Məhkəmə qərarları › İş №3(3-6)-1292/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1292/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1292/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Məhkəmə iclas katibi Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, «xxxx» ASC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından ASC-nin direktoru Tural Ismayılov tərəfindən verilmiş şikayətə Bakı apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhəri Yasamal RPI tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «xxxx» ASC mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmiş və bununla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. «xxxx» ASC-nin barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.M.Quliyeva) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, «xxxx» ASC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan, «xxxx» ASC-nin direktoru Tural Ismayılov şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və «xxxx» ASC-nin əməllərində inzibati xəta tərkibi olmadığına görə inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin baş ofisi ##.##.2026-cı il tarixindən digər ünvana, yəni Globus Plazanın 16-cı mərtəbəsinə köçmüşdür. Inzibati orqan tərəfindən isə həmin məktub şirkətin köhnə ünvanına göndərilmişdir. Bundan başqa, inzibati orqan tərəfindən təqdim edilmiş iş materiallarından görünür ki həmin məktub hüquqi şəxsə aidiyyatı olmayan şəxs tərəfindən qəbul edilmişdir, həmçinin qeyd edilmişdir ki, həmin şəxs şirkətin məsul şəxsidir, şirkətin isə o soyadda rəhbər şəxsi yoxdur, hazırda şirkətin direktoru və qanuni nümayəndəsi Turan Ismayılovdur. Məhkəmənin hansı sübutlara əsaslanaraq qərar qəbul etməsi məlum deyildir. Halbuki, həmin şəxsin məhz hüquqi şəxsin əməkdaşı olmasına dair sübutu və ya faktı mövcud deyildir. Məhkəmə qərarda qeyd etmişdir ki, həmin şəxsin şirkətin əməkdaşı olmamasına dair mötəbər sübut təqdim etməmişdir. Məktubu qəbul edən şəxsin hüquqi şəxsin əməkdaşının olmamasına dair məhkəməyə müvafiq ərizələr ilə müraciət olunmuş, həmin məktub elektron məhkəmə sisteminə ##.##.2026-cı il, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərdə vurulmuşdur. Bundan mötəbər sübut məhkəməyə təqdim oluna bilməz, rəsmi kabinetdən hüquqi şəxs tərəfindən lazımi məlumatlar məhkəməyə verilmişdir. Apellyasiya baxışı zamanı, «xxxx» ASC, şikayətə hüquqi şəxsin nümayəndəsinin iştirak olmadan baxılması və şikayətin təmin olunması haqqında məktubla müraciət etmişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, «xxxx» ASC-nin təqsirini Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə düzgün müəyyənləşdirmiş və inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğu nəzərə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən, «xxxx» ASC-nin direktoru tərəfindən verilmiş şikayətin dəlillərinin təsdiq olunmadığını qeyd edir və nəzərə alır. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan məlumatları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün razılaşaraq qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Birinci və apellyasiya instansiya məhkəməsi zamanı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, «xxxx» ASC-nin nümayəndəsi məhkəmədə iştirak etməmiş, Bakı şəhəri Yasamal RPI tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə inzibati xəta faktını təkzib edən sübutlar məhkəməyə təqdim edilməmiş və müdafiə məqsədilə birinci instansiya məhkəməsinə etiraz təqdim edilməklə və apellyasiya qaydasında verilmiş şikayətdə mülahizə xarakterli məlumatlar qeyd edilməklə kifayətlənilmişdir. Şikayətin, Bakı şəhəri Yasamal RPI tərəfindən göndərilmiş sorğunun hüquqi şəxsə aid olmayan şəxs tərəfindən qəbul edilməsi haqqında” dəlili, iş materialları ilə müqayisədə təsdiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi bir daha vurqulayır ki, Bakı şəhəri Yasamal RPI tərəfindən «xxxx» ASC-nin hüquqi ünvanına göndərilmiş məktub həmin ünvanda qəbul edilmişdir Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Inzibati xəta haqqında iş üzrə icraat materialları və birinci instansiya məhkəməsinin qərarı ilə müqayisədə, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati xəta haqqında protokol əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmişdir. Inzibati iş üzrə, inzibati orqan və birinci instansiya məhkəməsi tərəfindən prosessual qaydalara əməl olunmuş, qanun pozuntularına yol verilməmiş və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və şikayətin dəlillərinə münasibətdə inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsaslar yoxdur. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun sayır və qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli şəkildə təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni və əsaslı qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, «xxxx» ASC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. «xxxx» ASC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar