Məhkəmə qərarları › İş №3(3-6)-1536/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1536/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1536/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlu, Məhkəmə iclas katibi X2 iştirakları ilə, müəyyən e t d i m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BANK OLMAYAN KREDIT TƏŞKILATI ASC-nin Azərbaycan Respublikası IXM-nin 339.1 və 347-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPI-nin DYPŞ-si tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, IXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPI-nin DYPŞ-si tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, IXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BANK OLMAYAN KREDIT TƏŞKILATI ASC onun mülkiyyətində (istifadəsində) olan “Mercedes Benz C240” markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirdikdən sonra onu başqa şəxsə verdikdə nəqliyyat vasitəsinə verilmiş etibarnaməni təkrar dövlət qeydiyyatından keçirməmişdir və nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BANK OLMAYAN KREDIT TƏŞKILATI ASC səlahiyyətli orqanın inzibati xətanın törədilməsi barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir və bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BANK OLMAYAN KREDIT TƏŞKILATI ASC barəsində Azərbaycan Respublikası IXM-nin 339.1-ci və 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə «xxxx Bank olmayan kredit təşkilatı» ASC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BANK OLMAYAN KREDIT TƏŞKILATI ASC-nin əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin direktoru apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin baş ofisi ##.##.2026-cı il tarixindən digər ünvana, yəni Globus Plazanın 16-cı mərtəbəsinə köçmüşdür. Inzibati orqan tərəfindən isə həmin məktub şirkətin köhnə ünvanına göndərilmişdir. Şirkətin Baş Ofisinin digər ünvana köçəcəyi ilə bağlı məlumat tərəfimizdən ##.##.2025-ci il tarixində qeydiyyata alınaraq, ##.##.2025-ci il tarixində inzibati orqana göndərilmiş, ##.##.2025-ci il tarixində isə inzibati orqan tərəfindən həmin məktub qəbul edilmişdir, qeyd edilən məktubun göndərilməsinə dair müvafiq poçt qaiməsi və məktub qoşma hissəsinə əlavə olunacaqdır, qaimənin yoxlanılması üçün azerpost.az saytına daxil olmaqla həyata keçirmək mümkündür. Bundan başqa məhkəmə qərarında məlum olmuşdur ki, həmin məktub ##.##.2026-cı il tarixində Məmmədov Vidadi tərəfindən qəbul edilmişdir. Bildirmək istəyirəm ki, Məmmədov soyadlı həmin şəxsin həmin tarixdə məktubu qəbul etməsi mümkün deyildir, çünki ##.##.2026-cı il tarixindən hüquqi şəxsin ofisi Globus Plazaya köçürülmüşdür, şəxs də əmək fəaliyyətini yeni ünvanda davam etdirir. Bildirmək istəyirəm ki, ümumi qəbul edilmiş praktikaya əsasən hüquqi şəxsin ofisi bağlı olduğuna görə, xxxx əməkdaşları tərəfindən bundan öncə 2 məktubları daimi qəbul edən şəxsin adı qeyd olunaraq sistemə qəbul edilmiş kimi daxil edirlər, baxmayaraq ki, həmin məktubdan hüquqi şəxsin xəbəri belə olmur, halbuki sorğuya cavab verməməyə məsuliyyətin nədən ibarət olmasına dair hüquqi şəxsdə məlumat mövcuddur. Məmmədov adlı əməkdaşın bildirdiyinə görə həmin məktubu onun qəbul etməyi fiziki olaraq mümkün deyildir, əgər lazımdırsa Xəbərnamənin üzərinə çəkilən imzanın (əgər varsa) Məmmədov Vidadi adlı əməkdaşın olmamasının sübut edilməsi üçün məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsinə etiraz etmir. Bundan başqa, Yasamal rayon Polis Idarəsinə hüquqi şəxsin Baş ofisinin yeni ünvana, yəni Globus Plazaya köçürülməsinə dair öncədən ətraflı məlumat verilmişdir. Hesab edirəm ki, bundan mötəbər sübut məhkəməyə təqdim oluna bilməz, rəsmi kabinetdən hüquqi şəxs tərəfindən lazımi məlumatlar məhkəməyə verilmişdir. Həmçinin, hüquqi şəxs olaraq inzibati orqanın sorğularına cavab verməyəyə görə müvafiq inzibati məsuliyyətin yaranmasını bilə-bilə həmin sorğulara cavab verməməsi absurd məsələdir. Eyni inzibati orqan tərəfindən eyni tərkibli digər inzibati xətanın törədilməsinə görə Yasamal rayon Məhkəməsinin icraatında 3(5-104)- 1764/2026, 3(5-104)-2643/2026, 3(5-104)-2743/2026, 3(5-104)- 2775/2026 və 3(5-104)- ****/**** saylı işlər olmuşdur. Yasamal rayon Məhkəməsinin Qərarlarına əsasən, hüquqi şəxsin əməllərində inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilmişdir. Həmin Qərarlardan inzibati orqan tərəfindən şikayət verilməmiş, Qərarlar qanuni qüvvəsini almışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Işin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, 14-5-10/2- ***/**** saylı məktubundan görünür ki, X1 Idarəsi tərəfindən ##.##.2026-cı il tarixdə AZ**** saylı poçt şöbəsi vasitəsilə «xxxx» BANK OLMAYAN KREDIT TƏŞKILATI ASC-yə ünvanlanmış SX077037418AZ ştrix kodlu sifarişli xəbərnaməli məktub, ##.##.2026-cı il tarixində ünvan üzrə xidmət göstərən AZ**** saylı poçt şöbəsi tərəfindən qəbul edilərək həmin tarixdə «xxxx» BANK OLMAYAN KREDIT TƏŞKILATI ASC-nin rəhbəri Məmmədov Vidadi adlı əməkdaşına çatdırılmışdır. Sözügedən məktubun xəbərnaməsi ##.##.2026-cı il tarixdə AZ **** saylı poçt şöbəsi tərəfindən qəbul olunmuş və həmi tarixdə X1 Idarəsinin Abbasov soyadlı əməkdaşına təhvil verilmişdir. Iş materiallarında olan AZEMIS Elektron sistemdən çıxarışa əsasən müəyyən edilir ki, «xxxx» BANK OLMAYAN KREDIT TƏŞKILATI ASC-nin hüquqi ünvanı ünvan 1 Iş materiallarında olan xəbərnamədən görünür ki, həmin sorğu Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, məhəllə 488/489, mənzil 3 ünvanına çatdırılıb imzalanaraq qəbul edilmişdir. Belə ki, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi ərizəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BANK OLMAYAN KREDIT TƏŞKILATI ASC-nin Globus Plazada 16-cı mərtəbədə fəaliyyət göstərdiyini qeyd etsə də, bu barədə məhkəməyə hərhansı sübut təqdim etməmişdir. Hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs BANK OLMAYAN KREDIT TƏŞKILATI ASC-nin rəsmi hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36, məhəllə 488/489, mənzil 3 ünvanı kimi qeyd edilib. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Hüquqi şəxs tərəfindən apellyasiya şikayətinin dəlili qismində eyni məhkəmə tərəfindən analoji xarakterli işlərə baxılarkən əməldə inzibati xəta tərkibinin olmaması ilə icraata xitam verildiyi, lakin hazırkı iş üzrə tənbeh tətbiq edildiyi bildirilsə də, məhkəmə şikayətin həmin dəlilini əsaslı hesab etmir. Ona görə ki, tərəfin özünün də apellyasiya şikayətinə qoşma olaraq əlavə etdiyi həmin qərarların da məzmunundan görünür ki, qeyd edilən həmin inzibati işlər üzrə icraata xitam verilmiş olsa belə, həmin işlər hazırkı inzibati iş üzrə analoji xarakter daşımamışdır. Həmin qərarlardan da aydın olur ki, məhkəmə iş üzrə icraata xitam verərkən səlahiyyətli orqan tərəfindən tərtib edilmiş protokolda əks olunmuş məlumatlarla səlahiyyətli orqana ünvanlanmış sorğunun ünvana çatdırılmaması göstərilməklə müvafiq inzibati işlər üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, hazırda mübahisələndirilən qərarla analoji mahiyyət daşıması qeyd edilən həmin qərarlar heç də analoji xarakter daşımamışdır. Həmçinin, həmin qərarlar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımamışdır. Inzibati xətalar qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi «xxxx Bank olmayan kredit təşkilatı» ASC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi Azərbaycan Respublikası IXM-in 339-cu və 347-ci maddəsi ilə tənbeh etmişdir. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi «xxxx Bank olmayan kredit təşkilatı» ASC barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, cəmiyyətin təqsirinin dərəcəsini və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırılaşdıran halların müəyyən olmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında hüquqi şəxsə münasibətdə nəzərdə tutulmuş yeganə tənbeh növü olan cərimə tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası IXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin «xxxx Bank olmayan kredit təşkilatı» ASC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair ## ##### 2026-cı il tarixli, *(*- ***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar