Məhkəmə qərarları › İş №3(3-6)-1389/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1389/2026

21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1389/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Xəzər rayon Icra Şöbəsinin icra məmuru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 20000 manat məbləğində pulun, 40 manat depozit hesabının açılması üçün rüsum və ödənilmiş 150 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 20190 (iyirmi min yüz doxsan) manat məbləğində pul vəsaiti tutulmalıdır. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Toğrul Məmmədov) ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardan tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verib Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş, MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işə baxaraq, onu IXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilib barəsində inzibati cəza tətbiq edilməsini xahiş etmişdir. Tərəflərin çıxışları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə prosesinə gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə əvvəcədən məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirlilik məsələsini həll edərkən mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75-84-cü maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu öz daxili inamı ilə qiymətləndirmiş, izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək iş üzrə icraata xitam vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin olmasını və tənbeh edilməli olmasını iddia etsə də, bu əsaslı olmamışdır. Çünki, IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (IXM-in 8-ci maddəsi). Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Həmin maddə ilə inzibati məsuliyyətin yaranmasının müəyyən edilməsi özlüyündə icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəmə iclasında bildirdi ki, tələbin könüllü icrası barədə bildirişi ##.##.2026-cı il tarixdə almışdır. Onun adına mülkiləri və avtomobili vardır. Onları satıb tələbi icra edə bilər. 1 ay müddətində mülkləri sataraq borcu ödəyəcəkdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mülkiyyətində nəqliyyat vasitələri mövcuddur. Icra məmuru bu halla bağlı heç bir araşdırma aparmamış, məcburi icra tədbirləri yerinə yetirməmiş, borclunun icra sənədini qərəzli olaraq icra etməməsi barədə əsassız nəticəyə gəlmişdir. Iş materialları görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini üzrlü səbəbdən tam icra edə bilməmiş, bunun obyektiv səbəbləri olmuşdur. Birinci instansiya məhkəməsinin şərh olunan məsələlər üzrə çıxardığı nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində IXM-in 75-84-cü maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, apellyasiya şikayətində isə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə birinci instansiya məhkəməsinin sözügedən məsələlər üzrə çıxardığı nəticələri, o cümlədən Seyid Hacıyevin əməlində IXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkibinin olmaması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, IXM-in 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu tərəfindən icra sənədinin onun hərəkət və ya hərəkətsizliyi səbəbindən üzrsüz icra edilməməsi halının mövcudluğu istisna olunduğundan birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Odur ki, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar