Məhkəmə qərarları › İş №3(3-6)-1507/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1507/2026

20.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1507/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Eminov Azər Elçin oğlunun katibliyi, zərərçəkən şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Çağlayan İsmayıl Mevlüt oğlunun iştirakı ilə, ## ###### 1970-ci ildə Türkiyə Respublikasında anadan olmuş, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Çağlayan İsmayıl Mevlüt oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə materiala Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru E.Hüseynli Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Çağlayan İsmayıl Mevlüt oğlu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Çağlayan İsmayıl Mevlüt oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Çağlayan İsmayıl Mevlüt oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İzahatlar və tərəflərin münasibəti: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Çağlayan İsmayıl Mevlüt oğlu apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Çağlayan İsmayıl Mevlüt oğlu ərizə ilə məhkəməyə müraciət edərək müdafiəçinin iştirakı olmadan işə baxılmasına etiraz etməmişdir. Zərərçəkən şəxs X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə yerində qısa müşavirə edərək icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları və hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədinə əsasən borclu İsmail Çağlayandan 3204 manat əsas, hüquqi yardıma görə 110 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu alınaraq tələbkar X1 ödənilməlidir. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru Aslan Astanovun ##.##.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxsin və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Çağlayan İsmayıl Mevlüt oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə ## #### 1997-ci il tarixli Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədaricra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə verilmiş şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, Çağlayan İsmayıl Mevlüt oğlunun ödəniş etməməsi və borcdan qərəzli şəkildə yayınması nəticəsində tələbkara borcu yaranmışdır. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi qəbul edildiyi vaxtdan borc məbləğinin ödənilməsinə laqeyd yanaşmışdır. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Çağlayan İsmayıl Mevlüt oğlu barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh etmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, Çağlayan İsmayıl Mevlüt oğlunun icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına səthi və etinasız yanaşması məhkəmə hakimiyyətini nüfuzdan salmaqla yanaşı vətəndaşların məhkəmə sisteminə inamının azalmasına səbəb olur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALIR: Çağlayan İsmayıl Mevlüt oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar