Məhkəmə qərarları › İş №3(3-6)-1247/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1247/2026

08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1247/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, Protokol tərtib edən orqanlar nümayəndəsi nümayəndə1 və «CCN X1 İnşaat Anonim» MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, «CCN X1 İnşaat Anonim» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından «CCN X1 İnşaat Anonim» MMC-i tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Protokol tərtib edən orqanlar «CCN X1 İnşaat Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP seriyalı ******* nömrəli, ## ### 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Nəsimi Rayon məhkəməsinə göndərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə “CCN X1 İnşaat Anonim” MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 309596.10 Avro valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 61919.22 Avro (qərar çıxarılan günü manata olan məzənnə ilə) məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan «CCN X1 İnşaat Anonim» MMC-i apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi yekun məhkəmə aktı qəbul edərkən Azərbaycan Respublikası İXM-in 48 və 84-cü maddəsinin tələblərini pozaraq inzibati xəta haqqında işin hallarını hərtərəfli, tam və obyektiv surətdə araşdırmamış, tərəfimizdən məhkəməyə təqdim etdiyimiz etirazın dəlillərini nəzərə almadan Azərbaycan Respublikası IXM-in 430.4-cü maddəsi ilə təqsirli bilinməyimiz barədə əsassız hüquqi nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə avans olaraq ölkə xaricinə köçürülmüş pul vəsaitin qarşılığı olan mallar ölkəyə idxal edilmiş, lakin texniki bir yalnışlıq nəzərə alınmamışdır. Halbuki, 01231000093079, 01231000148375, 01231000155309, 01231000266081, 01231000165519, 01231000148368, 01231000096540, 01231000097331, 01231000110293, ************** nömrəli gömrük bəyannamələri ilə mallar ölkəyə idxal edilmişdir. Həmin bəyannamələr nəzərə alınaraq "xxxx" ASC-i tərəfindən qəbul edilmiş və ölkə xaricinə köçürülmüş pul vəsaitin qarşılığı olan malların ölkəyə daxil olduğunu qəbul etmişdir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair" 2019-cu il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tartib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Tərəflərin iştirakı və izahatlar: «CCN X1 İnşaat Anonim» MMC-nin nümayəndəsi Vəkil məhkəmə iclasında verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və “CCN X1 İnşaat Anonim” MMC-i barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib edən orqanlar nümayəndəsi nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətini qəbul etdiyini və təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İşin faktiki halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin “CCN X1 İnşaat Anonim” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əsasən “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli Protokol tərtib edən orqanlar ünvanlanmış məktubundan görünür ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (və ya qismən təqdim edən) sənədləri və ya idxal olunan xidmətlərin göstərlməsini təsdiq edən sənədləri banka təqdim etməyən (və ya qismən təqdim edən) müştərilərin ödəniş əməliyyatlarının siyahısında «CCN X1 İnşaat Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı göstərilmişdir. İş materiallarında olan ## ##### 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, «CCN X1 İnşaat Anonim» Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 309596.10 Avro məbləğində vəsaitin ölkə xaricinə köçürülməsi üçün “xxxx” ASC-yə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş gömrük bəyannaməsinə əsasən mallar Azərbaycana daxil olmuşdur. İş materiallarına əsasən “xxxx” ASC-nin ## ####### 2025-ci il tarixli, *** saylı məktubundan görünür ki, ## ##### 2023-cü il tarixli ödəniş tapşırığına əsasən göndərilən 309596.10 Avro məbləğində avans ödənişləri gömrük bəyənnamələri ilə bağlanılmışdır. Qeyd olunan işin faktiki hallarını nəzərə alan məhkəmə hesab edir ki, “CCN X1 İnşaat Anonim” MMC-i tərəfindən verilmiş şikayətin dəlilləri məhkəmə tərəfindən iş materialları ilə birlikdə araşdırılmış və müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qərarı iş materiallarını tam araşdırmadan MMC-nin cərimə edilməsi barədə qərar qəbul etmişdir. Müəyyən edilmişdir ki, hazırki vəziyyətdə «CCN X1 İnşaat Anonim” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlaməti yoxdur. Odur ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli və «CCN X1 İnşaat Anonim” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibi olmaması əsası ilə inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «CCN X1 İnşaat Anonim” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. «CCN X1 İnşaat Anonim” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. «CCN X1 İnşaat Anonim” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar