Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1556/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Okuklu İnşaat Qida X7 X4 Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının (bundan sonra – Şirkətin filialı) müdafiəçisi - “Qanunçuluq” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Şirkət filialının müdafiəçisi Vəkil (bundan sonra – müdafiəçi) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi (bundan sonra - səlahiyyətli orqan) Şirkətin filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 496.2-ci maddəsi ilə tərtib etdiyi ## ##### 2026-cı il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X3) Şirkətin filialı Azərbaycan Respublikası İXM-in 496.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xətanın obyekti olmuş malın dəyəri olan 14542,89 manat məbləğinin 30 faizi miqdarında, yəni 4362,867 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Müdafiəçi həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, Şirkət filialı ## ### 2023-cü il tarixdə idxal etdiyi kafelmetlax yükünü *************** nömrəli gömrük bəyannaməsi ilə gömrük anbarı xüsusi gömrük proseduru altında rəsmiləşdirmiş, onunla səlahiyyətli orqan arasında bağlanmış müqavilədə həmin malların gömrük anbarında ilkin olaraq 1 il müddətə saxlanması nəzərdə tutulmuşdur. Səlahiyyətli orqan Şirkət filialının ## ###### 2025-ci il tarixli müvafiq müraciəti əsasında müvafiq gömrük bəyannaməsi üzrə malların gömrük anbarında saxlanılması müddətini 2 il uzatmışdır. Beləliklə, iş üzrə Şirkət filialının gömrük anbarına ## ### 2023-cü il tarixdə yerləşdiyi malların orada saxlanılması üçün Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 183-cü maddəsində müəyyən edilmiş 3 illik müddət səlahiyyətli orqanın müəyyən etdiyi ## ###### 2026-cı il tarixdə deyil, ## ### 2026-cı il tarixdə başa çatmışdır. Apellyasiya məhkəməsi iclasında müdafiəçi şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqan vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 496.2-ci maddəsinə əsasən gömrük anbarı xüsusi gömrük prosedurunda yerləşdirilmiş və son saxlanc müddətini keçmiş malların və nəqliyyat vasitələrinin xüsusi gömrük proseduruna müvafiq olaraq buraxılmasının və ya sərəncama götürülməsinin təmin edilməsi üzrə tədbirlərin görülməməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 183.1-ci maddəsinə əsasən mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilərək 3 (üç) il müddətində saxlanıla bilər. Müvafiq icra hakimiyyəti orqanı bu müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər. - 183.2-ci maddəsinə əsasən bu Məcəllənin 183.1-ci maddəsində müəyyən edilən müddət başa çatanadək mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində bu Məcəllənin 57-ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir. Beləliklə, göstərilən qanunvericilik normalarından aydın olur ki, qanunverici gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların orada saxlanılmasının maksimum müddətini 3 il həddində müəyyən etməklə yanaşı, səlahiyyətli orqana malların ayrı-ayrı kateqoriyaları üzrə həmin gömrük proseduru altında saxlanılması müddətini məhdudlaşdırmaq, yəni müstəqil olaraq müəyyən etmək səlahiyyəti vermişdir. Əgər şəxs xüsusi gömrük proseduru altında yerləşdirilmiş malları bunun üçün müəyyən edilmiş müddət başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan etməzsə, əməlində Azərbaycan Respublikası İXMin 496.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranır. İş üzrə səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokola əlavə etdiyi sənədlərdən görünür ki, səlahiyyətli orqan Şirkət filialının ## ### 2023-cü il tarixdə Hindistan Respublikasından ona göndərilmiş, 01231000210866 sorğu nömrəli gömrük bəyannaməsi ilə gömrük anbarı xüsusi gömrük proseduru altında rəsmiləşdirdiyi, ümumi gömrük dəyəri 14542,89 manat olan kafel-metlax yükünün gömrük anbarında ilkin olaraq ## ###### 2024-cü il tarixədək saxlanılmasına icazə vermiş, həmin müddəti Şirkət filialının ## ###### 2025-ci il tarixli müvafiq müraciəti əsasında 2 il müddətə, yəni ## ###### 2026-cı il tarixədək uzatmışdır. Şirkətin filialı səlahiyyətli orqana həmin müddət bitdikdən sonra, yəni ## ##### 2026-cı il tarixdə 01261000133034 sorğu nömrəli gömrük bəyannaməsi əsasında yükün sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi barədə müraciət etmişdir. Buna görə də Şirkət filialının müvafiq əməlində Azərbaycan Respublikası İXM-in 496.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmışdır. Səlahiyyətli orqan da tərtib etdiyi inzibati xəta haqqında protokolda işin faktiki hallarını yuxarıda göstərilən məzmunda müəyyən etmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, işin faktiki hallarını yuxarıdakı sonuncu abzasda göstərilən məzmunda müəyyən edib, Şirkət filialının Azərbaycan Respublikasının İXM-in 496.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində göstərilən maddənin sanksiyası həddində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Buna görə də Şirkət filialının verdiyi şikayətin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Şirkət filialının verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Okuklu İnşaat Qida X7 X4 Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1556/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1556/2026
08.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver