Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1573/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Antihisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi – Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi – İsmayılov Azər Salman oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayətə Bakı apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında ##.##.2026-cı il tarixli MN******* nömrəli protokola əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC “baku.ws” xəbər portalında “Geely” markalı avtomobillər barədə yayınlanmış reklamda “Volvo” markalı avtomobillərin adını çəkməklə müqayisə və eyniləşdirmə aparılması nəticəsində AR İXM-nin 428.10-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt “xxxx” MMC-nin müraciəti və təqdim etdiyi məlumatlar, habelə hal-hazırda həmin reklamın “baku.ws” xəbər portalında yayınlanması ilə öz təsdiqini tapır. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində AR İXM-nin 428.10-cu maddəsilə inzibati protokol tərtib olunmuş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Aynur Əliyeva) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təqdim edilmiş, heç bir hüquqi qüvvəyə və mötəbər sübuta əsaslanmayan sənədlərə əsassız şəkildə istinad olunmuşdur. Bununla yanaşı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin etiraz ərizəsində irəli sürdüyü əsaslandırılmış və konkret dəlillər tamamilə nəzərə alınmamış, onlara hüquqi qiymət verilməmişdir. Qərar nə maddi, nə də prosessual hüquq normaları ilə əsaslandırılmış, əksinə, hüquqi baxımdan işlə heç bir əlaqəsi olmayan maddələrin formal sadalanması ilə kifayətlənilmişdir ki, bu da qəbul edilmiş qərarın açıq-aşkar qanunsuz və əsassız olduğunu göstərir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol “xxxx” MMC-nin şikayəti əsasında tərtib edilmiş və guya Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən yayımlanmış materialda “Geely” markalı avtomobillərin “Volvo” markası ilə texnoloji və təhlükəsizlik baxımından eyniləşdirilməsi yolu ilə haqsız reklamın həyata keçirildiyi iddia olunmuşdur. Lakin həm inzibati orqanın gəldiyi nəticə, həm də məhkəmənin həmin nəticəni təsdiq edən mövqeyi sübutlara deyil, subyektiv ehtimallara və birtərəfli yanaşmaya əsaslanır. Əvvəla, inzibati icraatın əsas prinsiplərindən biri olan obyektiv və hərtərəfli araşdırma prinsipi kobud şəkildə pozulmuşdur. Belə ki, Agentlik tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ##.##.2025-ci il və ##.##.2026-cı il tarixli sorğulara tərəfimizdən ətraflı və hüquqi əsaslandırılmış cavablar təqdim edilmiş, bu cavablara beynəlxalq mənbələrə, rəsmi korporativ açıqlamalara və açıq informasiya resurslarına əsaslanan sübutlar əlavə olunmuşdur. Buna baxmayaraq, həmin sübutların heç birinə hüquqi qiymət verilməmiş, onları təkzib edən hər hansı fakt ortaya qoyulmamış, əksinə, əvvəlcədən formalaşdırılmış mövqeni əsaslandırmaq üçün seçici yanaşma tətbiq edilmişdir. Bu hal İXM-in sübutların qiymətləndirilməsi və işin obyektiv araşdırılması ilə bağlı tələblərinin pozulması deməkdir. Eyni zamanda işə baxılarkən inzibati icraatın fundamental prinsiplərindən biri olan aidiyyət qaydası kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılmalıdır. Mübahisə predmeti olan material isə fiziki məkanda deyil, “baku.ws” internet informasiya resursunda yerləşdirilmişdir və onun yayıldığı məkan konkret olaraq Nizami rayonu ilə əlaqələndirilə bilməz. Digər tərəfdən, qanunvericilik yalnız istisna hal kimi – barəsində icraat aparılan şəxsin vəsatəti olduqda işin onun yerləşdiyi yer üzrə baxılmasına imkan verir. Hazırkı iş üzrə belə bir vəsatət təqdim edilməmişdir. Buna baxmayaraq işə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin qeydiyyat ünvanına görə baxılması İXM-in açıq normasının pozulmasıdır və bu hal təkbaşına qəbul edilmiş qərarın ləğv edilməsi üçün kifayət qədər əsas yaradır. Mübahisənin mahiyyətinə gəldikdə isə qeyd edilməlidir ki, “baku.ws” saytında dərc olunmuş material öz xarakterinə görə reklam deyil, informasiya və analitik məzmun daşıyır. Materialda avtomobil sənayesində mövcud olan korporativ və texnoloji əməkdaşlıq modelləri barədə məlumat verilmiş, geniş tanınan faktlar təsvir edilmişdir. Orada nə konkret məhsullar arasında müqayisə aparılmış, nə də istehlakçını müəyyən seçimə yönləndirən, onu çaşdıran və ya bazar rəqabətini pozan hər hansı ifadə işlədilmişdir. Agentliyin əsas iddiası ondan ibarət olmuşdur ki, guya “Geely” markası “Volvo” ilə eyniləşdirilmişdir. Lakin bu nəticə materialın məzmunundan deyil, yalnız inzibati orqanın subyektiv interpretasiyasından irəli gəlir. Əslində isə materialda qeyd edilənlər avtomobil sənayesində hamıya məlum olan və rəsmi mənbələrlə təsdiq olunmuş faktlara əsaslanır. Belə ki, “xxxx” şirkəti 2010-cu ildən etibarən “X3 Group” holdinqinə məxsusdur və bu satınalma beynəlxalq səviyyədə tanınmış, rəsmi şəkildə təsdiqlənmiş korporativ hadisədir. Bu münasibət formal mülkiyyət əlaqəsi ilə məhdudlaşmayaraq real texnoloji inteqrasiya ilə müşayiət olunur. “xxxx” və “Geely” şirkətləri uzun illərdir ki, avtomobil platformalarının hazırlanması, təhlükəsizlik texnologiyalarının inkişafı, elektrikləşmə və mühərrik texnologiyaları sahəsində birgə fəaliyyət göstərirlər. Bu əməkdaşlığın konkret nümunəsi kimi “X7 (CMA)” platforması göstərilə bilər ki, həmin platforma “Volvo” və “Geely” mühəndislərinin birgə fəaliyyəti nəticəsində yaradılmış və hazırda müxtəlif markalar tərəfindən istifadə olunan qlobal texnoloji baza hesab olunur. Bundan əlavə, “X8 (SPA)” platforması çərçivəsində hazırlanmış texnologiyaların paylaşılması, elektrik avtomobilləri üçün nəzərdə tutulmuş “SEA” platformasının qrup daxilində tətbiqi, həmçinin mühərrik və transmissiya texnologiyalarının inkişafı üzrə birgə müəssisələrin yaradılması bu əməkdaşlığın sistemli xarakter daşıdığını açıq şəkildə göstərir. Eyni zamanda mühərrik texnologiyaları sahəsində “xxxx” kimi birgə müəssisənin yaradılması, təhlükəsizlik texnologiyalarının və sürücüyə yardım sistemlərinin paylaşılması, həmçinin tədqiqat və inkişaf mərkəzlərinin inteqrasiya olunmuş fəaliyyəti açıq şəkildə göstərir ki, bu şirkətlər arasında texnologiya mübadiləsi real və sistemli xarakter daşıyır. Bu faktlar şirkətlərin öz rəsmi açıqlamalarında da dəfələrlə təsdiq edilmişdir və avtomobil sənayesində geniş tanınır. Xüsusilə qeyd olunmalıdır ki, ## #### 2017-ci il tarixli rəsmi açıqlamada “xxxx”, “Geely Auto” və “Lynk & Co” şirkətlərinin texnologiya və platforma paylaşımı məqsədilə birgə fəaliyyət mexanizmləri qurduğu açıq şəkildə bəyan edilmiş, “xxxx”ın rəhbərliyi tərəfindən texnologiya paylaşımının avtomobil sənayesində geniş yayılmış və normal təcrübə olduğu vurğulanmışdır. Bu kimi rəsmi mövqelər fonunda həmin faktların ümumi mənada qeyd edilməsinin “haqsız reklam” kimi qiymətləndirilməsi həm ölkə qanunvericiliyi, həm də beynəlxalq normalara əsasən yolverilməzdir. Beləliklə, həm beynəlxalq müqavilə hüququ, həm də formalaşmış hüquqi doktrina və məhkəmə təcrübəsi göstərir ki, markanın adının faktoloji və məlumatlandırıcı məqsədlə çəkilməsi, xüsusilə texnoloji və korporativ əlaqələrin izahı kontekstində istifadə olunması haqsız rəqabət və ya hüquq pozuntusu kimi qiymətləndirilə bilməz. Bu səbəbdən Agentliyin və birinci instansiya məhkəməsinin bu istifadəni qanun pozuntusu kimi qiymətləndirməsi əsassızdır və beynəlxalq hüquq prinsipləri ilə ziddiyyət təşkil edir. Şikayətçi qismində çıxış edən “xxxx” MMC-nin hüquqi statusu da düzgün qiymətləndirilməmişdir. Həmin şirkət “Volvo” markasının hüquq sahibi deyil və əmtəə nişanı üzərində müstəsna hüquqlara malik deyil. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, belə hüquqlar yalnız hüquq sahibinə məxsusdur və onların müdafiəsi də yalnız həmin şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən həyata keçirilə bilər. İş materiallarında isə “xxxx” MMC-nin bu cür səlahiyyətə malik olmasını təsdiq edən hər hansı sübut mövcud deyil. Bundan əlavə, “xxxx” şirkətinin mövqeyi ümumiyyətlə araşdırılmamışdır. Halbuki əmtəə nişanı ilə bağlı iddialarda hüquq sahibinin mövqeyi həlledici əhəmiyyət daşıyır. Hüquq sahibinin hər hansı etirazı olmadan üçüncü və səlahiyyəti olmayan şəxsin iddiasına əsaslanaraq inzibati məsuliyyət tətbiq edilməsi hüquqi əsasdan məhrumdur. İş üzrə nə istehlakçıların aldadılması, nə bazar rəqabətinin pozulması, nə də hər hansı zərərin yaranması sübuta yetirilmişdir. İXM-in tələblərinə görə inzibati məsuliyyət yalnız hüquq pozuntusunun bütün elementləri mövcud olduqda tətbiq oluna bilər. Hazırkı halda isə belə elementlər müəyyən edilməmişdir. Beləliklə, iş üzrə həm prosessual normalar pozulmuş, həm də maddi hüquq normaları yanlış tətbiq edilmiş, nəticədə əsassız qərar qəbul olunmuşdur. Mübahisəli materialda yer alan məlumatlar rəsmi və beynəlxalq səviyyədə təsdiq olunmuş faktlara əsaslanır, heç bir müqayisə və ya çaşdırıcı reklam elementi mövcud deyil və inzibati xətanın tərkibi formalaşmamışdır. NizamiRayon Məhkəməsi tərəfindən qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmamış, gəlinən nəticə işin faktiki hallarına uyğun olmamış, iş üçün əhəmiyyətli olan hallar və MMC-nin təqsiri sübuta yetirilməmişdir. Həmin qərar qəbul edilərkən MMC-nin təqsirli olmasına dair əsaslı sübutlar müəyyən edilməmiş, bununla da MMC barəsində təqsirsizlik prezumpsiyasına məhəl qoyulmayaraq Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərinə əməl edilməmişdir. Odur ki, MMC barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi İsmayılov Azər Salman oğlu şikayətin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında, Azərbaycan Respublikasının Prezidenti yanında Antihisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Qanunvericiliyin yuxarıda qeyd olunan normalırını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tədqiq edilmiş sənədlərlə, inzibati xəta haqqında protokolla, habelə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Bununla belə apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi bir sıra hallara diqqət yetirilməklə öz münasibətini bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən həmin Məcəllənin 428.1 – 428.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi bu norma blanket xarakterlidi və reklam yayımı ilə bağlı qanunvericiliyin normalarına istinad edir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 6.1 və 6.1.1-ci maddələrinə əsasən reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən yaxud yetirə bilən, başqa istehsalçıların yaxud satıcıların əmtəəsinin keyfiyyət və (və ya) kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və (və ya) əmtəəni göstərməklə müqayisə aparıldıqda reklam haqsız hesab edilir. Apellyasiya məhkəməsi apellyatorun öz şikayətində istinad etdiyi əsas dəlillərə, yəni “xxxx” şirkəti 2010-cu ildən etibarən Çin mənşəli “X3 Group” holdinqinin tərkibində fəaliyyət göstərməsi, “xxxx” və “X3 Group” şirkətlərinin birgə fəaliyyəti nəticəsində istehsal olunan “avtomobillərdə CMA” və “SEA” kimi eyni təhlükəsizlik platformalarının tətbiq edilməsi, eləcə də “Volvo” brendinin hüquqlarının pozulub-pozulmadığının müəyyən edilməsi üçün “xxxx” şirkətinin rəsmi mövqeyi mövcud olmaması ilə bağlı aşağıdakıları qeyd edir. “X3 Group” şirkəti mövcud məlumatlara əsasən “xxxx” nəzarət səhm paketini almış, buna görə də “xxxx” şirkətinə sahiblik etməsi, şirkətllərin bir çox texnologiyalar və platformaları eyni korporativ qrup daxilində hazırlamaları və istehsal etdikləri avtomobillərdə tətbiq etmələri istisisna olunmur. Lakin mübahisə edən hər iki tərəf qəbul edir ki, “X3 Group” və “xxxx” müxtəlif şirkətlərdi və Azərbaycan Respublikasında hər iki şirkətin müxtəlif rəsmi satış dilerləri (şəbəkələri) vardır. Bu satış dilerləri özləri öz reklam strategiyası və üsullarını müəyyən edirlər ki, bu da Azərbaycan Respublikasının reklam qanunvericiliyinə zidd olmamalıdır. Mübahisəli məsələ ilə bağlı məhkəmə birinci instansiya məhkəməsinin inzibati xətanın mövcudluğu və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə bağlı mövgeyi ilə razılaşaraq qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin “Geely” markalı avtomobillərin satışı ilə bağlı reklamı “Volvo” brendinin nüfuzu üzərində qurulmuşdur. Misal üçün “Volvo məktəbinin davamçısı” ifadəsi yoxlanılması mümkün olan fakt deyil və istehlakçıda çaşqınlıq yarada bilər. Mübahisəli reklamda “Geely” avtomobillərinin satışlarını artırmaq məqsədi ilə tanınmış əmtəə nişanı ola “Volvo” brendinin adından istifadə olunmuşdur. Bu reklam istehlakçıda “Geely” avtomobillərinin təhlükəsizlik səviyyəsinin “Volvo” ilə eyni olduğu təəsüratı yaratdığından, haqlı olaraq “xxxx” şirkətinin Azərbaycandakı rəsmi dileri “xxxx” MMC-nin mənafeyinə və gəlirinə toxuna bilməsi ehtimalından irəli gələn narazılığına səbəb olmuşdur. Təqdim edilmiş sənədlərdən də görünür ki, bu sahədə qanunvericiliyin tələbləri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara məcmu halında düzgün hüquqi qiymət vermiş və nəticə etibarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədilməsinə dair əsaslı qərar qəbul etmişdir ki, bu məsələyə dair məhkəmənin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Odur ki, şikayətdə qeyd olunan hallar birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar hesab oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslı hesab edir. Bu baxımdan, müəyyən olunmuş işin faktiki halları belə nəticəyə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə düzgün müəyyənləşdirmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələblərinə əsasən, inzibati tənteh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həmin inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Apellyasiya instansiyası məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tətbiq edilmiş inzibati tənbehin həddini törədilmiş xətanın xarakterinə və təqsirlilik dərəcəsinə uyğun sayır və hesab edir ki, birinci instansiya məhkəməsi onun barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.3, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli şəkildə təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1573/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1573/2026
09.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver