Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1517/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin müdafiəçisi - Abşeron rayon Vəkil Bürosunun vəkili İsmayılov Eldəniz Nəsrəddin oğlu və Protokolu tərtib edən orqanin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi nümayəndə1 Xaliq oğlunun iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından “İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin müdafiəçisi İsmayılov Eldəniz Nəsrəddin oğlunun (bundan sonra – müdafiəçi) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqan “İnno Kapital İnvestisiya Şirkəti” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikasının İXMin) 598.1.3-cü maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) “İnno Kapital İnvestisiya Şirkəti” ASC Azərbaycan Respublikası İXM-in 598.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000,00 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Müdafiəçi həmin qərardan şikayət verib, onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi faktı təsdiq edildikdə, konkret cinayət işi üzrə istintaqı aparan hüquq mühafizə orqanları və onların vəzifəli şəxslərinin onlara göndərilmiş sorğuda qeyd edilən, yəni konkret olaraq hüquqi və fiziki şəxslərin icra etdikləri alqı-satqı əməliyyatları barədə məlumatları yalnız məhkəmənin qərarı əsasında əldə edə bilməsinə baxmayaraq, hər hansı cinayət faktı olmadığı halda, səlahiyyətli orqanın belə məlumatları “İnno Kapital İnvestisiya Şirkəti” ASC-dən tələb etməsi qanunsuz olmuşdur. Cinayət faktı olması barədə əsaslı şübhələr olduğu təqdirdə isə səlahiyyətli orqanın vəzifəsi bu barədə məlumatı dərhal istintaq orqanına göndərməkdir. Onun cinayət işi üzrə istintaq aparmaq səlahiyyəti yoxdur. Göründüyü kimi, səlahiyyətli orqan öz şəxsi maraqları naminə şəxsi həyatın sirrini təşkil edən məlumatları “İnno Kapital İnvestisiya Şirkəti” ASC-dən tələb etmiş, bu məlumatların təqdim edilmədiyi halda isə Cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib etmiş, beləliklə də öz vəzifə səlahiyyətlərindən kənara çıxmışdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 598.1.3cü maddəsinin dispozisiyasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verilən yazılı göstərişlərin icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulduğu halda, səlahiyyətli orqanın “İnno Kapital İnvestisiya Şirkəti” ASC-yə icra olunması üçün göndərdiyi ## ###### 2026-cı il tarixli göstərişin adı "Məlumatın təqdim edilməsinə dair Göstəriş" olmuşdur. Sorğu xarakteri daşıyan, lakin adı göstəriş olan sənəddə isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində hər hansı tələb olmamışdır. Birinci instansiya məhkəməsi göstərilən halları kifayət qədər araşdırmadan, işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəlmiş, inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanın mahiyyəti ilə “İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin inzibati məsuliyyətə cəlb edildiyi Azərbaycan Respublikası İXM-in 598.1.3-cü maddəsinin dispozisiyası arasında olan ziddiyəti nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasında müdafiəçi şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini, səlahiyyətli orqanın nümayəndəsi isə izahatında şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 598.1.3-cü maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə görə hüquqi şəxslərə iyirmi min manatdan otuz min manatadək məbləğdə inzibati cərimə tətbiq edilir. - 431-ci maddəsində (Kommersiya və ya bank sirri təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılması) sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri təşkil edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu, az miqdarda ziyan vurduqda inzibati məsuliyyət nəzərdə tutulsa da, həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndində göstərilmişdir ki, kommersiya və ya bank sirri olan məlumatları “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim edən şəxsə bu maddənin qüvvəsi şamil edilmir. Beləliklə, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim edilməsi kommersiya və ya bank sirri təşkil edən məlumatların yayılması hesab edilmir. Azərbaycan Respublikası İXM-in 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın maddi hüquqi əsasları və səlahiyyətli orqanın müvafiq səlahiyyətləri aşağıdakı normativ hüquqi aktlarda müvafiq qaydada nəzərdə tutulmuşdur. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.1.6-cı maddəsinə əsasən maliyyə monitorinqi orqanı – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən, habelə bu sahədə dövlət siyasətinin formalaşmasında iştirak edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurum). - 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. - 1.1.8-ci maddəsinə əsasən maliyyə institutlarına, həmçinin kredit təşkilatları, investisiya şirkətləri, investisiya fondları, bu fondların idarəçiləri daxildir. - 1.1.22-ci maddəsinə əsasən məlumat və sənədlərə yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq öhdəlik daşıyan şəxslərin, bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, nəzarət orqanlarının, habelə digər dövlət orqanlarının (qurumların) fəaliyyəti nəticəsində əməliyyatlar (əqdlər) (bundan sonra – əməliyyatlar) və (və ya) işgüzar münasibətlər barədə yaranan, saxlanılan və ya qeydə alınan faktlar, rəylər, xəbərlər və ya digər xarakterli məlumatlar, kağız və ya elektron formada sənədlər aiddir. Bu anlayış, eyni zamanda, müxtəlif məlumat bazalarında yaradılan, saxlanılan, qeydə alınan, habelə internet və ya digər informasiya ehtiyatlarında toplanan faktları, xəbərləri və ya digər xarakterli məlumatları və ya sənədləri də əhatə edir. - 6.5-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər tərəfindən saxlanılan məlumat və sənədlər maliyyə monitorinqi orqanına, nəzarət orqanlarına, cinayət təqibi orqanlarına və məhkəmələrə (qanunla nəzərdə tutulmuş xüsusi rejimlə mühafizə edilən məlumat və sənədlər onların mühafizə rejiminə uyğun olaraq) sorğuda göstərilən müddətdə təqdim edilməlidir. - 14.1-ci maddəsinə əsasən maliyyə monitorinqi orqanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər, nəzarət orqanları və digər dövlət orqanları (qurumlar) tərəfindən təqdim edilən, həmçinin informasiya resurslarından, açıq mənbələrdən və digər şəxslərdən əldə olunan məlumat və sənədləri toplayır və təhlil edir, təhlilin nəticələrini və digər zəruri məlumatları aidiyyəti dövlət orqanlarına (qurumlara) təqdim edir. - 14.3-cü maddəsinə əsasən maliyyə monitorinqi orqanı monitorinq olunmalı əməliyyat barədə mənbəyi məlum olan məlumat və sənədlər aldıqda, həmçinin özünün apardığı strateji və taktiki təhlilin nəticəsi olaraq və ya üçüncü dövlətin sorğusu əsasında araşdırma məqsədilə müvafiq sorğu göndərməklə öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərdən, nəzarət orqanlarından və dövlət orqanlarından (qurumlardan) məlumat və sənədlər almaq hüququna malikdir. - 14.6-cı maddəsinə əsasən maliyyə monitorinqi orqanı təqdim olunmuş məlumatların məxfiliyini və yalnız bu Qanunla nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün istifadəsini təmin etməli, habelə bu məlumatların təhlükəsizliyinin təmin olunması sistemini təşkil etməlidir. - 24-cü maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Qanununun tətbiqi barədə ## ###### 2023-cü il tarixli Fərmanının 1.5-ci bəndinə əsasən həmin Qanunun 1.1.6-cı maddəsində “orqan (qurum)” dedikdə Protokolu tərtib edən orqan nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” ## #### 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsinin: - 1.1-ci bəndinə əsasən Protokolu tərtib edən orqan Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində (bundan sonra – müvafiq sahə) vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən, habelə müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edən publik hüquqi şəxsdir. - 3.2-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin aşağıdakı hüquqları vardır: 3.2.3. Qanunun 14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada öhdəlik daşıyan şəxslərə sorğu göndərməklə onlardan məlumatlar əldə etmək, əməliyyatların icrasını dayandırmaq, müvafiq sahədə icrası məcburi olan qərarlar qəbul etmək və göstərişlər vermək; 3.2.5. öz vəzifələrinin icrası ilə əlaqədar öhdəlik daşıyan şəxslərə, Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərə, nəzarət orqanlarına və digər dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumat və sənədlər barədə sorğu vermək, eləcə də onlardan belə məlumat və sənədləri almaq; Səlahiyyətli orqan yuxarıda göstərilən qanunvericilik normalarında nəzərdə tutulmuş səlahiyyətlərinə uyğun olaraq, “İnno Kapital İnvestisiya Şirkəti” ASC-yə göndərdiyi “Məlumatların təqdim edilməsi haqqında” ## ###### 2026-cı il tarixli, *-**-**/*-**/**** nömrəli məktubunda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin müəyyən edilməsi məqsədilə aparılan strateji təhlil işləri ilə əlaqədar “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 14.3-cü maddəsinə əsasən fiziki və hüquqi şəxslərin 2024-2025-ci illər üzrə qiymətli kağızlarla əlaqəli ölkəxarici birjalarla icra etdikləri alğısatqı əqdlərinə dair məlumatları əlavə olunmuş cədvəl formasında ## ###### 2026-cı il tarixədək təqdim edilməsini xahiş etmişdir. “İnno Kapital İnvestisiya Şirkəti” ASC həmin sorğu ilə əlaqədar səlahiyyətli orqana göndərdiyi ## ###### 2026-cı il tarixli məktubunda göstərmişdir ki, Cəmiyyət məktubda təqdim edilməsi istənilmiş məlumatları gündəlik və aylıq hesabatlılıq çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Həmin məlumatların əhatə dairəsi və həcmi olduqca geniş olduğuna görə sorğuya əlavə edilmiş cədvələ uyğun şəkildə ayrıca toplanılması, strukturlaşdırılması və təqdim edilməsi mövcud texniki imkanlar və insan resursları baxımdan praktik olaraq mümkün deyildir. Buna görə də həmin məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankından əldə edilməsi xahiş olunur. Səlahiyyətli orqan yuxarıda göstərilən qanunvericilik normalarında nəzərdə tutulmuş səlahiyyətlərinə uyğun olaraq, “İnno Kapital İnvestisiya Şirkəti” ASC-yə də göndərdiyi “Məlumatların təqdim edilməsinə dair” ## ###### 2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli göstərişində göstərmişdir ki, həmin Cəmiyyət ## ###### 2026-cı il tarixli, *-**-**/*-**/**** nömrəli sorğuda istənilmiş məlumatları səlahiyyətli orqana təqdim etməmişdir. Buna görə də həmin məlumatların 7 iş gün müddətində ŞƏMS vasitəsilə təqdim edilməsi tələb olunur. Əks hal, Azərbaycan Respublikası İXM-in 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. İş üzrə “İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin nümayəndəsi X5 orqana verdiyi izahatında göstərmişdir ki, səlahiyyətli orqanın sorğusu konkret şəxslərə və əməliyyatlara dair olmadığına görə sorğuya konkret fərdi məlumatlarla bağlı deyil, yalnız statistik məlumatlarla bağlı cavab verilə bilər. Beləliklə, “İnno Kapital İnvestisiya Şirkəti” ASC səlahiyyətli orqana ona göndərdiyi sorğu və yazılı göstərişdə istənilmiş məlumatları verməkdən inzibati xəta haqqında iş üzrə icraatın gedişində də imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən qanunvericilik normalarına, eləcə də iş materiallarında olan sənədlər və “İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin nümayəndəsinin səlahiyyətli orqana verdiyi izahatı əsasında müəyyən edilmiş işin faktiki hallarına əsaslanaraq hesab edir ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri baxımdan, müvafiq öhdəlik daşıyan, maliyyə institutu olan “İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin maliyyə monitorinqi orqanı olan səlahiyyətli orqana cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində səlahiyyətlərinə uyğun qaydada verdiyi ## ###### 2026-cı il tarixli, *-**- **/*-**/**** nömrəli sorğu və ## ###### 2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli yazılı göstərişdə təqdim edilməsinin istənildiyi, konkret olaraq fiziki və hüquqi şəxslərin 2024-2025-ci illər üzrə qiymətli kağızlarla əlaqəli ölkəxarici birjalarla icra etdikləri alğı-satqı əqdlərinə dair məlumatları hər hansı qanuni və əsaslı səbəb olmadan təqdim etməkdən imtina edib, həmin göstərişi tam icra etməməklə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin müvafiq tələblərini pozması müəyyən edildiyinə görə həmin Cəmiyyətin müvafiq əməlində Azərbaycan Respublikası İXMin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcuddur. Bu səbəbdən birinci instansiya məhkəməsi həmin Cəmiyyətin göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində sanksiyada nəzərdə tutulmuş minimum həddə inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı, müdafiəçinin verdiyi şikayət əsassızdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçinin verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 133 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin müdafiəçisi İsmayılov Eldəniz Nəsrəddin oğlunun verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1517/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1517/2026
01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver