Məhkəmə qərarları › İş №3(3-6)-1472/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1472/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1472/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər X1 İdarəsi tərəfindən barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixdə idarə etdiyi «BYD» markalı, **-OY-***” dövlət qeydiyyat nişanlı avtomaşınla Dərnəgül şossesi ilə “Koroğlu” metrosu istiqamətində hərəkətdə olan zaman heç bir qayda pozuntusu törətməməyinə baxmayaraq DYP YPX baş inspektoru R X2 onu əsassız saxlayaraq haqqında əsassız və qanunsuz olaraq İXP ******* nömrəli inzibati protokol tərtib etmiş, sürücülük vəsiqəsini almış və idarə etdiyi nəqliyyat vasitəsini duracaga yerləşdirmişdir. Sonra isə onu məsələni həll etmək üçün Bakı şəhər BDYPİ-nə göndərmişdir. ##.##/2026-cı il tarixdə Bakı şəhər DYPİ-nə gedərək 32-ci otağa getmiş və orada olan əməkdaş mülki formada olmuş və otaqda R geyimi asılmışdır. Həmin əməkdaş ona demişdir ki, bu işin xərci yəni, sürücülük vəsiqəsini qaytarması 500 manatdır. O isə ona demişdir ki, onun o qədər pulu yoxdu heç olmasa icazə ver maşını götürüm 5-6 gün işləyim borc xərc edim gətirim verim 500 manatı. Həmin şəxs ona avtomaşını buraxmaq üçün talon yazmış və o, qapıdan çıxanda ona demişdir ki, “sürücülük vəsiqəni ver qalsın məndə” pulu gətirərsən vəsiqəni götürərsən. O da vəsiqəni ona vermişdir. Həmin əməkdaş sürücülük vəsiqəsini girov saxlamış və ona demişdir ki, 500 manat gətirərsən sürücülük vəsiqəni alarsan. Sonra həmin əməkdaş ona demişdir ki, “sənə 40 manatlıq cərimə yazıram cəriməsiz olmaz” O, ondan xahiş etmişdir ki, 500 manat bir 40 manat bir o, bunlan necə ödəyəcək. Həmin əməkdaş demişdir ki, cəriməsiz mümkün deyil. O, da əlacsız olğuğu üçün bir söz deməmişdir. Duracaga gedib talonu təqdim edib 15 manat pul ödəyib avtomaşını çıxartmışdır. ##.##.2026-cı il tarixdə ona məlum olmuşdur ki, sürücülük hüququna məhdudiyyət qoyulubdur. Bundan sonra o, yenidən Bakı şəhər DYPİ-nə 32-ci otağa getmişdir və həmin əməkdaşla görüşərək onların arasında danışıq olduğunu və nə üçün sürücülük hüququma məhdudiyyət qoyulduğunu soruşmuşdur. Həmin əməkdaş kobud halda ona şikayət etmək hüququnun olduğunu xatırlatmışdır və hara şikayət edirsən et demişdir. Bu hadisədən sonra o da Azərbaycan Respublikası DİN cənab Vilayət Eyvazaova poçt vasitəsi ilə şikayət etmişdir, qaynar xətlərə eləcə də. 102 xidmətinə dəfələrlə zəng etsə də heç bir nəticə olmamışdır. Lakin, şikayətimə baxılmadı və ##.##.2026-cı il tarixinə qədər ona qayda pozuntusu törətməyini sübüt edən hər hansı bir sübüt növü, protokol və ya qərar nə poçt nə də ki, şəxsən təqdim edilməmişdir. Sürücülük hüququndan hansı müddətə məhrum olunmağı ona nə rəsmi nə də ki, şifahi olaraq bildirilməyibdir. ##.##.2026-cı il tarixdə isə saat 02 radələrində Prezident Administrasiyasında cənab Fuad Ələsgərovun şəxsən qəbulunda olduqdan sonra onu sabahsı günü ##.##.2026-cı il tarixdə Bakı şəhər DYPİ-nə dəvət edərək 22-ci otaqda olan şöbə rəisi Zakir müəllimin qəbulunda olmuş və orada ona ##.##.2026-cı il tarixdə barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolun surətini, ##.##.2026-cı il tarixli qərarın surətini təqdim etmişlər. 17.01,2026-cı il tarixdə Bakı şəhər DYP YPX-nin baş inspektoru R X2 onun barəsində qanunsuz olaraq tərtib etdiyi İXP ******* nömrəli inzibati protokol əsasında o qanunsuz olaraq sürücülük hüququndan məhrum olunmuşdur. Həmçinin inzibati icraatla bağlı işə baxan zaman inzibati orqan əməkdaşı onu araşdırma apanlması üçün dəvət etməmiş və törətdiyi inzibati hüquq pozuntusunu sübut edə biləcək hər hansı bir sübut növü məsələn YPX inspektorunun yaxalığında olan səs yazan cihazda olan səs yazısı, TŞ kamerasından və ya inspektorun idarə etdiyi nəqliyyat vasitəsində olan video müşahidə cihazından videogörüntü təqdim edilməmişdir. Halbuki qeyd etdiyi ##.##.2026-cı il tarixdə o, heç bir inzibati hüquq pozuntusuna yol verməmişdir. ##.##.2026-cı il tarixli Bakı şəhər DYP YPX-nin baş inspektoru R X2 onun barəsində qanunsuz olaraq tərtib etdiyi İXP ******* nömrəli inzibati protokolu qanunsuz hesab edərək inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli qərarın qanunsuz və əsassız hesab edilərək və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilmiş, Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Bakı şəhər X1 İdarəsinə göndərilmişdir. Məhkəmə qərarından narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarının ləğv edilməsini, şikayətinin tam şəkildə təmin olunmasını, qərarın ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılarkən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarının qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, ## ###### 2026-cı il tarixdə saat 17:20-də Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Koroğlu ərazisində BYD Destroyer 05 Plug-İn Hibrid minik markalı, ** QY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulmasına və İXM-nin 327.1-1, 327.1-2, 327.2- 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331,333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2- 346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.2 və 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Məhkəmə qərarla razılaşaraq qeyd edir ki, şikayətçi heç bir qayda pozuntusuna yol vermədiyini bildirmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan tərəfindən isə inzibati xəta hadisəsinin baş verməsini təsdiq edən sübut (video çəkiliş, fotoşəkil) təqdim edilməmişdir. Qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən həmin hadisənin baş vermə şəraiti məhkəmə üçün qeyrimüəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Həmçinin qəbul edilmiş qərarda İXMnin 327.2 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsinə gəlinsə də, şəxsin konkret olaraq hansı maddə ilə inzibati məsuliyyətə cəlb olunması, barəsində hansı inzibati tənbeh tədbirinin tətbiq edilməsi qeyd edilməmişdir. Halbuki, AR İXM-nin 115.1.5-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, o cümlədən inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat inzibati xəta haqqında iş üzrə qərarda göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, qərar qəbul edilən zaman İXM ilə müəyyən edilmiş tələblər pozulmuşdur. Ona görə də qərar ləğv edilməli və inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan tərəfindən yuxarıda göstərilən hallar üzrə şikayətçinin iştirakı təmin edilməklə tam, hərtərəfli, obyektiv araşdrıma aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin bütün hallarının tədqiqi nəticəsinə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar