Məhkəmə qərarları › İş №3(3-6)-1414/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1414/2026

21.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1414/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Rabitə Nazirliyinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili nümayəndə1 iştirakları ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından “xxxx” MMC-nin nümayəndəsi nümayəndə1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Idarəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Rabitə Nazirliyi tərəfindən “xxxx” MMC ünvanlanmış ##.##.2026-cı il tarixli *-**/*-****/**** saylı məktuba “Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanunun 33.1.9-2-ci maddəsinin tələbləri pozulmaqla 3 iş günü müddətində cavab verilməmiş, tələb olunan məlumatlar təqdim edilməmiş və nəticədə “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. “xxxx” MMC-nin barəsində tərtib olunmuş ## #### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim A.R.Tağıyev) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan, “xxxx” MMC-nin nümayəndəsi nümayəndə1, apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi Informasiya Kommunikasiya Texnologiyaları Agentliyi tərəfindən ünvanlanmış məktubda qeyd olunmuşdur ki, Informasiya və Kommunikasiya Texnologiyaları Agentliyi tərəfindən ölkə üzrə genişzolaqlı internet xidmətlərinin keyfiyyətinin artırılması, şəbəkə performansına təsir edən amillərin müəyyən edilməsi və son mil seqmentində istifadə olunan avadanlıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə analitik araşdırmalar həyata keçirilir. Sözügedən araşdırmalar nəticəsində məlum olmuşdur ki, istismarda olan son avadanlıqlar (modem,router) telekommunikasiya xidmətinin effektivliyinə, xüsusilə internet sürətinin stabilliyinə, gecikmələrə və Wi-Fi performansına əhəmiyyətli dərəcədə təsir göstərir. Bununla əlaqədar olaraq, ölkə üzrə istismarda olan son avadanlıqların (modemlərin) texniki imkanlarının sənədləşdirilməsi Agentlik üçün zəruridir. Qeyd olunanları nəzərə alınaraq, istismarda olan son avadanlıqlar (modemlər) barədə müvafiq texniki məlumatların məktuba əlavə edilmiş siyahıya uyğun olaraq - hər bir modem modeli üzrə ayrılıqda olmaqla təqdim edilməsi xahiş olunur. xxxx şirkəti 2003-cü ildən etibarən faəliyyətə başlayaraq 500 000 (beş yüz min) artıq abunəçiyə xidmət göstərməkdədir. Bu müddət ərzində müxtəlif dövrlər ərzində şirkətin strateqiyası, dövrün və xidmət keyfiyyətinin tələblərinə əsasən hər bir zaman kəsiyi üçün abunəçilərin istifadəsinə yüzlərlə marka və modelə məxsus avadanlıqlar istismara təqdim edilmişdir. Üstəlik xxxx şirkəti ##.##.2024-cü il tarixində “xxxx” MMC və “xxxx” MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir ki, bu şirkətlərdə mövcud olan abunəçi bazası da şirkətin xidmət göstərdiyi abunəçilər siyahısına daxil olmuşdur. Məhz qeyd olunanlar baxımından tələb edilən məlumatların təqdim edilməsi əlavə araşdırma zərurəti yaratmışdır. Bu kontektsdə, məktub əldə edildikdən dərhal sonra müvafiq məlumatların dəqiqləşdirilməsi istiqamətində addımlar atılmış, aidiyyəti şöbələrə elektron poçt üzərindən məktublar ünvanlanmış, nəzarət tədbirləri görülmüşdür. Lakin təəssüflər olsun ki, tələb edilən məlumatlar iri həcmli və mürəkkəb olduğu üçün əldə və təqdim edilməsi müəyyən müddət tələb etmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarına əlavə edilən mailyazışmalarından da aydın olduğu kimi, “xxxx” MMC tələb edilən məlumatlara münasibətdə hərəkətsiz qalmamış, məlumatların təqdim edilməsindən yayınmamışdır. Tələb olunan məlumatlar şirkət tərəfindən tam və ətraflı şəkildə əhatə olunmaqla ##.##.2026-cı il tarixli məktubla təqdim edilmişdir. Cavab məktubunun gecikməsinin səbəbi səhlənkarlıq və ya məsuliyyətdən yayınmaq məqsədi olmamış, məlumatların dolğun, ətraflı və təyinatına uyğun şəkildə təqdim edilməsi olmuşdur. Əks halda ünvanlanan məktub şirkət tərəfindən natamam formada cavablandırılmaqla məsuliyyətdən yayınmaq üçün zəmin yarada bilərdi. Halbu ki, tənizmləyici qurumunun bu məlumatları tələb etməsində ana məqsəd xidmətin effektivliyinə, keyfiyyətinin artırılmasına yönəldilməlidir və hansı formal çərçivələr ilə məhdudlaşmamalıdır. Şirkət tərəfindən istər Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi, istərsə də Informasiya Kommunikasiya Texnologiyaları Agentliyi ilə mütəmadi olaraq gündəlik, həftəlik və aylıq qaydada əlaqə saxlanılmaqdadır. Tələb edilən məlumatlar şirkət tərəfindən artıq təqdim edilmiş, “xxxx” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi və barəsində tənbeh tədbirinin tətbiq edilməsi üçün hər hansı əsaslar qalmamışdır. Məhkəmə iclasında, hüquqi şəxsin nümayəndəsi nümayəndə1, şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətdə qeyd olunan halların nəzərə alınmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, inzibati orqanın nümayəndəsi X1, inzibati iş üzrə verilmiş şikayətlə əlaqədar məhkəməyə ərizə təqdim olunduğunu, həmin ərizədə qeyd olunanların nəzərə alınmasını və şikayətin təmin edilməsinə etirazın olmadığını bildirmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instaniyası məhkəməsi, inzibati iş üzrə verilmiş şikayəti, inzibati iş üzrə toplanmış və əlavə təqdim olunmuş iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi, şikayətin dəlilləri ilə müqayisədə, inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, maddi və prossesual hüquq normalarının tələbləri baxımından hüquqi şəxsin şikayəti və mübahisəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Rabitə Nazirliyi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış və inzibati xətanın predmeti olan ##.##.2026-cı il tarixli *- **/*-****/**** saylı məktubdan görünür ki, Rəqəmsal Inkişaf və Rabitə Nazirliyinin istismarda olan son avadanlıqlar (modemlər) barədə müvafiq texniki məlumatların hər bir modem modeli üzrə məlumatların 3 (üç) iş günü müddətində Nazirliyə təqdim edilməsi tələb olunmuş, lakin “xxxx” MMC həmin sorğuda qeyd olunan məlumatların qanunla müəyyən olunmuş müddətdə təqdim olunmamasının mümkünsüzlüyünü, xidmət göstərdiyi abunəçi sayının təxminən 500 000 olması və modem sayına görə məlumatların mürəkkəb xarakterli və iri həcmli olması ilə izah etmişdir. Inzibati işə əlavə olunmuş, Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Rabitə Nazirliyinin nümayəndəsinin ## ### 2026-cı il tarixli məktubundan görünür ki, ## #### 2026-cı il tarixdə, istismar olunan son avadanlıqlar (modem, router) barədə məlumalar “xxxx” MMC tərəfindən Rəqəmsal Inkişaf və Rabitə Nazirliyinə təqdim olunmuş və inzibati xəta tərkibi yaradan hal aradan qalxmışdır. Inzibati işə əlavə olunmuş, “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli məktubundan görünür ki, “xxxx” MMC tərəfindən istismar olunan son avadanlıqlar (modem, router), həmçinin onların hər birinin texniki göstəriciləri barədə məlumalar Rəqəmsal Inkişaf və Rabitə Nazirliyinə təqdim olunmuşdur. Apellyasiya baxışı zamanı, inzibati orqanın nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi tərəfindən inzibati xəta haqqında iş üzrə verilmiş şikayətin dəlillərinə münasibətdə, şikayətin təmin olunmasına etirazın olmadığını qeyd etmişdir. Qeyd olunan hallardan belə məlum olur ki, Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Rabitə Nazirliyinin ##.##.2026-cı il tarixli *-**/*-****/**** saylı məktubunda tələb olunan məlumatların, mürəkkəb xarakterli və iri həcmli olması ilə əlaqədar qanunla müəyyən olunmuş müddətdə təqdim olunmaması haqqında hüquqi şəxsin iddiası təkzib olunmur. Yəni, Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Rabitə Nazirliyinin ##.##.2026-cı il tarixli *-**/*-****/**** saylı məktubunda tələb edilən məlumatlar iri həcmli və mürəkkəb xarakterli olduğu üçün əldə olunması və təqdim edilməsi müəyyən müddət tələb etmiş və “xxxx” MMC tələb olunan məlumatlara münasibətdə hərəkətsiz qalmamış və məlumatların təqdim edilməsindən yayınmamışdır. Apellyasiya instansiyası məhkəməsi, Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Rabitə Nazirliyinin ##.##.2026-cı il tarixli *-**/*-****/**** saylı məktubuna münasibətdə, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.9-2-ci maddəsinin tələbinə əməl olunmamaqla, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə razılaşır, lakin eyni zamanda, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarında olan məlumatlar, şikayətin dəlilləri və tərəflərin çıxışları ilə müqayisədə, “xxxx” MMC-nin həmin xətanı qəsdən və ya ehtiyatsızlıqdan, habelə hərəkət və ya hərəkətsizlikdən törətməsi faktının müəyyən olunmadığını qeyd edir və nəzərə alır. Belə ki, X4 təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il # ###### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd oluna xüsusatlara və qanunvericliyin tələblərinə əsasən, apellyasiya baxışı zamanı, inzibati xətanın predmeti olan, Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Rabitə Nazirliyinin ##.##.2026-cı il tarixli *-**/*-****/**** saylı məktubuna münasibətdə, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın qəsdən və ya ehtiyatsızlıqdan, habelə hərəkət və ya hərəkətsizlikdən törətməsi ilə müşayiət olunan hərəkətlərə yol verilməsi faktı müəyyən edilməmişdir. Odur ki, inzibati xətanın predmeti olan, Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Rabitə Nazirliyinin ##.##.2026-cı il tarixli *-**/*-****/**** saylı məktubuna münasibətdə, “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsi ilə təqsirli bilinərək, tənbeh olunmasına əsaslar yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Beləliklə, şikayət təmin olunmalı, “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli və Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Idarəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53, 128, 133, 134, 135 və 136-cı maddələrini rəhbər tutaraq apellyasiya Instaniyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilsin. “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ləğv edilsin. Azərbaycan Respublikasının Rəqəmsal Inkişaf və Nəqliyyat Idarəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar