Məhkəmə qərarları › İş №3(3-6)-1383/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1383/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1383/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “İmprotex Trucks and Buses” MMC-nin nümayəndəsi İsmayılov Rahib Ramiz oğlunun iştirakları ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (bundan sonra – səlahiyyətli orqan) “İmprotex Trucks and Buses” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 271-ci maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim X3) “İmprotex Trucks and Buses” MMC-nin Azərbaycan Respublikası İXM-in 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyinin sübuta yetirilməməsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və özünün tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında “İmprotex Trucks and Buses” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 16-cı kilometr ünvanında, “Qırmızı göl”ün yaxınlığında avtomobil təmirindən sonra qalmış tullantı avandanlıqların “İmprotex Trucks and Buses” MMC-nin yerləşdiyi yerə yaxın ərazidən aşkar edilməsi inzibati xətanın həmin Cəmiyyət tərəfindən törədilməsini təsdiq edir. İş üzrə birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən bu halı nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini, “İmprotex Trucks and Buses” MMC-nin nümayəndəsi İsmayılov Rahib Ramiz oğlu isə şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 271-ci maddəsində tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müvafiq nəticəyə gələrkən, səlahiyyətli orqanın əməkdaşlarının zibil tullantılarının qalaqlandığı əraziyə baxış keçirərkən ətrafda “İmprotex Trucks and Buses” MMC-dən başqa, digər oxşar xarakterli fəaliyyətlə məşğul olan xeyli sayda müəssisələrin olmasına baxmayaraq, həmin tullantıların məhz “İmprotex Trucks and Buses” MMC-yə aid olmasını təsdiq edən mötəbər sübutu əldə etməməsinə əsaslanmaqda haqlı olmuşdur. Buna görə də iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslı, səlahiyyətli orqanın verdiyi şikayət əsassızdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar