Məhkəmə qərarları › İş №3(3-6)-1024/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1024/2026

14.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1024/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclas katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quliyev Xalid Tofiq oğlunun, Bakı şəhər Baş Polis Idarəsi Dövlət Yol Polis Idarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Quliyev Xalid Tofiq oğlu tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli tarixli saylı qərarı ilə, Quliyev Xalid Tofiq oğlunun (## ###### 1975-ci il tarixdə, Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olan) Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayəti təmin edilməmişdir. Işin halları: Quliyev Xalid Tofiq oğlu Bakı şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Quliyev Xalid Tofiq oğlu şikayət verərək Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*- **)-***/**** saylı, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında qərarı hüquq normaları pozulmaqla qəbul edildiyindən qüvvədə qala bilməz və ləğv edilməlidir. Aşağıda qeyd olunanlarla ## ###### 2026-cı il tarixli qərarın qanunsuz və əsassız olması, prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması və yaxud düzgün təfsir edilməməsi, həmçinin qərarda göstərilənlərin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Məhkəmə tərəfindən xətanın baş verməsi, həmçinin onun iştirakı ilə baş verməsi aydınlaşdırılmamışdır. Çünki, məhkəməyə təqdim olunan görüntüdəki nəqliyyat vasitəsinin inzibati xəta törətməsi, eyni zamanda ona məxsus olması dəqiq görünmür. Yalnız bir istiqamətdən görüntü məhkəməyə təqdim olunmuşdur ki, burada da inzibati xətanın törədilməsi tam görünmür və həmin nəqliyyat vasitəsinin ona məxsus olması təsdiqini tapmır. Belə ki, o, Ceyhun Səlimov küçəsi 103 ünvanındakı dairəyə daxil olarkən dayanaraq dairədə hərəkətdə olan nəqliyyat vasitələrini və digər hərəkət iştirakçılarına yol verməklə gözləmiş və yol boşaldıqdan sonra heç bir qayda pozuntusuna yol vermədən dairəyə daxil olmuşdur. Belə ki, o, yol aryıcına daxil olarkən dairədə olan hər hansı nəqliyyat vasitəsi və ya digər hərəkət iştirakçısı ona görə sürətini azaltmamış, qəfil dayanma etməmiş və istiqamətini dəyişməmişdir. Yəni, dairədə olan nəqliyyat vasitəsi dairənin digər tərəfində olduğu halda o dairəyə daxil olmuş ki, bu da qaydalar çərçivəsində olduğundan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta sayılmır. Qaydalara görə yol verilmədiyi istənilən halda (yolayrıclarını keçmə zamanı, hərəkət zolaqlarını dəyişmə zamanı, hərəkətə başlayarkən və ya hərəkəti dayandırarkən və s.) əməli qəza şəraiti yaratma sayırlır. Bununla bağlı tərtib olunmuş protokola etiraz etdiyinə görə Bakı şəhər Baş Dövlət Yol Polisi Idarəsinə dəvət olunmuş və orada ona qeyd etdiyi kimi hərəkət istiqamətini qarşı tərəfində yerləşən təhlükəsiz şəhər kamerasının (TŞK) görüntüsü təqdim olunmuşdur. Halbuki, həmin görüntüdə onun dairədə olan nəqliyyat vasitəsinə yol verməsi, hərəkəti və digər nəqliyyat vasitələrinin hərəkəti aydın görünmür. Bundan sonra onun təqdim etdiyi hərəkətinin sağ və sol istiqmətində olan TŞK 3-065 və TŞK*-*** nömrəli təhlükəsiz şəhər kameralarına baxış keçirilməsini istəmiş və onun da iştirakı ilə həmin kameralara baxış keçriləkən onun hər hansı qayda pozuntusuna yol vermədiyi və inzibati xəta törətmədiyi aydın şəkildə görünür. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi yol hərəkət iştirakçısı olaraq onun əməlində inzibat xəta tərkibi müəyyən edilmir. Əgər yuxarıda qeyd olunan TŞK 3-065 və TŞK*-*** nömrəli təhlükəsiz şəhər kameralarına baxış keçirilərsə qeyd olunanlar öz təsdiqini tapacaqdır. Bu səbəbdən də barəsinə tərtib edilmiş inzibati xəta haqqındakı protokol və qərar barədə olan məhkəmənin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Quliyev Xalid Tofiq oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X2 şikayətin əsassız olduğunu bildirib, məhkəməyə inzibati xətaya dair videogörüntü təqdim edərək şikayətin təmin edilməməsini xahiş etdi. Işin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı, sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək şikayəti təmin etməmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Şikayətçinin iddiasına görə o, yolayrıcını keçmə qaydalarını pozmamışdır. Şikayətçinin qeyd edilən dəlillərini iş materialları ilə yoxladıqda əsaslı olmadığı görünür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 11-ci bəndinə əsasən yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Həmin Qanunun 1-ci maddəsinin 41-ci bəndinə əsasən yol vermək – sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Həmin Qanunun 42-ci maddəsinin XV hissəsinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Təqdim edilmiş videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmiş, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan X1 markalı nəqliyyat vasitəsinin sürücüsü dairədə hərəkət edən nəqliyyat vasitəsinə yol verməli olduğu halda, hərəkətini davam etdirmiş, digər nəqliyyat vasitəsinin sürücüsünü sürətini dəyişdirməyə (əyləcdən istifadə etməklə sürətini azaltmışdır) məcbur etmişdir. IXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsini tənzimləyən IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, birinci instansiya məhkəməsində şikayətçinin göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə şikayətin rəddi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Quliyev Xalid Tofiq oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar