Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1027/2026 17.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Süleymanov Ilkin Bəxtiyar oğlunun (bundan sonra - Süleymanov Ilkin Bəxtiyar oğlu) iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından Süleymanov Ilkin Bəxtiyar oğlunun verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakim X1) Süleymanov Ilkin Bəxtiyar oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası IXM-in) 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətə məhdudlaşdırılmasından ibarət inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Süleymanov Ilkin Bəxtiyar oğlu əvvəlcə həmin məhkəmə qərarından şikayət verib, barəsində qəbul edilmiş ## ##### 2025-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilmiş cərimə məbləğini ödəməsinə görə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etsə də, hazırki məhkəmə iclasında verdiyi izahatında və yazılı ərizəsində həmin şikayətindən imtina etdiyini göstərərək, şikayəti üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası IXM-də birinci instansiya məhkəməsinin qərarından şikayət və ya protest vermiş şəxsin öz şikayətindən imtina etdiyi halda, bununla bağlı prosessual münasibətləri tənzimləyən norma yoxdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun: - 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. - 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. - 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası IXM-in 128.1-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası IXM-in 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Süleymanov Ilkin Bəxtiyar oğlu hazırki apellyasiya məhkəmə iclasında verdiyi izahatında və yazılı ərizəsində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından verdiyi şikayətindən imtina etdiyini göstərərək, həmin şikayəti üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etdiyinə, Azərbaycan Respublikası IXM-də bununla bağlı prosessual münasibətləri tənzimləyən norma olmadığına görə Azərbaycan Respublikası CPM-in 391.11ci maddəsi hazırki işin müvafiq prosessual halına qanunun analogiyası qaydasında tətbiq edilməklə, onun həmin şikayətindən imtina etməsi qəbul edilməli və şikayətinə baxılmasına xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası CPM-in 391.11-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Süleymanov Ilkin Bəxtiyar oğlunun Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından verdiyi şikayətindən imtina etməsi qəbul edilsin və həmin şikayətə baxılmasına xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1027/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1027/2026
17.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver