Məhkəmə qərarları › İş №3(3-6)-1333/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1333/2026

12.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1333/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirib, Müəyyən etdim: Abbasov Elsəvər İlham oğlu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən İXM-nin 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim X3) *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Abbasov Elsəvər İlham oğlu barəsində İXM-nin 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə geri qaytarılmışdır. Həmin qərardaddan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli iş qərardadı ləğv edilməsini, vətəndaş Abbasov Elsəvər İlham oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə Abbasov Elsəvər İlham oğlu barəsində İXM-in 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş 02.##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol İXM-in tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmış, lakin həmin qərardadda göstərilmiş nöqsanlar aradan qaldırılmadan eyni tarixli və nömrəli nöqsanlı inzibati xəta haqqında protokol baxılması üçün yenidən məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi göstərmişdir ki, Abbasov Elsəvər İlham oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən sonuncunun izahatı alınmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati xəta haqqında protokolun surəti verilməsi müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi təqdim edilmiş sənədləri natamamlıq kimi qiymətləndirmiş, məhz İXMnin 109.1.6-cı maddəsinə istinad etməklə protokolu və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. İXM-nin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə, İXM-nin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququnun istisna edildiyini nəzərə alır və hesab edir ki, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. İXM-nin 128-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxılır. İXM-də şikayətin icraata qəbuldan imtina ilə əlaqədar olaraq hakim tərəfindən hansı prosessual hərəkətlər etməsini tənzimləyən norma olmadığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair ## ###### 2016-cı il tarixli Qərarını əsas götürərək hazırkı məsələdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normalarına istinad edilməsini düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair ## ###### 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, cinayət prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.3.5-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Həmin Məcəllənin 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Beləliklə, birinci instansiya məhkəməsi təqdim edilmiş sənədləri natamamlıq kimi qiymətləndirərək məhz İXM-nin 109.1.6-cı maddəsinə istinad etməklə protokolu və ona əlavə edilmiş sənədləri geri qaytardığından, həmin inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılıb yekun qənaətə gəlinmədiyindən, həmçinin hazırda səlahiyyətli orqan tərəfindən mübahisələndirilən məhkəmə qərardadından sonuncunun şikayət vermək hüququ qanunvericiliklə nəzərdə tutulmadığından səlahiyyətli orqan tərəfindən verilmiş apellyasiya qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Bununla yanaşı, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, qeyd olunan maddələrin təhlilindən belə qənaətə gəlmək olar ki, protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin göstərilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir. Lakin protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Şərh olunanları, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 391-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən verilmiş apellyasiya qaydasında şikayətin icraata qəbul olunmasından imtina olunsun. Qərardad qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar