Məhkəmə qərarları › İş №3(3-6)-1541/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1541/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1541/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xətai rayon Icra şöbəsi tərəfindən tərtib olunmuş ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol Xətai Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmaq üçün şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında "üzrsüz səbəbdən" icra edilməmə şərti nəzərdə tutulur; məhkəmə qərarında isə bu məsələ səthi şəkildə "qərəzli olaraq icra etməmişdir" ifadəsi ilə göstərilib. Halbuki iclasda nə icra məmuru, nə tələbkar, nə də borclu şirkətin nümayəndəsi iştirak etmişdir. Məhkəmə yalnız protokol materiallarına əsaslanaraq qərəzlilik nəticəsinə gəlmişdir. Bu isə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1 və 84.1-ci maddələrinin tələb etdiyi hərtərəfli, tam və obyektiv araşdırmanın aparılmamasını bildirir. Əksinə, aşağıdakı faktlar qərəzliliyin olmadığını sübut edir: borclu şirkətin rəhbəri icra məmurundan gizlənməmiş, ## ######## 2025-ci ildə şəxsən izahat vermişdir; ödənişlər edilmiş, qəbzlər WhatsApp vasitəsilə icra məmuruna çatdırılmışdır; icra məmuru rəsmi məktubların ümumi şöbədə itirildiyi barədə məlumatlı olmuş və özü alternativ üsulu — WhatsApp vasitəsilə bildirişi — təklif etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən maliyyə və əmlak vəziyyəti, inzibati xətanın xarakteri, hüquqi şəxsi xarakterizə edən halar, habelə məsuliyyəti yüngüləşdirən halar mütləq nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi isə qərarda açıq şəkildə qeyd etmişdir ki, "yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir" — bu isə məhkəmənin bu maddənin tələblərini faktiki olaraq yerinə yetirmədiyini göstərir. Yüngüləşdirən halar aşağıdakılardır:– Şirkətin fəaliyyəti dayandırılmış, sabit gəlir mənbəyi mövcud deyildir;– Şirkət eyni zamanda bir sıra başqa icra işlərinin borclususdur; aylıq mövcud gəliri məhdud olduğundan ödənişlər mərhələli şəkildə həyata keçirilir;– Borclu tərəf öhdəliyin icrasını inkar etməmiş, ödənişlər etmiş, icra məmurunu mütəmadi məlumatlandırmışdır;– WhatsApp yazışmaları və təqdim edilən qəbzlər faktiki ödənişlərə dair konkret sübutdur;– Məhkəmə iclasına gəlinməməsi qərəzliliyin əlaməti deyil — tərəflərə məlumatın verilməsinə baxmayaraq üzrlü səbəbdən iştirak edilməmişdir. 12.000 manatı aşan əsas borcun üzərinə əlavə 3.000 manat cərimə tətbiq etmək icra qanunvericiliyinin məqsədinə — tələbkarın tələbinin ödətdirilməsinə — deyil, borcluya əlavə maliyyə yükü yaratmağa xidmət edir. Bu isə AR Konstitusiyasının 25-ci maddəsindən irəli gələn mütənasiblik (ölçülülük) prinsipini kobud surətdə pozur. Şikayətçi tərəfin diqqətini mühüm bir presedentə yönəltmək zərurəti vardır. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı ilə — həmin bu şikayətin verildiyi tarixdən bir gün əvvəl — eyni şəxsin (X3) rəhbərlik etdiyi başqa bir şirkəti barəsində, eyni Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə 1.200 manat məbləğindəki cərimə qərarı ləğv edilərək icraata xitam verilmişdir. Apelyasiya məhkəməsi həmin işdə eyni faktiki şəraiti — eyni maliyyə çətinliklərini, eyni şəxsi vəziyyəti, eyni ödəniş davranışını — araşdırmış və cəriməni əsassız hesab etmişdir Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs, zərərçəkmiş şəxs və Bakı şəhəri Xətai rayon Icra Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bakı şəhəri Xətai Rayon Icra Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli icra sənədi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icra edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2.400 manat məbləğində əmək haqqı, 818,04 manat məbləğində son haqq-hesab, 8.393,98 manat məbləğində əmək haqqının gecikdirilməsinə görə ödənc, 800 manat məbləğində hüquqi yardım xərci və 50 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, 125 manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Icraata başlamaq haqqında ## #### 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş göndərilərək icra sənədini könüllü icra etməsi təklif olunmuşdur. ## ######## 2025-ci il tarixdə icra məmuru tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X3 izahatı alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2.400 manat məbləğində əmək haqqı, 818,04 manat məbləğində son haqq-hesab, 8393,98 manat məbləğində əmək haqqının gecikdirilməsinə görə ödənc, 800 manat məbləğində hüquqi yardım xərci və 50 manat məbləğində mediasiya xərci tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, 125 manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Lakin məhkəmə qətnaməsi borclu tərəfindən icra edilməmişdir. Bununla da “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2025-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla tam olaraq öz təsdiqini tapmışdır. Şikayətin dəlillərindən görünür ki, apellyator hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübut olunmamış, ödənişlərin edilməsi və yüngülləşdirən hallar nəzərə alınmamışdır. Məhkəmə şikayətin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. «Icra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Apellyasiya şikayətinə ödəniş qəbzləri əlavə edilsə də, əksər ödənişlər hazırkı işə aid olmayan şəxslərə ödənilmişdir. Icraata başlamaq haqqında qərar ## #### 2025-ci il tarixdə qəbul edilmiş, inzibati xəta haqqında protokol isə ## ###### 2026-cı ildə tərtib edilmişdir. Bu müddət ərzində hüquqi şəxsin direktoru tərəfindən tələbkara yalnız iki dəfə, 1-ci dəfə ## ###### 2025-ci ildə 30 manat, 2-ci dəfə noyabr 2025-ci ildə 20 manat ödəniş edilmişdir. Göründüyü kimi cüzi ödənişlər edilmiş və hüquqi şəxs tərəfindən deyil, direktor tərəfindən edilmişdir. Iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs pozuntuya yol vermiş və xəbərdarlıq edilmişdir. Ona görə şikayətin dəlilləri əsassız hesab edilir. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Məhkəmə hesab edir ki, şikayətin dəlilləri borclunu icra sənədinin icrasından azad etməməklə, formal mülahizələrlə irəli sürülərək məsuliyyətdən yayınma cəhdindən ibarətdir. Iş üzrə icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsini göstərən sübutlar mövcuddur. Məhkəmə işin hallarını, hüquqi şəxsin vəziyyətini nəzərə alaraq apellyatoru minimum həddə cərimə etmişdir. Digər inzibati xəta haqqında işin nəticəsi analogiya üzrə hazırkı işə tətbiqi qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, şikayətdə göstərilənlər qanunsuz olduğundan birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar