Məhkəmə qərarları › İş №3(3-6)-1452/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1452/2026

04.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1452/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi nümayəndə2, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «xxxx” MMC-nin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin «xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli qərarından «xxxx” MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Protokolu tərtib edən orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## #### 2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Inzibati xəta haqqında həmin protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 10871.80 Avro məbləğində vəsait bank vasitəsilə ## ###### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 10871.80 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx” MMC şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, qeyd olunan 10871.80 Avro məbləğində ödəniş ## ###### 2024-cü il tarixdə xxxx tərəfindən üçtərəfli müqavilə əsasında aparılmışdır. Müqavilənin predmetinə əsasən “xxxx” MMC vasitəçi şirkət kimi PTP LLC şirkətinin xeyrinə Conductix Wampfler GMBH adlı alman şirkətindən 3252313 HEATING CABLE 0.73 OHM/M 450/750V DI 080106-073-DI#DI= DOUBLE INSULATED malını almağı və malı Qırğızıstan Respublikasında müştərisi PTP LLC-ə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin tələblərinə və eyni zamanda vasitəçilik müqaviləsinin də mahiyyətinə uyğun olaraq vasitəçilik fəaliyyəti üçün ödəniş əvvəlcədən 100% məbləğində (bütün bank komissiyaları və xidmət haqqı məbləği də daxil olmaqla, ümumi məbləğ 12600 Avro) PTP LLC tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ə ödənilmişdir. Məhz həmin ödənişi aldıqdan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ## ###### 2024-cü il tarixdə malın dəyərini ödəyərək (10871.80 Avro) köçürməni etmişdir. Bundan sonra isə müvafiq olaraq mallar yola çıxmış və müqavilənin şərtlərinə uyğun olaraq Qırğızıstan Respublikasında müştəriyə təhvil verilmişdir. Qeyd olunan bütün proseslərlə bağlı müvafiq bütün sənədlər (müqavilə, təhvil-təslimaktı, ödənişin müştəridən ilkin olaraq xxxx MMC-ə gəlməsi haqqında bank sənədi və digərləri) məhkəməyə ünvanlanmış etiraza əlavə olunmuşdur. Eyni zamanda bütün bu məlumatların hər biri müvəkkil banka qanunla müəyyən edilmiş qaydada və müddətdə təqdimedilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən bütün proseslər qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilsə də, Yasamal Rayon Məhkəməsi (bundan sonra “Məhkəmə”) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab etmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 10871.80 Avro valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni 2174.36 Avro (Avronun ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə ədalətsiz və qanunazidd qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs hüquqi şəxs «xxxx” MMC-nin nümayəndəsi nümayəndə1 verilmiş şikayətin məzmununa uyğun izahat verərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi nümayəndə2 izahatında bildirmişdir ki, iş üzrə təqdim edilmiş sənədlərlə tanış olduqda malların gömrük eyniləşdirilməsini müəyyən edə bilməmişdir. Şikayətin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Işin halları və hüquqi məsələlər: Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, nümayəndələrin izahatını dinləyərək hesab edir ki, «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası IXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməsinə dair ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ## ###### 2024-cü il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 10871.80 Avro məbləğində xarici valyutada olan pul vəsaiti ## ###### 2024-cü il tarixdə “xxxx” ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. “xxxx” ASC tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, KB-***/*-***/**** nömrəli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş 10871.80 Avro məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi 2 il ərzində banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X1 ##.##.2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ## ###### 2024-cü il tarixində 10871.80 Avro məbləğində pul vəsaiti “xxxx” ASC-də olan hesabından xarici ölkəyə avans qaydasında köçürülmüşdür. Bu hal həm köçürmə ərizəsi, həm də bankın ## ###### 2026-cı il tarixli rəsmi məktubu ilə təsdiq edilir. Eyni zamanda müəyyən edilmişdir ki, göstərilən vəsait müqabilində nə malların Azərbaycan Respublikasına idxalı həyata keçirilmiş, nə də ödənilmiş vəsait 2 il müddətində geri qaytarılmışdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi həmin hüquqi şəxsi Azərbaycan Respublikası IXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmiş və barəsində inzibati cərimə tətbiq etmişdir. Satılan mallarla bağlı MMC-nin təqdim etdiyi ölkəyə daxil olan müqavilə üzrə ilə 10871.80 Avro məbləğində vəsait bank vasitəsilə ## ###### 2024-cü il tarixində ölkə xaricinə köçürülmüş avans ödənişi eyni olmamışdır. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, «xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs «xxxx” MMC tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin «xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar