Məhkəmə qərarları › İş №3(3-6)-1612/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1612/2026

11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1612/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-nin 327.2-ci maddəsi ilə olan, Azərbaycan Respublikası DIN Bakı şəhər X1 Idarəsinin ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin rəisi, R Rəşid Piriyev tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN Bakı şəhər X1 Idarəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixli, IXP ******* nömrəli protokol əsasında barəsində 100 manat məbləğində cərimə və 3 cərimə balı tətbiq edilməsi barədə qəbul edilmiş qərarla razı deyil, inzibati xəta fakti sübuta yetirilməmişdir, qərar qanunsuzdur. Belə ki, qayda pozuntusunu təsdiq edən hər hansı foto və ya video materiallar ona təqdim edilməmişdir. Iş materillarında obyektiv sübutlar mövcud deyil. Hadisə zamanı polis əməkdaşları tərəfindən saxlanılmamış, hadisə yerində hər hansı protokol tərtib edilməmişdir. Hadisə zamanı yolun üfüqi nişanlanması aydın və görünən olmamış, xətt silinmiş və seçilməyən vəziyyətdə olmuşdur. Bu səbəbdən sürücü tərəfindən hər hansı qadağanın mövcudluğu real olaraq müəyyən edilə bilməz. ##.##.2026-cı il tarixində hadisə yerində yolun üzərində qadağanedici (düz) xətt mövcud olamışdır. ##.##.2026-cı il tarixində həmin ərazidə çəkilmiş şəkillərdən də göründüyü kimi, yol nişanlanması qırıq-qırıq xətt olmuşdur. Sonradan yol nişanlanması dəyişdirilmişdir. Əlavə olunmuş fotomateriallarda da yol nişanlanmasının görünmədiyi açıq şəkildə təsdiq olunur. Bütün bunları nəzərə alaraq, barəsində qbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə şikayət təmin edilmişdir. Qərardan Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin rəisi, R Rəşid Piriyev apellyasiya qaydasında şikayət verib Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin çıxışları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyib, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası DIN Bakı şəhər X1 Idarəsinin ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərarına əsasən “Jetour T2 Plug-In Hibrid” minik markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 10:22də Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Inzibati orqan birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu iddia etsə də, bu əsassız olmuşdur. Çünki, məhkəməyə təqdim edilmiş video görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, “Jetour T2 Plug-In Hibrid” minik markalı, **-NQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində sola dönərkən yerdə qırıq-qırıq nişanlama xətti vardır. Belə ki, videogörüntüdən görünür ki, yerdə nişanlama xəttinin rəngi solmuş vəziyyətdədir və həmin nişanlama xəttinin qırıq-qırıq şəklində olması daha inandırıcıdır. Həmin xəttin mübahisəsiz və aşkar şəkildə düz xətt kimi olması təsdiq olunmur. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-nin 327.2-ci maddəsi ilə olan, Azərbaycan Respublikası DIN Bakı şəhər X1 Idarəsinin ##.##.2026-cı il tarixli, TP seriyalı, ******* saylı qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar