Məhkəmə qərarları › İş №3(3-6)-1259/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1259/2026

05.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1259/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Qanuni nümayəndə, səlahiyyətli orqan Protokol tərtib edən orqanlar “Analitik Ekspertiza Mərkəzi” PHŞnin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim : Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X1) *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 100 olan (VÖEN: **********) MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 6000 (altı min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İşin halları: Materialdan görünür ki, Protokol tərtib edən orqanlar tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-nin 215.4-cü maddəsi ilə MN ******* nömrəli ## ###### 2026cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 67, mənzil 39 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə məxsus müəssisədə keçirilən planlı yoxlama zamanı sertifikatsız tibbi praktiki fəaliyyət (qastroenteroloji işi üzrə) aşkar edilmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs apellyasiya qaydada şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarını ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin və əlavənin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsi "yaxud" prinsipini qəbul etsə də, nəticədə həkimin yalnız öz ixtisası üzrə fəaliyyət göstərə biləcəyini bildirərək normanı ziddiyyətli şəkildə tətbiq etmişdir. Bu isə hüquqi səhvdir. Normativ aktda nəzərdə tutulan "yaxud" alternativ hüquq yaradır. Məhkəmə bu normanı qəbul etsə də, tətbiq etməmişdir. Ailə həkimi multidisiplinar fəaliyyət göstərir. Məhkəmə bu modeli nəzərə almamış və yanlış hüquqi nəticə çıxarmışdır. Şikayətçi uzun illər dövlət sistemlərində ailə həkimi kimi tanınmışdır. Bu, etibarlı gözlənti yaradır. Sonradan eyni fəaliyyətə görə cərimə tətbiqi hüquqi müəyyənlik prinsipini pozur. İnzibati məsuliyyət üçün təqsir sübut olunmalıdır. Lakin bu işdə təqsir elementi mövcud deyil. Yoxlama planlı qaydada aparılmışdır və bu, mövcud moratorium rejimi ilə ziddiyyət təşkil edir. 1979-cu ildən, yəni 47 ildir fasiləsiz olaraq praktik tibb fəaliyyəti ilə məşğul olur, bu müddət ərzində 2 il hərbi həkim, 8 il həkim pediatr, 1989-cu ildən rəsmi praktik həkim və 1999-cu ildən etibarən isə özəl tibb müəssisəsinin təsisçisi və ailə həkimi kimi çalışmışdır. Səhiyyə Nazirliyinin ##.##.2010-cu il tarixli ** nömrəli əmri əsasında, 2013-cü ildə rəsmi olaraq Ailə Həkimi vəzifəsinə qəbul edilmiş və həmin andan etibarən Dövlət Reyestrinə salınmışdır. Bu dövlətin mənə verdiyi rəsmi statusdur. Dövlət qurumları və sistemləri uzun illərdir onun bu vəzifədə çalışdığını təsdiq edir və heç vaxt etiraz etməmişdir. ƏMAS, MyGov, "Reseptim.az", E- Səhiyyə portallarında qeydiyyatı var. Vergi orqanlarına aylıq və illik hesabatlar verir. Dövlət Statistika Komitəsinə hesabatlar təqdim edir. Bütün bu sistemlərdə o "Ailə Həkimi" kimi görünür. Əgər onun bu vəzifədə işləməyi qanunsuz idisə, niyə 13 ildir (2013-2026) heç bir dövlət qurumu buna göz yumub, icazə verib, reyestrə salıb və hesabatlarını qəbul edib. Bu, dövlətin özünün ona verdiyi zəmanətdir. 2016-cı ildə klinikalarına ömürlük (müddətsiz) lisenziya verilib. Lisenziya verilərkən onlar bütün sənədləri (əmək müqavilələri, diplomlar, sertifikatlar, ştat cədvəli) təqdim etmişlər. O vaxt lisenziya əlavəsində onun ailə həkimi vəzifəsi texniki səbəbdən yazılması unutqanlıq səbəbindən baş verməmiş, * saylı Asan xidmətdən ona başa saldılar ki, ailə həkimi vəzifəsi pediatriya və ya terapiya ixtisaslari baza ixtisasi əsasinda yaranmiş bir modeldir və xüsusi statusa malikdir. O vaxt təqdim olunan sənədlərdə rəsmi olaraq iki pediatrin olmasına baxmayaraq, pediatriya ixtisasinin lisenziya əlavəsinə salınmaması isə onların günahları deyil, inzibati-texniki xarakterli bir nöqsandır. Bu cür inzibati-texniki uyunsuzluq mövcud olduqda, onun hüquqi nəticələri fəaliyyət göstərən həkimin üzərinə qoyula bilməz. Lisenziya əlavəsində pediatriya yazılmasa da, klinikada işləyən bütün həkimlər (o cümlədən o) rəsmi olaraq ƏMAS, vergi və digər sistemlərdə görünürlər. Yəni, dövlət onun orada işlədiyini bilir, qeydə alır, pediatriya ixtisasinin bir kağız parçasında (lisenziya əlavəsində) sadəcə yazmağı unudub. Bu inzibati səhvə görə məsuliyyət daşımır. Onun guya sertifikasiya tələbini pozması, tamamilə yanlışdır. Səhiyyə Nazirliyinin # ###### 2024cü il tarixli Əmrinin * nömrəli Əlavəsinin 2-ci bəndi açıq-aydın deyir ki, Əsas (baza ali) tibb təhsilini... pediatriya ixtisası üzrə bitirmiş və ##.##.2018-ci il tarixinədək ... işə qəbul olunmuş və həmin vəzifədə işləyənlər sertifıkasiyadan tutduqları vəzifəyə, yaxud diplomda qeyd edilmiş ixtisasa uyğun olaraq keçməlidirlər. Beləliklə, ona qarşı irəli sürülən "Sertifıkatsiz fəaliyyət" iddiası faktiki və hüququ baxmından əsassizdır. O, 2013-cü ildə işə qəbul olmuşdur (yəni 2018-dən əvvəl). Qanun ona seçim hüququ verir: istəsə "Ailə Həkimi" kimi, istəsə "Pediatr" kimi sertifikasiya verə bilər. O, 2022-ci ildə pediatr kimi sertifikasiyadan keçmiş və qüvvədə olan sertifikatı var. Deməli, o qanunun ona verdiyi seçim hüququndan istifadə edərək sertifikasiya tələbini yerinə yetirmişdir. Tələb pozulmayıb, əksinə, qanuna tam əməl edilib. Uzun illər dövlət tərəfindən tanınmış və tətbiq olunmuş bu statusun sonradan əsassız şəkildə qanunsuz kimi qiymətləndirilməsi hüququ müəyyənlik prinsipinə ziddir. Yoxlama zamanı AEM-in əməkdaşinin deməsi ki, "sən pediatrsan, ailə həkimi işləyə bilməzsən". Bu iddia yeni qaydaları köhnə vəziyyətə tətbiq etmək cəhdidir. Halbuki, hüququn ən fundamental prinsiplərindən biri ’’qanunun geriyə qüvvəsi yoxdur” prinsipidir. O, 2013-cü ildə qazanılmış hüququ olan bir həkimdir. 2024-cü ildə çıxan yeni qaydalar (xüsusilə də 4.6-cı bənd) onun kimi 2018-ci ildən əvvəl işə götürülmüş şəxslərə şamil edilə bilməz. Əksinə, həmin əmrin * nömrəli əlavəsi onun statusunu qoruyur. Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun çıxış etmiş, verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Protokol tərtib edən orqanlar “Analitik Ekspertiza Mərkəzi” PHŞ-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respbulikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında ##.##.2026-cı il tarixli, *- **-*/*-*-**/**** nömrəli qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də planlı (növbəti) yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən plan üzrə (növbəti) yoxlama sahibkarın sonuncu plan üzrə (növbəti) yoxlamanın başa çatdığı tarixdən, barəsində plan üzrə (növbəti) yoxlamalar aparılmamış sahibkara münasibətdə isə onun dövlət qeydiyyatına alındığı tarixdən cari plan üzrə (növbəti) yoxlamanın başlandığı ana qədər olan fəaliyyət dövrünü, lakin hər bir halda son üç ildən artıq olmayan dövrü əhatə edir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risklərin idarə olunması sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. İşdə olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında ##.##.2026-cı il tarixli, *-**-*/*-*-**/**** nömrəli qərar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yoxlamaların vahid məlumat reyestrində qeydə alınmışdır. Bu səbəbdən məhkəmə, yoxlamanın qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil etməsi barədə dəlili əsassız sayır. Həmçinin, işdə olan sənədlərdən o da görsənir ki, Protokol tərtib edən orqanlar Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin əməkdaşlarının iştirakları ilə tərtib olunmuş ## ###### 2026-cı il tarixli T- *** saylı planlı (növbəti) yoxlama aktına əsasən, həmin tarixdə saat 12:00-da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də planlı (növbəti) yoxlama aparılmışdır. Yoxlama aparılarkən yoxlamanın birinci sualı üzrə cari olaraq həkim-dermatoloqun fəaliyyətini qiymətləndirmək mümkün olmamışdır, tibbi-qeydiyyat sənədləri yoxlamaya təqdim edilməmişdir. Lisenziyada ixtisas növləri verilən “terapevtik”, qastroenteroloji”, nevropatoloji”, “ginekoloji”, işlər üzrə təqdim edilən davamiyyət sənədlərinə əsasən ixtisaslı mütəxəssisin olmadığı müəyyən edilmişdir. Klinik, klinki-biokimyəvi laboratoriyanın sahələri sanitar-epidemioloji qaydaların tələblərinə uyğunlaşdırılmayıb. Qanalma sahəsi keçid yolunda (işıqlanma zəif) təşkil edilmişdir. Müəssisədə tibbi-fəaliyyət üçün nəzərdə tutulan avadanlıqların siyahısı yoxlamaya təqdim edilməmişdir. Yoxlamanın ikinci sualı üzrə həkim-pediatr (vəzifə üzrə “Direktor”, “ailə həkimi”) Qanuni nümayəndə tərəfindən ixtisasına uyğun olmayan “qastroenteroloji” işi üzrə tibbi xidmətin göstərilməsi aşkar edilmişdir. Qeyd edilən akt yoxlamanı aparan səlahiyyətli orqanın nümayəndələri və müəssisənin rəhbəri tərəfindən imzalanmışdır. Bununla da, işin mübahisə edilməyən halıdır ki, Qanuni nümayəndə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində “Pediatriya” ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmiş, Qanuni nümayəndə “qastroenteroloji” işi üzrə tibbi xidmət göstərmiş və pasiyentlərə diaqnozlar təyin etmişdir. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş tibb mütəxəssisləri, o cümlədən tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və bu Qanunun 49-1-ci maddəsinin on üçüncü hissəsinə uyğun olaraq sertifikasiya imtahanından keçdikdən sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların bu maddənin beşinci hissəsinə uyğun olaraq davamlı peşəkar inkişafının qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir. İXM-in 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə—vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Şikayətdə Qanuni nümayəndə MMC-də Ailə Həkimi vəzifəsinə işə qəbul edilməsi, uzun müddət çalışması göstərilsə də, bu, onun “qastroenteroloji” işi üzrə tibbi xidmət göstərməsi üçün əsas yaratmamışdır. Məhkəmə qeyd edir ki, sertifikasiya tibbi fəaliyyət üçün formal şərt deyil, praktik fəaliyyətin qanuniliyini və təhlükəsizliyini təmin edən əsas hüquqi mexanizmdir. İnzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi MMC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi İXMin 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməklə tənbeh etmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi MMC barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almış və törədilmiş inzibati xətalara görə İXM-nin tələblərini nəzərə almaqla təqsirli bilindiyi maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni minimum həddə tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar