Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1345/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “İDRAK TEXNOLOJİ TRANSFER” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Protokol tərtib edən orqanlar nümayəndəsi Əliyev Elçinin iştirakları ilə, “İDRAK TEXNOLOJİ TRANSFER” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 529.1- 1-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından “İDRAK TEXNOLOJİ TRANSFER” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən “İDRAK TEXNOLOJİ TRANSFER” MMC (VÖEN **********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə “İDRAK TEXNOLOJİ TRANSFER” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından “İDRAK TEXNOLOJİ TRANSFER” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı ilə “İdrak Texnoloji Transfer” MMC İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə (inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi) təqsirli bilinmiş və 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbehinə məruz qalmışdır. Lakin inzibati xəta tərkibi üzrə paralel olaraq müəssisənin direktoru Ayaz Rüstəmov barəsində də (İş № *(5- 102)-577/2026) icraat aparılmışdır. Eyni faktiki hallara və eyni hadisəyə əsaslanan həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Sahilə Bağırova ## #### 2026-cı il tarixli qərarı ilə əməldə inzibati xəta tərkibi olmadığı üçün (İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsi) icraata xitam vermişdir. Mübahisələndirilən qərarda (Azər Tağıyev tərəfindən) qeyd edilmişdir ki, müəssisə guya qəsdən cərimənin öhdəliyindən yayınmışdır. Lakin məhkəmə araşdırması zamanı obyektiv hallar tam nəzərə alınmamışdır. “İdrak Texnoloji Transfer” MMC-nin dövlət büdcəsinə olan böyük məbləğdə borcları (cəmi 1 423 135,18 AZN) səbəbindən bütün bank hesablarına vergi orqanı tərəfindən məcburi sərəncamlar qoyulmuşdur. Mövcud sərəncamlar səbəbindən bank tərəfindən hesablardan yalnız "əməkhaqqı" ödənişlərinə icazə verilirdi. İnzibati cərimənin (1000 AZN) köçürülməsi bank tərəfindən bu kateqoriyaya aid edilmədiyi üçün icrası texniki və hüquqi baxımdan müəssisədən asılı olmayan səbəblərdən qeyri-mümkün olmuşdur. Bütün bu çətinliklərə baxmayaraq, tətbiq edilmiş 1000 AZN məbləğində inzibati cərimə işə baxılan dövrdə (## #### 2026) ödənilmişdir. Beləliklə, hakim Azər Tağıyevin qərarı ilə eyni hüquqi və faktiki vəziyyətdə şirkətin cərimələnməsi, lakin hakim Sahilə Bağırovanın qərarı ilə direktor barəsində xitam verilməsi hüquqi ziddiyyət təşkil edir və apellyasiya qaydasında ləğv edilməlidir. “İdrak Texnoloji Transfer” MMC-nin dövlət büdcəsinə 1 423 135,18 AZN məbləğində borcu vardır. Bu borclara görə müəssisənin bütün bank hesablarına vergi orqanı tərəfindən məcburi sərəncamlar qoyulmuş və müəssisənin maliyyə dövriyyəsi tamamilə məhdudlaşdırılmışdır. Bank qanunvericiliyinə və sərəncamların hüquqi rejiminə əsasən, belə hesablardan yalnız əməkhaqqı ödənişləri icra edilə bilər. Müdafiə tərəfi birinci instansiya məhkəməsinə müəssisənin balansının “0” olması, vergi borcları və bank hesabı üzərindəki məhdudiyyətlər barədə kifayət qədər sübut təqdim etmişdir. Lakin mübahisələndirilən qərarda bu obyektiv maneələrə heç bir hüquqi qiymət verilməmiş, sanki müəssisənin imkanı olduğu halda qəsdən ödənişdən yayındığı qənaətinə gəlinmişdir. İş materiallarındakı ziddiyyətlər (eyni fakt üzrə digər hakimin xitam qərarı) İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən şikayətçinin xeyrinə həll edilməli idi, lakin bu prinsip də kobudcasına pozulmuşdur. İş üzrə materiallara əlavə edilmiş ## #### 2026-cı il tarixli qəbz (№ *****) sübut edir ki, əsas inzibati cərimə (1000 AZN) və dəbbə pulları işə baxılan dövrdə tam ödənilmişdir. Hesablar bloklandığı üçün bu vəsait faktiki olaraq kənar resurslar hesabına büdcəyə daxil edilmişdir. Hakim S.Bağırova öz qərarında bu ödənişi “tənbehin məqsədinin (tərbiyələndirmə və preventiv təsir) reallaşması” kimi qəbul etmiş və xəta tərkibinin olmadığını bir daha vurğulamışdır. Lakin hakim Azər Tağıyev bu mühüm halı tamamilə görməzdən gəlmiş, cərimənin artıq ödənilməsinə baxmayaraq, iflic vəziyyətdə olan müəssisəyə əlavə olaraq ağır maliyyə yükü (3000 AZN cərimə) qoymuşdur. Bu, inzibati tənbehin tərbiyəvi məqsədindən uzaqlaşaraq müəssisəni daha da çətin vəziyyətə salmağa yönəlmiş qeyri-mütənasib bir tədbirdir. kateqoriyaya aid edilmədiyi üçün, müəssisənin inzibati cəriməni bank hesabı vasitəsilə ödəməsi obyektiv və texniki baxımdan qeyri-mümkün olmuşdur. Təqsir subyektiv bir münasibətdir; əgər şəxsin iradəsindən asılı olmayan maneələr öhdəliyin icrasını qeyri-mümkün edirsə, burada “təqsirli hərəkətsizlikdən” söhbət gedə bilməz. Belə ki, eyni inzibati xəta tərkibi üzrə müəssisənin direktoru Ayaz Rüstəmov barəsindəki işə (İş № *(5-102)-577/2026) baxmış hakim Sahilə Bağırova ## #### 2026-cı il tarixli qərarında müəssisənin bank hesablarının bloklanması faktını “hüquqi şəxsin iradəsindən asılı olmayan obyektiv səbəb” və “icranın faktiki mümkünsüzlüyü” kimi qiymətləndirmişdir. Hakim S.Bağırova haqlı olaraq qeyd etmişdir ki, müəssisə tərəfindən əməkhaqqından tutulma barədə ## ###### 2026-cı il tarixli əmrin verilməsi faktı onun öhdəliyini icra etmək niyyətini təsdiq edir, lakin maliyyə vəziyyəti bu icranı əngəlləmişdir. Əmək haqqından müvafiq əmrlə tutma rəsmiləşdirilmiş, lakin icrası hesabların həbsdə olması səbəbindən mümkün olmamışdır. Cərimənin məbləği ödənilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan ## ######## 2025-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “İDRAK TEXNOLOJİ TRANSFER” MMC-nin prezidenti Abdullayev Hikmət Şövkət oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə 1000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən “İDRAK TEXNOLOJİ TRANSFER” MMC (VÖEN **********) tərəfindən inzibati cərimə növündə inzibati tənbəh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-nin ## ###### 2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb proses iştirakçılarının çıxışlarını dinləyərək belə hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, “İDRAK TEXNOLOJİ TRANSFER” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati işə baxılarkən, qanunvericiliyin tələbləri düzgün nəzərə alınmamış, işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına imkan verən kifayət qədər sübutlar qiymətləndirilməmişdir. Bununla bağlı məhkəmə inzibati icraat və şikayət üzrə təqdim olunmuş məlumatları, habelə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq qeyd edir ki, inzibati iş üzrə mübahisə doğuran aşkar hallar mövcuddur. Şikayətdə həm də göstərilir ki, eyni hadisə üzrə MMC-nin direktoru barəsində aparılan icraatda (iş № *(5-102)-577/2026) hakim əməldə xəta tərkibi olmadığı üçün İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsi ilə icraata xitam vermişdir. Eyni hüquqi və faktiki vəziyyətdə fərqli məhkəmə aktlarının qəbulu da hüquqi müəyyənlik prinsipinə ziddir. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ilə “İDRAK TEXNOLOJİ TRANSFER” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 barəsində İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş ## ###### 20216cı i tarixli MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmış, həmin qərardan X2 Xidməti tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-*)-****/**** saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında MMC-nin dövlət büdcəsinə vergi borcu olması səbəbindən bütün bank hesablarına vergi orqanının məcburi sərəncamları qoyulduğu və hesablardan yalnız əməkhaqqı ödənişlərinə icazə verildiyi sübut olunmuşdur. Bu o deməkdir ki, cərimənin ödənilməsi əslində MMC-nin iradəsindən asılı olmayan obyektiv səbəblərə görə mümkün olmamışdır. İş materiallarından müəyyən edilir ki, “İdrak Texnoloji Transfer” MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin müvafiq məktubuna əsasən əmək haqqından tutulmaların aparılması barədə ##.##.2026-cı il tarixli əmr verilmişdir. Bu hal hüquqi şəxsin inzibati cərimə haqqında qərarın icrası istiqamətində konkret tədbirlər gördüyünü və icradan yayınmaq niyyətində olmadığını təsdiq edir. “İDRAK TEXNOLOJİ TRANSFER” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 barəsində aparılan icraatda MMC-nin müvafiq cəriməni ödəyə bilməməsi ilə bağlı hissədə “bu hal hüquqi şəxsin iradəsindən asılı olmayan obyektiv səbəb kimi qiymətləndirilmiş və icra tədbirlərinin görülməməsi kimi deyil, icranın faktiki mümkünsüzlüyü kimi dəyərləndirilmişdir”. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən inzibati məsuliyyətin yaranması üçün inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməməsi və həmin hərəkətsizliyin təqsirli xarakter daşıması zəruri şərt kimi çıxış edir. Bu baxımdan, qeyd olunan maddə üzrə inzibati xəta tərkibinin mövcudluğu həm obyektiv, həm də subyektiv əlamətlərin məcmusu ilə müəyyən olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün inzibati cərimə haqqında qərarın mövcudluğu, həmin qərarın icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməməsi, bu hərəkətsizliyin təqsirli xarakter daşıması sübuta yetirilməlidir. Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, müəssisənin faktiki maliyyə vəziyyəti ilə əlaqədar əmək haqlarının ödənilməməsi səbəbindən həmin tutulmaların həyata keçirilməsi mümkün olmamışdır. Bu hal hüquqi şəxsin iradəsindən asılı olmayan obyektiv səbəb kimi qiymətləndirilməli və icra tədbirlərinin görülməməsi kimi deyil, icranın faktiki mümkünsüzlüyü kimi dəyərləndirilməlidir. Digər tərəfdən, apellyasiya instansiya məhkəməsi onu da nəzərdə saxlayır ki, yuxarıda sadalanan maneələrə görə ödənişin mümkün olmamasına baxmayaraq MMC-nin direktoru şəxsən şəxsi vəsaiti hesabına əsas cəriməni işə baxılan anda (## #### 2026-cı il tarixdə, ödəniş saatı və məhkəmə iclasının keçirildiyi saat nəzərə alınmaqla) artıq ödəmişdir (qəbz № *****). Amma məhkəmənin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarında həmin hal ümumiyyətlə əksini tapmamışdır. Hərəkətsizlik barədə mülahizə isə iş materiallarındakı digər məqamları təsdiq edən dəlillər, o cümlədən “İdrak Texnoloji Transfer” MMC-nin direktoru tərəfindən təsdiq olunmuş əmək haqqının tutulması barədə ## ###### 2026-cı il tarixli 01/01 A nömrəli əmrlə təkzib olunur. Belə ki, həmin əmrdən görünür ki, vaxtında reaksiya verilməklə “İdrak Texnoloji Transfer" MMC-nin əməkdaşı – departament müdiri Abdullayev Hikmət Şövkət oğlunun AR ƏƏSMN yanında X2 Xidmətinin ## ###### 2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubuna əsasən əmək haqqından 1000 (bir min) manat tutulması barədə sərəncam verilmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən, həmin Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin qeyd hissəsinə əsasən, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İnzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Bununla bərabər, xatırlatmaq zəruridir ki, inzibati xəta haqqında icraat üzrə işin düzgün həlli üçün əhəmiyyətli olan halların tam və ətraflı araşdırılması, bununla bağlı hərəkətləri vaxtında və lazımı qaydada icra etmək öhdəliyi (qanunvericiliklə nəzərdə tutulan digər kompleks tədbirlər) həmin vəzifəli şəxslərə (məhkəmə icraatında isə hakimlərə) aiddir. Lakin işə baxan birinci instansiya məhkəməsi bu hallara əhəmiyyət vermədən İnzibati Xətalar Məcəlləsinin 75, 76, 80-cı maddələri baxımından qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl etməmiş, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına səbəb olmuşdur. İnzibati xəta haqqında iş materialı araşdırılarkən hesab olunur ki, hüquqi şəxsin təqsirli bilinməsinə dair kifayət qədər sübut toplanılmadığını nəzərə almadan, inzibati xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirməmiş, “İDRAK TEXNOLOJİ TRANSFER” MMC-nin əməlində inzibati xətanın tərkibi mövcud olması barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Beləliklə, “İDRAK TEXNOLOJİ TRANSFER” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 529.1- 1-ci maddəsi ilə təqsirli olması materialla sübuta yetirilmir. Belə olan halda, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri də pozulmaqla əhəmiyyətli hallar kifayət qədər nəzərə alınmadan, xətanın xarakteri müəyyən edilmədən ədalətsiz qərar qəbul edilmişdir. Qeyd edilən hallara əsasən, məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsi “İDRAK TEXNOLOJİ TRANSFER” MMC barədə işə mahiyyəti üzrə səthi yanaşmış və məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsluiyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsaslanaraq, məhkəmə belə hesab edir ki, “İDRAK TEXNOLOJİ TRANSFER” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, onun İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ləğv edilsin və “İDRAK TEXNOLOJİ TRANSFER” MMC barəsində iş üzrə icraata xitam verilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1345/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1345/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver