Məhkəmə qərarları › İş №3(3-6)-1225/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1225/2026

29.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1225/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə inzibati tənbeh tədbiri tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, məhkəmə müəyyən e t d i: Bakı şəhəri Xətai rayon İcra Şöbəsindən daxil olmuş ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli *(***)-****/**** saylı icra sənədinə əsasən “xxxx” MMC-dən tələbkar X1 ödənilməmiş 2 aylıq əmək haqqı və 21 gün məzuniyyət pulu tutulmalıdır. Lakin şirkətin rəhbəri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu tam olaraq ödəməmiş və icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə “xxxx” MMC-nin diektoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi və ya alternativ olaraq məsuliyyətin mövcudluğunu müəyyən edilərsə, tənbehin xəbərdarlıq şəklində tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsi mühüm halları lazımınca araşdırmamış, qiymətləndirməmişdir. Barəsində paralel olaraq 8-9 icra işi mövcuddur ki, bu da aylıq icra ödənişlərinin vahid qaydada bölüşdürülməsini zəruri edir. Şirkətin fəaliyyəti dayandırılmış, sabit gəlir mənbəyi formalaşmamışdır. Şəxsi aylıq gəliri 600 manat olduğu halda icra sənədləri üzrə aylıq 300 manat ödəniş etmişdir ki, bu da gəlirinin 50%-ni təşkil edir. Üç uşaq atası olmaqla, azyaşlı övladların saxlanma xərcləri tam üzərinə düşür. Atası ağır xəstədir, müalicə xərclərinin böyük hissəsini o ödəyir. Yaşayış evi girovdadır, bu da əlavə maliyyə yükü yaradır. Özünü tam təqsirli bilib öhdəliyi qismən icra etmişdir (210 manat ödəniş). Üç azyaşlı uşağın atası olmaqla, ailə vəziyyəti ağırdır. Zərərin tam miqyasının ödənilməsinə yönəlmiş real tədbirlər görülmüşdür. İcra orqanından gizlənməmiş, çağırışlara gəlmiş, icra məmurlarına mütəmadi məlumat vermişdir. Müalicə tələb edən xəstə atasına baxmaqla sosial vəziyyəti ağırdır. Borcluya bütün icra işlərinin sayı nəzərə alınmadan, yalnız bir iş üzrə eyni tələb çərçivəsində vahid bir cərimə həddinin tətbiq edilməsi AR Konstitusiyasının 25-ci maddəsindən irəli gələn mütənasiblik (ölçülülük) prinsipini pozur. Məhkəmə qərarında barəsində hər hansı məcburi gətirilmə qərarının olduğuna dair məlumat yer almır. Əksinə, iclasda şəxsən iştirak etmiş, icra məmuruna mütəmadi olaraq müraciət etmiş, ödəniş qəbzlərini təqdim etmişdir. Bunlar qəsdli yayınmanın əlamətlərini tam istisna edir. Qərar isə bu faktları adekvat şəkildə dəyərləndirməmişdir. Barəsində müxtəlif icra şöbələrində yüz minlərlə manat məbləğini əhatə edən çoxsaylı icra sənədləri mövcuddur. Bu icra işlərinin heç biri tam icra olunmamışdır. Belə bir şəraitdə məhkəmənin əlavə 1200 manat cərimə tətbiq etməsi bir sıra fundamental hüquqi prinsipləri pozur. İcra qanunvericiliyinin məqsədi tələbkarın tələbini ödətdirməkdir, borcluya əlavə maliyyə yükü yaratmaq deyil. Əgər borclu icra sənədlərini ödəmək üçün maddi imkana malik olsaydı, tələbkarın borcunu çoxdan ödəyərdi. Ödəməməsinin yeganə səbəbi maddi çatışmazlıqdır. Bu şəraitdə əlavə cərimə tətbiq etmək borcunu azaltmır, əksinə, borclu olan şəxsin ödəmə qabiliyyətini daha da zəiflədir və tələbkarların gələcəkdə tələblərini ödətmə ehtimalını azaldır. Bu isə icra qanunvericiliyinin özünün mahiyyəti ilə birbaşa ziddiyyət təşkil edir. İkincisi, borclunun mənafeyinin kobudcasına pozulması. AR Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə görə mülkiyyət hüququ pozula bilməz. Cərimənin inzibati qaydada tətbiqi mahiyyət etibarilə borcluya qarşı ikili maliyyə yükü yaradır: həm mövcud borcun ödənilməsi, həm də cərimənin ödənilməsi. Aylıq gəliri 600 manat olan, üç uşaq böyüdən, xəstə atasına baxan bir şəxs üçün əlavə 1200 manat cərimə faktiki olaraq iki aylıq gəliri deməkdir. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsindən irəli gələn insan ləyaqətinin qorunması prinsipini, habelə AİHK-nin 6 və 8-ci maddələrini pozur. Üçüncüsü, tənbehin qabaqlayıcı funksiyasının olmaması. İnzibati tənbehin əsas məqsədlərindən biri gələcəkdə eyni xətanın qarşısını almaqdır. Lakin mövcud vəziyyətdə cərimənin qabaqlayıcı heç bir rolu yoxdur: borclu sənədləri ödəmək istəyir, lakin maddi imkanı çatmır. Nə qədər cərimə tətbiq olunsun, maliyyə imkanı olmayan şəxs bu borcu ödəyə bilməz. Deməli, həmin cərimənin nə tələbkarın, nə icra sisteminin, nə də dövlətin mənafeyinə heç bir faydası yoxdur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsi isə tənbehin məqsədəuyğun olmasını tələb edir. Nəticə doğurmayan, yalnız borcluya əlavə yük yaradan cərimə isə bu tələbə cavab vermir. Dördüncüsü, hüquq məntiqinə zidd nəticə. Hüquq sisteminin məntiqi belədir: borclu pulu olduğu halda ödəmirsə, bu qəsdin əlamətidir və cərimə tənbehi haqlıdır. Lakin borclu maddi çətinliyə görə ödəyə bilmirsə, ona cərimə tətbiq etmək nəinki hüquqa zidd, eyni zamanda hüquq məntiqinə de ziddir. Belə ki, borclu pulu olsaydı, borcunu verərdi, çünki borcu saxlamağın, icra prosesinin ağırlığını yaşamağın, məhkəmələrdə cavab verməyin onun üçün heç bir faydası yoxdur. Borcun ödənilməməsi faktı özü ödəmə qabiliyyətinin olmadığını sübut edir. Bu məntiqdən çıxış edərək, mövcud maliyyə vəziyyəti ilə heç bir əlaqəsi olmayan cərimənin tətbiqi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsindən irəli gələn hüquqi müdafiə hüququnu, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələb etdiyi təqsir prinsipini və Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2006-cı il tarixli * nömrəli Qərarının 6-cı bəndindən irəli gələn ədalətli mühakimə standartlarını kobud surətdə pozur. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayəti müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini, icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb, proses iştirakçılarının çıxışlarını dinləyərək belə hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati işə baxılarkən, qanunvericiliyin tələbləri düzgün nəzərə alınmamış, işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına imkan verən kifayət qədər sübutlar qiymətləndirilməmişdir. Bununla bağlı məhkəmə inzibati icraat və şikayət üzrə təqdim olunmuş məlumatları, habelə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq qeyd edir ki, inzibati iş üzrə mübahisə doğuran və araşdırılması tələb olunan hallar, habelə şəxsin əməlində inzibati xəta tərkibinin olması ilə bağlı kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədindən görünür ki, iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı "əmək haqqının ödənilməsi" tələbinə dair iddiası təmin edilmiş və cavabdeh "xxxx" MMC-dən iddiaçı X1 xeyrinə ödənilməmiş 2 aylıq əmək haqqı və son haqq-hesab hesablanaraq tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında ## #### 2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış və qərar tələbin könüllü icrası barədə bildirişlə hüquqi şəxs “xxxx” MMC-yə göndərilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” İnformasiya Sistemi” vasitəsi ilə əldə edilmiş çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-nin icraçı direktorudur. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən “Elektron məhkəmə” İnformasiya Sistemi” vasitəsilə məhkəməyə ünvanlanmış “xxxx” MMC-nin mədaxil qəbzlərinin surətlərindən görünür ki, müxtəlif tarixlərdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ümumilikdə 210 manat məbləğində pul vəsaiti “xxxx” MMC vasitəsilə X1 hesabına köçürülmüşdür. Belə ki, icra məmuru tərəfindən də qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlər görülmədən, faktiki olaraq əsaslandırma verilmədən şəxsin inzibati məsuliyyətə cəlb edilməli olması qərarına gəlmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən inzibati materialda olan hansı sübutlara istinad etdiyini, şəxsin öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, icra vərəqəsinin icrasını tam şəkildə təmin etməməsi, icra sənədinin icrasının təmin edilməsinə hərəkətsizlik göstərməsinin nə ilə təsdiq edildiyini əsaslandıra bilməmişdir. Məhkəmə belə hesab edir ki, inzibati xəta haqqında protokol özlüyündə şəxsin təqsirli bilinməsi üçün yetərli deyildir və yalnız digər mötəbər sübutlarla birgə öz təsdiqini taparsa, əsaslı sübut kimi qiymətləndirilə bilər. Belə ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu günədək ödənişləri tam ödəyib tamamlamamasını icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi dəyərləndirmişdir. Halbuki birinci instansiya məhkəməsi icra sənədini üzrsüz səbəbdən icra etməməsi qənaətinə gələrkən, şəxsin icra sənədində göstərilən tələb üzrə onun əməlində tələbin üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrasından qərəzli olaraq yayınması hərəkətləri olmasından əmin olmalı idi. İnzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Bununla bərabər, xatırlatmaq zəruridir ki, inzibati xəta haqqında icraat üzrə işin düzgün həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması, bununla bağlı hərəkətləri vaxtında və lazımı qaydada icra etmək öhdəliyi (qanunvericiliklə nəzərdə tutulan digər kompleks tədbirlər) həmin vəzifəli şəxslərə (məhkəmə icraatında isə hakimlərə) aiddir. Lakin işə baxan birinci instansiya məhkəməsi bu hallara əhəmiyyət vermədən İnzibati Xətalar Məcəlləsinin 75, 76, 80-cı maddələri baxımından qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl etməmiş, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına səbəb olmuşdur. Müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun bütün qanuni tələblərini icra etmiş, izahatlar vermiş, onun hərəkətlərində məhkəmə qərarının icrasından yayınması və ya sair formada mane olması halı aşkar edilməmişdir. İnzibati xəta haqqında iş materialı araşdırılarkən hesab olunur ki, məhkəmə icra məmurunun öz subyektiv mülahizəsinə əsasən şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etdiyini, onun təqsirli bilinməsinə dair kifayət qədər sübut toplanılmadığını nəzərə almadan, inzibati xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirməmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xətanın tərkibi mövcud olması barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin tərkibi məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilmədiyi halda yaranır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən də üzrsüz səbəbdən məhkəmə qərarının icrasının təmin edilməməsi, icra məmurunun xəbərdarlıqlarına və çağırışlarına məhəl qoyulmayaraq qanuni tələblərinin yerinə yetirilməməsi halı müəyyən edilməmişdir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini məhz üzrsüz səbəbdən icra etməməsi halları inzibati xəta haqqında materialla sübuta yetirilmir. Belə olan halda, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri də pozulmaqla araşdırma aparılmadan, xətanın xarakteri müəyyən edilmədən ədalətsiz qərar qəbul edilmişdir. Qeyd edilən hallara əsasən, məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən məhkəmə qərarının üzrsüz səbəbdən icra edilməsi halının mövcudluğu qənaətinə gələrkən heç bir əsaslı sübuta söykənməmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qərəzi barədə icra məmuru tərəfindən ümumiyyətlə hər hansı bir sübut təqdim edilməməsinə baxmayaraq icra sənədinin üzrsüz səbəbdən icra edilməməsini göstərməklə kifayətlənmiş və işin mahiyyətinə səthi yanaşmışdır. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, onun ödəmədiyi məbləğlərin ödənilməsindən qərəzli boyun qaçırma halları iş materialları ilə aşkar olunmamışdır. Apellyasiya şikayətində və məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bir müddət ödənişləri gecikdirməsini maddi çətinlikləri və borcları ilə əlaqələndirmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ###### 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, inzibati məsuliyyətin yaranmasının müəyyən edilməsi özlüyündə icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülübgörülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. İnzibati xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsluiyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından, birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəmə iclaslarında çıxışlarından da görünür ki, o, borclu olduğunu səmimi dərk edir, bundan yayınmaq niyyəti yoxdur. Ödənişləri gecikdirməsi isə üzrlü səbəblərlə əlaqədar olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icra edilməsindən qərəzli şəkildə boyun qaçırmadığı iş materialları ilə sübuta yetirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qeyd olunanlara əsaslanaraq, məhkəmə belə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ləğv edilsin və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar