Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1348/2026 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM) 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində IXM-in 539.1-1-ci maddəsi ilə MN ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə inzibati xətaya dair materialın aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə inzibati xətaya dair materiala Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olması əsas gətirilərək, məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün material Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Materialı nəzərdən keçirib hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində IXM-in 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair material baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında protokola əsasən elektron əmək müqaviləsinə keçidlə bağlı hüquqi şəxsə ünvanlanmış ## ###### 2025-ci il tarixli göstəriş məktubu təmin edilməmiş, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən IXM-in 539.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. IXM-in 539.1-1-ci maddəsində əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsi”nə dair ## #### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, IXM-in 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Hüquqi şəxslərə münasibətdə nəzərə alınmalıdır ki, onlar qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə hüquqlarını həyata keçirir və vəzifələrini icra edirlər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsindən göründüyü kimi qurumun dövlət reyestrinə daxil edilən məlumatlarına aid edilmiş hüquqi ünvanı onun daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hüquqi şəxslər olduqları, yəni dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan üzrə vergi orqanlarında uçota alınırlar. Beləliklə, baxılan iş üzrə törədilməsi ehtimal olunan IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi yer hüquqi şəxsin qanunvericiliklə müəyyən edilmiş öhdəliyi icra etməli olduğu yer, yəni hüquqi şəxsin dövlət qeydiyyatında göstərilən hüquqi ünvan hesab edilməlidir. Iş materiallarına əlavə edilmiş Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına dair çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 45, mənzil 61 ünvanıdır. Bu baxımdan, inzibati xəta hadisəsinin Bakı şəhəri Nərimanov rayonu ərazisində törədilməsi ehtimal olunduğundan hazırkı materiala məhz Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. IXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında göstərilənləri nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №3(3-6)-1348/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1348/2026
08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver