Məhkəmə qərarları › İş №3(3-6)-1559/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1559/2026

01.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1559/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimova Natəvan Yusif qızının nümayəndəsi və vəkili – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi – X2 iştirakları ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri İbrahimova Natəvan Yusif qızının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri İbrahimova Natəvan Yusif qızının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli (hakim Gültəkin Əsədova) qərarı ilə İbrahimova Natəvan Yusif qızı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan, X4 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayəti onunla əsaslandırılmışdır ki, X3 və digərlərinin şikayəti əsasında Xidmətdə aparılan araşdırma zamanı İbrahimova Natəvan Yusif qızının idarə heyətinin sədri olduğu “xxxx” MMC -yə məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətə verilməsi tələb olunmuşdur. Lakin sənədlər natamam təqdim edilmişdir. Müvafiq maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmət tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Məhkəmə iclasında X4 Xidmətinin nümayəndəsi X2 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İbrahimova Natəvan Yusif qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğundur. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli №İR **** saylı məktubdan görünür ki, ##.##.2026-cı il tarixli, *-**-*/*-****/**** nömrəli məktubda tələb olunan sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarına əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilmişdir. Vətəndaş X3 əmək hüquqlarının pozulması ilə bağlı AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən müvafiq sənədlərin 7 iş günü ərzində DƏMX-ə verilməsi tələb olunan sənədlərin 7 iş günü ərzində tam təqdim edilməməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi hər hansı bir sübut təqdim etməmişdir. Bununla da, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri İbrahimova Natəvan Yusif qızının Azərbaycan Repsublikası İXM-in 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslı olmamışdır. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş inzibati xəta haqqında protokol əsaslı olmamış və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarındakı sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Şikayətin dəlillərinə münasibətdə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, verilmiş şikayət təmin edilməməli və İbrahimova Natəvan Yusif qızı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar