Məhkəmə qərarları › İş №3(3-6)-1326/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1326/2026

15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1326/2026 15.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Protokolu tərtib edən orqan (bundan sonra - səlahiyyətli orqan) “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 430.4-cü maddəsi ilə tərtib etdiyi ## ##### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) “xxxx” MMC Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20%-ni təşkil edən 6800,64 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq 11561,08 manat) məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. “xxxx” MMC həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə ölkə xaricinə köçürülmüş pul vəsaiti hesabına alınmış elektrik malları və tikinti alətlərinin ölkəyə idxal olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi bu halı araşdırmadan əsassız qərar qəbul edilmişdir. Apellyasiya məhkəməsi iclasına tərəflər vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə şikayətə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2016-cı il tarixli, **/* nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə əməl edib, iş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin səlahiyyətli orqana göndərdiyi ## #### 2026-cı il tarixli, *-*/**/**-*/**** nömrəli məktubuna, ona əlavə edilmiş müvafiq sənədlərə (məhkəmə həmin sənədlərin məzmununun birinci instansiya məhkəməsinin qərarında göstərilib şərh edilməsinə görə hazırkı qərarda təkrarlanmasına zərurət görmür) və Azərbaycan Respublikası Mərkəzi Bankının yuxarıda göstərilmiş Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.3.1.3-cü bəndinə əsaslanmaqla, “xxxx” MMC-nin iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmununa uyğun şəkildə, ## #### 2024-cü il tarixdə xaricə - “National İç ve Dış Ticaret LTD. ŞTI” şirkətinə köçürdüyü 34003,20 ABŞ dolları məbləğində pulun müqabilində aldığı malları (xidməti) 2 il müddət keçsə də, Azərbaycan Respublikasına idxal etməməsi və ya həmin valyuta vəsaitini geri qaytarmamasını müəyyən edib, Azərbaycan Respublikasının İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində göstərilən maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi bu barədə nəticəyə gələrkən nəzərə almışdır ki,: - şəxs valyuta vəsaitini avans yolu ilə Azərbaycan Respublikasından kənara (xaricə) köçürdükdən sonra ödənişin aparıldığı gündən 2 (iki) il müddətində Azərbaycan Respublikasına bunun müqabilində müvafiq dəyərdə olan malları idxal etmədikdə və ya həmin məbləğdə valyuta vəsaitini qaytarmadıqda həmin 2 illik müddətin bitdiyi gün onun əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti yaranır. Həm buna, həm də iş üzrə “xxxx” MMC ## #### 2024-cü il tarixdə bank vasitəsilə avans yolu ilə Azərbaycan Respublikasından kənara (xaricə) 34003,20 ABŞ dolları məbləğində valyuta vəsaitini köçürdüyü halda, ödənişin aparıldığı gündən 2 illik müddətin sonuncu gününə, yəni ## #### 2026-cı il tarixədək Azərbaycan Respublikasına bunun müqabilində müvafiq dəyərdə olan malları idxal etmədiyinə və ya həmin məbləğdə valyuta vəsaitini qaytarmadığına görə müvafiq əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti yaranmışdır. - “xxxx” MMC verdiyi şikayətində iş üzrə ## #### 2024-cü il tarixdə xaricə köçürdüyü 34003,20 ABŞ dolları məbləğində pul müqabilində malları Azərbaycan Respublikasına idxal etdiyini göstərsə də, hansı tarixdə, eləcə də məhz ## #### 2026-cı il tarixdən əvvəl idxal etdiyini təsdiq edən sənədi birinci və apellyasiya instansiyası məhkəmələrinə təqdim etməmiş, beəliklə də özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili sübut edə bilməmişdir. Baxmayaraq ki, birinci və apellyasiya instansiyası məhkəmələri həmin Cəmiyyətə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə dair sübut təqdim etmək üçün tam prosessual imkan yaratmışdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, “xxxx” MMC-nin verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar