Məhkəmə qərarları › İş №3(3-6)-1358/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1358/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1358/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İsmayılov Elvin Elşad oğlunun (bundan sonra - İsmayılov Elvin Elşad oğlu) iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından İsmayılov Elvin Elşad oğlunun verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqan İsmayılov Elvin Elşad oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 343.1-ci maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Həmin protokolda İsmayılov Elvin Elşad oğlunun ## #### 2026-cı il tarix, saat 04:49-da “Chevrolet Aveo” minik markalı, **-QA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etdiyi göstərilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X4) İsmayılov Elvin Elşad oğlu Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İsmayılov Elvin Elşad oğlu həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: İsmayılov Elvin Elşad oğlu şikayətini onunla əsaslandırmışdır ki, ## #### 2026-cı il tarixdə polis əməkdaşları ona məxsus “Chevrolet Aveo” minik markalı, **-QA-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayarkən, avtomobili onun dostu Məmmədli Cavad İlham oğlu idarə etmiş, özü isə avtomobilin ön oturacağında sərnişin qismində əyləşmişdir. Buna baxmayaraq, polis əməkdaşları əvvəlcə sürücü Cavad Məmmədlinin, daha sonra isə onun sərxoşluq vəziyyətini yoxlamaq istəmişlər. Lakin o, həmin avtomobili idarə etmədiyinə görə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etmişdir. İş üzrə səlahiyyətli orqanın əməkdaşı onun barəsində səroş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsini təsdiq edən hər hansı sübutu olmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Buna görə də iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarını da qanunsuz və əsassız hesab edir. Apellyasiya məhkəməsi iclasında İsmayılov Elvin Elşad oğlu şikayətinin dəlillərinə uyğun izahat verib, onun təmin edilməsini xahiş etmiş, izahatına əlavə olaraq bildirmişdir ki, ## #### 2026-cı il tarix, saat 3 radələrində Bakı şəhərində, “Xaqani bağı” adlanan yerdəki avtoparkinqdə saxladığı, özünə məxsus “Chevrolet Aveo” minik markalı, **-QA-*** dövlət qeydiyyat nişanlı avtomobilə iki nəfər dostu ilə əşləşdikdən və avtomobilini avtoparkinqin şlaqbaununa qədər idarə etdikdən sonra şlaqbaundan keçməmiş dostlarından biri ilə avtomobilindəki spirtli içkilərdən qəbul etməyi, buna görə də avtomobili spirtli içki qəbul etməyəcək digər dostunun idarə etməsi barədə razılaşmışlar. Həmin gün göstərdiyi vaxta qədər dostları ilə spirtli içki qəbul etməmişdir. Buna görə də şlaqbaundan keçməmiş avtomobilində dostlarından biri ilə təxminən 10-15 dəqiqə ərzində pivə və araqdan qəbul etmiş, bundan sonra avtomobilini spirtli içki içməmiş dostu idarə etmişdir. Bir qədər sonra onların olduğu avtomobil səlahiyyətli orqanın əməkdaşı tərəfindən saxlanılmışdır. Sonuncu alkotester vasitəsilə sürücünü müayinə edərkən ayıq olduğunu müəyyən etdikdən sonra onlardan həmin avtomobilin sahibinin kim olduğunu soruşmuşdur. O, cavabında həmin avtomobilin sahibi olduğunu demişdir. Polis əməkdaşı ona həmin avtomobili sərxoş vəziyyətdə avtoparkinqin ərazisində idarə etməsini təsdiq edən videogörüntünün olmasına görə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməli olduğunu demiş, onu bu məqsədlə tibbi müayinə olunması üçün müvafiq tibb müəssisəsinə aparmışdır. Orada olanda o, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etmiş, həkim bu barədə akt tərtib etmişdir. İş üzrə tibbi müayinədən keçməkdən imtina etməsinin səbəbini avtomobilini sərxoş vəziyyətdə idarə etməməsi ilə izah edir. Buna görə də hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti yaranmamışdır. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verib, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olubolmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. - 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan ## #### 2026-cı il tarixli, */*** nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında həmin tarix, saat 04:09-da müayinə zamanı İsmayılov Elvin Elşad oğlunun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etməsi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İsmayılov Elvin Elşad oğlunun verdiyi izahatı və ## #### 2026-cı il tarixli, */*** nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı ilə onun Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Buna görə də birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84cü maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə İsmayılov Elvin Elşad oğlunun səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərilmiş məzmunda Azərbaycan Respublikası İXM-in 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İsmayılov Elvin Elşad oğlunun verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Elvin Elşad oğlunun verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar