Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1450/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi nümayəndə1 iştirakı ilə, “xxxx” Bank Olmayan Kredit Təşkilatı ASC-nin (ləğv prosesində) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-****/**** saylı qərarından ləğv prosesində olan “xxxx Bokt” ASC-nin təsviyəçisi Turan Ismayılov tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” Bank Olmayan Kredit Təşkilatı ASC (ləğv prosesində) tərəfindən Mərkəzi Bankın ##.##.2026-cı il tarixli, *-*-**/*****/**** saylı məktubu ilə tələb edilən 2025-ci ilə dair emitentin yarımillik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Inzibati xəta hüquqi şəxsin ünvanında ##.##.2026-cı il tarixdə törədilmişdir. Bununla da “xxxx” Bank Olmayan Kredit Təşkilatı ASC-nin (ləğv prosesində) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “xxxx” Bank Olmayan Kredit Təşkilatı ASC-nin (ləğv prosesində) barəsində tərtib olunmuş ## #### 2026-cı il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Q.Məmmədli) ## ##### 2026-cı il tarixli qərarından görünür ki, “xxxx” Bank Olmayan Kredit Təşkilatı ASC (ləğv prosesində) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan, ləğv prosesində olan “xxxx Bokt” ASC-nin təsviyəçisi Turan Ismayılov apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və “xxxx Bokt” ASC-nin əməllərində inzibati xəta tərkibi olmadığına görə inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin baş ofisi ##.##.2026-cı il tarixindən digər ünvana, yəni Globus Plazanın 16-cı mərtəbəsinə köçmüşdür. Inzibati orqan tərəfindən isə həmin məktub şirkətin köhnə ünvanına göndərilmişdir. Inzibati orqan tərəfindən təqdim edilmiş iş materiallarının 9-cu səhifəsindən də görünür ki, həqiqətən həmin məktub cavabdeh hüquqi şəxsə çatmamış, qaimədə ##.##.2026-cı il tarix qeyd olunmaqla “ünvandan köçüb” qeydi aparılmışdır. Bundan başqa, inzibati xəta hüquqi şəxslə bağlı deyil, onun vəzifəli şəxsi barəsində aparılmalı idi. Belə ki, hesabatların verilməsini məhz hüquqi şəxs deyil, onun vəzifəli şəxsi tərəfindən vəzifə səlahiyyətlərinə uyğun aparılması nəzərdə tutulmuşdur. Şirkətin hazırda maliyyə vəziyyəti çətin durumdadır, inzibati tənbehin tətbiq edilməsi isə maliyyə dayanıqlığına ciddi təsir göstərir. Ona görə də inzibati xəta hüquqi şəxs barəsində deyil, vəzifəli şəxs barəsində tətbiq edilərdi. Məhkəmə iclasında, Mərkəzi Bankın nümayəndəsi nümayəndə1, Mərkəzi Bankın ##.##.2026-cı il tarixli, *-*-**/*****/**** saylı məktubunun poçt xidməti vasitəsi ilə “xxxx Bokt” ASC-yə göndərilməsindən başqa, eyni zamanda Mərkəzi Bankın elektron sənəd dövrüyyəsi sistemi vasitəsi ilə “xxxx Bokt” ASC-yə göndərildiyini qeyd edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş emişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş, lakin məhkəmə iclasına gəlməmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğundur. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə münasibətdə aşağıdakı xüsusatları qeyd edir. Belə ki, şikayətin “hüquqi şəxsin baş ofisinin ##.##.2026-cı il tarixdən digər ünvana, yəni Globus Plazanın 16-cı mərtəbəsinə köçməsi və bununla əlaqədar inzibati orqanın məktubunun şirkətin köhnə ünvanına göndərilməsi”, ilə bağlı dəlilinə münasibətdə qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı Mərkəzi Bankın nümayəndəsi tərəfindən təqdim olunmuş sənədlərə əsasən, “xxxx” Bank Olmayan Kredit Təşkilatı ASC-nin (ləğv prosesində) barəsində Mərkəzi Bank tərəfindən ## #### 2026-cı il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş, ##.##.2026-cı il tarixli, *-*-**/*****/**** saylı məktubun “xxxx Bokt” ASC-yə poçt xidməti vasitəsi ilə göndərilməsindən başqa, eyni zamanda Mərkəzi Bankın elektron sənəd dövrüyyəsi sistemi vasitəsi ilə “xxxx Bokt” ASC-yə çatdırıldığı müəyyən edilmişdir. Bu səbəbdən Mərkəzi Bankın ##.##.2026-cı il tarixli, *-*-**/*****/**** saylı məktubunun “xxxx Bokt” ASC-yə çatdırılmaması ilə bağlı mübahisə əsassızdır. Bundan başqa, şikayətin “inzibati xəta hüquqi şəxslə bağlı deyil, onun vəzifəli şəxsi barəsində aparılmalı idi”, dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün, hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 548.1-ci maddəsinin dispozisiyasında, vəzifəli və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinin tələbinə əsasən, “xxxx” Bank Olmayan Kredit Təşkilatı ASC-nin (ləğv prosesində) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və tənbeh olunması qanuni və əsaslı olmuşdur. Şikayətin digər dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ## #### 2026-cı il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol “xxxx” Bank Olmayan Kredit Təşkilatı ASC-nin (ləğv prosesində) barəsində tərtib olunduğundan, inzibati tənbehin subyekt olaraq, hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək və hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxsin barəsində tətbiq edilməsinə əsas yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirini düzgün müəyyənləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarının mübahisələndirilməsi ilə bağlı şikayətdə qeyd olunan dəlillər, iş materialları və məhkəmədə tədqiq olunmuş mümkün sübutların məcmusu, habelə qanunvericiliyinin tələbləri ilə müqayisədə təkzib olunmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya qaydasında aparılmış araşdırmanın nəticəsinə əsasən, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq “xxxx” Bank Olmayan Kredit Təşkilatı ASC-nin (ləğv prosesində) inzibati məsuliyyətə cəlb edilərək, tənbeh edilməsinin əsaslarını düzgün müəyyənləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, “xxxx” Bank Olmayan Kredit Təşkilatı ASC-yə (ləğv prosesində) münasibətdə inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi “xxxx” Bank Olmayan Kredit Təşkilatı ASC-nin (ləğv prosesində) barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələblərini və inzibati tənbehin həddini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən, “xxxx” Bank Olmayan Kredit Təşkilatı ASC-nin (ləğv prosesində) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. “xxxx” Bank Olmayan Kredit Təşkilatı ASC-nin (ləğv prosesində) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1450/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1450/2026
26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver