Məhkəmə qərarları › İş №3(3-6)-1035/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1035/2026

16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1035/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, İbrahimova İlahə Arif qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “Maarifçi Tələbə Kredit” Fondunun nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, “Maarifçi Tələbə Kredit” Fondu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “Maarifçi Tələbə Kredit” Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: “Maarifçi Tələbə Kredit” Fondunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə “Maarifçi Tələbə Kredit” Fondu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “Maarifçi Tələbə Kredit” Fondu apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, 1. FONDUN təyinatı və sosial statusu barədə Nizamnaməyə əsasən, “Maarifçi Tələbə Krediti” Fondu Azərbaycan Respublikasının bir neçə aparıcı dövlət ali təhsil müəssisəsi (ADU, ADPU, SDU, ADNSU, AzTU və s.) tərəfindən təsis edilmiş, qeyri-hökumət təşkilatıdır. Fondun əsas məqsədi aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqını ödəmək üçün uzunmüddətli və güzəştli kreditlər verməklə təhsildə bərabər imkanlar yaratmaqdan ibarətdir. Fondun fəaliyyəti tamamilə şəffafdır, dövlət nəzarəti altındadır və ali təhsilin əlçatanlığına xidmət etməkdədir. Belə bir missiyanı yerinə yetirən qurumun terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı qaydalarını qəsdən pozması məntiqi və hüquqi cəhətdən qeyri- mümkündür. 2. Fondun fəaliyyətinin şəffafliği və ianələrin könüllü bəyan edilməsi: Məhkəmə Fondun “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna zidd hərəkət etdiyini qənaətinə gəlmişdir. Lakin Fond fəaliyyəti ərzində qəbul etdiyi hər bir ianə barədə Ədliyyə Nazirliyini vaxtında məlumatlandırmış və onların reyestrə daxil edilməsi ilə bağlı müraciət etmişdir. Maliyyə mənbələrini dövlət orqanına könüllü və tam təfsilatı ilə təqdim edən bir qurumun “Cinayət yolu ilə əldə edilmiş əmlakların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” qaydalarını pozmaqla ittiham olunması hüquqi məntiqlə ziddiyyət təşkil edir və əsassızdır. Bundan başqa, AR NK ## ###### 2009-cu ul tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökümət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın 5.2-*ci bəndinə əsasən QHT illik maliyyə hesabatını müəyyən ediliş müddətdə təqdim edilmədikdə, ƏN həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 gün müddətində təqdim edilməsinə dair göstəriş verir. İnzibati məsuliyyət yalnız müddət bitdikdən sonra yarana bilər. Ancaq Fonda ƏN tərəfindən belə bir xəbərdarlıq müddəti təqdim edilməmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “Maarifçi Tələbə Kredit” Fondunun nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və dəlillərinə uyğun çıxış edərək məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinin tələblərinə uyğun olaraq işə işdə iştirak edən şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə toplanmış materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən “Maarifçi Tələbə Kredit” Fonduna göndərilən ##.##.2025-ci il tarixli, *-**-*/*-**-***/**** saylı məktubdan görünür ki, qanunun müvafiq tələbi ianələrə dair məlumatların reyestrə daxil edilməsi barədə ##.##.2024-cü il tarixli və *-**-*/*-**-****/*/**** nömrəli bildirişlə nəzərə çatdırılmışdır. İanə və ondan istifadə haqqında hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” ilə müəyyən edilmiş formaya (* nömrəli forma) uyğun tərtib edilməlidir. Adıçəkilən Qanunun 5.2-ci bəndinə əsasən xəbərdarlıq olunaraq, ianələr və onlardan istifadə haqqında hesabatların 30 gün müddətində Ədliyyə Nazirliyinə təqdim edilməsi tələb olunur. Bu müddətdə hesabat təqdim etməyən qeyrihökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar İnzibati xəta haqqında protokola əsasən “Maarifçi Tələbə Kredit” Fondu tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlak leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş hesabatın nəzarət orqanına təqdim edilmədiyi aşkar edilmişdir. Nəticədə “Maarifçi Tələbə Kredit” Fondu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1.-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri tərəfindən əmlaklarının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilən nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun: - öhdəlik daşıyan şəxslər – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri (1.1.7-ci maddə); - qeyri-maliyyə institutları və peşə sahibləri – rieltorlar, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri (1.1.9-cu maddə); - Terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı dini qurum, qeyrihökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi qrant və ianə alarkən, habelə verərkən risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq nəzarət orqanına təqdim edilməlidir. (12.3-cü maddə) Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarı ilə hesab etmişdir ki, hüquqi şəxs “Maarifçi Tələbə Kredit” Fondu “Cinayət yolu ilə əldə edilmiş əmlak leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun müvafiq tələblərini pozmuşdur. Bununla da, “Maarifçi Tələbə Kredit” Fondu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirildiyindən, şəxs həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən “Maarifçi Tələbə Kredit” Fondunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsi ilə təqsirli olması sadalanan sənədlərlə tam olaraq öz təsdiqini tapmışdır. Hazırda da “Maarifçi Tələbə Kredit” Fondu tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlak leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş hesabatın Ədliyyə Nazirliyinə təqdim edilməsini təsdiq edəcək sübutları şikayətə əlavə edilməmiş və ya məhkəmə iclasında təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlillər müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Odur ki, şikayətin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin hüquqi əsasını təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, hesab edirəm ki, birinci instansiya məhkəmənin iş üzrə mübahisələndirilən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə “Maarifçi Tələbə Kredit” Fondu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni, əsaslı və düzgün nəticəyə gəlinmiş, təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “Maarifçi Tələbə Kredit” Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “Maarifçi Tələbə Kredit” Fondu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar