Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1380/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2, Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi – X1, Şikayət verən şəxs – Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin olunmaması, Qərarından şikayət verilən orqan İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ##.##.2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Qərarından şikayət verilən orqan inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim Zəfər Ramazanov) şikayət təmin edilməmişdir. Qərardan, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayətin dəlilləri onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ##.##.2020-ci il tarixdə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı haqqında ərizə əsasında dövlət qeydiyyatına alınmasına baxmayaraq adıçəkilən MMC ümumiyyətlə fəaliyyət göstərməmiş və heç biri yeri icarəyə götürməmişdir. MMC-nin yalnız bir işçisi yəni ki, təsisçi direktor eyni şəxs olmuşdur. Heç bir fəaliyyətlə məşğul olmayan və heç bir risk daşımayan hüquqi şəxsə direktor təyin edilmiş şəxs özünü hansı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirməli idi? Bundan başqa onun həmin MMC-nin qeydiyyatdan keçməsindən ümumiyyətlə məlumatı olmamışdır. 2020-ci ildən 2026-cı il tarixədək onun qeydiyyatda olduğu ünvana və ya mobil telefon nömrəsinə Vergi Xidməti tərəfindən heç bir bildiriş və ya yoxlama, borc barədə məktub göndərilməmişdir. Vergi Xidmətinə müraciət edərək məlumat əldə etmişdir və ona bildirilmişdir ki, həmin MMC barədə vergi borcu və yaxud bəyannamə borcu yoxdur. Eyni zamanda MMC-nin fəaliyyətinin dayandırılması barədə rəsmi müraciət edərək hüquqi şəxsin fəaliyyətini dayandırmışdır. Vergi Xidmətindən əldə etdiyi arayışlardan da görünür ki, “xxxx” MMC heç bir fəaliyyət göstərməmiş, gəlir əldə etməmişdir. Əgər bir şirkət faktiki olaraq fəaliyyət göstərmirsə və onun sənəd üzərində olan işçisi də həmin şirkətin fəaliyyəti üzrə hər hansı bir işi görmürsə onda onun sığorta olunması üçün nə əsas var. Göstərilən hallar cərimə cəzasını yazan orqan tərəfindən araşdırılmadan cərimə tətbiqi ədalətsizdir və qanunun ümumi məqsədinə xidmət etmir. Məhkəmədə bildirmişdir ki, barəsində Əmək Müfəttişliyi tərəfindən tərtib edilmiş elektron qərar ona lazımi qaydada göndərilməmiş və bu barədə məlumatı olmamışdır. Bundan başqa ikinci önəmli əsas isə “xxxx” MMC-nin heç bir fəaliyyət göstərməməsi olmuşdur. Lakin məhkəmə onun göstərdiyi xüsusatlara əhəmiyyət verməyərək əsassız qərar qəbul etmişdir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 Xidmətinin nümayəndəsi X1 şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellasi şikayəti təmin edilməli, inzibati iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv olunmalı, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qərarından şikayət verilən orqan tərəfindən «xxxx» MMCnin direktoru Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş MN ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Qərardan şikayət verən orqan (şəxs) arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamışdır. Nəticədə həmin məcəllənin 469-1-ci maddəsinin tələbləri pozularaq, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan “xxxx” MMMC-nin ## #### 2026-cı il tarixli arayışından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) həqiqətən Binəqədi rayonu, Əcəmi ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçotu İdarəsinin ## #### 2026-cı il tarixli, *-**-*-*-*/*-Y-**-**/**** nömrəli məlumatın təqdim edilməsi haqqında məktubundan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsinə daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bildirilmişdir ki, ##.##.2020-ci il tarixli, **************** saylı ərizənizə qanunvericiliyə uyğun baxılaraq “ABŞERON RAYON HÜQUQİ XİDMƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron qaydada dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə qərar qəbul edilmiş və ##.##.2020-ci il tarixli **************** nömrəli qərar elektron kabinetinizə göndərilmişdir. Bundan sonra təqdim etdiyi ##.##.2020-ci il tarixli **************** nömrəli ərizəyə əsasən "ABŞERON HÜQUQ XIDMƏTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ##.##.2020-ci il tarixdə dövlət qeydiyyatına alınaraq Cəmiyyətin nizamnaməsi, şəhadətnaməsi və reyestrdən çıxarışı elektron kabinetinə göndərilmişdir. Həmçinin məlumat üçün bildirilir ki, ##.##.2020-ci il tarixdə hüquqi şəxsin adının dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılması ilə əlaqədar qeydiyyat idarəsinə tərəfindən ərizə ilə müraciət ünvanlanmışdır. İş materiallarında olan Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizədən görünür ki, "ABŞERON HÜQUQ XIDMƏTİ" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ##.##.2020-ci il tarixdə qeydiyyatdan keçmiş və Qərardan şikayət verən orqan (şəxs) tərəfindən sənəd imzalanmışdır. İş materiallarında olan ##.##.2020-ci il tarixli yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsindən imtina edillməsi haqqında qərardan görünür ki, “ABŞERON RAYON HÜQUQİ XİDMƏT” MMC-nin qeydiyyatından adının dövlət dilinin orfoqrafiya və orfoepiya qaydalarına uyğun olmadığından imtina edilmişdir. İş materiallarında olan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı haqqında ərizədən görünür ki, “ABŞERON RAYON HÜQUQ XİDMƏTİ” adlı MMCnin qeydiyyatı üçün müraciət edilmişdir. İşçi kimi Qərardan şikayət verən orqan (şəxs) göstərilmişdir. Əmək haqqı 300 manat. İş materiallarında olan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı haqqında ərizədən görünür ki, “xxxx” adlı MMC-nin qeydiyyatı üçün müraciət edilmişdir. İşçi kimi Qərardan şikayət verən orqan (şəxs) göstərilmişdir. Əmək haqqı 270 manat. İş materiallarında olan müraciətin cavablandırılması haqqında ## ##### 2026-cı il tarixli 3-21-2-2-1/2- *****/**** saylı məktubdan görünür ki, “xxxx” MMC (VÖEN: **********) ##.##.2020ci il tarixdə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı haqqında ərizə əsasında dövlət qeydiyyatına alınmışdır. (hər iki elektron ərizə məktuba əlavə edilmişdir) Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin qeydiyyatı ilə bağlı şəxsin öz təşəbbüsü ilə qeydiyyat aparılmış, həmin qeydiyyat zamanı Qərardan şikayət verən orqan (şəxs) təsisçi və işçi kimi qeydiyyata alınmışdır. Belə olduğu halda şikayətçinin hüquqi şəxsin qeydiyyatından xəbərsiz olmasına dair dəlilləri qəbul edilə bilməz. Məhkəmə birinci instansiya məhkəməsinin sözügedən mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən bütövlükdə şikayətçininin hüquqi şəxsin qeydiyyatından xəbərsiz olub-olmaması məsələsinə fokuslanmış, işin mahiyyətinə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin sübuta yetirilibyetirilməməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xəta hadisəsinin olub-olmaması məsələsinə isə diqqət yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət müəyyən edir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının ## ### 2010-cu il tarixli Qanununun 2.0.9-cu maddəsinə əsasən istehsalat dedidikdə fiziki şəxsin işləri, xidmətləri haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri başa düşülür. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən istehsalatda bədbəxt hadisə dedikdə sığorta olunanın əmək funksiyalarını yerinə yetirərkən bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı başa düşülür. Eyni Qanunun 2.0.11-ci maddəsinə əsasən peşə xəstəliyi dedikdə əlverişsiz və zərərli istehsalat amillərinin sığorta olunanın orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlik başa düşülür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Görünüdüyü kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə fəaliyyət göstərməyən vergi ödəyicisinin fəaliyyətinin rəsmi olaraq dayandırmasına zərurət yoxdur, onun tərəfindən əməliyyatların aparılmaması artıq fəaliyyət göstərməməsinin təzahürüdür. “xxxx” MMC-nin (VÖEN: **********) Şəxsi hesab vərəqəsindən ##.##.2020-##.##.2026-cı il tarixləri əhatə edən dövr üzrə çıxarışdan görünür ki, həmin müddət ərzində hər hansı bir vergi ödənişləri, sosial səğorta və işsizlikdə sığorta haqları üzrə, müzdlu işlə əlaqədar, eləcə də icbari tibbi sığorta üzrə ödənişlər aparılmamış, bu da həmin müddət ərzində müəssisənin fəaliyyət göstərmədiyinin, vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparmadığının aşkar göstəricisidir. Hazırki iş üzrə apellyasiya məhkəməsində və apellyatorda aşağıdakı məsələlərlə bağlı haqlı suallar yaranır: hüquqi xidmətlərin göstərilməsi üçün yaradılmış, fəaliyyət göstərməyən, gəliri olmayan və hər hansı bir işçiyə faktiki olaraq əməkhaqqı və digər ödənişlər ödəməyən müəssisədə hansı istehsalatın mövcud ola bilər? Olmayan istehsalat zamanı hansı bədbəxt hadisələrin baş verə bilər? Olmayan istehsalatda olmayan işçilər hansı peşə xəstəliyinə tutula bilər? Yaranan bu haqlı suallara nə inzibati icraatı başlayan səlahiyyətli orqan, nə də ki, şikayəti əsassız hesab edərək təmin etməyən birinci instansiya məhkəməsi cavab verməmişdir. Apellyasiya məhkəməsi bir daha vurğulayır ki, fəaliyyətini dayandırmasa da faktiki olaraq fəaliyyət göstərməyən “xxxx” MMC-nin hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanması mümkün olmadığından bu hərəkətlərin edilməməsinə görə məsuliyyətdə istisna edilir. Hazırki iş üzrə İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə müəyyən olunan inzibati xəta hadisəsinin mövcudluğu təsdiq olunmur. Bu səbəbdən də məhkəmənin icraatına daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilməlidir ki, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasına hüquqi əsas olmur, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edildiyi təqdirdə araşdırmanın mərhələsindən asılı olmayaraq başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 135.1.5- 1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinə ünvanladığı şikayət təmin edilməli, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Qərarından şikayət verilən orqan inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinə ünvanladığı şikayət təmin edilsin. Qərarından şikayət verilən orqan inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1380/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1380/2026
19.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver