Məhkəmə qərarları › İş №3(3-6)-1245/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1245/2026

06.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1245/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 485.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına Türkiyədən 27U9436/**BT*** nömrəli nəqliyyat vasitəsilə idxal edilmiş ## ###### 2026cı il tarixli 01261000055406 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına idxal edilmiş yüklərə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada malllar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında işə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı qanunvericiliyin normaları gözlənilməmiş, inzibati xəta haqqında işə baxılması barədə bildiriş Cəmiyyətə çatmadan və Cəmiyyət lazımi qaydada məlumatlandırılmadan protokol tərtib edilmişdir. Bu isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsi ilə nəzərdə tutulan hüquqlarının və qanunvericiliyin digər prosessual tələblərinin pozuntusudur. İnzibati xəta haqqında işə Cəmiyyətin iştirakı olmadan baxılmış və müvafiq protokol tərtib edilmişdir. Bununla da Cəmiyyətin qanunvericiliklə nəzərdə tutulan prosessual hüquqları pozulmuşdur. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, protokol tərtib olunan zaman hüquq və vəzifələrin izah olunması protokol tərtib edən vəzifəli şəxs üçün qanunla birbaşa müəyyən edilmiş məcburi prosessual öhdəlikdir. Bu da birbaşa protokol tərtib edilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını zəruri edir. Bu hüququn pozulması isə barəsində icraat aparılan şəxsin öz mövqeyini bildirmək, sübutlar təqdim etmək, etirazlarını əsaslandırmaq və ümumilikdə müdafiə hüququndan istifadə etmək imkanlarını faktiki olaraq aradan qaldırır. Qərarda istinad olunan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş ## ###### 2026cı il tarixli *****-*****/** saylı inzibati xəta haqqında protokol səlahiyyətli orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin 57.1 və 57.2-ci maddələrinin tələblərinə uyğun olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə təqdim edilməmiş, həmçinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməmiş və Cəmiyyətin protokolla faktiki olaraq tanış olmaq və hüquqi mövqe formalaşdırmaq imkanı olmamışdır. barəsində icraat aparılan şəxsin, yəni Cəmiyyətin ona qarşı irəli sürülən inzibati tənbehin mahiyyəti və hüquqi əsasları ilə vaxtında tanış olmaq, sübutları qiymətləndirmək, habelə əsaslandırılmış etiraz vermək imkanları faktiki olaraq aradan qalxmış, bu isə öz növbəsində müdafiə hüququnun effektiv həyata keçirilməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Bununla belə, qeyd olunan prosessual pozuntu məhkəmə tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmamış, nəticədə həmin pozuntuya qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməmişdir. Apellyasiya şikayətinə əlavə edilən etibarnamələr və ## #### 2021-ci il tarixli GİA **/** nömrəli vasitəçilik xidmətlərinin göstərilməsi barədə Müqaviləyə əsasən aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona dair bütün gömrük rəsmiləşdirmələrinin həyata keçirilməsi “X2” MMC-yə həvalə olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin istər vəzifəli şəxs, istərsə də işçiləri bu sahədə bütün öz funksiya vəzifələrini “X2” MMC-yə həvalə etdiyindən protokolun tərtib edilmə əsası olan əmələ münasibətdə onların nəzarət və idarəetmə funksiyaları özlərində olmayıb, nümayəndəyə həvalə olunmuşdur. Bu halda isə həmin fiziki şəxslərdə təqsir yaranmamaqla, onlar İnzibati Xətalar Məcəlləsinin 13 və 14-cü maddələrində qeyd olunan ictimai təhlükəli əmələ münasibətdə hüquqazidd xarakteri, onun zərərli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir, həmçinin bunu ehtimal etməmişdir, nəzərə alınmalıdır ki, Cəmiyyətin ümumiyyətlə bu riskin mövcudluğundan məlumatı belə olmamışdır. Hazırkı halda isə bəyannaməçi qismində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC deyil, gömrük brokeri olan “X2” MMC çıxış edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə “X2” MMC arasında bağlanmış ## #### 2021-ci il tarixli GİA **/** nömrəli “Vasitəçilik xidmətlərinin göstərilməsi barədə” Müqavilənin 2.4.1-ci maddəsinə əsasən, İcraçı Sifarişçinin tapşırığına əsasən, bu Müqavilə ilə nəzərdə tutulan, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bütün lazımi hərəkətləri, o cümlədən, hazırkı Müqavilə ilə bilavasitə nəzərdə tutulmayan, lakin malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi məqsədilə yerinə yetirilməsi mütləq sayılan hərəkətləri tam həcmdə həyata keçirməyə görə öhdəlik daşıyır və tək halda cavabdehdir. Qanunvericiliyin təhlil olunan müddəalarına əsasən, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta tərkibi - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əmələ münasibətdə təqsiri mövcud olmadığından o, inzibati xətanın subyekti hesab oluna və bununla bağlı məsuliyyətə cəlb oluna bilməz. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən iş üzrə düzgün araşdırma aparılmamış, heç bir təqsiri olmamasına və inzibati xəta üzrə məsuliyyətə cəlb olunmamalı olmasına baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi ilə bağlı qərar qəbul edilmişdir. Həmçinin qərarın əsası olan protokolun tərtib edilməsi və təqdim olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən prosessual müddəalar pozulmuşdur. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq MMC-nin və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayəti ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*- **)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli ************** saylı gömrük bəyannaməsindən və digər sənədlərdən görünür ki, Türkiyə Respublikasının “X1 Mobilyaları İmalat Sanayi Tic. A.Ş.” şirkəti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına göndərilən mallar inzibati xəta tərkibi yaranaraq gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli **-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin *** saylı, ## ### 2016-cı il tarixli fərmanının 2.2ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin əməlində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni, əsaslı və düzgün nəticəyə gəlinmiş və təqsirli bilindiyi İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 1500 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən yuxarıda qeyd edilən qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən hüquqi şəxs Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməli olduğu halda (real vaxt rejimində) buna əməl etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi mövcuddur. Apellyasiya şikayətində əməldə inzibati xəta tərkibinin olmadığı qeyd edilsə də, lakin iş materiallarından müəyyən olunduğu kimi, mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilmədiyi faktı inzibati xəta haqqında iş materialları ilə təsdiq edilmişdir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, MMC həqiqətən də qısa idxal bəyannaməsinin təqdim edilmədiyini təsdiq edir və bu işin mübahisəsiz halıdır. MMC-nin mübahisələndirdiyi əsas məsələ digər hüquqi şəxsin məsuliyyət daşıması ilə bağlıdır. Belə ki, MMC apellyasiya şikayətində qeyd edir ki, “bəyannaməçi qismində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC deyil, gömrük brokeri olan “X2” MMC çıxış edir”. Gömrük Məcəlləsinin 114.3-cü maddəsinə əsasən, qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, gömrük orqanlarına təqdim edilmiş xarici mallar üzrə qısa idxal bəyannaməsinin verilmədiyi müəyyənləşdirildikdə, onların sahibi bu bəyannaməni dərhal gömrük orqanlarına təqdim etməlidir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, gömrük bəyannaməsi, təkrar ixrac bildirişi, qısa idxal (ixrac) bəyannaməsi, sadələşdirilmiş bəyannamə və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər şəxsin nümayəndəsi tərəfindən təqdim olunduqda, həmin nümayəndə də bu Məcəllənin 40.2-ci maddəsində müəyyən olunmuş öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Göründüyü kimi, maddəyə əsasən bəyannamə onun tərəfindən təqdim edildiyi təqdirdə "nümayəndə də cavabdehdir". Yəni broker bu halda məsuliyyət daşıyır, lakin bu fakt mal sahibinin məsuliyyətini əvəz etmir. Broker mal sahibinin bütün vəzifələrini yerinə yetirməli olduğu zaman da mal sahibi ilə eyni səviyyədə məsuliyyət daşıyır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə “X2” arasındakı müqavilə mülki hüquq müqaviləsidir, iki tərəf arasındakı münasibəti tənzimləyir. Gömrük hüququ sahəsində inzibati məsuliyyət isə publik hüquq sahəsinə aiddir və dövlət ilə hüquqi şəxs arasındakı münasibətdir. Bu isə qanunvericiliklə MMC-nin üzərinə qoyulmuş məsuliyyəti aradan qaldırmır. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xətadır və Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Qeyd olunmalıdır ki, qəsdən törədilən inzibati xəta və ya ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və göstərilən hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur. Məhkəmə hesab edir ki, mövcud sübutlara əsasən hüquqi şəxs tərəfindən gömrük qaydalarının pozulduğu təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən təhbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC qanunvericilikdə nəzərdə tutulmuş qaydada gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, üzərinə düşən bu vəzifəni icra etmədiyindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə cərimə növündə tənbeh tədbiri tətbiq edərkən törədilmiş xəta üçün dəqiq müəyyən olunmuş, yəni cərimənin aşağı və yuxarı həddi olmadan həmin inzibati xətanın törədilməsinə görə qanunla hüquqi şəxslər üçün müəyyənləşdirilmiş məbləğdə tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə tətbiq edilmiş cəriməni qanunamüvafiq və ədalətli hesab edir. Odur ki, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı mübahisələndirilən qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun, qanuni və əsaslıdır, verilmiş apellyasiya şikayətində göstərilənlər qərarın ləğv edilib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas deyil və hazırda işə baxılarkən də belə bir əsas müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar