmuş ******* nömrəli protokolla rəsmiləşdirilmişdir. Deməli, İXM-in 428.10-cu maddəsi ilə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyətə cəlb etmə müddəti ## ######## 2026-cı il tarixdə bitmiş, cari məhkəmə iclasının keçirildiyi tarixə ## ######## 2026-cı il tarixinə həmin müddət artıq keçmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu norma imperativ xarakter daşıyır və hakimin, yaxud səlahiyyətli orqanın mülahizəsindən asılı olmayan mütləq tələbi ifadə edir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul etməlidir. Belə vəziyyətdə, İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edildikdə, qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi üçün əsasdır. Nəticə etibarilə, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının İXM-in 428.10-cu maddəsinin tərkibinə aid olmayan hala əsaslanaraq çıxardığı əsassız nəticəyə görə ləğv edilməsi, lakin bununla eyni zamanda inzibati məsuliyyətə cəlb etmə müddətinin bitməsi səbəbindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-in 428.10-cu maddəsi ilə başlanmış icraata İXM-in 53.1.6-cı maddəsinə əsasən xitam verilməsi qanuni və əsaslıdır. İXM-in 53.1-ci mаddəsinə əsаsən аşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:…53.1.6. bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda… İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsəsən Apellyasiya məhkəməsi hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC bаrəsində İXM-in 428.10-cu mаddəsində nəzərdə tutulmuş inzibаti xətа hаqqındа iş üzrə icrааtа inzibati inzibаti məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə İXM-in 53.1.6-cı mаddəsinə əsаsən xitаm verilməlidir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:...135.1.5-1. bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması... nəticəvi hissə: Göstərilənlərə əsasən və İXM-in 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC bаrəsində Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinini 428.10-cu mаddəsində nəzərdə tutulmuş inzibаti xətа hаqqındа iş üzrə icrааtа inzibаti məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə İnzibаti Xətаlаr Məcəlləsinin 53.1.6-cı mаddəsinə əsаsən xitаm verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar